Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 2-06-2025, 19:53
Müharibə zamanı Ermənistanın hədəfə aldığı mülki obyektlər


Müharibə zamanı Ermənistanın hədəfə aldığı mülki obyektlər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 2-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmədə 2020-ci ildə baş vermiş 44 günlük müharibə dövründə Azərbaycanın mülki infrastrukturuna ziyan vurulması, mülki şəxslərin öldürülməsi ilə bağlı hadisə yerinə baxış protokolları və ekspert rəyləri Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin iştirakı ilə tədqiq olunub.
Əvvəlcə müharibə zamanı Ağcabədi rayonunun atəşə tutulması faktları üzrə sənədlər tədqiq edilib. Bildirilib ki, 2020-ci il sentyabrın 27-də saat 6 radələrindən Ermənistan silahlı qüvvələri tərəfindən başlamış silahlı hücumlar və hərbi təcavüz nəticəsində Ağcabədi rayonu üzrə 1 mülki şəxs qəsdən öldürülüb, 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət almış şəxslərdən 5-i qadın, 14-ü isə kişi, o cümlədən 2-si azyaşlıdır.
Silahlı hücumlar və hərbi təcavüz nəticəsində Ağcabədi rayonu üzrə 536 mülki təyinatlı tikiliyə, 17 nəqliyyat vasitəsinə və 50 fermer təsərrüfatına xüsusilə külli miqdarda maddi ziyan vurulub.
Ağdam rayonunun atəşə tutulması ilə bağlı tədqiq edilən sənədlərə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək ağır artilleriya qurğuları hesab olunan “T-64”, “T-72”, “T-80”, “T-90” tipli tanklardan, “2S3 Akasiya”, “2S1 Qvozdika” və digər özüyeriyən artilleriya qurğularından, “2A36 Giasint B”, “D-20”, “D-30”, “D-44”, “D-81” (“D-81M”) markalı toplardan, mina və qumbaraatanlardan, “BM-21” (“Qrad”), eləcə də digər markalı iriçaplı silahlardan atəşlər açılaraq Ağdam rayonunda vahid niyyətlə ümumilikdə 7 mülki şəxs qəsdən öldürülüb, 46 mülki şəxsə qəsdən xəsarət yetirilib.
Ağdam rayonu ərazisində dövlət mülkiyyətinə, 2098 fiziki və 2 hüquqi şəxsə xüsusilə külli miqdarda maddi ziyan vurulub.
Digər sənədlərə əsasən, 44 günlük müharibə dövründə Beyləqan rayonunun atəşə tutulması nəticəsində 2 mülki şəxs həlak olub, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rayonda 73 mülki təyinatlı tikiliyə, 3 nəqliyyat vasitəsinə ziyan vurulub. 73 mülki təyinatlı tikilidən 62-si fərdi yaşayış evi, 10-u sahibkarlıq sahəsi, 1-i isə inzibati binadır.
Bərdə ilə bağlı baxış protokollarına əsasən, rayon Ermənistan silahlı qüvvələri tərəfindən “Qrad” markalı 122 millimetr çaplı “G2000”, “Smerç” markalı 300 millimetr çaplı “9M528” reaktiv yaylım atəş sitemlərindən atəşə tutulub. Nəticədə 2020-ci il oktyabrın 5-dən noyabrın 7-dək Bərdə rayonunda ümumilikdə 29 mülki şəxs qəsdən öldürülüb, 112 mülki şəxsə xəsarətlər yetirilib. Həmin hücumlar zamanı Bərdə rayonu ərazisində dövlət mülkiyyətinə, 333 fiziki və 2 hüquqi şəxsə xüsusilə külli miqdarda maddi ziyan vurulub.
Sənədlərə əsasən, Füzuli rayonunun atəşə tutulması nəticəsində 3 dinc şəxs qəsdən öldürülüb, ümumilikdə 17 mülki şəxs qəsdən xəsarət yetirilməklə yaralanıb.
Füzuli rayonu ərazisində dövlət mülkiyyətinə və 376 fiziki şəxsə xüsusilə külli miqdarda maddi ziyan vurulub.
Bildirilib ki, 44 günlük müharibə zamanı Goranboy rayonunda və Naftalan şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raket və digər partlayıcı qurğuların partlaması nəticəsində 8 nəfər həlak olub, 12 nəfər xəsarət alıb. 368 nəfərin əmlakına, 7 nəfərin avtomobilinə zərər dəyib. Daha 8 nəfərin isə qeyri-yaşayış sahəsinə zərər vurulub.
Daha sonra Mingəçevir şəhərinin atəşə tutulması faktları üzrə sənədlər tədqiq edilib. Sənədlərə əsasən, müəyyən olunub ki, silahlı münaqişə zonasından tamamilə kənar coğrafi koordinatda yerləşən, Azərbaycanın ən böyük 4-cü şəhəri olan Mingəçevir, habelə həmin şəhərdə yerləşən və ölkəni elektrik enerjisini ilə təmin edən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) 2020-ci il oktyabrın 4-də saat 22 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raketlərlə qəsdən hədəfə alınaraq həmin istiqamətdə atəşlər açılıb.
Müəyyən edilib ki, “Smerç” raketlərindən biri Mingəçevir şəhəri, Bozdağ küçəsi 60 ünvanında yerləşən, 1984-cü il təvəllüdlü Bağırov Elçin Yaqub oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində inşa edilmiş darvazanın qarşısına düşərək partlayıb. Nəticədə evə, onun “Hyundai Grandeur” markalı avtomobilinə, həyətyanı sahənin qarşısında olmuş qohumu - Ağdam rayonunun Evoğlu kənd sakini, 1958-ci il təvəllüdlü Səfərov Atamoğlan Sabir oğluna məxsus “Kamaz 55111” markalı yük avtomobilinə ziyan vurulub. Həmçinin Bağırov Elçin Yaqub oğlu, 1957-ci il təvəllüdlü anası Bağırova Nabat Çərkəz qızı, qohumu Səfərov Atamoğlan Sabir oğlu, eləcə də qonşuluğunda yerləşən fərdi yaşayış evinin sahibi, 2004-cü il təvəllüdlü İbrahimli Adil Müşviq oğlu bədən xəsarətləri alıblar.
Müəyyən olunub ki, hadisə yerindən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-yə olan məsafə 2800, Mingəçevir su anbarının bəndinə olan məsafə isə 5300 metrdir.
“Smerç” raketlərindən biri Mingəçevir şəhəri, Azdres qəsəbəsində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 6 və 7-ci enerji bloklarının arasındakı boş sahəyə düşüb və asfalt örtüyü dələrək 40 santimetr dərinliyində yerə batıb, lakin xoşbəxtlikdən partlamayıb. Raketin düşdüyü yerdən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 6-cı enerji blokunun giriş qapısınadək məsafə 19 metr, 7-ci enerji blokunun giriş qapısınadək məsafə isə 29 metrdir.
Həmçinin müəyyən edilib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 4-dən sonrakı günlərdə də Mingəçevir şəhərini qəsdən hədəfə alaraq həmin istiqamətdə raket mərmiləri atıb. Belə ki, oktyabrın 11-də saat 5 radələrində “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yerləşdiyi ərazi yenidən hədəf seçilib və atılmış raket MMC-nin inzibati binasının həyətyanı sahəsindəki parkın ərazisində çəmənlik sahəyə düşüb. Xoşbəxtlikdən raket partlamadığı üçün həlak olan və ya xəsarət alan olmayıb.
Hadisələrin baş verdiyi yerin ətraf ərazilərində hər hansı hərbi obyekt olmayıb.
Hadisələr zamanı Mingəçevirdə 45 fərdi yaşayış evinə zərər dəyib.
Daha sonra məhkəmədə müharibə zamanı Bakı-Tbilisi-Ceyhan boru kəmərinin və Cənub Qafqaz Boru Kəmərinin “Smerç” raketi ilə hədəf alınmasına dair (Yevlax rayonu və Goranboy rayonunun Goran kəndi istiqamətdə raket atılması faktları) sənədlər tədqiq edilib.
Məhkəmə prosesində 44 günlük müharibə zamanı Tərtər rayonunun ağır artilleriyadan atəşə tutulması nəticəsində mülki şəxslərin ölməsi, mülki infrastruktura, vətəndaşların əmlaklarına zərər dəyməsi üzrə sənədlər də tədqiq olunub.
Fasilədən sonra məhkəmədə zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.
Zərərçəkmiş şəxs Pərvin Qasımova 2020-ci il oktyabrın 4-də səhər saatlarında Gəncə şəhəri, Əziz Əliyev küçəsində yaşadıqları evə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raket düşdüyünü deyib. Nəticədə o, görmə qabiliyyətini itirib, üzündən, qollarından və bədəninin digər hissələrindən xəsarətlər alıb. Hadisə zamanı onun evdə olan anası da yaralanıb.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş şəxs hadisə zamanı 3 yaşlı və 4 aylıq qızlarının evdə olduğunu, böyük qızının hələ də psixoloji sarsıntılar yaşadığını söyləyərək deyib: “Göydən təyyarə keçəndə elə bilir evə raket düşəcək. Fişəng atılanda qorxur, əsir”.
Zərərçəkmiş şəxs İradə Qasımova qızı P.Qasımovanın dediklərini təsdiqləyərək hadisə zamanı huşunu itirdiyini söyləyib. O, xəsarətlərə görə müalicəsinin hələ də davam etdiyini söyləyib.
“Böyük nəvəm hələ də qorxu içərisindədir. Deyir ki, evimizə yenə raket atacaqlar? Deyirəm ay bala, daha heç nə yoxdur”, - deyə İ.Qasımova Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Təranə Məmmədovanın suallarını cavablandıran zaman bildirib.
Zərərçəkmiş şəxs Qoşqar Xəlilov isə övladları - Xəlilli Orxan Qoşqar oğlunun və Əmrahlı Məryəm Qoşqar qızının hüquqi varisi qismində tanındığını diqqətə çatdırıb. O deyib ki, 2020-ci il oktyabrın 17-də saat 1 radələrində Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya ilə atəşə tutularkən raket mərmisinin M.Hacıyev küçəsində yerləşən evinin yaxınlığına düşüb partlaması nəticəsində həmin evdə yaşayan oğlu Orxan, qızı Məryəm, keçmiş həyat yoldaşı Xatirə Qəhrəmanova, qaynı qızı Ləman həyatlarını itiriblər.
Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran Q.Xəlilov həmin ərazidə hərbi təyinatlı hər hansı obyektin olmadığını da söyləyib.
Zərərçəkmiş şəxs Xosrov Əjdərov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarına cavabında deyib ki, 2020-ci il oktyabrın 2-də saat 20 radələrində o, dostu Rüfət Vəliyevlə birlikdə Tərtər Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında avtomobillə hərəkətdə olan zaman Ermənistan silahlı qüvvələrinin atdığı raketlərdən biri onların avtomobilinin yaxınlığına düşüb. Nəticədə o, yaralanıb.
Zərərçəkmiş Şamama Quliyeva Ağdam rayonunun Bənövşələr qəsəbəsində 2020-ci il oktyabrın 19-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin açdığı artilleriya atəşi nəticəsində özünün, qızı Maya Quliyevanın və hərbi jurnalist Anar Şuşalının (Anar Həsənov, həmin vaxt AZTV-də çalışıb – red.) yaralandığını bildirib. Hadisə zamanı onun evinə də zərər dəyib.
“Müharibəni mülki şəxslərə qarşı aparırlar? Qocaları, körpələri öldürmək müharibə deyil. Sizin məqsədiniz azərbaycanlıları məhv etmək idi”, - deyə Ş.Quliyeva ifadə verərkən üzünü təqsirləndirilən şəxslərə tutaraq bildirib.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş şəxs həmin vaxt cəbhə bölgəsi ilə Bənövşələr qəsəbəsi arasında bir neçə kəndin olduğunu söyləyib.
Zərərçəkmişin ifadəsindən sonra onun həyətinə mərmi düşməsi ilə bağlı baxış protokolu tədqiq edilib.
Məhkəmədə zərərçəkmiş şəxslərin barəsindəki tibbi-ekspertiza rəyləri də elan olunub.
Məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyana müdafiəçisinin səhhətinə görə prosesdə iştirak edə bilməyəcəyi, ona yeni müdafiəçinin təyin olunacağı bildirilib. D.İşxanyan müdafiəçisinin yaxşı vəkil olduğunu deyərək, yeni vəkilin təyinatına etiraz etmədiyini bildirib.
Məhkəmə prosesi iyunun 5-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!