Bakının Sabunçu rayonunda magistral neft kəmərinin mühafizə zolağına aid ərazidə yaşayış evləri tikilib. Butov.az Report-a istinadən xəbər verir ki, ekspertlər bildiriblər ki, belə ərazilərdə tikinti aparmaq qanunsuz olmaqla yanaşı, vətəndaşların həyatı üçün təhlükəlidir. Belə ki, 25 saylı Cəbrayıl məcburi köçkün məktəbinin arxasındakı küçədə yerləşən bu tikililər neft borularına çox yaxın, hətta bəzən bitişik və yeraltı kəmərlərin üzərində tikilib. İnsanlar bu cür ərazilərdə məskunlaşdığı üçün uşaqlar neft borularının arasında oynayır, hər an həyati təhlükə ilə üz-üzə dayanırlar. Vəkillər Kollegiyasının üzvü İlhamə Həsənova deyib ki, qanunvericiliyə əsasən, magistral neft kəmərlərinin 50 metr, bəzi hallarda isə 25 metr məsafədə evlər tikilə bilməz: "Bu, Nazirlər Kabinetinin 2 noyabr 2004-cü ildə təsdiqlənmiş qaydalarla tənzimlənir. Qaydalara görə, bu cür boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Kənd təsərrüfatı təyinatlı hissələr üçün isə hər tərəfdən 25 metr təyin olunur". Vəkil qeyd edib ki, bir çox hallarda vətəndaşlar belə ərazilərdə özbaşına tikililər inşa edən zaman dövlət orqanları tərəfindən onlara vaxtında etiraz olunmur: "Nəticədə, vətəndaşlar uzun müddət həmin tikililərdən istifadə edirlər. Hətta həmin vətəndaşlara elektrik enerjisi, su xətti və digər xətlər çəkilir, onlar da müvafiq kommunal ödənişləri etməklə yaşayırlar. Düşünürlər ki, əgər dövlət buna etiraz etmirsə, mən də burada uzun müddət yaşayıramsa, artıq əmlakın qanuni sahibi hesab edilirəm. Lakin bu yanlışdır. Prezident vətəndaşların tikdiyi evlərin sənədləşdirilməsi ilə bağlı müvafiq fərman imzalayıb və bu istiqamətdə müvafiq işlər aparılır. Ancaq vətəndaşlar bilməlidirlər ki, bu fərman heç bir halda neft boru kəmərlərinin mühafizə zolağında tikilən yaşayış və qeyri-yaşayış sahələrinə tətbiq edilməyəcək. Çünki daşınmaz əmlakın reyesterində qeydiyyata alınma ilə bağlı müəyyən sənədlər siyahısı var. Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Yəni, əgər ev qeyd edilən mühafizə zolağında yerləşirsə, sənəd verilə bilməz". İ.Həsənova vurğulayır ki, bu cür evlərin qeydiyyata alınmaması ilk növbədə elə vətəndaşların özünün mənafeyi üçündür: "Çünki sadalanan zonalar istənilən vaxt insan həyatı üçün təhlükəli vəziyyət yarana bilər. Məsələn, Səbail rayonunda neft quyuları olan "20-ci sahə" adlanan ərazidə qadağan edilməsinə baxmayaraq evlər tikilib. Bir neçə il əvvəl həmin ərazidəki quyularda partlayış baş vermiş və insanlar ciddi ziyan çəkmişdi. Yaxud da hazırda icraatımda olan bir işlə bağlı misal göstərim: yüksək gərginlikli elektrik enerjisi xətlərinin yaxınlığında tikilən evdə yaşayan azyaşlı transformatora toxunaraq yerindəcə kül olmuşdu. Ona görə də, belə ərazilərdə yaşamağın təhlükəli olması baxımından həmin ərazilərdə evlərin tikilməsinin və sənədləşdirilməsinin qanunvericiliklə qadağan edilməsi birbaşa vətəndaşların mənafeyi üçündür". Vəkil onu da əlavə edib ki, neft boru kəmərlərindən mühafizə qaydaları pozulması, həmin ərazilərdə yaşayış və ya qeyri-yaşayış sahələrinin tikilməsi inzibati, eyni zamanda cinayət məsuliyyətinə səbəb olur. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı da bildirib ki, belə ərazilərdə hər an "fors-major" vəziyyət yarana bilər. "Təbii ki, bu da ilk növbədə insanların həyatı, həmçinin əmlakı üçün təhlükəlidir. Bundan başqa, belə ərazilərdə yaşamaq insanların sağlamlığı baxımından doğru deyil. Çünki şüalanma səviyyəsi çox yüksək olur. Bu cür yerlərdə neft, qaz və digər maddələrlə həm torpaq, həm də atmosfer çirklənmiş vəziyyətdə olur. Bu isə vətəndaşların, xüsusilə də uşaqların sağalamlığına zərər vurur, onlar üçün həyati təhlükə yaradır. Çünki uşaqların immuniteti böyüklərə nisbətən zəif olur və zərərli maddələr, ekoloji cəhətdən pis hava onlara daha çox mənfi təsir edir. Yaxud da bu ərazilərdə uşaqların xəstə doğulması və digər çoxsaylı xoşagəlməz hallar müşahidə edilir. Bir sözlə, həm bu gün, həm də gələcək üçün həddindən artıq böyük fəsadlar yaranması mümkündür", - ekspert bildirib. R.Osmanlı deyir ki, mühafizə zolağı və digər qadağan edilmiş ərazilərdə tikilən evlərlə bağlı başqa problemlər də mövcuddur: "Bu cür ərazilərdə adətən infrastruktur, kommunal xətlər texniki normalara əməl edilmədən çəkilir. Ən əsas problem isə odur ki, bu cür evlər, heç bir halda sənədləşdirilə bilmir. Çünki infrastruktur layihələrinin ərazisində torpağa mülkiyyət hüququ verilmir. Bu da evin qanunvericiliyə uyğun sənədləşdirilməsini, nəticə etibarilə əmlakın qanuni alqı-satqısını mümkünsüz edir. Buna görə də həmin evlərin satışı qeyri-rəsmi, şəxsi razılaşma əsasında əsasında reallaşdırılır. Bu isə gələcəkdə daha neqativ hallara - illərlə davam edən iqtisadi mübahisələrə, dələduzluq cinayətlərinə və s. səbəb olur".
Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.
Qərbi zəngəzurlular Zəngilan şəhidliyində
Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur. Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.
Azad Zəngilanın qonaqları
Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib. Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.
Mahnur Hüseynova Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru