Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 29-04-2022, 14:24
Dünya Azərbaycanlılarının V Qurultayının Qətnaməsinin tam mətni açıqlanıb
Dünya Azərbaycanlılarının V Qurultayının Qətnaməsinin tam mətni açıqlanıb.

Qətnamə Dünya Azərbaycanlılarının V Qurultayında qəbul olunub.

Qətnamədə deyilir:

“Biz – dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları təmsil edən Qurultay nümayəndələri Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycan Respublikasının mədəniyyət paytaxtında çağırılmasından məmnunluq duyuruq.

Bu yüksək forumun Vətən müharibəsindəki şanlı Zəfərdən sonra Şuşa şəhərində keçirilməsi qərarı özlüyündə dünya azərbaycanlılarının hər birinin həyatında böyük əhəmiyyətə malik tarixi hadisədir. Tədbirin səmərəli təşkili və dünya azərbaycanlılarının nümayəndələrinə taleyüklü məsələlər ətrafında geniş fikir mübadiləsi aparmaq fürsətinin verilməsi yüksək qiymətləndirilməlidir. Bizə bu imkanı yaratdıqlarına görə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Hökumətinə və Qurultayın hazırlanmasında zəhməti olan hər kəsə dərin minnətdarlığımızı bildiririk.

Dünya Azərbaycanlılarının son Qurultayından ötən altı il ərzində Azərbaycanın ictimai-siyasi həyatında ciddi dəyişikliklər baş vermiş, Prezident, parlament və bələdiyyə seçkiləri keçirilmişdir. 2018-ci ilin aprelindəki Prezident seçkilərində Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə yenidən səs vermiş, bununla 2003-cü ildən yürüdülən siyasətə dəstəyini bir daha nümayiş etdirmişdir. Xalqdan növbəti dəfə mandat alan cənab İlham Əliyev siyasi-iqtisadi islahatların yeni mərhələsini elan etmiş, eyni zamanda ordu quruculuğunu gücləndirməklə Ermənistanın işğalı altındakı torpaqlarımızın azad edilməsi üçün həlledici mərhələyə zəmin hazırlamışdır. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, 2020-ci ildə Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək, cəmi 44 gün ərzində özünün ərazi bütövlüyünü bərpa etmiş, Ermənistanın işğalı üzündən məcburi köçkün vəziyyətinə düşmüş insanlarımızın yurd həsrətinə bununla da son qoyulmuşdur.

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində beynəlxalq hüquq normalarına hörmətlə yanaşan, sülhsevər xalq olduğunu bütün dünyaya bir daha nümayiş etdirmişdir. Müharibə dövründə Ermənistan hərbi bölmələrinin cəbhə xəttindən xeyli uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Ağdam, Mingəçevir və digər Azərbaycan şəhərlərində mülki obyektləri, yaşayış evlərini və dinc insanları atəşə tutmasına, yüzdən çox mülki şəxsi qətlə yetirməsinə baxmayaraq, Azərbaycan Ordusu istər Ermənistan ərazisində, istərsə də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində dinc insanları və mülki obyektləri əsla hədəfə almamışdır.

Xaricdə yaşayan soydaşlarımızın ictimai-siyasi fəallığı dövlətimizin diaspor quruculuğuna göstərdiyi yüksək diqqət və qayğı sayəsində son illər artmış, onların doğma Vətənə bağlılığı güclənmiş, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası ətrafında birliyi daha da möhkəmlənmişdir. İstər kovid-19 pandemiyası dövründə, istər Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan sonra, istərsə də Vətən müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlıların həmrəyliyi görünməmiş dərəcədə yüksək səviyyəyə çatmışdır. Xaricdəki soydaşlarımız möhtəşəm milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə dəstək göstərmiş, orduya, yaralı əsgərlərə və şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaralanan və evləri dağılan dinc sakinlərə, həmçinin həlak olanların ailələrinə humanitar yardımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkkillik və fədakarlıq nümayiş etdirmişlər.

Ötən dövr ərzində Azərbaycan dövləti cəmiyyətin maraqlarından irəli gələn rasional milli siyasət kursunu uğurla davam etdirmiş, etnik və dini tolerantlıq mühitinin inkişafına nail olmuş, əsl vətəndaş həmrəyliyini təmin etmişdir. Məhz buna görədir ki, inancından və etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin hər bir vətəndaşı Azərbaycanı eyni dərəcədə sevir, ona xidmət etməyi özünün müqəddəs borcu sayır. Azərbaycanda yaşayan bir çox milli azlıqların xarici ölkələrə miqrasiya etmiş nümayəndələrinin doğma Vətənlə daim əlaqə saxlaması, xalqımızın maraqlarının müdafiəsi ilə bağlı bütün təşəbbüslərə dəstək verməsi buna parlaq sübutdur.

Çoxşaxəli və tarazlaşdırılmış xarici siyasət yürüdən Azərbaycan Respublikası bütün dövlətlərlə suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında dost münasibətlərinin qurulması istiqamətində ardıcıl səylərini davam etdirir. Dünyanın bütün ölkələri ilə münasibətlərini məhz bu prinsiplər əsasında quran dövlətimiz beynəlxalq birliyin dərin etimadını qazanmağa müvəffəq olmuş, sıralarında 120-dən artıq ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədr seçilmişdir və hazırda bu statusda fəaliyyətini uğurla davam etdirir.

Ötən dövrdə Azərbaycan Respublikasının müdafiə qüdrəti daha da artmış, Silahlı Qüvvələr ən müasir texnika ilə təchiz edilmişdir. Bu gün Azərbaycan Ordusu dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpa edilməsi və bütün sərhədlər üzərində nəzarətin təmin olunması kimi vəzifələrin öhdəsindən gəlməyə qadirdir.

Ötən illərdə Azərbaycan türk dünyasının mədəni və siyasi mərkəzlərindən birinə çevrilməkdə davam etmiş, eyni zamanda xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları türk diaspor təşkilatları ilə sıx əlaqədə fəaliyyət göstərmişdir.

Azərbaycan kovid-19 pandemiyası ilə uğurla mübarizə aparmış və əhalinin təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin beynəlxalq səviyyədə irəli sürdüyü təşəbbüslər, atdığı praktiki addımlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilmişdir".

Qeyd edilənləri nəzərə alaraq, Dünya Azərbaycanlılarının V Qurultayı aşağıdakıları qərara alıb:

Dünya Azərbaycanlılarının IV Qurultayından ötən dövrdə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif ölkələrin ictimai və siyasi dairələri ilə əlaqələrin yaradılması istiqamətində görülmüş işlər qənaətbəxş hesab edilsin.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin əhəmiyyəti, bu Qələbəni dünya azərbaycanlılarına bəxş edən şəhidlərin və qazilərin xidmətləri xüsusi vurğulansın.
Dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının 30 il ərzində müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir, Azərbaycan dövlətinin daxili və xarici siyasətini tam dəstəkləyir.
Qurultay bir daha vurğulamağı zəruri hesab edir ki, müstəqil Azərbaycan Respublikası dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, bütün azərbaycanlıların mənəvi dayağı, milli-mədəni maraqlarının ifadəçisidir. Azərbaycanın ərazi bütövlüyünün qorunması, müstəqil respublikaya hər hansı formada, daxildən, yaxud xaricdən göstərilən təcavüzün qarşısının alınması, onun dünyəvi, hüquqi, milli dövlət olaraq inkişaf edib möhkəmlənməsi yalnız respublika vətəndaşlarının deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın, hər bir azərbaycanlının müqəddəs işidir.
Diaspor təşkilatlarına tövsiyə olunsun ki:
diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün təmərküzləşmə prosesini davam etdirsinlər;
xalqımızın mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri daha da gücləndirsinlər;
Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti daha da dərinləşdirilsin;
xarici ölkələrin parlamentlərində, dövlət və yerli özünüidarə orqanlarında azərbaycanlıların daha geniş təmsil olunmaları üçün tədbirlər gücləndirilsin;
30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində, habelə hazırkı Ermənistanda qalan tarixi Azərbaycan torpaqlarında Azərbaycan xalqının milli-mədəni irsinin talan edilməsi, mənimsənilməsi və tarixi abidələrinin dağıdılması ilə bağlı faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə əlaqələndirilmiş tədbirlər həyata keçirilsin.
Qurultay Redaksiya Komissiyasına tövsiyə edir ki, səslənmiş fikir və təklifləri ümumiləşdirərək, Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına və diaspor təşkilatlarına təqdim etsin.
Qurultay Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən xahiş edir ki, qurultayın materiallarının ayrıca kitab halında nəşr olunmasını və nümayəndələrə göndərilməsini təmin etsin.
Dünya Azərbaycanlılarının V Qurultayı bütün dünya azərbaycanlılarına müraciət edərək, onları milli maraqlarımızın qorunması naminə səy və bacarıqlarını səfərbər etməyə, müstəqil Azərbaycan dövləti ətrafında daha sıx birləşməyə çağırır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!