24-05-2023, 15:49
Misir prezidenti İlham Əliyevə təbrik məktubu ünvanladıMisir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident! Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Misir ilə Azərbaycanı illər boyu davam edən möhkəm dostluq əlaqələri birləşdirir. Ümidvaram ki, birgə əməkdaşlıq və sıx koordinasiya sayəsində ikitərəfli münasibətlərimizin həm ölkələrimizin, həm də xalqlarımızın rifahı naminə ümumi maraq kəsb edən sahələrdə böyük irəliləyişinin şahidi olacağıq. Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və davamlı tərəqqi, dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".
24-05-2023, 15:31
İldırım vuraraq vəfat edən əsgərimiz dəfn olunduİldırım vurması nəticəsində şəhid olan Davud Məmmədli torpağa tapşırılıb. 20 yaşlı əsgər Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində şəhid olub. Hadisə Daşkəsən rayonunda hərbi hissələrin birində qeydə alınıb. Davud Məmmədli Bakının Suraxanı rayonu Əmircan qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən hazırlanan fotoları təqdim edir:
24-05-2023, 15:06
Praqa razılaşması İrəvanla Bakı arasında prosesə yeni çərçivə verdi - Zaxarova"Hər bir ölkənin KTMT-nin fəaliyyətini qiymətləndirmək hüququ və imkanı var. Biz bu təşkilatın fəaliyyətini yüksək səmərəli hesab edirik". Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinq zamanı Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamalarını şərh edərkən bildirib. "Biz yerlərdə vəziyyətə bizim malik olduğumuz vasitəçilik funksiyaları kimi baxırıq. Bütün səviyyələrdə danışıqlar gedir, xarici işlər nazirlərinin görüşləri keçirilib, təmaslar davam edir. Bu, bir sıra sahələr və idarələr üzrə konkret işimizin mövzusudur. Rusiya nizamlanmada vasitəçidir və bu baxımdan bizim üçün dövlətin bu mövzuda dəqiq mövqeyinin olması vacibdir. Biz Paşinyanın bəyanatını Praqa sammiti zamanı tutduğu mövqenin təsdiqi kimi qiymətləndiririk. Sonra 1991-ci il Alma-Ata Bəyannaməsinə istinadən Fransa və Aİ ilə birgə bəyanat qəbul edildi. Praqa razılaşması İrəvanla Bakı arasında prosesə yeni çərçivə verdi. Paşinyanın son bəyanatları Ermənistanın özündə, Qarabağda qarışıq reaksiyaya səbəb oldu. Bu, onların daxili çəkişmələri kontekstindədir. Sülh müqaviləsi layihəsinin özünə gəlincə, Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında Moskvada keçirilən danışıqların sonuncu raundu tərəflər arasında bir sıra məsələlər üzrə mövqelərini yaxınlaşdırmağa kömək etdi", - o deyib.
24-05-2023, 14:00
Qırğızıstan prezidenti Moskvaya səfər etdiQırğızıstan prezidenti Sadır Japarov Rusiyaya səfər edib. Bu barədə "Sputnik" məlumat yayıb. Onun təyyarəsi artıq Moskvaya eniş edib. Japarov Avrasiya İqtisadi Forumunda iştirak etmək üçün səfərə gəlib. Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko da Moskvada səfərdədir.
24-05-2023, 13:52
Erməni parlamentinin üzvləri arasında dava baş verdiErmənistan parlamentində müxalifət və iqtidaryönlü deputatlar arasında dava olub. Hadisə parlamentin “Hayastan” fraksiyasından olan deputatı Artur Sarkisyanın çıxışından sonra baş verib. Əvvəlcə Sarkisyanla hakim partiyadan olan deputat Hovik Ağazaryan arasında söz atışması başlayıb. Daha sonra əlbəyaxa dava düşüb. Ermənistan spikeri Alen Simonyan parlamentin Təhlükəsizlik Xidmətini çağırıb, hərbçilər Sarkisyanı zaldan uzaqlaşdırıblar.
24-05-2023, 13:31
İldırım vuran hərbiçimizə şəhid statusu veriləcəkAzərbaycan Ordusunun ildırım vurması nəticəsində vəfat edən əsgəri Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Qanunvericiliyə əsasən, xidmət vaxtı ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək", - rəsmi açıqlamada deyilir.
24-05-2023, 13:14
Edilli ərazisindən tapılan sümük qalıqlarının kriminalistik müayinəsi bitir“Hazırda Xocavənd rayonunun Edilli, Füzuli rayonun Yuxarı Əhmədbəyli kəndləri ərazisində tapılan sümük qalıqları ilə bağlı müayinələr aparılır. Edilli ərazisindən tapılan sümük qalıqlarının kriminalistik müayinəsi bitmək üzrədir”. Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sümük qalıqlarının kriminalistik müayinəsi zamanı torpaqda qalma müddəti müəyyən ediləcək və ultrabənövşəyi şüalardan istifadə olunacaq: “Daha sonra DNT nümunələri götürülərək müvafiq şəkildə təqdim ediləcək. Qarşımızda duran vacib məsələlərdən biri onların şəxsiyyətinin müəyyənləşdirilməsi və yaxın qohumlarına təhvil verilməsidir”.
24-05-2023, 12:33
Sabahın hava proqnozuAzərbaycanda mayın 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30°, bəzi yerlərdə 33°-dək isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-24° isti olacaq.
24-05-2023, 12:17
Özdağ ikinci turda Kılıçdaroğlunu dəstəklədiyini elan etdiTürkiyədə dağılmış "ATA İttifaqı"na daxil olmuş Zəfər Partiyasının sədri Ümit Özdağ bu gün ikinci turda "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəklədiyini elan edib. O, bu barədə mətbuata açıqlamasında danışıb. "Zəfər Partiyası olaraq cənab Kılıçdaroğlunu dəstəkləmək qərarına gəldik. Bütün tərəfdarlarımızı ona səs verməyə çağırırıq", - siyasətçi bildirib. O, qaçqınların qayıtması ilə bağlı konkret təkliflərinin qəbul olunduğunu ifadə edib. "ATA İttifaqı" dağılıb. Bundan əvvəl ittifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib. İttifaqın namizədi olmuş Sinan Oğan isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğana dəstəyini elan edib. Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər.
24-05-2023, 11:34
İmran Xanın liderlik etdiyi partiya fəaliyyəti qadağan olunurPakistanın keçmiş baş naziri İmran Xanın lideri olduğu Pakistan Təhriki-İnsaf Partiyasının fəaliyyəti qadağan oluna bilər. Bunu Pakistanın müdafiə naziri Xavaca Asif bildirib. "Partiyanın fəaliyyətinin qadağan edilməsi hazırda nəzərdən keçirilir. Bu siyasi qüvvə dövlətin əsasına hücum edib. İndiyə qədər belə bir şey olmamışdı. Buna dözmək olmaz", - o qeyd edib. Məlumat üçün bildirək ki, İmran Xan korrupsiyada və həyat yoldaşına məxsus “Əl-Qadir trast” fondu vasitəsilə çirkli pulların yuyulmasında şübhəli bilinir. O, həmçinin mayın 9-da həbs olunan zaman təhlükəsizlik qüvvələrinə qarşı zor işlətməkdə ittiham edilir. Siyasətçinin həbsi ölkənin iri şəhərlərində, o cümlədən Abottabad, İslamabad, Lahor, Peşavar, Ravalpindi, Sialkot, Feysəlabad və Haripurda kütləvi nümayişlərə səbəb olub. Eyni zamanda, bəzi regionlarda nümayişçilərlə polis arasında şiddətli toqquşmalar baş verib. Mayın 12-də Pakistan Ali məhkəməsi siyasətçinin həbsini qanunsuz hesab edərək onu azadlığa buraxıb. Xatırladaq ki, İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postundan uzaqlaşdırılıb. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib.