12-05-2023, 16:44
Missiyanın fəaliyyətini müsbət qiymətləndirə bilərik - Ermənistan"Avropa İttifaqının Ermənistandakı Mülki Missiyası öz mandatını tam şəkildə yerinə yetirir". Bunu jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib. "Missiyanın vəzifəsi mütəmadi olaraq sərhədin bütün hissələrinə baş çəkmək və Brüssel üçün hesabat hazırlamaq və müntəzəm olaraq sərhədin bütün hissələrinə baş çəkməkdir. Onların mövcudluğu vəziyyətin yaxşılaşdırılması baxımından töhfədir. Bu, psixoloji cəhətdən daha təhlükəsiz atmosfer yaradır. Və bu mənada missiya öz mandatını tam yerinə yetirir”, - Hovhannisyan bildirib. "Hazırda biz missiyanın fəaliyyətini müsbət qiymətləndirə bilərik”, - deyə nazir müavini əlavə edib.
12-05-2023, 16:18
"Kızılay" təşkilatının rəhbəri Kerem Kınık istefa verdiTürkiyənin "Kızılay" təşkilatının rəhbəri Kerem Kınık istefa verib. O, zəlzələ zamanı təşkilatın çadır satması ilə bağlı tənqid olunurdu. Lakin Kerem Kınık hansı səbəbdən istefa verdiyini açıqlamayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan də dünən müsahibəsi zamanı bu mövzuya toxunmuşdu: "Bu məsələ məni kədərləndirdi".
12-05-2023, 15:49
Əsir düşən hərbiçilərimizin anaları Ceyhun Bayramova üz tutduErmənistanda əsir saxlanılan azərbaycanlı hərbçilərinin valideynləri Xarici İşlər Nazirliyinə (XİN) gediblər. Əsgərlər Aqşin Bəbirov və Hüseyn Axundovun anaları XİN rəsmiləri tərəfindən qəbul olunub, onlara övladlarının azad olunması istiqamətində görülən işlər barədə məlumat verilib. Hüseyn Axundovun anası Şəlalə Axundova deyib ki, nazir Ceyhun Bayramovla görüşmək istəsələr də, onları səlahiyyətli şəxs qəbul edib: "Bu gün biz Xarici İşlər Nazirliyinə getdik, Ceyhun Bayramovla görüşə bilmədik. Lakin nazirliyin səlahiyyətli şəxsləri bizi qəbul edərək, övladlarımızın geri qaytarılması istiqamətində səylə çalışdıqlarını bildirdilər. Nazir Ceyhun Bayramovun əsirlərin azad olunması üçün xarici ölkələrdə çıxışlar etdiyi barədə məlumat verdilər. Biz əsir hərbçilərin valideynləri olaraq, övladımızın səsini eşitmək, onlarla videoformatda danışmaq istədiyimizi bildirdik və bizə köməklik göstərilməsini xahiş etdik". "Dərdimizi danışdıq, onlar da bizi dinlədilər. Xahiş etdik ki, övladlarımızın sağlıq durumu barədə bizə ətraflı məlumat versinlər. Görüntülü, səsli danışmaq imkanı yaratsınlar, ya da heç olmasa, şəkillərini bizə göndərsinlər. İstəyimiz odur ki, bizə kömək etsinlər", - əsir anası vurğulayıb. Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
12-05-2023, 15:26
Belarus prezidenti Quterreşə təşəkkür etdiBelarus prezidenti Aleksandr Lukaşenko BMT-nin baş katibi Antonio Quterreşə təşəkkür edib. Bu barədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Belarus prezidenti davamlı inkişaf məqsədləri üzrə sammitə dəvətə görə baş katibə minnətdarlığını bildirib və Belarusun bu sammitdə iştirak edəcəyinə əminliyini ifadə edib. Qeyd edək ki, Belarusda keçirilmiş sonuncu prezident seçkilərindən sonra əksər Qərb ölkələri və beynəlxalq təşkilatlar Lukaşenko hakimiyyətini tanımır və digər namizəd Svetlana Tixanovskayanı legitim prezident hesab edir.
12-05-2023, 14:19
İmran Xan azadlığa çıxdı Pakistanın sabiq baş naziri İmran Xan azadlığa çıxıb. İslamabad Ali Məhkəməsi İmran Xanı girov qarşılığında zaminə buraxıb. Qeyd edək ki, ötən günlərdə Pakistanın sabiq baş naziri İmran Xan İslamabadda məhkəmə binasında saxlanılaraq nəzarətə götürülüb. Məhkəmənin qərarı ilə sabiq hökumət rəhbəri rüşvətxorluq işinə görə 8 sutka həbs olunub. İmran Xanın məhkəməsindən sonra onun tərəfarları ilə polis arasında toqquşma yaşanıb. İnsident nəticəsində yüzlərlə şəxsin həbs edildiyi bildirilib. Məlumata görə, gecə saatlarından başlayan toqquşmalarda bir nəfər həlak olub, çoxlu sayda sakin yaralanıb. Pakistanın Ali Məhkəməsi ölkədə davam edən kütləvi etirazlardan sonra keçmiş Baş nazir İmran Xanın həbsini qanunsuz hesab edərək, onun dərhal azadlığa buraxılmasına qərar verib. Bu gün isə yenidən məhkəmədə onun zaminə buraxılması məsələsinə baxılıb və azadlığa buraxılıb.
12-05-2023, 14:06
Rusiya öz maraqlarını qoruyacaq - Peskov"Rusiya öz maraqlarını qoruyacaq". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O, bu gün keçirdiyi ənənəvi mətbuat konfransında bir sıra aktual mövzular barədə sualları cavablandırıb. "Kremldə hələlik taxıl müqaviləsinin uzadılmasının mümkünlüyü barədə məlumat yoxdur, bu məsələ ilə bağlı təmaslar davam edəcək. Taxıl müqaviləsinin uzadılması üçün Putinlə Ərdoğan arasında söhbət yox, müqavilənin Rusiya Federasiyasına aid hissəsinin yerinə yetirilməsi lazımdır. Kreml həbsdə olan ABŞ vətəndaşlarının azadlığa buraxılması ilə bağlı sanksiyaların yumşaldılması mövzusunu şərh etmir. “Storm Shadow” raketlərinin Kiyevə çatdırılmasına gəlincə, Rusiya Qərbin Ukraynaya silah nəqlini davam etdirməsinə hazırdır. Xaricdə Rusiyanın əmlakına müdaxilə yolverilməzdir. Rusiya Federasiyası Türkiyə ilə münasibətləri yüksək qiymətləndirir, Ankara bir sıra regional və qlobal problemlərdə məsuliyyətli mövqe tutur. Rusiya Federasiyasının Türkiyədəki seçkilərə hər hansı müdaxiləsindən söhbət gedə bilməz və bu cür şayiələri yayanlar yalançıdırlar. Putinlə Ərdoğan arasında telefon danışığı hələ qrafikdə deyil, lazım gələrsə, təşkil edilə bilər. Rusiya Federasiyası digər ölkələrin daxili işlərinə və seçki proseslərinə qarışmır. Sanksiyaların səmərəsizliyi ilə bağlı Qərb mediası nəşrlərinə gəlincə, Qərbdə insanlar bilməlidirlər ki, onlar öz liderlərinin səhvlərinin əvəzini ödəyirlər. Kremldə Vatikanın Ukraynadakı “sülh missiyası” barədə hələ də məlumat yoxdur. Putinin Çinin xüsusi nümayəndəsi Li Hui ilə onun qrafiki üzrə görüşü hələ yoxdur", - Peskov bildirib. "Mayın 12-də Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirəcək", - Peskov əlavə edib.
12-05-2023, 12:35
Sabahın hava proqnozuMayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.
12-05-2023, 12:28
Britaniya ilə bağlı saziş təsdiqləndiMilli Məclis Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq avtomobil daşımalarına dair sazişi ratifikasiya edib. “Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq, birinci oxunuşda qəbul edilib.
12-05-2023, 12:14
Taxıl sazişi 60 gün uzadıla bilərMüddəti mayın 18-də bitəcək taxıl sazişi daha 60 gün uzadıla bilər. TASS agentliyi bu barədə danışıqlar prosesi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, müvafiq qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirəcəyi gözlənilir. “Taxıl sazişi 60 gün uzadıla bilər. Rusiya ola bilsin ki, buna sonuncu dəfə razılıq verir. Müqavilənin uzadılmasını ənənəvi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı ilə telefon danışığından sonra səsləndirəcəyi gözlənilir”, - deyə məlumatda qeyd olunub. Xatırladaq ki, taxıl sazişi 2022-ci il iyulun 22-də İstanbulda imzalanıb.
12-05-2023, 12:03
ABŞ Türkiyədə keçiriləcək seçkilərə müdaxilə edir - Süleyman SoyluABŞ Türkiyədə keçiriləcək seçkilərə müdaxilə edir. Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu “CNN türk”ə müsahibəsində deyib. “ABŞ seçkilərə müdaxilə edir. Bunu hər kəs bilir və ABŞ prezidenti özü deyir. Muharrem İncəyə hücum... Bunun haradan gəldiyi, haradan koordinasiya edildiyi aydındır. ABŞ-nin işidir. Bayden son günlər öz adamlarını Türkiyədə aktivləşdirib”, - deyə Soylu bildirib. Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınmışdı. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır. Mayın 11-də İnce namizədliyini geri götürdüyünü açıqladıqdan sonra prezidentlik uğrunda yarışda iştirak edənlərin sayı 3-ə düşüb.