27-03-2023, 20:06
COVID-19 pasportu tələbi ləğv edildiAzərbaycanda bir sıra yerlərə, o cümlədən iri ticarət mərkəzləri, mehmanxana və şadlıq saraylarına girişdə COVID-19 pasportu tələbi ləğv edilib. Bununla bağlı "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə" sənədi Baş nazir Əli Əsədov imzalayıb. Sənədə əsasən, müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv olunub.
27-03-2023, 19:49
Türkiyədə seçkilərlə bağlı püşkatma aprelin 2-də baş tutacaqTürkiyədə prezident seçkiləri ilə bağlı püşkatma mərasimi aprelin 2-də keçiriləcək. Püşkatma prosesi namizədlərin seçki siyahısında yerlərinin sıralanması ilə əlaqədardır. Məlumata görə, aprelin 11-dən sonra namizədlərin təbliğat-təşviqat kampaniyasına start veriləcək. AKP-nın seçki kampaniyalarına ilk olaraq paytaxt Ankaradan başlanılması gözlənilir. Eyni zamanda seçki kampaniyası ilə əlaqədar böyük mitinqlərin keçirilməsi planlaşdırılmır. Xatırladaq ki, Türkiyədə parlament və prezident seçkiləri 14 may tarixində keçiriləcək. Seçkinin favorit namizədləri hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və "Millət ittifaqı"nın vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu hesab olunur.
27-03-2023, 19:46
Putinin Türkiyəyə səfəriylə bağlı məlumatlar həqiqətə uyğun deyil - Peskov"Qərbin reaksiyası Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi planlarına təsir etməyəcək". Bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb. "Məlumatlar göstərir ki, "Şimal axını"na hücum dövlətlərin və onların xüsusi xidmət orqanlarının iştirakı olmadan həyata keçirilə bilməzdi. Qərb “Şimal axını” mövzusunu geri plana atmaq üçün bütün tədbirləri görür, lakin Rusiya Federasiyası buna imkan verməyəcək", - deyə o bildirib. "Putinin Türkiyəyə səfərinin hazırlığı ilə bağlı məlumatlar həqiqətə uyğun deyil", - deyə sözçü Rusiya prezidentinin Ankara səfəri barədə məlumatlara aydınlıq gətirib.
27-03-2023, 19:27
Sabahın hava proqnozuMartın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq.
27-03-2023, 16:56
Fransada etirazçılar muzeyin girişlərini bağladıFransanın paytaxtı Parisdə mədəniyyət sektoru işçiləri mübahisəli pensiya islahatına qarşı etiraz aksiyası keçirib. Etirazçılar Luvr Muzeyinin girişlərini bağlayıb. Ümumi İş Birliyi (CGT) daxilindəki mədəniyyət işçiləri əllərində birlik bayraqları ilə muzeyin həyətindəki piramidanın qarşısına toplaşıblar. Muzeyin qapıları qarşısından keçərək girişləri kəsən izdiham “Biz geri çəkilməyəcəyik” sözləri yazılmış plakatlar qaldırıblar. Qeyd edək ki, martın 16-dan bəri ölkə boyu keçirilən etiraz aksiyalarında 1000-dən çox adam saxlanılıb.
27-03-2023, 16:53
Rusiya İsrailin daxili işlərinə qarışmır - XİN müaviniRusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov İsraildə baş verənlərə münasibət bildirib. O, Rusiyanın İsrailin daxili işlərinə qarışmadığını bəyan edib. "Biz istəyirik ki, vəziyyət siyasi prosedurlar çərçivəsində nizamlansın. Rusiyada İsraildə vəziyyətin gərginləşməsində ABŞ-ın mümkün izinə dair məlumat yoxdur, lakin Vaşinqtonun digər ölkələrin daxili işlərinə qarışması təbiidir", - deyə Boqdanov söyləyib. O əlavə edib ki, Moskva İsrail vətəndaşları, eləcə də oradakı Rusiya vətəndaşları üçün sabitlik və təhlükəsizliyə ümid edir. Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.
27-03-2023, 16:50
Rusiya Liviyadakı diplomatik missiyasını bərpa etmək niyyətindədirRusiyanın Liviyadakı səfiri Aydar Aqanin yenidən paytaxt Tripoliyə qayıdır. Rusiya Liviyada diplomatik missiyasının işini tam bərpa etmək niyyətindədir. Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanovun sözlərinə görə, Moskva ölkədəki diplomatik missiyasının təhlükəsizliyini təmin etməyə ümid edir və bu, prioritet olaraq qalır. Qeyd edək ki, bundan əvvəl Boqdanov Liviyanın ikinci böyük şəhəri olan Benqazidə baş konsulluq açmağı planlaşdırdıqlarını bildirmişdi.
27-03-2023, 16:46
NATO ölkələri Ukraynada hərbi düşərgə yaradıb - Patruşev"NATO ölkələri Ukraynada hərbi düşərgə yaradıb, Kiyevi peyk və dronlardan istifadə edərək kəşfiyyat məlumatı ilə təmin edib". Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. "Vaşinqton əslində başqa ölkələrin suverenliyini tapdalayır və dünyanın əsas diktatorudur. NATO ölkələri Ukraynadakı münaqişənin tərəfidir, əsas məqsədlərini - Rusiyanın məğlubiyyətini və onun daha da parçalanmasını gizlətmirlər. NATO peyklər və PUA-lar vasitəsilə Kiyevi kəşfiyyat məlumatları ilə təmin edir. ABŞ müharibələrin sayında çempion oldu və ölkələrin suverenliklərini pozdu", - deyə Patruşev söyləyib.
27-03-2023, 16:42
ABŞ prezidenti Suriyada qoşunları saxlamağı düşünürABŞ prezidenti Co Bayden Suriyada Amerika qoşunlarının mövcudluğunu saxlamağı planlaşdırır. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib. “Bizim İŞİD-ə qarşı missiyamız dəyişməyəcək. Suriyada qeyd edilən qruplaşmaya qarşı vuruşan 1000-ə qədər hərbçimiz var. Bu qruplaşma azalsa da, hələ canlıdır”, - deyə Kirbi vurğulayıb. Qeyd edək ki, ABŞ hazırda Suriyada kiçik hərbi birləşmələr saxlayır. Onlar neft və qaz yataqlarını nəzarətdə saxlayır. Rəsmi Dəməşq həmin qüvvələrin öz ərazisindən çıxarılmasını tələb edib.
27-03-2023, 15:02
İsrail Prezidenti etirazçılara çağırış etdiİsrail Prezidenti İsxaq Hersoq baş nazir Benyamin Netanyahu və hökumətini ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmağa çağırıb. Bu barədə o, özünün twitter hesabında yazıb. Prezident bildirib ki, davam edən etirazlar fonunda İsrailin təhlükəsizliyi və iqtisadiyyatı təhdid altındadır. Hersoq qeyd edib ki, Knessetin (parlament) bütün fraksiyaları “ölkə vətəndaşlarını hər şeydən üstün tutmalı və gecikmədən məsuliyyətlə və cəsarətlə hərəkət etməlidir”. "İsrail xalqının birliyi naminə, üzərimizə götürməli olduğumuz məsuliyyət naminə, sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram”, - Prezident bəyan edib. Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.