9-03-2023, 14:05
Şəhid ailələrinə ayrılan vəsaitlə bağlı dəyişiklik edildiNazirlər Kabineti 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, bundan sonra şəhid və şəhid ailələrinə xərclənən vəsait dövlət büdcəsindən ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından, eləcə də dövlət icbari şəxsi sığorta vəsaiti hesabına ödəniləcək. İndiyə qədər ödəmə mənbəyi müvafiq şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsi, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondları idi.
8-03-2023, 23:34
Azərbaycan Avropa Şurasının 13 nömrəli Protokolunu imzaladıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral tarixli Sərəncamı əsasında, martın 8-də Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov tərəfindən Strasburqda, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin iştirakı ilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolu imzalanıb. Bu barədə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən məlumat verib. Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ilk əvvəl 1993-cü ildən etibarən Azərbaycan Respublikasında ölüm cəzasının icrasına moratorium tətbiq olunmuş və 1998-ci ildə isə milli qanunvericiliyimizdə ölüm cəzasının tətbiqi ləğv edilib. Bununla belə, Azərbaycan Respublikasının tərəf çıxdığı Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Fakültətiv Protokolu, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 nömrəli Protokolu müstəsna hal kimi müharibə dövründə törədilmiş müharibə cinayətlərinə görə ölüm cəzası tətbiq etmək imkanını saxlamışdır. Lakin Ulu Öndərin müəyyən etdiyi humanist siyasətə sadiq qalaraq, ölkəmiz heç vaxt ölüm cəzasının tətbiqi imkanından istifadə etmək niyyətində olmayıb. Beləliklə, müvafiq ölkədaxili ratifikasiya prosesi yekunlaşdıqdan sonra 13 nömrəli Protokola qoşulmaqla, Azərbaycan Respublikası ölüm cəzasını tamamilə, o cümlədən müharibə dövründə və ya qaçılmaz müharibə təhlükəsi zamanı törədilmiş cinayətlərə görə qadağan etmək və eləcə də yaşamaq hüququnu ən yüksək səviyyədə təmin etmək iradəsini rəsmi şəkildə təsdiq etmiş olacaq.
8-03-2023, 23:30
Ukraynaya MiQ qırıcılarını verməyə hazırıq - Polşa PrezidentiPolşa özünəməxsus MiQ qırıcılarını Ukraynaya verməyə hazırdır. Bu barədə Polşa Prezidenti Andjey Duda bildirib. O vurğulayıb ki, Ukrayna qırıcılardan istifadə edə biləcək, çünki Ukraynada bunları idarə etməyi bacaran pilotlar var. Prezident bildirib ki, gələcəkdə Ukrayna F-16 qırıcıları da tədarük edilə bilər: “İnanıram ki, Ukrayna Silahlı Qüvvələri gələcəkdə F-16-dan istifadə edəcək".
8-03-2023, 23:12
Etirazçılar Gürcüstan parlamentinə şərt qoydularHazırda Tbilisinin mərkəzində "xarici agentlər haqqında" qanunun qəbuluna qarşı etiraz aksiyası keçirilir. Müxalifətçi Giorgi Vaşadze hakimiyyətə qarşı iki tələb irəli sürüb. O bildirib ki, qanun layihəsi parlamentdən geri götürülməli və dünənki aksiyada saxlanılanlar azad edilməlidir. Vaşadze qeyd edib ki, Gürcüstan rəhbərliyinin bu tələbləri yerinə yetirmək üçün bir saatı var, əks halda etirazçılar “başqa addımlara keçəcəklər”. Qeyd edək ki, dünənki aksiyada 66 nəfər saxlanılıb.
8-03-2023, 20:24
İran gizli şəkildə Rusiyaya çoxlu sayda hərbi texnika göndəribİran gizli şəkildə Rusiyaya çoxlu sayda güllə, raket və minaatan mərmisi verib. Bu barədə "Sky News" qəzeti məlumat yayıb. Nəşrin mənbəsinin bildirdiyinə görə, Rusiya bayraqlı iki yük gəmisi yanvarda İran limanını tərk edərək Xəzər dənizi vasitəsilə Rusiyaya gedib. Təxminən 100 milyon güllə və 300 minə yaxın mərmi daşınıb. Bildirilir ki, gəmilərdə raket, minaatan və pulemyotlar üçün sursat da olub. Qeyd olunur ki, Rusiya Federasiyası sursatların pulunu nağd şəkildə ödəyib.
8-03-2023, 20:20
Sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq - İlham ƏliyevÜmid edirik ki, biz güclü siyasi iradəni, həmçinin Ermənistan tərəfindən görəcəyik. Onlar düzgün qərar qəbul etsinlər və işğal dövründə olduğu kimi vaxtı udmağa çalışmasınlar. Bunu bu gün Latviya Respublikasının Prezidenti Egils Levitslə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib. “Biz 28 il danışıqlar aparmışıq. Əfsuslar olsun ki, bu, ciddi hərbi əməliyyatlarla nəticələndi və nəticədə, Azərbaycan əraziləri azad olundu. Biz bunu güc tətbiqi ilə etdik. Əfsuslar olsun. Halbuki, Ermənistan özünü konstruktiv aparsaydı, biz bunu siyasi vasitələrlə də edə bilərdik. Hazırda iki ölkə arasında sülh müqaviləsini ciddi müzakirə etdiyimiz dövrdə, biz gözləyirik ki, Ermənistan vaxt itirməyəcək və bir çox beynəlxalq iştirakçıların dəstəklədiyi təklifimizə müsbət cavab verəcək. Ərazilərimizdə dağıntılara və uzunmüddətli işğala baxmayaraq, düşünürük ki, ədavət səhifəsi çevrilməlidir. Biz gələcəyə baxmalıyıq və sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq”, - deyə dövlət başçısı qeyd edib.
8-03-2023, 20:17
Zelenski Quterreşlə taxil sazişinin uzadılması razılığına gəldiUkrayna və BMT taxıl ixracı təşəbbüsünün davam etdirilməsinin dünya üçün vacib əhəmiyyət daşıdığı barədə həmfikirdir. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antonio Quterreşlə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib. "Biz razılaşdıq ki, Qara dəniz taxıl təşəbbüsünün 18 martdan sonra uzadılması bütün dünya üçün zəruridir. Həmçinin Ukraynadan daşınan taxıl humanitar təşəbbüs üçün vacibdir və biz təşəbbüsün bir hissəsi olaraq artıq bunu bacarmışıq”, - deyə Zelenski bildirib. Zelenski əmindir ki, Ukrayna BMT ilə birlikdə həm humanitar təşəbbüsü, həm də taxıl təşəbbüsünü əhəmiyyətli dərəcədə gücləndirə biləcək: "Bu, dünyanın ərzaq təhlükəsizliyinə daha böyük təminat verəcək". Quterreş isə dəniz yolu ilə ixrac infrastrukturundan maksimum yararlanmağa davam etmək üçün Qara dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. "Qara dəniz taxıl təşəbbüsü Ukrayna limanlarından 23 milyon ton taxılın çatdırılmasını təmin edib. Bunun sayəsində dünyada ərzaq məhsullarının qiymətlərini aşağı salmaq və inkişaf etməkdə olan ölkələrə dəstək vermək mümkün olub. Bundan başqa, ərzaq qiymətləri indeksi 20 faiz aşağı düşüb”, - deyə Baş katib qeyd edib.
8-03-2023, 20:13
Prezidentlər təklikdə bir sıra məsələləri müzakirə ediblərMartın 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Egils Levits ilə məhdud tərkibdə görüşü olub. Azərbaycan və Latviyanın dövlət başçıları söhbət zamanı bu il Davosda keçirilmiş görüşü məmnunluqla xatırlayıblar, həmin görüşdə aparılmış müzakirələrin ölkələrimiz arasında münasibətlərin inkişafında rolunu qeyd ediblər. Prezident İlham Əliyev Latviyaya səfərini xatırladıb. Görüşdə Azərbaycan-Latviya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edildi, Latviyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirildi. Həmçinin Latviyanın ölkəmizdəki səfirliyinin NATO-nun Azərbaycanla münasibətlərdə əlaqələndirici rolunda çıxış etdiyi vurğulandı. Latviya Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə toxunaraq Hərəkatın Bakıda keçirilmiş son zirvə toplantısını qeyd etdi. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi barədə məlumat verən dövlətimizin başçısı bu ilin sonunda başa çatacaq Azərbaycanın sədrliyinin çox yaxşı irs qoyduğunu bildirdi. Azərbaycan Prezidenti sədrlik dövründə Hərəkatın təsisatlanması istiqamətində aparılan işləri qeyd etdi, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Hərəkatla Avropa İttifaqı arasında münasibətlərin yaradıldığını dedi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 2020-ci ildə COVID-19-la bağlı keçirilmiş onlayn sessiyasında Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrelin iştirakını bunun bariz təzahürü kimi qiymətləndirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verdi. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səyləri ilə aparılan danışıqlar prosesini və Brüssel sülh gündəliyini dəstəklədiyini dedi. Egils Levits dövlətlərin ərazi bütövlüyünün və beynəlxalq hüququn ölkəsinin xarici siyasətinin təməl prinsipi olduğunu deyərək, bu xüsusda Latviyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı. Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol barədə danışıldı, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edildi. Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi, hökumətlərarası komissiyanın fəaliyyəti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində Latviya şirkətlərinin iştirakı, bərpaolunan enerji, turizm, İKT, süni intellekt və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
8-03-2023, 20:11
Ukraynadan gürcü etirazçılara dəstəkGürcüstan öz vətəndaşlarına dinc etirazlar etmək hüququnu təmin etməyə borcludur. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin "Facebook" səhifəsində bildirilib. Açıqlamada qeyd olunub ki, Ukrayna gürcü xalqının ölkədə Avropa gələcəyinin qurulmasını davam etdirmək istəyi ilə həmrəydir. XİN “xarici agentlər haqqında” qanun layihəsinə qarşı kütləvi etirazlar fonunda Gürcüstanda baş verənləri diqqətlə izləməkdə davam etdiklərini açıqlayıb. “Avropa İttifaqına üzv olmağa can atan bir dövlət kimi Gürcüstan vətəndaşların əsas hüquq və azadlıqlarına, o cümlədən dinc etiraz hüququna ardıcıl təminat verməlidir”, - məlumatda bildirilib. Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib.Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb.
8-03-2023, 20:07
Gürcüstanda baş verən hadisələrdən narahatıq - Şarl Mişel“Gürcüstanda baş verən hadisələrdən çox narahatıq”. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel twitter hesabında yazıb. O bildirib ki, istənilən dinc etiraz hüququ demokratiyanın əsasını təşkil edir: “Qanunun aliliyinə və insani dəyərlərə sadiqlik Avropa İttifaqı layihəsinin açarıdır”. Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb.