Sülh müqaviləsində Qərb və ya Rusiya variantından söhbət getmir - Mirzoyan
Sülh müqaviləsində Qərb və ya Rusiya variantından söhbət getmir. Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib. O qeyd edib ki, Ermənistan və Azərbaycan birbaşa olaraq məsələləri müzakirə edirlər. Mirzoyan vurğulayıb ki, sənəd iki ölkə arasında imzalanacaq. Erməni nazir vurğulayıb ki, Ermənistan və Azərbaycan bir sıra məsələlərdə ideal olmasa da, məqbul həll yolunu tapıblar.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib. Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır. Bildiririk ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ermənistan da Putinin həbsiylə bağlı hüquqa malik oldu
Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin qərarında bildirilib. Qeyd edilib ki, Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit edilmiş öhdəliklərin konstitusiyaya uyğun olduğunu tanıyıb. Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci il Roma Nizamnaməsinə əsasən təşkil olunub və 123 ölkə tərəfindən imzalanıb. Avropa İttifaqının 27 üzvünün hamısı nizamnaməni imzalayıb. Məhkəmənin yurisdiksiyası Rusiya, eləcə də ABŞ və Çin tərəfindən tanınmır. Roma Statutunun 63-cü maddəsinə əsasən, qiyabi məhkəmə prosesi mümkün deyil. Oderlərin icrası Roma Statutunun üzvü olan dövlətlərin üzərinə düşür. Ermənistan 1999-cu ildə Roma Statutunu imzalayıb, lakin BCM-nin nizamnamə sazişlərini hələ də ratifikasiya etməyib. Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.
1 milyona yaxın azərbaycanlı etnik təmizlənməyə məruz qalıb - XİN
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenə yalan məlumat yayır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə twitterdə yazıb. "Deyəsən Ermənistan XİN-nin tarix dərslərinə ehtiyacı var. Avropanın təhlükəsizliyinə ilk təhdidlərdən biri Ermənistanın hərbi təcavüzü və Azərbaycanın suveren ərazilərinin təxminən 20%-nin işğalı olub. Ermənistanın “məhbus” adlandırdığı şəxslər üçtərəfli bəyanatdan 2 həftə sonra Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Beynəlxalq məhkəmələr onların azad edilməsi üçün Ermənistanın tələb etdiyi tədbirləri rədd edib". O bildirib ki, Ermənistan hələ də 3800 itkin düşmüş şəxslə bağlı məlumat vermir: “Ermənistan 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Ermənistan qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmalarına mane olur”. Sözçü bildirib ki, Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir.
Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib. Bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld twitterdə yazıb. O qeyd edib ki, praktiki təlimlər BMT-nin nizamnaməsinə uyğun davranış qaydaları və silahlı münaqişə hüququ kimi mövzuları əhatə edib. Diplomatın sözlərinə görə, 4 həftəlik Çoxmillətli Sülhü Dəstək Əməliyyatları Kursu martın 24-də başa çatıb.
Türkiyədə zəlzələdən təsirlənən 1.3 milyon seçici səs verə bilməyəcək
Türkiyədə ötən ay baş verən zəlzələnin təsir etdiyi vilayətlərdə yaşayan seçicilərin səsvermə hüquqlarından istifadə etmələri üçün şərait yaradılıb. Bu barədə "Milliyet" qəzetində məqalə dərc olunub. Bildirilir ki, AKP və MHP-nin apardığı araşdırmaya görə, zəlzələdən təsirlənən 1.3 milyon seçicinin səs verə bilməyəcəyi ehtimal edilir. Araşdırmalar nəticəsində məlum olub ki, 2 milyon seçici vilayətlərini tərk edib, onlardan 20 faizi geri qayıdıb. Geri qayıtmayanlardan isə yalnız 250 min nəfərin səs verəcəyi güman edilir.
Ukrayna Silahlı Qüvvələrinin əslən azərbaycanlı hərbçisi Ziya Abdullayev vəfat edib. Polkovnik-leytenant Ziya Abdullayev beynində olan xəstəlikdən həyatını itirib. Hərbi qulluqçu xəstəliklə bağlı bir neçə dəfə əməliyyat olunsa da, müsbət nəticə almayıb. Həmyerlimiz bu gün Xarkovda dəfn edilib. Qeyd edək ki, Ukrayna ordusunun hərbi qulluqçusu əslən Naxçıvandan olub.
Sabahın hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-10° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.
Fransada pensiya islahatlarına etiraz edən 457 nəfər həbs edilib. Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen məlumat verib. Nazir qeyd edib ki, aksiya zamanı 441 polis və jandarm xəsarət alıb. Qeyd edək ki, Fransa şəhərlərində pensiya islahatına qarşı kütləvi etirazlar keçirilir. Son günlərdə keçirilən aksiyalarda iştirak edənlərin sayı milyon nəfəri keçib.
İstanbulda 2 nəfərin ölümüylə nəticələnən yanğın baş verib
Türkiyənin İstanbul şəhərində yerləşən 7 mərtəbəli oteldə yanğın baş verib. Otelin birinci mərtəbəsində çıxan yanğının səbəbi məlum deyil. Təxminən bir saatdan sonra söndürülən yanğın nəticəsində 2 nəfər həlak olub, 3 nəfər xəsarət alıb.