27-05-2023, 21:10
Prezident “Qorçu” yarımstansiyasının açılışında iştirak etdiMayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonuna səfərə gəlib. Dövlətimizin başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının açılışında iştirak edib. “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün rayonun Qorçu kəndində 2021-ci ildə istismara verilən “Kəlbəcər” yarımstansiyasından 42 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və ən əsası yolsuzluq şəraitində çəkilən ötürmə xətti boyunca hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr olan 250-yə qədər anker və aralıq dayaq basdırılıb. 110 kilovoltluq xəttin üzərindəki ildırımötürücü funksiyalı fiberoptik kabellə internet xətti çəkilib ki, bu da enerjisistemin idarə edilməsində siqnalların etibarlı şəkildə ötürülməsi və məsafədən rəqəmsal idarəetmə üçün vacib elementdir. Qeyd edildi ki, paralel olaraq Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq müasir texnologiyalı yarımstansiya tikilib. Burada perspektiv inkişaf nəzərə alınmaqla 110 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb və Rəqəmsal İdarəetmə Mərkəzi inşa edilib. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulmaqla tam avtomatlaşdırılıb, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğularla əlaqələndirilib. Müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiyada hər birinin gücü 25 MVA olan iki yeni transformator quraşdırılıb. Gələcəkdə ehtiyac yaranarsa, yarımstansiyanın transformatorlarının gücünü artırmaq mümkün olacaq. Məlumat verildi ki, xüsusi razılaşdırılmış layihə əsasında müasir üslubda inşa edilən yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb. Sistem əhəmiyyətli “Qorçu” yarımstansiyanın ərazisində işçilər üçün yataqxana binası tikilib, lazımi şərait yaradılıb. Burada işləyən və qalmaq yeri ilə təmin edilən əməkdaşlar məhz laçınlılardır. “Qorçu” yarımstansiyası yaxınlığında tikilən beynəlxalq hava limanının, Laçın və Kəlbəcərdəki meqalayihələrin, o cümlədən yaşayış massivlərinin, turizm və kənd təsərrüfatı infrastrukturunun enerji təchizatında xüsusi rol oynayacaq. Yaxın perspektivdə “Qorçu” yarımstansiyasından “Laçın” şəhər yarımstansiyasına 110 kV-luq ikidövrəli ötürmə xətti çəkiləcək və bununla da işğaldan azad edilən ərazilərin dairəvi elektrik təchizatı tamamlanmış olacaq. Qeyd edək ki, “AzərEnerji” ASC tərəfindən bu günədək Qarabağda və Şərqi Zəngəzurda bir yerdə 330 kV-luq, 11 yerdə 110 kV-luq olmaqla 12 yarımstansiya tikilib, 700 kilometrə yaxın yüksəkgərginlikli ötürmə xətti çəkilib. Beləliklə, işğaldan azad olunan bütün rayonlar elektrik enerjisi ilə təmin edilib.
27-05-2023, 18:15
Prezident “Meydan” Kiçik Su Elektrik Stansiyasını işə saldıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib. Dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verilib. Bildirilib ki, alternativ və bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması, işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Kəlbəcər rayonunun ərazisində Tərtərçayın sol qolu olan Meydan çayının üzərində 3,4 MVt-lıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Ermənilər tərəfindən partladılaraq yandırılan və avadanlıqları daşınan bu stansiyanı “AzərEnerji” daha müasir və rəqəmsal qaydada yenidən qurub. Burada yeni maşın zalı tikilib, müasir hidroaqreqatlar, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. 1590 metr yüksəklikdə yerləşən baş suqəbuledici qurğu, eləcə də 4564 metr uzunluğunda derivasiya borusu tam yenidən qurulub. “Meydan” Su Elektrik Stansiyası enerjisistemə inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sisteminə qoşulub. Bununla da stansiyanın idarəetmə sistemi avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılaraq müasir formaya keçirilib. Eləcə də ərazidə fors-major hallar üçün 45 kVA gücündə ehtiyat dizel generatoru quraşdırılıb. Yenidən qurulan “Meydan” Kiçik Su Elektrik Stansiyasında il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Prezident İlham Əliyev “Meydan” Kiçik Su Elektrik Stansiyasını işə salıb. Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə “AzərEnerji” ASC tərəfindən bu günə qədər 11 su elektrik stansiyası yenidən qurularaq bərpa edilib. Hazırda Kəlbəcər, Laçın və Zəngilanda 7 yerdə su elektrik stansiyalarının tikintisi davam edir. Eləcə də Kəlbəcər və Laçında daha 9 yerdə su elektrik stansiyalarının tikintisinə başlanılır. Ümumilikdə bu günə kimi yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək bu su elektrik stansiyalarının ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə 600 milyon kilovat-saata yaxın ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal ediləcək.
25-05-2023, 13:29
Şuşa şəhərinə qazın çəkilişi təmin ediləcəkİşğaldan azad edilmiş ərazilərdə yüksəkvoltajlı sisteminin qurulması başa çatıb. Bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov deyib. O bildirib ki, sistemin halqa halında fəaliyyət göstərilməsi bir neçə ayın söhbətidir: "Laçın şəhərində xüsusən görülən işlər başa çatdıqdan sonra bir halqa yaranacaq. Halqanın yaranması dayanıqlıq nöqteyi nəzərindən çox vacib məsələdir". Nazir müavini, həmçinin qeyd edib ki, azad edilmiş ərazilərdə energetika sahəsində işlər sürətlə və keyfiyyətlə davam etdirilir. Qazlaşdırma məsələlərinə toxunan E. Soltanov vurğulayıb ki, Şuşa şəhərinə qazın çəkilişi təmin ediləcək və 5 ana magistral qaz kəmərlərindən biri Şuşa istiqamətində yönəldiləcək.
22-05-2023, 21:10
İqtisadiyyatımızı şaxələndirib, enerji sektorundakı asılılığı azaldacayıq Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Lakin hazırda, eyni zamanda, əsas hədəf şaxələndirmədir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında bildirib. Dövlətimizin başçısı deyib: “Düşünürəm ki, biz iqtisadiyyatımızı xeyli şaxələndirə biləcəyik və enerji sektorundan asılılığı azaldacağıq. Baxmayaraq, enerji sektoru enerji təhlükəsizliyimizdə və Avropanın enerji təhlükəsizliyində öz mühüm rolunu oynamağı davam etdirəcək”.
22-05-2023, 20:42
Təbii qaz təchizatı 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Fikrimcə, bu, minimal həddi təşkil edir, çünki potensial çoxdur. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında bildirib. Mövcud yataqlardan daha çox qazın hasil edildiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu yaxınlarda Xəzərdə ən iri yataqlardan birində hasilatın başlanmasını elan edəcəyik”. Azərbaycan Prezidenti, həmçinin bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələrin təbii qaza ixrac məqsədləri üçün qənaət etmək imkanı yaradacağını diqqətə çatdırıb: “Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Bütün bunlar bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın strateji çərçivəsinin bir hissəsidir. Biz Azərbaycanın və Avropa Komissiyasının daha yaxın olmaq səylərinə verdikləri daimi dəstəyə görə litvalı dostlarımıza və tərəfdaşlarımıza minnətdarıq”.
22-05-2023, 12:01
Azərbaycandan Ermənistana yeni təklifNaxçıvan ölkədə ən yaxşı radiasiya qəbul edən bölgəmizdir. Naxçıvan bizim üçün xüsusi bölgədir. Təəssüflər olsun ki, hazırda Naxçıvan ilə quru yolumuz yoxdur. Bu, Zəngəzur dəhlizi ilə təşkil olunacaq. Bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda bildirib. “2020-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında bağlanan müqavilədə üç enerji koridoru haqqında danışılır. Onlardan biri “Yaşıl enerji”dir ki, bununla da enerji Ermənistandan Naxçıvana, oradan Türkiyəyə və digər Avropa ölkələrinə göndəriləcək. Onu da qeyd edim ki, 90-cı illərin əvvəlində Azərbaycan davamlı sülh naminə Ermənistana enerji sahəsində əməkdaşlıq təklif edib. Amma təəssüf ki, Ermənistan bu fürsətdən istifadə etmədi. Biz yenidən Azərbaycan hökuməti olaraq qonşu Ermənistana enerji sahəsində əməkdaşlıq təkliflərimizi edirik. Təbii ki, burada qarşılıqlı öhdəliklər olacaq”, - deyə nazir müavini qeyd edib.
16-05-2023, 12:02
“Zəngilan” tankerinin suya salınması mərasimi keçirildiİqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən hazırlanan “Zəngilan” tankerinin mayın 16-da suya salınması mərasimi keçirilib. Bu, Azərbaycanda inşa edilən sayca ikinci neft və kimyəvi məhsullar daşıyan tankerdir. Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev məlumat verib ki, gəminin gövdə hissəsinin inşası 100 faiz başa çatıb. Qalan tamamlanma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə “Zəngilan” tankeri zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb. Bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosunun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. Onun sözlərinə görə, yeni nəsil “Zəngilan” tankerinin uzunluğu 141 metr, eni 16.9 metr, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə və çayda 8009 ton təşkil edən gəmi ən müasir avadanlıqlarla, o cümlədən hər biri 1,200 kW gücə malik iki ədəd baş mühərrik, yük nasosları, havalandırma sistemi, naviqasiya cihazları və separator ilə təchiz edilib. Zavodun yanalma körpüsündə istismar sınaqları başa çatdıqdan sonra “Zəngilan” tankerinin dəniz-istismar sınaqlarına başlanacaq. Yeni nəsil "Zəngilan" tankerinin xarici sularda istismarı nəzərdə tutulur. Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş ikinci neft və kimyəvi məhsullar daşıyan tankerdir. 2022-ci ilin sonunda istismara verilmiş ilk neft və kimyəvi məhsullar daşıyan tanker olan “Akademik Xoşbəxt Yusifzadə” neft və kimyəvi məhsullar tankeri üçrəngli bayrağımız altında xarici sularda istismar olunur.
5-05-2023, 18:41
Prezidentlə xanımı Pirəhmədli kəndinin təməlqoma mərasimində iştirak etdiMayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, Pirəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 178 hektardır. Kəndə 2 min 369 nəfərin köçürülməsi planlaşdırılıb. Burada ümumilikdə 565 fərdi ev tikiləcək və hər bir evin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 70,3 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 280 fərdi evin tikilməsi nəzərdə tutulur. Kənddə çoxfunksiyalı inzibati binanın, mehmanxana və kafe-restoranın, məscid və mərasim evinin, yanacaq doldurma məntəqəsinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 480 yerlik orta məktəbin, 80 yerlik 2 uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, bazarın, rabitə qovşağının tikintisi planlaşdırılıb. Diqqətə çatdırılıb ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub. Tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır. Prezident İlham Əliyev Pirəhmədli kəndinin təməlini qoyub.
5-05-2023, 18:05
Prezident Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun açılışında iştirak etdiMayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Yolun hərəkət hissəsinin eni 14,5 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilib. Yolun üzərindəki 6 körpünün tikintisi başa çatıb. Yol boyunca 18 avtobus dayanacağı quraşdırılıb. Yeni avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək. Qeyd edək ki, bu yol Azərbaycan Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən inşa olunur.
5-05-2023, 17:18
Hadrutda salınacaq yaşayış məhəlləsi 28 evdən ibarət olacaqMayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Dövlət başçısına görüləcək işlər barədə məlumat verilib. Qeyd edilib ki, ilk yaşayış məhəlləsi 28 fərdi evdən ibarət olacaq. Tikiləcək evlərin ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olması nəzərdə tutulur. Mənzillərin sahəsi 70-120 kvadratmetr təşkil edəcək. Bildirilib ki, Hadrut qəsəbəsində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir. Dövlət başçısı Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinin təməlini qoyub. Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdıran tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” ifadəsi Hadrut rayonunda ilk yaşayış məhəlləsinin təməlinin qoyulması ilə bir daha təsdiqini tapır. Otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan hadrutlular üçün ilk yaşayış məhəlləsinin təməlinin qoyulması onları bu arzularına daha da yaxınlaşdırır.