17-03-2023, 23:18
Putin və xanımının həbsinə qərar verildi Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin, eləcə də Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq order verib. Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. Beynəlxalq Cinayət Məhkəməsindən bildirilib ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər. "Bu gün, 17 mart 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin ikinci məhkəməyə qədərki palatası Ukraynadakı vəziyyətlə əlaqədar iki nəfərin həbsinə order verib: cənab Vladimir Vladimiroviç Putin və xanım Mariya Alekseevna Lvova-Belova", - rəsmi açıqlamada qeyd olunub.
17-03-2023, 22:49
İlham Əliyev xalqı Novruz bayramı münasibətilə təbrik etdiPrezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mətndə deyilir: "Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram. Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır. Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir. Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır. Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm. Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm. Novruz bayramınız mübarək olsun!"
17-03-2023, 22:42
Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı prosedur başlayacaq - ƏrdoğanTürkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verəcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan finlandiyalı həmkarı ilə birgə mətbuat konfransında məlumat verib. Prezident qeyd edib ki, Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyə parlamentində prosedur başlayacaq. Türkiyə prezidenti, həmçinin Finlandiyanın NATO-ya töhfə verəcəyini söyləyib. Ərdoğan, eyni zamanda İsveçin NATO-ya üzv olmasının onun hərəkətlərindən asılı olacağını bildirib.
17-03-2023, 19:07
Bayram həftəsində havanın temperaturu aşağı düşəcəkAzərbaycanın rayonlarında istirahət və bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, istirahət və bayram günlərində ölkə ərazisində hava şəraitinin əsasən qeyri-sabit keçəcəyi, qısa fasilələrlə yağıntılı olacağı gözlənilir. Martın 19-u axşamdan 24-ü axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 21-i axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.
17-03-2023, 19:04
Ermənistan və Rusiya təhsil sahəsində əməkdaşlığı dərinləşdirirErmənistan və Rusiya təhsil sahəsində əməkdaşlığı dərinləşdirir. Belə ki, Moskva və İrəvan Ermənistanda 4 rus məktəbinin tikintisi layihəsinə başlayıblar. Bunu Rusiay Federasiya Şurasının sədr müavini Yuri Vorobyov Ermənistan-Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının iclasında bildirib. Onun sözlərinə görə,proqram Rusiya-Ermənistan hökumətlərarası komissiyası çərçivəsində həyata keçiriləcək, artıq xüsusi işçi qrupu yaradılıb. Ölkələr ümumi təhsil, elm və dil sahəsində əməkdaşlığı gücləndirəcəklər. Həmçinin, tərəflər arasında qarşılıqlı fəaliyyətin ən mühüm istiqamətlərindən biri gənclər siyasəti, regionlararası gənclər forumlarının keçirilməsi olacaq. Qeyd olunub ki, bu il Ermənistandan olan məktəblilər Rusiya və digər Avrasiya İqtisadi İttifaqı ölkələrinin orta məktəb şagirdləri ilə birlikdə ilk dəfə olaraq birgə beynəlxalq layihənin iştirakçısı olacaqlar.
17-03-2023, 18:20
Ermənistanın baş naziri KTMT-nin baş katibi görüşübErmənistanın baş naziri Nikol Paşinyan KTMT-nin baş katibi İmanqali Tasmaqambetovla görüşüb. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və təşkilatda kollektiv təhlükəsizlik mexanizmləri müzakirə edilib. Bildirilib ki, onlar həmçinin KTMT-nin məsuliyyət zonasındakı və regiondakı vəziyyət, eləcə də təhlükəsizlik çağırışlarından danışıblar.
17-03-2023, 15:00
Slovakiya MiQ-29 qırıcısının Ukraynaya təhvil verilməsini təsdiqləyibSlovakiya Nazirlər Kabineti 13 ədəd MiQ-29 qırıcısının Ukraynaya təhvil verilməsini təsdiqləyib. Bu barədə Slovakiya hökumətinin başçısı Eduard Heqer Twitter hesabında məlumat verib. "Ukraynaya 13 MiQ-29 göndərilməsi indicə təsdiqlənib. Vədlərə əməl edilməlidir. Zelenski daha çox silah, xüsusən də qırıcı təyyarələr tələb edəndə dedim ki, əlimizdən gələni edəcəyik",- deyə baş nazir qeyd edib.
17-03-2023, 14:57
Azərbaycan XİN Ermənistan bəyanatına cavab verdiMartın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışına istinadən Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə yalan və iftira dolu bəyanatı Ermənistanın 30 ilə yaxın bir dövrdə həyata keçirdiyi işğal siyasətini, habelə hazırkı postmünaqişə dövründə Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi və gələcəkdə törədə biləcəyi təxribatları ört-basdır etmək məqsədi daşıyır. Bu fikirlər Xarici İşlər Nazilriyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistan XİN-in bəyanatına cavabında yer alıb. A.Hacızadə bildirib ki, Ermənistan tərəfindən 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimizin, tarixi və dini abidələrin Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılması; təbii sərvətlərimizin talanması; 4 minə yaxın vətəndaşımızın itkin düşməsi və kütləvi məzarlıqların aşkarlanması; Ermənistanın mina təhdidlərini davam etdirməsi; ərazi bütövlüyü və suverenliyə, eləcə də Üçtərəfli bəyanat çərçivəsində öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmaması; Zəngəzur dəhlizinin açılmasına maneçilik törətməsi; indiki Ermənistan ərazisindən azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilməsi faktlarının və Qərbi Azərbaycan İcmasının öz doğma torpaqlarınına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması tələbinin Ermənistana qarşı “ərazi iddiası” və “təcavüzə hazırlıq” kimi qələmə verilməsi tamamilə əsassızdır. "Eynilə, həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri Ermənistan ərazisindəki minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, Ermənistan ərazisindən Azərbaycan izlərini pozan, tarixi abidələri dağıdan, bununla Azərbaycanının tarixi torpaqlarını erməniləşdirən Ermənistan tərəfinin Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riyakarlıqdır. Otuz ilə yaxın işğal dövründə 9 şəhər və yüzlərlə kəndi talan edən, 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, onları öz evlərinə qayıtmaq hüququndan məhrum edən Ermənistanın, Azərbaycanın öz doğma torpaqlarını azad etməsindən və bu əraziləri bərpa etməsindən sonra məcburi köçkünlərin və qaçqınların hüquqlarından bəhs etməyə mənəvi haqqı yoxdur. Azərbaycan öz ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində artıq addımlar atmaqdadır. Azərbaycan erməni sakinlərlə dialoq aparır və xoşniyyətli addım kimi bu çərçivədə növbəti görüşün Bakıda keçirilməsini təklif edib. Ermənistan tərəfi isə bunun əksinə, Qərbi Azərbaycan İcmasının dialoq təklifini tamamilə rədd edib. Bu isə, Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığının və ikiüzlü siyasət aparmasının göstəricisidir. Azərbaycan tərəfi Ermənistanın hər bir təxribatına qarşı beynəlxalq hüquq çərçivəsində bütün zəruri addımları atacaqdır",- deyə XİN rəsmisi qeyd edib.
17-03-2023, 14:52
Sabahın hava proqnozu Azərbaycanda martın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam saatlarında duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.
17-03-2023, 14:44
Ağalı kəndindəki orta məktəbdə qəbul imtahanı keçirilməyəcək - DİMZəngilan rayonu Ağalı kəndindəki orta məktəbdə qəbul imtahanı keçirilməyəcək. Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib. DİM sədri qeyd edib ki, qəbul imtahanları müəyyən mərkəzlərdə təyin olunur. “3 abituriyent üçün orada qəbul imtahanı keçirilməyəcək”,- deyə rəsmi açıqlamada vurğulanıb.