Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ölkəmizdə elm və təhsilin daha sıx inteqrasiyası, bu sahədə proseslərin birgə aparılması cəhətdən mühüm əhəmiyyət kəsb edir.
Bunu AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov deyib.
Onun sözlərinə görə, uzun illər ərzində elm və təhsilin inkişafında belə inteqrasiyanın aparılması üçün müəyyən hazırlıq işləri həyata keçirilirdi. Təhsil sistemində bakalavriat və magistratura pillələri ayrılmışdı:
"Bildiyimiz kimi, magistratura elmi dərəcə verilən pillədir. Əgər universitetlərdə elmi dərəcə verilən pillə varsa, magistr hazırlanırsa, mütləq onlar elmi tədqiqatla əlaqəli olmalıdır. Elmi tədqiqatlarla da əlaqəsi olması üçün artıq bunların vəhdət şəklində idarə edilməsi zəruridir. AMEA-da magistratura təhsilinin olmasına baxmayaraq, tədqiqatların birgə aparılması və koordinasiya olunması, mövzuların seçilməsi, prioritet istiqamətlərin müəyyənləşməsi və onların respublikamızın bu günü, sabahı, gələcəyi üçün istiqamətləndirilməsi, bir mərkəzdən idarə olunması məsələləri xüsusi əhəmiyyət kəsb edirdi.
Fərmanın əhəmiyyəti təkcə bu gün bizim verdiyimiz qiymətlə bitmir, gələcəkdə onun qiyməti veriləcək və daha da qiymətləndiriləcək. Çünki Fərmanda elə mühüm məsələlər qarşıya qoyulub ki, bunların həllini müəyyən müsahibə və yazılarda göstərmək çətindir. Artıq elmi-tədqiqat institutlarımız öz fəaliyyətlərində təhsilin inteqrasiyasını bilavasitə görəcəklər. Hazırda da bizim institutlarımızın əməkdaşları təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olurlar. Ancaq bu pedaqoji fəaliyyətin onların tabe olduqları və yeni yaradılan Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə bilavasitə aparılması onun səmərəliliyinini daha da artırılmasına xidmət edəcəkdir".
Arif Həşimov vurğulayıb ki, Akademiyanın elmi ictimaiyyəti bu Fərmanı çoxdan gözləyirdi: "Azərbaycanda zamanın tələbinə, ölkəmizin dünyada tutduğu mövqeyə uyğun olaraq islahatlar aparılır. Yenilənmənin bu formada getməsi AMEA-nın ictimaiyyətini çox sevindirdi. Milli Elmlər Akademiyası öz fəaliyyətini davam etdirəcək və əvvəlki kimi akademiyaya olan diqqət daha da artacaq. Akademiya da öz qarşısına qoyduğu vəzifələrin icrasında dövlətə söykənərək, onun qayğısını görərək daha da fəal iştirak edəcək. Respublikamız üçün elmi kadrların hazırlanmasında, elm və təhsilin inteqrasiyasında daha fəal iştirak edəcək. Yəqin ki, biz bunun nəticələrini bir neçə ildən sonra daha dolğun şəkildə görəcəyik".