21-03-2023, 16:27
Rəsmi Kiyev Çin liderindən cavab gözləyirRəsmi Kiyev Çin sədri Si Tsinpin və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığının təsdiqini gözləyir. Bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Ukrayna baş nazirinin müavini, işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk bildirib. O, telefon danışığının mütləq baş tutub-tutmayacağı ilə bağlı sualı cavablandırıb: "Bilmirəm, təsdiq gözləyirik". Bundan əvvəl "The Wall Street Journal" yazmışdı ki, Si Tsinpin Moskvaya səfərindən sonra Zelenski ilə danışmaq niyyətindədir.
21-03-2023, 16:24
Paşinyanın partiyası Qarabağla bağlı bəyanat layihəsinə yox dediErmənistan parlamentində hakim "Mülki Müqavilə" partiyasının fraksiyası müxalifətin Qarabağla bağlı hazırladığı bəyanat layihəsinə növbəti dəfə səs verməyib. Nəticədə Azərbaycanın tənqid edildiyi sənəd gündəliyə daxil edilməyib. Qeyd edək ki, Paşinyanın partiyası bundan əvvəl də oxşar addım atmışdı və bu, müxalifətin tənqidlərinə səbəb olmuşdu.
21-03-2023, 16:19
Pakistanın sabiq baş nazirinə qarşı sui-qəsd təşkil olunduPakistanda sabiq baş nazir İmran Xanın lideri olduğu “Təhrik-ə-İnsaf” (“Ədalət uğrunda hərəkat”) partiyasının funksioneri Atif Münsif Xanın avtomobili atəşə tutulub. Sui-qəsd nəticəsində Atif Münsif Xan da daxil olmaqla 10 nəfər həyatını itirib. Polis hadisənin ədavət zəminində baş verdiyini ehtimal edir. Hadisənin kimlər tərəfindən törədilməsi barədə əlavə məlumat verilməyib. Qeyd edək ki, martın 18-də İmran Xanın tərəfdarları polislə toqquşub. Nəticədə 50-dən çox polis yaralanıb, polis postu, bir neçə avtomobil və motosiklet yandırılıb. Polis Xanın 59 tərəfdarını saxlayıb.
21-03-2023, 16:07
Türkiyəylə sərhədin açılması iqtisadiyyatımız üçün fürsətdir - Erməni nazir"Türkiyə ilə quru sərhədinin açılması Ermənistan iqtisadiyyatı üçün təhlükə deyil, fürsətdir". Bunu "Sputnik Armenia"ya müsahibəsində Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan deyib. "İdxal üçün sərhədlər uzun müddətdir açıqdır və Türkiyə istehsalçılarının Ermənistanda satışla bağlı heç bir problemi yoxdur. İndi quru sərhədlərin açılması isə erməni şirkətlərinin Türkiyə bazarına daxil olmasına kömək edəcək. Hazırda əsas məsələ bu fürsətdən istifadə etməkdir. Müəssisələr məhsuldarlığı və səmərəliliyi artırmalıdır. Qonşu ölkədə qida, tekstil, zərgərlik, almaz istehsalı, yüksək texnologiyaya tələbat yüksəkdir", - deyə o bildirib.
21-03-2023, 16:04
Peruda sel fəlakəti 65 nəfərin həyatına son qoyubPeruda tropik "Yaku" qasırğası güclü selə və böyük dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində 65 nəfər həyatını itirib, 5 nəfər isə itkin düşüb. Son məlumata görə, təbii fəlakətdən 66 min 853 nəfər zərər çəkib, 9677 evə ziyan dəyib, 1541 ev yararsız hala düşüb. Bundan başqa, 56 məktəb, 116 sağlamlıq mərkəzi, 239 körpü və 640 kilometrlik yol zədələnib.
21-03-2023, 16:00
Ölkəmizə yaz fəsli qədəm qoyduAzərbaycana yaz fəsli qədəm qoyub. Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından bildirilib ki, yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01:24-də daxil olub. Həmin vaxt gecə ilə gündüz bərabərləşib, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib. Beləliklə, şimal yarımkürəsində yaz fəsli başlayıb. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.
21-03-2023, 15:56
ABŞ və Rusiya arasında gərginlik yaşanıbMartın 20-da Baltik dənizi üzərində ABŞ və Rusiya arasında gərginlik yaşanıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Rusiyaya məxsus hava hücumundan müdafiə sistemləri Baltik dənizi üzərində ABŞ Hərbi Hava Qüvvələrinin 2 ədəd B-52N strateji bombardmançı təyyarəsinin uçduğunu müəyyən edib. Bundan sonra Rusiya Su-35 qırıcı təyyarəsini havaya qaldırıb. "Bombardmançı təyyarələr dövlət sərhədindən uzaqlaşdıqdan sonra qırıcı aerodroma qayıdıb. Rusiya qırıcısının uçuşu hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi riayət olaraq həyata keçirilib", - açıqlamada deyilir.
21-03-2023, 15:32
ABŞ-dan Türkiyə və Suriyaya 50 milyon dollarlıq yardımABŞ fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkən şəxslərə əlavə 50 milyon dollar yardım edəcək. Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) bəyanatında bildirilir. "Belçikanın paytaxtı Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransında Türkiyə və Suriyada baş verən zəlzələlərdən zərər çəkmiş insanlara yardım üçün əlavə 50 milyon dollarlıq təcili humanitar yardım öhdəliyi qəbul edilib", - açıqlamada deyilir. Məlumatda vurğulanır ki, bununla da ABŞ-ın zəlzələ çərçivəsində göndərdiyi humanitar yardımın məbləği 235 milyon dollara çatıb. Xatırladaq ki, bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa Komissiyası və Aİ-yə bu il sədrlik edən İsveçin təşkilatçılığı ilə Türkiyə və Suriyaya yardım üçün Beynəlxalq Donorlar Konfransı keçirilib. "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” adlı beynəlxalq donorlar konfransında 7 milyard dollara yaxın yardım toplanılıb.
21-03-2023, 15:28
Şarl Mişeldən Novruz bayramıyla bağlı təbrik mesajıAvropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Novruz bayramını qeyd edən hər kəsi təbrik edib. Bu barədə o, özünün "Twitter" səhifəsində paylaşım edib. "Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq ölkələri daxil olmaqla Novruz bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Baharın başlanğıcı bu çətin zamanlarda daha çox lazım olan yeni ümidlər gətirir. Bayramı qeyd edənlərə xoşbəxtlik, firavanlıq və hər şeydən əvvəl sülh arzulayıram", - Mişel yazıb.
21-03-2023, 00:04
Parlament Kılıçdaroğlunun namizədliyini rəsmi olaraq irəli sürdüCümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyası müxalifətin formalaşdırdığı "Altılı masa"nı təmsil edən Kamal Kılıçdaroğlunun namizədliyini rəsmi olaraq irəli sürüb. Fraksiyanın iclasında deputatlarla yanaşı Kılıçdaroğlunun özü də iştirak edib. İclasda keçirilən səsvermədə deputatlar Kılıçdaroğlunun prezidentliyə namizəd olmasına səs veriblər. Qeyd olunub ki, Kılıçdaroğlu çərşənbə günü namizədlik ərizəsini Ali Seçki Komissiyasına (YSK) təqdim edəcək.