-Keçən mövsüm bir sıra əcnəbi komandalardan təkliflər var idi sənə. Bu mövsüm də təklif almısanmı ?-Xeyr. Hələ ki, təklif almamışam. Çempionatın sona çatmasına hələ ki, dörd oyun var. Təkliflər yəqin ki, çempionat bitəndən sonra ola bilər.
-Təklif alacağın halda komanda ilə yolları ayırmağı dəyərləndirəcəksən ?-Mənim hələ ki, “Sumqayıt” la bir illik müqaviləm var. Bu haqda indidən nəsə bir söz demək düzgün alınmaz. Hər-halda ciddi təklif gələrsə, komanda ilə məsləhətləşib qərar verəcəyik.
-Keçən mövsüm bir neçə oyuna altı-yeddi qol vurmağı bacarmışdın. Hətta “Sumqayıt” azarkeşləri sənə “Milli Vardi” ləqəbi belə vermişdilər. Bu mövsüm nədənsə səndən eyni məhsuldarlığı görmürük.-Mövsümün əvvəlində oynamaq şansı qazandım. Sonradan heyət yeniləndi. Təxminən altı-yeddi oyun meydanda görünmədim. Amma son turlar yenidən əsas heyətdə oyuna daxil oluram. Ümumiyyətlə bu mövsüm keçən ilki kimi məhsuldarlıq göstərə bilməməyimi şanssızlıqla əlaqələndirərdim. Çünki, meydanda olduğum müddətdə qol epizodları yaratmışam. Sadəcə olaraq bəxtsizlik üzündən epizodları qola çevirməyi bacarmamışam. Ümumiyyətlə bu mövsümü hələ ki, özümçün uğursuz hesab edirəm.
-Keçən mövsüm daha çox əsas heyətdə meydana çıxırdın. Bu il isə əsasən əvəzetmələrdən oyuna qoşulursan. Bunu komandada rəqabətin güclənməsi ilə və ya səndə geriləmənin olması ilə əlaqələndirərdin ?-Mən bunu rəqabətlə əlaqələndirərdim. Çünki hal-hazrda komandamızda yaxşı oyunçular çoxdur. Az öncə dediyim kimi, çempionatın əvvəlində altı-yeddi oyuna çıxdım sonra isə forma şansı az əldə etdim. Sonradan iki-üç oyun mütəmadi olaraq meydana çıxmadım ki, deyim ki, oyunumda hansısa geriləmə oldu. Şəxsən mən bu durumu komandamızdaki rəqabətlə əlaqələndirərdim.
-“Neftçi” ilə son turda Sumqayıtda keçirilən oyunda akrobatik zərbə ilə gözəl qol vurdun. AZAL-la da oyunda səndən eyni gözəllikdə qol və qollar gözləyəkmi?-Azarkeş stadiona baxımlı qollar görmək üçün gəlir. Azarkeşlərimizin zövqünü oxşayan qollar vurmağa çalışıram. Nə qədər çalışsan da hər oyunda qol vurmaq mümkün olmur. Hər-halda AZAL-la da oyunda qol
vurub azarkeşlərimizi sevindirmək istəyirəm. Ancaq bunu da deyim ki, mənim üçün əsas qol vurmağım yox komandanın qələbə qazanmasıdır.
-AZAL-la oyun “Zirə” ilə xal fərqini azaltmaq, “Kəpəz” və”Neftçi”dən aralanmaq mənasında çox vacibdir.-Bəli ayın onu AZAL-la keçirəcəyimiz oyun mən deyərdim ki, bəlkə də bu mövsüm bizim üçün ən vacib və çətin alınacaq. Ancaq hər-halda çalışacağıq ki, qələbə qazanıb azarkeşlərimizi sevindirək.
-Bəs AZAL-la oyun öncəsi komandada ümumi əhval-ruhiyyə necədir ?-Komanda olaraq əhval-ruhiyyəmiz yaxşıdır. Belə deyim də, qələbə üçün hər kəs “çəkici eyni yerə vurur”.
-“Neftçi”in kubokda mübarizəni dayandırmasından sonra Avropa Liqasına qatılmağa haqq verən dördüncü yer uğrunda mübarizə dörd komanda arasında kəskinləşəcək ki, onların arasında şərəfini qoruduğun “Sumqayıt” da var. Sənin fikrincə “Sumqayıt”, “Zirə”, “Neftçi” və “Kəpəz”in həmən yer uğrunda mübarizəsində hansı komanda daha şanslı görünür ?-Mən “Sumqayıt”ın futbolçusu olduğumdan həm istək olaraq komandamızı Avro Liqa yarışında görmək istəyərəm. Həm də şans baxımından üstünlüyü “Sumqayıt”a verirəm. Çünki, mən əsas komandanın futbolçusu kimi uşaqlarda istək və əzmkarlıq görürəm. Bilirsiz bu dəqiqə komandada hamımız çalışırıq ki, əlimizdən gələnin ən yaxşısını meydanda sərgiləyək və Avro Liqaya qatılmağı haqq edək. Komanda olaraq məqsədimiz budur.
-Son zamanlar dolaşan söz-söhbətlərə görə baş məşqçi Samir Abasovla komandanın futbolçuları arasında bəzi anlaşılmzlıqlar var və daha konkret desək Samir Abasov futbolçulara qarşı kobud və qeyri-etik davranır.-Yenə deyirəm şükür Allaha komandamızda hər şey qaydasındadır. Futbolçularla Samir Abasov arasında münasibət yaxşıdı. Komandamızda xoşa gəlməz durum qətiyyən yoxdur. Hər kəs bir-birini yaxşı başa düşür. Mən bunu sizə komandanın içində olan şəxs kimi deyirəm.
-Aydındı. Təşəkkür edirəm. Gələcək oyunlarında uğurlar arzulayıram sənə.-Mən də sizə təşəkkürümü bildirirəm.
Hazırladı: Səbuhi Allahverdizadə