Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 30-u səhərdən aprelin 1-i axşamadək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 30-da axşam, 31-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 30-u axşamdan aprelin 1-i gündüzədək fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək. Azərbaycanın rayonlarında martın 30-u səhər şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir. Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı sulu qar, qar yağacağı gözlənilir. Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq. Axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, bəzi yerlərdə arabir 35 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
Fazil Mustafanın qardaşı deputatın səhhətiylə bağlı danışdı
“Fazil Mustafanın vəziyyəti çox yaxşıdır. Yəqin ki, iki günə evə buraxılacaq”. Bunu jurnalistlərə açıqlamasında silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafanın qardaşı Azər Mustafayev deyib. O qeyd edib ki, qardaşına 7 dəfə atəş açılıb, güllələrdən ikisi ona dəyib. “Ailə üzvləri hadisə baş verəndə evdə olub. Yaralı vəziyyətdə evə girib, daha sonra təcili yardıma və polisə məlumat verilib. Biz ərazidə olan təhlükəsiz kameralarına baxa bilmədik. Elə həmin gün kameralar hüquq-mühafizə orqanları tərəfindən araşdırma məqsədilə aparılıb”, - deyə A.Mustafayev əlavə edib.
Ukrayna aprel-may aylarında əks-hücuma hazırlaşır - Reznikov
"Ukrayna aprel-may aylarında başlamalı olan yaz əks-hücumuna hazırlaşır. Hücum hərəkətlərinin vaxtı hava şəraiti ilə bağlıdır". Bunu ERR-ə müsahibəsində Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib. "Baş Qərargahımızın qərarı ilə "Leopard" tanklarını əks-hücumda görəcəksiniz. Artıq bir neçə istiqamətdə bu texnikadan istifadə planlaşdırılıb. Hansı məqamın daha münasib olmasından, necə qərar veriləcəyindən asılıdır. Bu, həm də hava şəraitindən asılıdır. Yazda torpağımız çox nəm olur. Məncə aprel-may aylarında biz onları sahədə görəcəyik", - Reznikov açıqlayıb. Onun sözlərinə görə, bu il Ukrayna üçün çox müsbət dəyişikliklər olacaq. Nazir əminliyini ifadə edib ki, Ukrayna hərbçiləri Kiyev, Çerniqov, Sumı, Xarkov və Xerson vilayətlərində olduğu kimi, müvəqqəti işğal olunmuş digər əraziləri də azad etməyə davam edəcəklər. Qeyd edək ki, Ukrayna xüsusilə Almaniya, Kanada, Portuqaliya və Polşadan “Leopard” tanklarını artıq alıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb. Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik twitter hesabında yazıb. O bildirib ki, nazirlər iki ölkə arasında strateji əlaqələrin genişləndirilməsini müzakirə ediblər. Qeyd edək ki, C.Bayramov İsraildə səfərdədir.
Qərb şirkətlərinin iqtisadiyyatımızda yaratdığı boşluğu doldururuq - Putin
"Rusiya iqtisadiyyatı Qərb şirkətlərinin ölkəni tərk etməsindən yaranmış boş yeri doldurur". Bunu Rusiya prezidenti Vladimir Putin deyib. "Müsbət dinamika var, lakin bu tendensiyaları saxlamaq lazımdır. İqtisadi artımın aparıcı amili daxili tələbatın davamlı şəkildə artmasıdır. Rusiya Federasiyasının bütün səviyyələrdəki səlahiyyətli orqanları bürokratik əngəllər və gecikmə olmadan hərəkət etməlidirlər", - deyə o bildirib. "Daxili tələbin dinamikası inflyasiya meyarlarına uyğun olmalıdır, onun sürətlənməsinin, və ya həddindən artıq ləngiməsinin qarşısını almaq vacibdir. Rusiya Federasiyasının əsas xarici tərəfdaşları ilə xarici ticarət dövriyyəsinin həcmi artır", - Putin söyləyib.
Ərdoğan hökümətdə kadr dəyişiklikləri barədə danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət kabinəsində kadr dəyişiklikləri barədə danışıb. Türkiyə prezidenti yeni nazir təyinatları olacağını vəd edib. "Nazirlərimiz bu günə qədər hökumətdə etdiyi xidməti parlamentdə davam etdirəcək. İnşallah, seçkilərdə qələbə qazandıqdan sonra hökumətdə yeni adlar olacaq, yeni kadrlara vəzifə verəcəyik", - deyə o bildirib. "3 dönəm" qaydası və başqa səbəblərlə bayrağı başqasına ötürmək qaçılmazdır", - Ərdoğan əlavə edib.
Baxmutun ərazisinin 5 faizi də rusların nəzarətinə keçdi
Rusiya son bir həftədə Ukraynanın Baxmut ərazisinin daha 5 faizini nəzarətə götürüb. Bu barədə Amerikanın Müharibə Tədqiqat İnstitutu (ISW) məlumat yayıb. Bildirilib ki, şəhərin ərazisinin təxminən 65 faizi Rusiyanın nəzarəti altındadır. İnstitutun ekspertləri Rusiya mənbələrinə və geolokasiya edilmiş videolara istinad edərək yazıblar ki, “Vaqner” qruplaşması cənubdan tam mərkəzə doğru irəliləyib. Qeyd edək ki, uzun müddətdir döyüşlərin davam etdiyi Baxmut şəhərinin sahəsi 40 kv.km-dən bir qədər çoxdur. Ukrayna şəhərin müdafiəsinin davam etdirilməsinə qərar verib.
Milli Məclisin deputatı Fazil Mustafaya tibb personalı tərəfindən bütün zəruri xidmətlər göstərilib. Bu barədə TƏBİB-dən bildirilib. Məlumata görə, hazırda deputatın müalicəsi davam edir, həkim müşahidəsi altındadır. Qeyd edək ki, ötən gün Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında güllələnən deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.
İlham Əliyev bu rayona 7,8 milyon manat ayrılmasıyla bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev “Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, on min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.3-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,8 milyon manat ayrılıb.
Azərbaycan və İsrail İranın təhdidini bölüşür. Bu barədə İsrail xarici işlər naziri Eli Kohen Azərbaycan XİN başçısı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransı zamanı məlumat verib. O qeyd edib ki, İran regionu təhdid edir, terrora dəstək verməklə Yaxın Şərqdə qeyri-sabirlik yaradır. "Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik", - nazir deyib.