20-03-2023, 23:18
Avropa Komissiyası Türkiyəyə 1 milyard avroluq yardım ayırdıAvropa Komissiyası Türkiyəyə 1 milyard, Suriyaya isə 108 milyon avro məbləğində yardım ayırıb. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat verib. Onun sözlərinə görə, hər iki ölkəyə ayrılan vəsait zəlzələ bölgələrində bərpa-quruculuq işlərinə xərclənəcək. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
20-03-2023, 23:15
Qərb Moskvanın iştirakını nəzərdə tutan prinsiplərə zərbə vurur - Lavrov"Qərb Ermənistan, Rusiya Federasiyası və Azərbaycan arasında bağlanmış üçtərəfli sazişləri qüvvədən salmağa çalışır, bütün bu işlərə özü nəzarət etməyə can atır və Moskvanın fəal iştirakını nəzərdə tutan əsas prinsiplərə birbaşa zərbə vurur". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib. "Qarabağ sakinlərinin təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının təmin edilməsi məsələsi Bakının nümayəndələri ilə həll edilməlidir, biz tərəfləri buna təşviq edirik", - deyə Lavrov söyləyib. Mirzoyan həmkarını onun üçün əlverişli vaxtda İrəvana səfərə dəvət edib. Ermənistan XİN başçısı İrəvanın ayrı-ayrı Rusiya vətəndaşlarını, o cümlədən jurnalistləri respublikaya buraxmamaq qərarını şərh etməkdən imtina edib.
20-03-2023, 22:56
Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yoxdur"Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yoxdur". Bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Ermənistan xarici işlər naziri müxtəlif siyasi dairələrin İrəvanda vaxtaşırı keçirdiyi anti-Rusiya aksiyaları ilə bağlı sualı cavablandırarkən deyib ki, ölkədə məqsədyönlü anti-Rusiya kampaniyası yoxdur. Mirzoyan vurğulayıb ki, on minlərlə rus Ermənistan ərazisində kifayət qədər dinc və rahat yaşayır, bizneslərini, işlərini aparır və bu kontekstdə heç bir şikayət daxil olmayıb. "Bu fakt heç bir anti-Rusiya əhval-ruhiyyəsinin olmadığını açıq şəkildə göstərir. Nümayiş və aksiyalara gəlincə, Ermənistan Konstitusiyası və onun qanunları sərbəst toplaşmaq azadlığına təminat verir və bu, uzun müddətdir ki, yeni xəbər deyil. İrəvanda da ölkə rəhbərliyinə qarşı nümayişlər çox tez-tez keçirilir", - XİN başçısı söyləyib.
20-03-2023, 22:19
30 ildən sonra Talış kəndi Novruz bayramını qeyd edirTərtərin Talış kəndində 30 ildən sonra ilk bayram şənliyi keçirilib. Talış kəndinə yeni köçən ailələr üçün təşkil olunan şənlikdə milli oyunlar, folklor nümunələri sərgilənib. Kəndirbazlar ip üzərində oynayıb, pəhləvanlar qurşaq tutub. Yerli incəsənət adamları müxtəlif musiqi nümunələri ifa ediblər. Daha sonra tədbir iştirakçıları Qarabağ atlarının keçidinə tamaşa ediblər. Bundan başqa, müxtəlif tamaşalar nümayiş olunub. Tədbirin gecə saatlarınadək davam etməsi planlanlaşdırılır. Xatırladaq ki, martın 16-da 20 ailə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə köçürülüb. Növbəti mərhələdə daha 158 ailənin köçürülməsi nəzərədə tutulur.
20-03-2023, 14:48
Beynəlxalq Məhkəmənin Putinlə bağlı qərarı rahat qarşılandı - Peskov"Kreml Beynəlxalq Məhkəmənin Putinlə bağlı qərarını rahat qarşıladı". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O, həmçinin söyləyib ki, Putin və Çin lideri Si Tsinpin arasında görüşün başlaması Moskva vaxtı ilə təxminən saat 16:30-a planlaşdırılıb: "Putin Si Tsinpinlə danışıqlarda Ukrayna böhranının həlli ilə bağlı Rusiya Federasiyasının mövqeyini hərtərəfli izah edəcək; Ukrayna mövzusu, şübhəsiz ki, Putin və Si Tsinpin arasında keçiriləcək danışıqlarda öz əksini tapacaq". "ABŞ Ukraynada hərbi əməliyyatların intensivliyini azaltmağa belə imkan vermir. Kremlin əməkdaşları növündən asılı olmayaraq, şəxsi məlumatları ilə bağlı smartfonlardan istifadə etmirlər. Rusiya Federasiyası Türkiyə ilə qaz qovşağının yaradılması üzərində işi davam etdirəcək, layihə kifayət qədər mürəkkəbdir", - deyə Peskov əlavə edib. Qeyd edək ki, Çin liderini daşıyan təyyarə artıq Moskva aeroportuna eniş edib.
20-03-2023, 14:45
Novruzla bağlı hərbi hissələrdə bayram şənliyi keçirilibMüdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Novruz bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid və yaralıların ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər. Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, onların ailə və yaxınlarının yüksək diqqət və qayğı ilə əhatə olunduğu xüsusi qeyd olunub. Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, milli-mənəvi dəyərlərimizdən biri olan Novruz bayramının xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsindən söhbət açıblar. Silsilə tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.
20-03-2023, 14:41
Ermənistan və Belarusun baş nazir müavininləri görüşübErmənistan və Belarus baş nazirlərinin müavinləri Mher Qriqoryan və Pyotr Parxomçik arasında görüş olub. Görüş Parxomçikin Ermənistana səfəri çərçivəsində paytaxt İrəvanda keçirilib. Bildirilib ki, görüşdə ölkələr arasında, o cümlədən Aİİ çərçivəsində əməkdaşlığın yeni sahələri müzakirə edilib. Tərəflər kənd təsərrüfatı, maşınqayırma və sənaye sahələrində əlaqələrə, birgə layihələrə diqqət yetiriblər.
20-03-2023, 14:36
Gürcüstan parlamentinin bir neçə deputatı istefa verirGürcüstan parlamentinin hakim “Gürcü arzusu”ndan olan bir neçə deputatı vəzifəsini tərk edir. Söhbət maliyyə və büdcə komitəsinin sədri İrakli Kovzanadze və deputat Vladimir Çaçibaiadan gedir. Bildirilib ki, onlar artıq prosedurla bağlı məsələlər üzrə komitəyə rəsmi müraciət ediblər. Səbəb açıqlanmayıb. Hazırda parlamentin vitse-spikeri, Uşaq Hüquqlarının Müdafiəsi üzrə Daimi Parlament Şurasının sədri David Sergeyenkonun partiyanı tərk edə biləcəyi də müzakirə olunur.
20-03-2023, 14:32
Sabahın hava proqnozu Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Martın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.
20-03-2023, 14:28
“Kaşaqan” neft yatağının Aktau-Bakı marşrutu üzrə ilk nəqlinə başlanıldıQazaxıstanın “Kaşaqan” yatağından hasil edilən neftin Xəzər dənizi ilə Aktau-Bakı marşrutu üzrə ilk dəfə nəqlinə başlanılıb. Yeni marşrutla neftin daşınması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə həyata keçirilib. İlk partiyada tankerin anbarlarına ümumilikdə 6 min 900 ton xam neft yüklənib. Qazaxıstanın Aktau limanından yola düşən tanker nefti Azərbaycanın “Səngəçal” terminalına çatdıracaq. Qeyd edək ki, 2022-ci ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilən “Akademik Xoşbəxt Yusifzadə” tankerinin ümumi yükgötürmə qabiliyyəti 7 min 800 tondur. Bu tankerlə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür.