Milli futbol çempionatımızın səviyyəsi nə inki Avropanın top liqaları ilə müqayisədə hətta qonşu Türkiyə və Rusiya futbol birincilikləri ilə nisbətdə müəyyən qədər aşağıdır. Özü də bu il – 2016-2017-ci il futbol mövsümündə Azərbaycan Premyer Liqasının səkkiz komandalı çempionat şəklində keçirilməsi haqlı olaraq qınağa səbəb oldu. Ancaq bununla belə (mənim subyektiv fikrimdir) bu il də çempionatda “tapıntı komanda” adlandıra biləcəyimiz kollektiv - “Sumqayıt” özünü göstərdi. Keçən mövsüm hər kəs “Zirə”ni alqışlayır, onun şəninə xoş sözlər deyirdilərsə, bu il isə bu sözlərə “Sumqayıt” layiqdir. Uzun müddət futbolsuz qalan şəhərdə 2010-cu ildə yaradılan “Sumqayıt” 2010-2011-ci il futbol mövsümündən etibarən premyer liqa iştirakçısıdr. Yerli və gənc futbolçularla oynayan komanda 18-19 yaşlı uşaqların “bişməsi” üçün Azərbaycan futbolunda böyük isimlər olan Samir Abasov, Mahmud Qurbanov kimi nəhənglərin oynamasına şərait yaratdı ki, məhz onların yanında bu gün özlərini digər komandalarda sübut etmiş futbolçular püxtələşdi. Bu siyasət komanda yaranandan günümüzədək davam edir və bunun əksini qapı xəttində Fərhad Vəliyev, müdafiədə Vurğun Hüseynov və Rail Məlikov kimi “əjdahaların” bu gün də komandanın uğurları üçün tər tökməsində göstərə bilərik. Təcrübəli isimlərin “Sumqayıt”dakı çıxışı ilə əlaqəli bəzi kəslər “Sumqayıt” harada qoca varsa ətrafına toplayıb” kimi söz-söhbətlərə belə yol verirdilər. Axı Fərhad gənc Tərlan Əhmədliyə, Miremil Həsənova, Vurğun və Rail Bəxtiyar Həsənalızadəyə, Süleyman Piriyevə və digər gənclərə örnək deyilmi ?! Məhz bu strategiyanın nəticəsidir ki, bu il “Sumqayıt” doğrudan da özünün ən uğurlu mövsümünü yaşayır. Əgər Avro Liqanın təsnifat mərhələsində iştiraka haqq verən dördüncü yeri qazanmağı bacararsa ki, bu heç də mümkünsüz deyil, belə deyək, o zaman öz qızıl mövsümünü “taclandırmış” olacaq. Bu yolda komandanın ən vacib sınağı bu gün saat 16:30-da Kapital Bank Arenada ötən mövsümün tapıntısı- “Zirə”yə qarşı baş tutacaq. Turnir cədvəlində bir xallıq fərqlə qonşu olan komandaların (“Zirə” 32 x, 4-cü yer, “Sumqayıt” 31x, 5-ci yer ) bu günki duelinin əsl “ölüm-qalım” mübarizəsi olacağı şübhə doğurmamalıdır. Sumqayıtlıların qələbə qazanacağı təqdirdə taleyi öz əlində olacaqsa, pis halda heç-heçə ilə az da olsa qalcaq şanslarını, məğlubiyyət halında tamamilə itirəcəklərini demək olar. Əslində “şəhərlilər” Avropa biletini qələbə qazanacaqları halda “Zirə”dən alacaqlarsa, “qoca qitə”yə sayahət iznini isə... Xeyr 27-28-ci turlarda “Qarabağ” və “Qəbələ” bu izni “şəhər uşaqları”na elə-belə verməyəcək. “Sumqayıt” Azersun Arenada “Qarabağ”la 2011-ci ildə Quzanlıda əzmkarlıqla oynayıb 2:1 qalib gəldiyi kimi, 2015-ci ildə Kapital Bank Arenada “Qarabağ”ı 1:0 hesabı ilə evə əliboş yola saldığı oyunu oynamalıdır. “Qəbələ” – “Sumqayıt” duelləri isə hər iki komanda üçün çətin,
ağır və maraqlı olub ki, “kimyaçılar” qəbələliləri də istər “Qəbələ”də, istərsə də Sumqayıtda doğma divarlar arasında məğlub etməyi, “qol atəşinə tutmağı” bacarıb. “Şəhərlilər”dən bu gün “Zirə”yə qarşı görəcəyimiz rəşadət jurnal, əsl əzmkarlıq filmi isə “əjdahalara” qarşı olacaq.
Uğurlar, “Sumqayıt” !!!
Səbuhi Allahverdizadə