Oktyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.
Bu gün Qubadlının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin üçüncü ildönümüdür. Ordumuz 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğalına son qoyulub. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək, Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb. Həmin gün Qubadlı rayonunun ilk yaşayış məntəqələri - Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib. Oktyabrın 25-də isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan azad edib. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Rusiya sülhməramlılarının 24 müşahidə məntəqəsini bağlandı
Sentyabrın 19-dan bu yana Qarabağ bölgəsində Rusiya sülhməramlılarının 24 müşahidə məntəqəsini bağlanıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik qeyd edib ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün 6 yeni məntəqə yaradılıb, onlardan ikisi Azərbaycan tərəfi ilə birgə quraşdırılıb. Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.
UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib. A qrupunda mübarizə aparan "Qalatasaray" Türkiyədə Almaniya nəhəngi "Bavariya"nı qəbul edib. "Rams Park" stadionunda keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb - 3:1. Hesabı 8-ci dəqiqədə Münhen təmsilçisinin futbolçusu Kinqsli Koman açıb. 30-cu dəqiqədə Mauro İkardi penaltidən vurduğu qolla tarazlığı bərpa edib. 73-cü dəqiqədə Harri Keyn ikinci topu İstanbul təmsilçisinin qapısından keçirib. 79-cu dəqiqədə isə Camal Musiala "sarı-qırmızılılar"ı üçüncü dəfə cəzalandıraraq yekun hesabı müəyyənləşdirib. Bu nəticədən sonra xallarını 9-a çatdıran "Bavariya" qrupda liderliyini qoruyub. 4 xalı olan "Qalatasaray" isə 2-ci pillədə qalıb. Bu qrupun digər matçında "Mançester Yunayted" İngiltərədə Danimarka "Kopenhagen"i ilə qarşılaşacaq. D qrupunda isə "İnter" İtaliyada Avstriya "Zaltsburq"unu 2:1 hesabı ilə məğlub edib.
Azərbaycan və Rusiya XİN Başçıları arasında telefon danışığı baş tutdu
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri, bölgədəki cari vəziyyət, “3+3” regional platformasının Tehranda keçirilmiş nazirlər iclasının nəticələri, Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının cari ilin dekabr ayında Moskvada keçirilməsi nəzərdə tutulan iclasının gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində real şansların olduğu, bölgədə yaranmış tarixi imkanın əldən verilməməsinin vacibliyi vurğulanıb. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məhkumlar məzuniyyətə buraxılıb. Penitensiar xidmətin qapalı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar sərbəst şəkildə ailə üzvlərinin yaşadığı ünvanlara bir neçə günlük qısamüddətli səfərə buraxılıblar. Səfərlər zamanı məhkumları həbsxana əməkdaşları müşayiət etməyib, məhkumlar yaxınları ilə görüşüb, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra özləri də sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıdıblar. Məlumata əsasən, indiyədək səkkiz nəfər məhkum ailə üzvlərini ziyarət edib və geri qayıdıb. Məlumatı Penitensiar xidmətdən də təsdiqləyiblər.
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi nümayəndəsini qəbul etdi
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də Tehranda “3+3” regional platforması çərçivəsində keçirilmiş görüşün nəticələri müzakirə olunub. Nazir Ceyhun Bayramov, öhdəliklərə zidd olaraq son 3 il ərzində Azərbaycan ərazisindən çıxarılmayan qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycanın öz suveren ərazilərinə nəzarəti tam olaraq təmin etməsindən sonra, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə razılaşdırılması üçün real şansların olduğunu diqqətə çatdırıb. Qarabağın erməni sakinlərinin Azərbaycanın qanunvericiliyi çərçivəsində ölkəmizin ərazisində Azərbaycan vətəndaşı kimi yaşaması üçün bütün imkanların yaradıldığı, bunun üçün reinteqrasiya məqsədilə müvafiq portalın fəaliyyət göstərdiyi qeyd edilib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mədəniyyət naziri Adil Kərimli oktyabrın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) ziyarət edib. Nazirlikdən verilən xəbərə görə, elm və təhsil naziri Emin Əmrullayevin də iştirak etdiyi ziyarət zamanı BMA-nın rəhbərliyi və pedaqoji kollektivinin bir qrup tanınmış üzvü ilə görüş olub. Akademiyanın rektoru Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, respublikanın Dövlət mükafatı laureatı Fərhad Bədəlbəyli təhsil ocağının fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, dahi Üzeyir Hacıbəylinin təməlini qoyduğu təhsil ocağı Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayır. BMA-nın məzunlarının sorağı dünyanın məşhur səhnələrindən gəlir. Söhbət zamanı təhsil ocağının fəaliyyət istiqamətləri, tədrisin keyfiyyəti, beynəlxalq əməkdaşlıq imkanları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Sonda xatirə şəkilləri çəkdirilib.
BQXK əməkdaşları əsir saxlanılan azərbaycanlılara baş çəkdi
Oktyabr ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərlə və Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkiblər. Bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb. Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib. Hüseyn Axundov “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” də təqsirləndirilir.
Dağılmış avtomobil körpüsünün yerində yenisinin inşası sürətlə davam edir
İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində dağılmış avtomobil körpüsünün yerində yenisinin inşası sürətlə davam edir. Yeni körpü inşa edilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilərək istifadəyə verilib. 200 metr uzunluğa malik sözügedən müvəqqəti yol körpüdən təxminən 50 metr qərb istiqamətdə inşa olunub. Xatırladaq ki, sürücülər müvəqqəti alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan da istifadə edə bilərlər. Sözügedən yol boyunca hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı nişanlar quraşdırılıb. Yeni körpünün inşası istiqamətində də tikinti işləri sürətlə davam etdirilir. Artıq sözügedən körpünün kənar dayaqlarının, orta dayaq bünövrəsinin və sütünlarının inşası yekunlaşıb. Hazırda orta dayağın rigelinin karkasının və qəlibinin hazırlanması, çay məcrasında mühafizə bəndinin inşası üçün baraj svaylarının betonlanması işləri aparılır. İki aşırımlı yeni körpünün uzunluğu 66, eni isə 15.5 metr olacaq. Körpüdə piyadalar üçün 2 hərəkət zolağı da nəzərdə tutulub. Qeyd edək ki, hadisə baş verəndən dərhal sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Agentliyin rəhbərliyi və aidiyyəti qurumların əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində çökmüş körpüyə baxış keçirilib və yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb. Bununla əlaqədar olaraq əraziyə xüsusi texnikalar cəlb edilərək işlərə başlanılıb.