Prezident Mərkəzi Parkın ikinci hissəsinin açılışında iştirak etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 30-da Bakıda Mərkəzi Parkın ikinci hissəsinin açılışında iştirak edib. Dövlətimizin başçısına Bakının Yasamal rayonu ərazisində yerləşən parkda görülən işlər barədə məlumat verilib. Bildirildi ki, paytaxtın keçmiş “Sovetski” adlanan ərazisində yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və abadlıq işlərinə 2013-cü ilin noyabr ayında başlanılıb. Avstriyalı memar Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın salınmasında məqsəd Bakının simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətini müasir xidmətlərə uyğun təşkil etməkdir. Layihənin ən mühüm xüsusiyyətlərindən biri İsmayıl bəy Qutqaşınlı küçəsindən Mərkəzi Banka qədər olan ərazidə piyadalara yol keçmədən maneəsiz hərəkət imkanlarının yaradılmasıdır. Orijinal layihəyə əsasən, ərazi yüksək səviyyədə abadlaşdırılıb, müasir tələblərə uyğun yeni infrastrukturlar yaradılıb, dövlət əhəmiyyətli yollar, piyada keçidləri, yol qovşaqları inşa edilib və digər kommunikasiya xətləri çəkilib, şəhər sakinləri və qonaqların səmərəli istirahəti üçün paytaxta xüsusi yaraşıq verən park salınıb. Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Növbəti mərhələdə isə Mərkəzi Parkın ikinci hissəsində müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, kommunikasiya xətlərinin yenidən qurulması, şəhər sakinləri və qonaqlar üçün istirahət parkının salınması istiqamətində işlər davam etdirilib. Layihəyə əsasən, Mirzəağa Əliyev və Bəşir Səfəroğlu küçələrinin arasında yerləşən parkın yeni hissəsinin qurulması üçün 6,4 hektar ərazi təmizlənərək abadlaşdırılıb, ən müasir infrastrukturlar və kommunikasiyalar çəkilib. Aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində ərazidəki torpaq səthi dəyişdirilib, yaşıllaşdırmanın keyfiyyətini və landşaft dizaynını daha da yaxşılaşdırmaq üçün 57 min 500 kubmetrdən çox münbit torpaq gətirilib. Həmçinin yaşıllaşdırma işləri ərazinin iqlim şəraiti, florası və ətraf mühiti nəzərə alınmaqla aparılıb. Parkın ərazisinin 4 hektarında 19 növdə 2764 ağac, 20 mindən çox gül və kol bitkiləri əkilib. Yeni salınan yaşıllıqları suvarmaq üçün müasir tələblərə uyğun damcılama və çiləyici qurğular quraşdırılıb, drenaj xətləri çəkilib. Eyni zamanda, istirahət parkının ərazisində müasir işıqlandırma sistemi və infrastrukturun bir mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları quraşdırılıb. Diqqətə çatdırıldı ki, burada iki istirahət və oyun meydançası da salınıb. Meydançalar hər yaş qrupunda olan insanların istirahəti üçün nəzərdə tutulub. Həmçinin parkda söhbətgahlar quraşdırılıb və istirahət mərkəzinin birinci hissəsi ilə ikinci hissəsini birləşdirən yeraltı piyada keçidi tikilib. Mərkəzi Parkın ərazisində iki açıq kafe, bir fəvvarə kompleksi və avtomobillər üçün açıq dayanacaq da fəaliyyət göstərəcək. Dövlətimizin başçısına məlumat verildi ki, görülən işlər çərçivəsində parkın ətrafındakı Mirzəağa Əliyev, Bəşir Səfəroğlu və Çingiz Mustafayev küçələrində yol infrastrukturu da yenidən qurulub, ərazidə yeni parkinq, piyada səkiləri tikilib, işıq dirəkləri, işıqforlar quraşdırılıb, drenaj və kanalizasiya sistemləri çəkilib. Beləliklə, Mərkəzi Parkın ikinci hissəsinin istifadəyə verilməsi ilə keçmiş “Sovetski” ərazisində salınan parkın ümumi sahəsi 26,4 hektara çatdırılıb. Park 5,4 kilometr uzunluğunda olan piyada yolları, 18 hektarlıq yaşıllıq sahəsi, 7 uşaq meydançası, 2 idman meydançası, 6 fəvvarə kompleksi, 190 avtomobillik açıq, 347 avtomobillik isə qapalı dayanacaqdan ibarət olmaqla, paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib. Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artmaqdadır. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən quruculuq işlərinin daha da genişləndiyini göstərir. Yeni istifadəyə verilən Mərkəzi Parkın ikinci hissəsi də paytaxtımızın daha da gözəlləşməsi, şəhərin “ağciyəri” sayılan yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.