Son söz dedilər...Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 25-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.
Məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyan son sözünü davam etdirib.
Təqsirləndirilən şəxs çıxışında ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını bildirib və deyib: "Mənə qarşı irəli sürülmüş ittihamların heç birində özümü günahkar hesab etmirəm".
O, ibtidai istintaqda dediklərindən imtina etdiyini söyləyərək, məhkəmədən qərar qəbul edərkən yalnız məhkəmədə dediklərinin əsas kimi götürülməsini xahiş edib.
L.Mnatsakanyan fikirlərini sona qədər ifadə etməyə şərait yaratdığına görə məhkəməyə təşəkkür edib.
Sonda o, üç gün ərzində etdiyi çıxışı - 51 səhifəlik mətni məhkəmə protokollarına əlavə etmək üçün məhkəməyə təqdim edib.
Ardınca təqsirləndirilən şəxs Arkadi Qukasyan son söz çıxışı edib.
A.Qukasyan vəkillərinə prinsipiallıq göstərdiklərinə və onu doğru şəkildə müdafiə etdiklərinə görə təşəkkür edib və deyib: "Xüsusilə də həqiqəti üzə çıxarmaq üçün işə düzgün yanaşdıqlarına, həmçinin insani münasibətlərinə görə təşəkkür edirəm".
O, ittiham tərəfinin dəlilləri ilə razılaşmadığını bildirib və özünün əks arqumentlərini səsləndirib.
Təqsirləndirilən şəxs ittiham tərəfinin onun "Sovet Qarabağ"ı qəzetində çalışmasını cinayət kimi təqdim etdiyini və bununla razılaşmadığını söyləyib. O, qəzetin 4 nəfər redaktor müavinindən biri olduğunu, qəzetin rus dilinə tərcüməsi üzrə müavin vəzifəsində çalışdığını deyib. Əlavə edib ki, həmin vaxt tabeliyində 16 nəfər işçi olub. Təqsirləndirilən şəxs qəzetin fəaliyyətini cinayət hesab etmədiyini bildirib.
O, "böyük siyasət"dən 2007-ci ildə getdiyini və bir daha qayıtmadığını deyib.
A.Qukasyan ona qarşı irəli sürülmüş ittihamların heç biri ilə özünü təqsirli bilmədiyini söyləyib.
Sonra təqsirləndirilən şəxs Bako Saakyan son söz çıxışı edib. B.Saakyan çıxışında müdafiəçilərinin hər ikisinə təşəkkür edib: "Professionallığına və insani münasibətinə görə onlara minnətdaram. Hər iki vəkilin bu ittiham aktına olan münasibətini vəkillik və hüquqi cəhətdən çox yüksək keyfiyyətdə qiymətləndirmək olar".
O, çıxışında ittiham tərəfinin bildirdikləri ilə bağlı özünün əks arqumentlərini səsləndirib. İttiham tərəfinin onları cinayətkar birlik kimi təqdim etməsinə isə belə münasibət bildirib: "Cinayətkar təşkilat olmayıb, ola da bilməzdi".
Təqsirləndirilən şəxs Şuşanın işğalında iştirakından da danışıb: "Məhkəmə istintaqı başlayanda vəkilimə demişdim ki, bəli, Şuşada iştirakımla bağlı (Şuşanın işğal olunmasında iştirakını nəzərdə tutur - red.) epizod var və mən bunu məhkəmədə gizlədə bilmərəm".
Məhkəmə prosesi dekabrın 26-da davam etdiriləcək.