Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 29-06-2020, 20:56

Həkim Qiyas Hüseynovun 60 illik yubileyinə
Ömrünün 60 illik zirvəsinə dirsəklənib geriyə boylandıqca gözləri yol çəkir. Bu yolun başlanğıcındakı qayğısız günlərindən, uşaqlıq çağlarından əsər-əlamət görmür. Nə “Çilik-ağac”, “Mətə-mətə”,”Dirədöymə”, “Molla-molla” oynadığı tay-tuşları var, nə də onu bu oyunlardan ayırıb yeməyə çağıran, saçlarına sığal çəkə-çəkə əzizləyən, boyunu sevə-sevə böyüdən valideynləri. Nə darıxanda üz tutduğu ağır elləri qalıb, nə də onu hörmət-izzətlə ağırlayan elliləri. Erməni faşistlərinin pərən-pərən saldığı qohum-əqrəbalarının yurdu viran qalıb. O yurd ki, elə onun özü də orda dünyaya göz açmışdı. Yaylaqların gül-çiçəyinin ətrini ciyərlərinə çəkmiş, buz bulaqların dişgöynədən sularından içmişdi. Haqqında söhbət açmaq istədiyim, öz peşəsinə ləyaqətlə, xalqına sədaqətlə xidmət edən, xeyirxahlıqdan zövq alan Qiyas həkimdir.


Hüseynov Qiyas Adil oğlu 1960-cı ildə, iyunun 10-da Zəngəzur mahalının Qafan rayonunun Kurud kəndində anadan olub. Valideynləri sağlam, işgüzar olsalar da Qiyasın uşaqlıq illəri qayğısız keçməyib. Çünki aborigen türk əhalisi yaşayan bütün ətraf kəndlər kimi Kurud kəndi də gözdən uzaq, diqqətdən kənar idi. Qışı sərt keçdiyindən kəndin bərbad yolları bəzən həftələrlə bağlı qalırdı. Son illərə qədər təbii qaz verilmirdi, elektrik enerjisi yarıtmaz idi. Qiyas belə bir ağır şəraitdə kəndimizin səkkizillik məktəbində ibtidai təhsil almağa başlayıb. Təhsil almaqla bərabər ev işlərinin bir qismi də onun balaca çiyinlərinə düşürdü. Gah mal-qoyun, gah quzu növbəsinə, gah da meşədən odun gətirməyə gedirdi. Bostan, biçin işləridəki öz yerində. Belə işlər uşaq üçün ağır olsa da, onu vaxtından tez yetkinləşdirib mətinləşdirirdi. Dağları, gədikləri gəzə-gəzə boy atırdı. Amma nə iş dalınca getsə də kitabını əlindən qoymazdı.

Anası Nisə xanım, qardaşı Akif müəllim və digər ailə üzvləri
Əslində o ziyalı ailədə böyüyürdü. Mərhum atası Adil Hüseynov İkinci Dünya Müharibəsindən qayıdıb ali təhsil ala bilməsə də mütaliədən qalmazdı. Poçtalyon işlədiyi illərdə kəndə gətirdiyi qəzet-jurnalları yayımlamamış özü gözdən keçirər, dünyada baş verənlərdən xəbər tutardı. Hərdən evdə işlətməyə kağız lazım olanda anam göndərərdi ki, get Adil əmidən bir qəzet al, mən də gedib alardım. Adil əmi qəzeti verəndə deyərdi:- əmi qurban qəzeti oxumamış işlətməyin! Hazırcavablığı, müdrikliyilə yadımda qalan Adil əminin o sözləri, səsi illərdi qulağmdadır: “Əmi qurban qəzeti oxumamış işlətməyin!”
Zəngəzura getmək nəsibin olsun!

Təkcə bu sözün özü çox böyük maarifçilik işiydi və belə bir ailədə böyüyən uşaq oxumaya bilməzdi. Necəki böyük qardaşları oxumuşdu. Mərhum Akif Hüseynov Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) bitirmiş, İdrislə Ədalət isə müəllimlik peşəsinə yiyələnmişdilər. Beləcə kasıb bir komadan çıxıb ali təhsil ocaqlarına uzanan kənd yolu Qiyası da çəkib apardı. O, 9-10-cu sinifləri oxumaq üçün 12 km aralıda yerləşən Gığı kəndinə getdi. 1977-ci ildə Qafan rayonunun Gığı kənd orta məktəbini əla qiymətlərlə başa vurdu. Növbəti il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil oldu.1984-cü ildə institutu bitirib təyinatla İmişli rayonuna göndərildi. 3 il orada işləyib təyinat müddətini başa vurandan sonra-1988-ci ildə müsabiqə yolu ilə B. Ə. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna (indiki Hematologiya və Transfuziologiya Mərkəzi) elmi işçi kimi işə qəbul olundu.


Sadəliyi, təvazökarlığı, işgüzarlığı və təşəbbüskarlığı ilə seçilən Qiyas Hüseynov tezliklə nüfuz qazandı, kollektivin sevimlisinə çevrildi. Çox keçməmiş -1989-cu ildə qan preparatları şöbəsinin müdiri vəzifəsinə təyin olundu. Yeni vəzifəyə təyin olunduqdan sonra onun təşəbbüsü ilə respublikada ilk dəfə olaraq rezusəleyhinə immunoqlobulin və polibiolin preparatları hazırlanmağa başlandı. 1990-cı illərin əvvəllərində ölkəmizə qan konservantlarının gətirilməsi çətinləşdiyindən xəstələrin qanla təminatında problem yarananda Q. Hüseynov şöbədə “qlükosir” adlanan qan konservantı hazırlamağa başladı ki, bir neçə il Bakı şəhərinin əsas klinikaları həmin konservantdan faydalanmışdır.
1980 –cı illərin axırına yaxın keçmiş SSRİ-də quru plazma istehsalının ləğv edildiyi vaxtla erməni quldur dəstələrinin Azərbaycana təcavüzü üst-üstə düşmüşdü. Zorla cəlb edildiyimiz savaş cəbhə bölgəsində “quru plazmaya” böyük ehtiyac yaratmışdı. O zaman Qiyas həkim “quru plazma” hazırlanmasını bərpa etməklə könüllü döyüşçülərə öz töhfəsini vermiş, hazırlanan “quru plazma” əsasən cəbhə bölgəsinə göndərilmişdir. O, ölkəmizin qan xidmətinin inkişafına və bu sahədə aparılacaq islahatlara yardım etmək məqsədilə bir çox xarici ölkələrdə (Rusiya, Türkiyə, İran, Norveç və s.) təcrübə keçmiş və elmi konfranslarda iştirak etmişdir.
Qiyas Hüseynov hansı sahədə işlədisə etimad qazandı, vicdanlı işi, çalışqanlığı ilə göstərilən etimadı doğrultdu. Elə ona görə də 1998- ci ildə B. Ə. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki qan bankının ( indiki Mərkəzi Qan Bankı) baş həkimi təyin olundu. Yeri gəlmişkən bir haşiyə çıxım. Sözün açığı əmiuşağı olsaq da sonuncu dəfə Qiyas həkimin harda işləməsindən xəbərim yox idi. Bir gün AzTv-də iş yoldaşım, jurnalist həmkarım Telli Pənahqızı mənə yaxınlaşıb,-əmioğludan salam gətirmişəm dedi. Ardınca da Qiyas həkimin onun qohumlarına göstərdiyi tibbi yardımdan, öz işinə necə vicdanla yanaşmasından, peşəsinə bağlılığından, pasiyentlərə sayğısından, bir sözlə həkimin ləyaqətli vətəndaş mövqeyindən ürəkdolusu danışdı. Bu qürurverici mənzərənin şahidləri və digər iş yoldaşlarımızdan nə vaxtsa qana-plazmaya ehtiyac duyan olardısa, qan bankına böyük ümidlə, həm də ərklə gedərdilər. Bilirdilər ki, Qiyas həkim kimsəni naümid yola salmır.

Günlərin birində lənkəranlı xəstə Cəmalə Nağıyevanın 12 yaşlı uşağını babası ilə nənəsi ağır vəziyyətdə xəstəxanaya gətiriblər. Günün axırına yaxın olduğundan bankda qan qalmayıbmış. Uşağın da vəziyyəti o qədər ağır imiş ki, qan vurulmasa sabaha sağ çıxacağına ümid yox imiş. Belə vəziyyətdə Qiyas həkim öz damarından qan verərək xəstənin həyatını xilas edib. Onun daxili aləmi, mənəvi dünyası barədə doğru-dürüst təsəvvür yaratmaq üçün gədəbəyli bacıların dedikləri yetərlidir: “Dərman qəbulundan sonra kəskin allergiya ilə Akademik M.Ə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gəldik. Gərgin tibbi yardımdan sonra bacım xeyli yaxşılaşdığından xəstəxanada qalmaq istəmədi. Klinikadan çıxsaq da bizi qaytarmağa söz verən taksi gəlib çıxmadı. Bakıda heç yanı tanımırdıq, qalacaq yerimiz də yox idi. Ümidsizliyə qapılsaq da yalançı sürücünü gözləməkdən başqa çarə tapa bilmirdik. Elə bu vaxt işdən çıxan Qiyas həkim bizi görüb yaxınlaşdı. Hələ burdasınız-deyə, getməməyimizin səbəbini soruşdu. Vəziyyəti biləndə bizi evinə qonaq apardı. Həyat yoldaşı Pəricahan xanım bizi mehribanlıqla, illərin tanışı kimi qarşıladı, sıxılmağa, yadlıq hiss eləməyə qoymadı. Səhər tezdən həkim bizi avtovağzala qədər gətirib yola saldı, biletimizi də özü aldı. Bu isti münasibətdən, qonaqpərvərlikdən sonra biz o ailəni özümüzə doğma bildik. İndi də ünsiyyəti kəsmirik.”
Qiyas həkimin peşə yollarında belə həssas məqamlar çox olub. İctimai-siyasi formasiyanın dəyişməsi, respublikamızı bürüyən qaçqın dalğası, müharibənin gətirdiyi fəlakətlər, cəbhə bölgələrini başına götürən qan-qada onu öz şəxsi taleyini yaşamağa qoymayıb. Qapısını döyənin hərəsi bir dərdlə üstünə gəlib. Onun da həssas ürəyi hərənin dərdindən bir şələ tutub. Beləcə qara saçlarına vaxtsız “qar” yağıb. Amma bir təsəllisi var ki, saçlarını millətinin yolunda, peşəsinə xidmətlə ağardıb.

O, həkimliklə bərabər, həm də pedaqoji fəaliyyətlə, elmi araşdırmalarla məşğul olur. 2 kitabın, 30-dan çox elmi məqalənin müəllifidir. 2006- cı ildən Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasında assisent işləyir. 2007-ci ildə hematologiya ixtisası üzrə müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Məhərrəm ayının Aşura günlərində keçirilən “qanvermə” aksiyasının təşəbbüskarı da Qiyas həkimdir. İlk dəfə onun təklifi və müəyyən əlaqədar qurumların razılığı ilə aksiya baş tutmuşdur. Ənənə halına çevrilərək ümumrespublika səviyyəsində keçirilən “qanvermə” aksiyaları indi də uğurla davam etdirilməkdədir.
Elmdə, işdə, ailə həyatında dalbadal uğurlar qazandı. Dost-tanışı, doğmaları başına yığıb oğlu Adilə toy elədi. Bütün qeyd olunanlar müdriklik çağına çatmış Qiyas Hüseynovun həyatının görünən fraqmentlərindəndir. Amma 60 illik ömrünün görünməyən, dosta, sirdaşa deyilməyən tərəfləri, yalnızca özünü yandıran ağrı-acıları var. Bu acıların ən acısı yurd həsrəti, vətən dərdidir. 60 illik ömrünün yarıdan çoxunu- 32 ilini Vətən dərdi, yurd həsrətilə yaşayıb. Ata ocağına, doğulub boya-başa çatdığı məmləkətə gedən yolları erməni faşistləri tərəfindən bağlanıb. Daha qapılarında “Novruz” tonqalı çatılmır. Uşaqlar çiyinlərində bəzəkli çanta məhəllələrinə gəlib bayramınız mübarək demir. Böyüklər evlərinin qabağına yığışıb dünyanın get-gəlindən danışmır. Gözlərini Gülxac döngəsinə dikib kəndə toya gələn zurnaçılar dəstəsini gözləmir. Bizdən keçib Kirsə gedən toy karvanı həyətlərində dayanıb camaatı bəy sevincinə şərik eləmir. Aşıq Hüseyn klubda dastan danışmır. Anası Nisə əmicanım balasına bayram payı, ad günü sovqatı göndərmir. Mən belə talenin nəyinnən yazım?!


Bircə onu deyim ki, Qiyas Hüseynov acılı-şirinli 60 ili mərd-mərdanə yaşayıb. Kimsənin qəlbinə dəyməyib, imkanı daxilində xeyirxahlığa çalışıb. Yenə də öz xoş əməllərini davam etdirməkdədir. Bizə düşən isə ona sağlamlıq, uzun ömür, işlərində müvəffəqiyyət arzulamaqdır.
Qiyas həkim çox yaşa, yaşa ki, dünyanın yeni düzənin görə biləsən. Çox yaşa ki, Zəngəzura-Kuruda getmək nəsibin olsun!

Tamxil ZİYƏDDİNOĞLU


"Bütöv Azərbaycan" qəzeti
24 iyun 2020-ci il


Paylaş



Bölmə: Sağlamlıq / Zəngəzur / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!