Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 25-04-2025, 21:33
Ermənilərin məhkəməsində yeni faktlar AÇIQLANDI


Ermənilərin məhkəməsində yeni faktlar AÇIQLANDI

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 25-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə prosesi zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirilib. Zərərçəkmiş şəxslər ifadə verdikdən sonra dövlət ittihamçılarının, zərərçəkmiş şəxslərin nümayəndələrinin, müdafiəçilərin və təqsirləndirilən şəxslərin suallarını cavablandırıblar.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmə prosesi zərərçəkmiş şəxslərin ifadə vermələri və sualları cavablandırmaları ilə davam etdirilib.
Zərərçəkmiş şəxs Ağalar Əliyev Şuşa şəhərində doğulduğunu, orta məktəbdə ermənilərlə bir yerdə oxuduğunu bildirib. O, Ermənistanın Azərbaycana ərazi iddiaları olan vaxt hüquq-mühafizə orqanlarında çalışdığını deyib.
A.Əliyev “Miatsum hərəkatı” proseslərinin 1988-ci ilin fevralında açıq şəkildə başladığını xatırladaraq qeyd edib: “Dedilər ermənilər tələb edirlər ki, Qarabağ Ermənistana verilməlidir.
Əvvəlcə daş terroruna başladılar. Daş terroru ondan ibarət idi ki, Şuşadan kənara gedən bütün maşınları, o cümlədən avtobusları Əsgəranda, Xankəndinin girəcəyində, Xanabadda yığışan erməni kütləsi daşa basırdı. Bu zaman kimsə yaralanırdı, kiminsə maşınının şüşəsi qırılırdı. Sonralar ağır silahlarla yaşayış məntəqələrini atəşə tutmağa başladılar. 1991-ci il noyabrın 20-də bizim vertolyotu vurdular. Vertolyot vurulan günün səhəri Şuşada mənim toyum idi. Bu, Şuşada axırıncı toy oldu. Həmin gün birinci dəfə idi ki, ermənilər Şuşanı ağır silahlarla yaylım atəşinə tutdular. Demək olar ki, şəhəri lərzəyə saldılar”.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında zərərçəkmiş şəxs qeyd etdi ki, əfsuslar olsun, bizim onlara cavab vermək üçün heç nəyimiz yox idi. Onların isə əksinə, hər şeyləri var idi - 366-cı motoatıcı alay Xankəndidə yerləşirdi, orada xidmət edən zabitlərin, hərbi qulluqçuların çoxu erməni idi. Biz öz tabel silahımıza bir dənə güllə tapmayanda, onlarda dolu silahlar var idi.
O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında vertolyotların Azərbaycanın vaxtilə işğal altında olan ərazilərindən Ermənistana və geriyə hərəkət etməsindən danışıb: “Vertolyotları özüm görmüşəm. Ermənistandan adam da daşınırdı, silah da”.
A.Əliyev erməni tərəfi ilə danışıqlarda iştirak etdiyini deyib. Qeyd edib ki, bir dəfə əsir və girovları dəyişdirəndən dərhal sonra erməni tərəfi onların avtobusunu atəşə tutub. Nəticədə girovluqdan xilas edilən yaralı azərbaycanlı yenidən xəsarət alıb.
O, təqsirləndirilən şəxslərdən Arkadi Qukasyanı tanıdığını, onun “Sovetskiy Karabax” qəzetinin redaktoru olduğunu bildirib. A.Əliyev qəzetdə azərbaycanlıların öz torpaqlarından didərgin salınmalarına çağırış edildiyini söyləyib. Buna nümunə kimi isə sonralar Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyanın həmin qəzetə verdiyi müsahibəsini göstərib.
Ardınca zərərçəkmiş şəxslərin nümayəndələri, müdafiəçilər və təqsirləndirilən şəxslər zərərçəkmişə suallar veriblər.
Təqsirləndirilən şəxs Arkadi Qukasyan zərərçəkmiş şəxsin dediklərinə münasibət bildirərək, 1992-ci ildə “Sovetskiy Karabax” qəzetinin artıq çap edilmədiyini, həmin nəşrdə redaktor müavini işlədiyini, zərərçəkmiş şəxsi tanımadığını iddia edib.
Zərərçəkmiş şəxs Orduxan Kərimov da ifadəsində təqsirləndirilən şəxslərdən Arkadi Qukasyanı tanıdığını deyib. O, Ermənistan silahlı qüvvələrinin hadisə törətdiyi yerlərə istintaq qrupunun tərkibində getdiyini deyib.
O.Kərimov 1991-ci ilin yayında Sırxavənd kəndində dörd azərbaycanlının erməni silahlıları tərəfindən yandırıldığını vurğulayaraq qeyd edib: “Yandırılaraq qətlə yetirilənlər iki ata və iki oğul idi. Qaradağlıda 7 nəfər yandırılmışdı. Meşəli qətliamında isə həmin gün çatdıra bilmədik, yalnız bir gün sonra gedib çıxa bildik. Biz kəndə girəndə oradan insan ətinin iyi gəlirdi, sakinləri yandırmışdılar”.
O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavab verən zaman Şuşanın mütəmadi olaraq raket atəşinə tutulmasından da bəhs edib: “Atışma olanda əhali evlərin zirzəmilərində gizlənirdi. Mənim üç uşağım var idi, balaca idilər. Zirzəmidə o qədər qalmışdılar ki, bədənləri yara olmuşdu”.
Zərərçəkmiş şəxs Məhərrəm Hüseynov 1990-cı illərdə Şuşa Polis Şöbəsində çalışdığını, həmin vaxt Xankəndidə keçirilən mitinqlərə Şuşa ermənilərinin də cəlb edildiklərini söyləyib.
Zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarına cavab verərkən Məhərrəm Hüseynov 1992-ci il fevralın 10-dan 11-nə keçən gecə Malıbəyli və Quşçular kəndlərinə erməni silahlı birləşmələri tərəfindən hücum edildiyini, həmin kəndlərin işğal olunduğunu deyib. “Onlarla soydaşlarımızı qətlə yetirdilər. Yaralılar oldu, insanların bir hissəsini girov götürdülər. Azğınlaşmış terrorçular qısa müddət sonra - fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımını törətdilər. Xocalı soyqırımı həqiqətən də, sözün əsl mənasında, bəşər tarixində misli görünməyən bir terror idi”, - deyə o əlavə edib.
M.Hüseynov zərərçəkmişlərin nümayəndəsinin həmin vaxt Şuşada ağır silahlar, o cümlədən raketlərin olub-olmaması barədə suala isə belə cavab verib: “Əgər bizim ağır texnikamız olsaydı, Xocalı soyqırımı vəhşicəsinə törədilən zaman onlara tərəf mərmi atardıq ki, qorxsunlar, çəkinsinlər”.
Zərərçəkmiş şəxs Arif İbrahimov Şuşa şəhərində qohumlarına məxsus evlərin dağıdıldığını bildirərək deyib: “Evimiz Şuşada olub. Xankəndiyə də gəlib-gedirdim. Şuşada bizim qohumlara aid 32 ev var idi. Şuşa azad olunandan sonra oraya getdim, həmin evlərin heç biri yox idi”.
Zərərçəkmiş Əvəz Məmmədov Şuşada anadan olduğunu, orada yaşadığını və müəllim işlədiyini deyib. O əlavə edib: “1988-ci ilin fevralında ermənilər mitinq keçirən gündən Şuşanın işğalını da planlaşdırırdılar”.
Ə.Məmmədov ilk vaxtlarda Şuşadan çıxan maşınların daşqalaq edildiyini, insanlara xəsarət yetirildiyini, nəqliyyat vasitələrinin şüşələrinin qırıldığını diqqətə çatdırıb.
Zərərçəkmiş şəxs dövlət ittihamçıları Vüsal Abdullayevin və Təranə Məmmədovanın suallarına cavab olaraq bildirib ki, Ermənistan ordusu növbəti mərhələdə sakinləri azərbaycanlılar olan yaşayış məntəqələrini, o cümlədən Şuşanı atəşə tutub, kəndlərə hücum edib, insanları öldürüb, girov götürüb, onlara işgəncə veriblər.
“Növbəti mərhələdə isə Şuşa T55 tankları, ağır artilleriya, raketlər ilə atəşə tutulurdu. Dinc əhali, Şuşa qadınları gecələri körpələrlə zirzəmidə keçirirdilər”, - deyə o sözlərinə davam edib.
Zərərçəkmiş şəxs Niyazi Həsənov Malıbəyli və Quşçular kəndlərinin 1991-ci il dekabrın sonlarından başlayaraq hücuma məruz qaldığını deyib. Onun sözlərinə görə, fevralın 7-dən hücumlar intensivləşib. Zərərçəkmiş şəxs fevralın 9-da özünün və anasının PDM-dən açılan atəş nəticəsində yaralandığını, bədənində indiyədək qəlpələrin qaldığını bildirib. O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən kəndlərə hücum edilən zaman dinc əhalinin çıxması üçün heç bir yol, dəhliz verilmədiyini vurğulayaraq qeyd edib: “Biz məcbur olub meşə ilə çıxdıq, özümüzü Ağdamın Abdal-Gülablı kəndinə çatdırdıq. Abdal-Gülablıdan bizi Ağdam xəstəxanasına apardılar. Xocalı soyqırımından sonra o xəstəxanaya xeyli yaralı gətirdilər. Bizim çarpayıları xəstəxananın həyətində şam ağaclarının altına düzdülər. Həkimlər bizə orada yardım göstərirdilər ki, ölməyək”.
Zərərçəkmiş şəxs Sədirxan Əhmədov da Ermənistan ordusu tərəfindən Malıbəyli və Quşçular kəndlərinə edilən hücumdan danışaraq həmin hadisələr zamanı yaralandığını, torpaqlarının işğal edildiyini, qohumlarının öldürüldüyünü bildirib.
Məhkəmədə Niyazi Həsənov və Sədirxan Əhmədov ilə bağlı məhkəmə tibbi-ekspertizasının rəyləri də açıqlanıb.
Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!