Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Caliber.az” hərbi-analitik internet portalı Azərbaycan ordusunun “Qətiyyətli cavab” əməliyyatını təhlil edib. Portalın hərbi təhlilində “bu əməliyyatdan sonra dəniz səviyyəsindən 3550,4 metr yüksəklikdə olan Böyük İşıqlı dağı tamamilə bizim nəzarətimizə keçdi. İndi biz praktiki olaraq Kiçik İşıqlı dağının arxasında yerləşən Qaragöl gölünün bütün perimetrinə nəzarət edirik”, - deyə bildirilir. Qeyd edilir ki, Ermənistanın Qarakilsə şəhəri (Sisian) artıqAzərbaycan Ordusunun vizual və atəş nəzarəti altındadır. Butov.az "Caliber"in hazırladığı videonu təqdim edir:
Sərhədçilərin Vətən müharibəsində ilk əməliyyat planı
Azərbaycan sərhədçilərinin Vətən müharibəsində ilk əməliyyat planları açıqlanıb. Bu barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində deyib. DSX rəisi bildirib: “2020-ci ilin sentyabr ayında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi. Döyüş əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi. İlkin olaraq Azərbaycan sərhədçiləri döyüş əməliyyatlarına Kəlbəcər istiqamətindən başlamalı idilər. Döyüşlər başladıqdan sonra Prezident cənab İlham Əliyev keçirdiyi xidməti-döyüş müşavirəsində böyük sərkərdəlik məharətini nümayiş etdirərək hücum istiqamətimizi dəyişdi, sərhədyanı və Araz çayı boyu hərəkətə keçmək əmrini verdi. Müzəffər Ali Baş Komandanımızın bu əmrini icra edərək Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdik. Sutka ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirildi, yüzlərlə canlı qüvvəsi məhv edildi. Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı ucaltdıq, Ermənistanla dövlət sərhədində Bartaz və Şükürataz strateji yüksəkliklərini azad etdik”. Elçin Quliyev qeyd edib ki, Ali Baş Komandan tərəfindən Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş bütün döyüş tapşırıqları uğurla icra olunub, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstəriblər.
Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir
Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda lider mövqeyindədir. Bu barədə "Global Firepower" beynəlxalq reytinq şirkətinə istinadən xəbər verir. Belə ki, Azərbaycan reytinq siyahısında 142 ölkə arasında 63-cü yerdə qərarlaşıb. Qonşu Gürcüstan 88-ci, Ermənistan isə 98-cidir. Qeyd edək ki, reytinqin tərtib olunması zamanı orduların texnoloji inkişafı, insan potensialı və çevikliyi əsas götürülür.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən komanda-qərargah təlimi başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin planına uyğun olaraq həyəcan siqnalı ilə limandan ayrılan gəmilər Xəzər dənizinin Azərbaycana məxsus sektorunda lövbərə duraraq enerji infrastrukturlarının mühafizəsini təşkil ediblər. Döyüş atışlı təlimdə, həmçinin şərti düşmənin suüstü hücum vasitələrinin, üzən mina və hava hədəflərinin, eləcə də terror-diversiya qruplarının məhv edilməsi üzrə tapşırıqlar hərbi dənizçilərimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.
Döyüş fəaliyyətlərinin təşkili, o cümlədən qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargah zabitlərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.
Azərbaycan Ordusunun daha bir qrup hərbi qulluqçusu Türkiyədə təlimləri başa vurub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlər Çanaqqala şəhərində yerləşən 18-ci Motoatıcı Piyada Briqada Komandanlığında keçirilib. Açıqlamada bildirilib ki, “Qardaş Briqada” layihəsi çərçivəsində azərbaycanlı hərbçilər üçün keçirilən tədbirlər başa çatıb. Təlimlərin sonunda mükafatlandırma mərasimi keçirilib.
"Döyüş əməliyyatlarına və posta gedən hərbçilərin mobil telefon və ya hansısa çəkiliş aparatının olması yolverilməzdir. Biz bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı təşəbbüslə çıxış etməliyik". Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputat Bəxtiyat Sadıqov deyib. Onun sözlərinə görə, son təxribatlar zamanı hərbçilərin videoçəkilişlər edib yaydığı müşahid olunub. “Bu çəkilişlər düşmənə koordinasiyanı müəyyən etməyə imkan verir. Hesab edirəm ki, bu cür çəkilişlər yolverilməzdir və bunun qarşısının alınması üçün qanunvericiliyə mümkün dəyişiklik etməliyik”.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilir. Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında bildirilib. Belə ki, qanunun 6-cı maddəsinə təklif olunan dəyişikliklə vətəndaşın ilkin hərbi qeydiyyata alınması qaydası dəyişdirilir. Dəyişikliklə qanunun 6.4-cü maddəsində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir. Qanun 6.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. doğum haqqında şəhadətnamənin surəti; 2. ailə tərkibi haqqında arayış; 3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün); 4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış; 5. tərcümeyi-hal; 6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
Azərbaycanda 2023-cü ilin dövlət büdcəsində müdafiə və təhülkəsizlik xərclərinin 5 320,1 milyon manat olması nəzərdə tutulub. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,6% çoxdur.
Zakir Həsənov və Akar sərhəd təxribatından danışdılar
Sentyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov Ermənistan tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib. Cənab H.Akar öz növbəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib. H.Akar Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu qeyd edib. Telefon danışıqları zamanı hər iki qardaş ölkənin müdafiə nazirləri yaranmış vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparıblar.