Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksikaya işgüzar səfəri zamanı “Mundo Internacional” jurnalına verdiyi müsahibədə deyib. E.Əmirbəyov Ermənistanla sülh prosesi barədə danışıb, 30 illik münaqişədən sonra Cənubi Qafqaz regionunda dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi bir fürsətin yarandığını qeyd edib. Eyni zamanda sazişin imzalanmasına mane olan amillərdən söz açıb. Bunlar arasında Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu kimi sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamların, habelə Minsk Qrupu kimi öz əhəmiyyətini itirmiş təsisatların ləğv edilməsi zərurətinin olduğu vurğulanıb. Müsahibədə E.Əmirbəyov Azərbaycanın Latın Amerikası regionundakı ölkələrlə əlaqələrinə böyük əhəmiyyət verdiyini, Meksikanın Azərbaycan üçün vacib tərəfdaş olduğunu və səfərinin iki ölkə arasında mövcud siyasi dialoqa töhfə vermək məqsədi daşıdığını bildirib. Qeyd olunub ki, Azərbaycan ilə Meksika arasında iqtisadiyyat, ticarət, enerji, mədəniyyət, turizm, təhsil, elm, idman, kənd təsərrüfatı kimi müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Ölkələr arasında nümunəvi parlamentlərarası münasibətlər fonunda hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları arasında fəal əməkdaşlıq əlaqələri formalaşıb.
2025 FİFA Klublararası Dünya Çempionatının 1/4 final matçında "Borussiya"nı 3:2 hesabı ilə məğlub edən "Real Madrid" bir mövsümdə oyunların sayına görə ölkə rekordunu yeniləyib. Bu görüş "Real Madrid" üçün 2024/2025 mövsümündə 67-ci olub ki, bu da İspaniya klubları arasında tarixin ən yaxşı göstəricisidir. "Kral klubu" 2001/2002 mövsümündə 66 oyun keçirib. Tarixdə ən yaxşı nəticə isə 2009/2010 mövsümündə "Atletiko"ya və 2011/2012-ci illərin heç-heçəsində "Barselona"ya məxsusdur - hərəyə 64 matç.
İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında Azərbaycanın bir sərbəst güləşçisi qızıl, digəri gümüş medal qazanıb. Bu barədə Güləş Federasiyasının Mətbuat xidmətindən məlumat verilib. Vasif Bağırov (57 kq) finalda gürcüstanlı Nika Zanqaladzeylə gərgin mübarizə şəraitində keçən görüşdə əzmkar qələbə qazanıb. İlk hissəni 5:6 hesabı ilə geridə başa vuran Gəncə güləş məktəbinin yetirməsi fasilədən sonra üstünlüyünü təmin edib – 9:6. Beləliklə, ötən il U-20 Avropa çempionatında gümüş medal qazanan V.Bağırov bu dəfə çempion olub. Muradxan Omarov (79 kq) həlledici görüşdə Gürcüstan təmsilçisi ilə qarşılaşıb. Ancaq debütant komanda yoldaşından fərqli olaraq, qələbə qazana bilməyib. Şamaxı güləş məktəbinin yetirməsi Davit Çetçelaşviliylə bacarmayıb – 0:10. Beləliklə, M.Omarov gümüş medalı boynundan asıb. Rəvan Musayev (97 kq) təsəlliverici görüşdə macarıstanlı Peter Şivnovskiyə 7:0 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rusiyalı Maqomedqadji Maqomedova məğlub olub – 0:6.
Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Gəncə sakini, 2004-cü il təvəllüdlü İ. Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, xəstəxanada əməliyyat zamanı dünyasını dəyişib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Onun hansı şəraitə bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, 26 yaşlı Ucar rayon sakini S.Hüseynov aprel ayının 14-də Ucar Rayon Mərkəzi Xəstəxanasında “tükdönməsi” əməliyyatı olunmalı imiş. Lakin narkozun təsirindən şok keçirib və əməliyyat baş tutmayıb. 81 günlük mübarizədən sonra bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcburi olması hazırda müzakirə predmeti deyil. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Qeyd edilib ki, “Ümumi təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq ümumi təhsil pilləsinin ayrıca bir mərhələsidir. Müvafiq qanunun digər bəndinə əsasən, Azərbaycanda ümumi orta təhsil icbaridir.
Azərbaycanlı müğənninin ölüm xəbəri TƏKZİB EDİLDİ - YENİLƏNİB
Azərbaycanlı müğənni Albina Pyakşevanın ABŞ-Meksika sərhədində öldürülməsi xəbəri təkzib edilib. Bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva feysbuk hesabında yazıb. O, müğənninin həyatda olduğunu bildirib.
***
18:20
Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib. Bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Facebook" hesabında məlumat verib. "Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb", - paylaşımda qeyd olunub. Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən "I am Jazzman" müsabiqəsinin finalçısı olub, "Səs Azərbaycan" ("Azərbaycanın səsi") proqramında iştirak edib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. FHN-dən verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Astara şəhərində yerləşən Həziyev Rauf Mirzəşəfi oğluna məxsus Astara Mərkəzi Bazarında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- bazarın dam örtüyünün taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb;
- bazardakı tikililərin daxilində təşkil olunmuş satış sahələri yanar konstruksiyalarla quraşdırılıb və tavanları polietilen və tezalışan sintetik materiallarla üzlənib;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
- bazarın ərazisində yanğına qarşı su hovuzu və daxili yanğın kranları mövcud deyil;
- bazar avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmayıb;
- bazar ilkin odsöndürən alət və avadanlıqlarla tam təmin olunmayıb;
- mümkün yanğın və qəzalar zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün “Təxliyə planı” işlənib hazırlanmayıb;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;
- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Astara şəhərində yerləşən Həziyev Rauf Mirzəşəfi oğluna məxsus Astara Mərkəzi Bazarının fəaliyyətinin qismən dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
"Kəpəz" komandası heyətini yeni futbolçu ilə gücləndirib. Portuqaliyalı Pedru Qomeş Gəncə təmsilçisinə transfer olunub. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Qomeş ilə ikiillik müqavilə imzalanıb. İyirmi iki yaşlı oyunçunun son klubu vətənində "Boavişta" olub.
Kater qəzasında 6 nəfər yaralanıb - Son durumları AÇIQLANDI
TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb. Qurumdan bildirilib ki, bu gün saat 16:00 radələrində Kür çayında baş verən 2 qayığın toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər (5-i kişi, 1-i qadın cinsli olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan 1983-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bud boyununun sınığı diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilən pasiyentin vəziyyəti stabildir olaraq qiymətləndirilir. Digər 5 nəfər şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!