Qalx ayağa Azərbaycan! .....                        Ermənilərin növbəti Gəncə terroru - 4 il... .....                        Ölkəmizdə “Ağıllı su” sistemləri yaradılacaq .....                        Sumqayıtda yanğın .....                        “Birgə Atəşkəs Çağırışı”na 127 ölkə qoşulub .....                        Rəhmon Azərbaycan parlamentinin sədrini qəbul edib .....                        Baş Prokurorluqdan Əhmədlə bağlı açıqlama .....                        İlham Əliyev strategiyanı təsdiqləyən fərman imzaladı .....                        Prezident COP29-la bağlı sənədi təsdiqlədi .....                       
29-05-2023, 10:33
Dünya liderlərindən Ərdoğana təbrik mesajları


Dünya liderlərindən Ərdoğana təbrik mesajları

Ötən gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan qalib gəlib. Seçkidən sonra dünyanın aparıcı ölkələrinin liderləri Ərdoğanı qələbə münasibəti ilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıblar. Butov.az dünya liderlərinin Ərdoğanın qələbəsinə reaksiyalarını təqdim edir:

Fransa prezidentti Emanuel Makron



Fransa prezidenti Emmanuel Makron "Twitter" hesabında türkcə mesaj paylaşıb: "Fransa və Türkiyənin birlikdə aşacağı böyük sınaqlar var. Bunlara Avropaya sülh, Avro-Aralıq dənizi İttifaqımızın gələcəyi, Aralıq dənizi daxildir. Təbriklərimi çatdırdığım prezident Rəcəb Tayyib Ərdoğanla irəliləməyə davam edəcəyik".

Ukrayna prezidenti Volodimir Zelenski



"Prezident seçkilərində qazandığı qələbəyə görə Rəcəb Tayyib Ərdoğanı təbrik edirəm.Avropanın təhlükəsizliyi və sabitliyi üçün əməkdaşlığımızın inkişaf etməsini istəyirik", - Zelenski yazıb.

ABŞ prezidenti Co Bayden



"Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm. NATO müttəfiqləri olaraq ikitərəfli münasibətlər və paylaşılan qlobal çağırışlar üzərində işi davam etdirməyi səbirsizliklə gözləyirəm", - deyə Bayden bildirib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp



"Böyük və haqlı olan qalibiyyəti aldığı üçün Ərdoğanı təbrik edirəm. Onu yaxşı tanıyıram, dostumdur. Ölkəsini və türk millətini necə sevdiyini özündən öyrəndim. O, ölkəsini və millətini daha yüksək səviyyəyə çatdırdı", - Tramp qeyd edib.

Rusiya prezidenti Vladimir Putin

"Cənab Ərdoğan, hörmətli dostum, yenidən prezident seçilməyiniz münasibəti ilə təbriklərimi qəbul edin. Bu seçkilərdəki qələbə Türkiyə Cümhuriyyətinin lideri olaraq inamla addımlamanızın nəticəsi, türk xalqının dövlət suverenliyinin gücləndirilməsi, müstəqil xarici siyasət yeridilməsi istiqamətində gostərdiyiniz səyləri bariz sübutudur. Rusiya-Türkiyə münasibətlərinin gücləndirilməsinə və müxtəlif sahələrdə qarşılıqlı fayda qazandıran əməkdaşlığına töchə verdiyiniz üçün sizə minnətdar olduğumuzu, eyni zamanda ikitərəfli, regional və qlobal gündəmdəki cari mövzularda konstruktiv diyaloqumuzu davam etdirmək istədiyimi qeyd etmək istəyirəm. Biz planlaşdırılmış birgə layihələrin həyata keçirilməsinə, Akkuyu Atom Elektrik Stansiyasının tikintisinə və təbii qaz qovşağının yaradılmasına böyük önəm veririk. Dövlətin rəhbəri kimi belə məsuliyyətli fəaliyyətinizdə bütün qəlbimlə sizə yeni uğurlar, cansağlığı və firavanlıq arzulayıram",- deyə Putin bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan



"Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edirik. Ölkələrimiz arasında münasibətlərin tamamilə normallaşması üçün birlikdə çalışmağı səbirsizliklə gözləyirəm", - Paşinyan tviter hesabında yazıb. Qərbi Balkan ölkələrinin liderləri Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn Rəcəb Tayyib Ərdoğana təbrik məktubları ünvanlayıblar. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. "Türk xalqı öz fikrini bildirib və biz də onun bayramına qoşuluruq. Biz Türkiyə ilə Gürcüstan arasında dostluq əlaqələrini və strateji tərəfdaşlığı daha da gücləndirməyə hazırıq", - Baş nazir vurğulayıb. Bundan əlavə, Macarıstanın Baş naziri Viktor Orban, Qətər lideri Təmim Bin Həməd və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ərdoğana təbrik mesajlarını çatdırıblar. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən lider Azərbaycan Prezidenti İlham Əliyev olub. Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin oduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.
29-05-2023, 00:03
Prezident Qazaxıstanın ölkəmizə təyin olunan səfirini qəbul etdi


Prezident Qazaxıstanın ölkəmizə təyin olunan səfirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlətimizin başçısı ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini bildirib, bu baxımdan özünün Qazaxıstana, Qazaxıstan Prezidentinin isə Azərbaycana səfərinin əlaqələrimizin genişlənməsi işinə təkan verdiyini vurğulayıb. Prezident İlham Əliyev xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu qeyd edib, hər zaman qarşılıqlı dəstəyin nümayiş etdirildiyini bildirib. Bu gün bu amilin Xəzər dənizi hövzəsində və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük önəm daşıdığını deyib. Dövlətimizin başçısı hazırda Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin və daşımalarının həcminin artırılması istiqamətində fəal danışıqların getdiyini qeyd edərək, nəqliyyat-logistika sahəsinin iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biri olduğunu deyib və həyata keçirilən birgə infrastruktur layihələrinin yükdaşımaların həcminin genişlənməsi üçün yaxşı imkan yaratdığını vurğulayıb. Azərbaycan Prezidenti, eyni zamanda, gəmiqayırma müəssisələrinin imkanlarından da istifadə olunmasının önəmini qeyd edib. Dövlətimizin başçısı bir müddət bundan əvvəldən başlayaraq Qazaxıstandan neftin Azərbaycan ərazisindən nəql olunmasının əhəmiyyətini vurğulayıb və bunun energetika sahəsində əməkdaşlığı genişləndirmək işinə mühüm töhfə verdiyini deyib. Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu bildirən Alim Bayel ikitərəfli münasibətlərin bundan sonra da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib. Səfir ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ehtiramını ifadə edərək, Müstəqilik Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib. Alim Bayel əlaqələrimizin genişlənməsində iqtisadi-ticari sahədə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin və ölkələrimiz, eyni zamanda, digər regionlar üçün böyük geoiqtisadi önəm daşıyan layihələrin həyata keçirilməsinin prioritet olduğunu bildirib. Bu xüsusda Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsini, Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsini, Qazaxıstan neftinin ixracının şaxələndirilməsini qeyd edib. Görüşdə Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulanıb.



28-05-2023, 18:30
“HEYDƏR ƏLİYEVİN XALQ CÜMHURİYYƏTİNƏ DƏRİN EHTİRAMI"- Millət vəkilinin yazısı


“HEYDƏR ƏLİYEVİN XALQ CÜMHURİYYƏTİNƏ DƏRİN EHTİRAMI"- Millət vəkilinin yazısı

Çağdaş Azərbaycanın müstəqillik tarixi Heydər Əliyev şəxsiyyəti ilə o qədər çulğalaşmışdır ki, bu iki dəyəri ayrılıqda təsəvvür etmək mümkün deyil. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin bayraqdarıdır. Tarixə nəzər saldıqda bunu görmək olur. Sovetlər dönəmində Azərbaycan tarixi orta məktəbdə tədris edilirdi. Bu tədris proqramında Azərbaycan Cümhuriyyəti barəsində yalnız kiçik bir qeyd var idi. Bu bir cümləlik fikirdə "1918-1920-ci illərdə Azərbaycanda milli burjuaziya hakimiyyətdə olmuşdur" deyə bildirilirdi. Ulu Öndər milli azadlıq mücadiləsini yeni mərhələyə yüksəltdi.
Təbii ki, Azərbaycanın intellektual ziyalıları Cümhuriyyət tarixi haqqında bilgilərə malik idi. Heydər Əliyev respublikaya ilk rəhbərliyi dövründə Bakı Dövlət Universitetinin 50 illik yubileyində çıxışı zamanı bu təhsil müəssisəsinin tarixinə toxunaraq qeyd edirdi ki, Azərbaycan xalqının tarixində birinci ali məktəbin yubileyi elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azərbaycanın dövlət hüdudlarından çox-çox kənara çıxır. Bakıda universitet Azərbaycan xalqının həyatının ağır günlərində yaradılmışdır. Lakin bu gərgin vəziyyət universitet yaradılması uğrunda hərəkatın qarşısını ala bilməmişdi. Biz Azərbaycan xalqının bu və bir çox digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai fikrinin, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar.
Heydər Əliyev Cümhuriyyət irsinin tədqiqinə şərait yaratmışdır. Azərbaycanın tarixi irsinə sevgi bəsləyən Ulu Öndər Heydər Əliyev hələ Naxçıvana rəhbərlik etdiyi, SSRİ-nin mövcud olduğu bir vaxtda ilk fürsətdə öz arzularını gerçəkləşdirdi. Təsadüfi deyil ki, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesi Naxçıvandan başlanıldı. 17 noyabr 1990-cı il tarixində Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiyasında böyük dövlət xadiminin təşəbbüsü ilə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması təklif edildi. Dahi şəxsiyyətin özünün işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" tarixi qərarda deyilirdi:
1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.
2. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi - Dövlət himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
3. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin.
Bundan sonra yeni qəbul olunmuş dövlət bayrağı zala gətirildi və Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi.



Heydər Əliyev bu hadisəni belə xatırlayırdı: "Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından "sovet sosialist" sözləri çıxarılmalıdır. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq".
Bundan sonra - 18 oktyabr 1991-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Tarixi sənədin 2-ci maddəsində deyilir: "Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir".
Heydər Əliyevin parlamentdəki ilk çıxışı 7 mart 1991-ci il tarixdə yeni ittifaq müqaviləsinə qoşulmaq məsələsi müzakirə edildiyi zamana təsadüf edir. Həmin vaxt parlament ideoloji baxımdan iki cəbhəyə bölünmüşdü. Bir qisim Azərbaycanın ittifaqdan ayrılıb müstəqil, azad bir dövlət kimi yaşamasının tərəfdarı idi. Digər qisim isə Azərbaycanın ittifaq tərkibində qalmasına tərəfdar idi.
Müstəqillik tərəfdarları Azərbaycan xalqının azadlıq istəyinin carçıları idi. Bu siyasətçilərin önündə gələn Heydər Əliyev idi. Ulu Öndər parlamentdəki çıxışında SSRİ-nin siyasi-fəlsəfi mahiyyətini açaraq praktik nümunələr gətirməklə onun imperiya olduğunu bildirir və yeni bir ittifaqa girməyi Azərbaycan xalqı üçün rəva bilmirdi.
"Bir sözlə, mən yeni ittifaqa nail olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Bu, bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır. O, öz tarixini yenidən təhlil edir, yenidən qiymətləndirir, öz milli ənənələrini bərpa edir, milli köklərinə qayıdır. Respublikada aşağıdan, xalq kütlələri tərəfindən başlanmış milli dirçəliş, dövlət dirçəlişi hərəkatı inkişaf edir", - deyə Ulu Öndər bildirmişdir.
Heydər Əliyev parlamentdəki ilk çıxışında ideoloji məsələyə özünün sərt və açıq münasibətini ifadə etmişdi. Ulu Öndər bu fikirləri söyləməklə respublika rəhbərliyini ölkənin formal deyil, real müstəqillik yolunu tutmasına, aydın ideoloji konsepsiya yaratmağa səsləyirdi. O qeyd edirdi: "Məmməd Əmin Rəsulzadə partiyasının ideyasını təmsil edən bayraqla ona zidd olan ideyanın banisinin büstünün sessiya keçən salonda yan-yana durması da təəccüb doğurur. Sadəcə desək, bu uyğunsuzluğu anlamaq çətindir. Bəlkə buna bir izahat vermək lazım idi?"
Heydər Əliyevin irəli sürdüyü müstəqil ideoloji konsepsiya tarixi varisliyə əsaslanırdı. O, özünü Xalq Cümhuriyyətinin varisi elan edən bir respublikanı sovet imperiyasına aydın münasibət bəsləməyə çağıraraq deyirdi: "28 May Azərbaycan dövlət quruluşunun dirçəliş günü kimi istirahət günü elan edilib. Məlumdur ki, 28 May 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Belə olan halda bu hadisəyə və 28 aprel 1920-ci il hadisəsinə siyasi qiymət vermək lazımdır. Bu məsələlər gərək Ali Sovetin sessiyasında müzakirə olunsun. İkitərəfli, daha açıq desək, ikiüzlü, qorbaçovsayağı siyasət xalqda inam doğura bilməz. Bu günlərdə Minsk şəhərində çıxış edərkən Qorbaçov kommunist olduğunu, Kommunist Partiyasına axıra qədər sadiq qalacağını təkidlə sübut etməyə çalışırdı. Fəqət öz andını Kommunist Partiyasına, Leninə, Oktyabr inqilabı ideyalarına tam zidd mövqe tutan Soljenitsının sözləri ilə əsaslandırırdı. Sual olunur: biz hansı məzhəbə itaət etməyə dəvət olunuruq?"
Heydər Əliyevin dövlətçilik ideyasının əsasını müstəqillik düşüncəsi təşkil edir
Ulu Öndər Heydər Əliyev çıxışlarının birində milli dövlətçilik şüurunun formalaşması kontekstində tarixi məsələlərə öz konseptual baxışını belə ifadə edir: "Bizim xalqımızın böyük, möhtəşəm tarixi var. Biz öz tariximizlə fəxr edə bilərik. Bizim xalqımızın böyük dövlətçilik tarixi olubdur. Ən qədim dövrlərdən Azərbaycan torpağında əzəmətli dövlətlər olmuşdur. Orta əsrlər Azərbaycan dövlətçiliyi tariximizə gözəl nümunələr vermişdir. Şirvanşahlar dövləti, Atabəylər dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti - bunlar hamısı Azərbaycan xalqının dövlətçiliyinin tarixidir. Ondan sonra Azərbaycanda olan xanlıqlar da dövlətçilik xarakteri daşımışdır. XX əsrin əvvəlində, 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Ondan sonrakı dövr, 1920-ci ildən 1991-ci ilə qədər olan dövr Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan xalqı böyük bir inkişaf dövrü keçmişdir. Beləliklə, Azərbaycan torpağında ən qədim zamanlardan indiyə qədər müstəqil dövlətlər olmuşdur. Biz bununla fəxr edirik və fəxr edə bilərik".
Heydər Əliyev müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına, xalqımızın özünü dərk etməsinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünəri ilə çalışırdı. O, yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmkar mübarizə aparırdı.
Heydər Əliyevin parlamentdəki ilk çıxışını araşdırdıqca müstəqilliyə münasibətdə əsrin əvvələrində mövcud olmuş kəskin fikir ayrılıqları diqqətimizi cəlb edir. Hələ Azərbaycanın Zaqafqaziya seymində olduğu bir vaxtda bir qrup şəxs Azərbaycanın müstəqil ola bilməyəcəyi, nicatımızın yalnız Rusiyada olduğunu səsləndirirdi. Lakin M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.X.Xoyski, N.Yusifbəyli isə Azərbaycanın müstəqilliyinə çalışır və bu ideyanı təbliğ edirdilər.



Hələ 1917-ci ildə Bakıda Müsəlmanların birinci qurultayında çıxış edən Nəsib bəy Yüsifbəyli deyirdi: "Kim deyə bilər ki, biz özümüzü idarəetmə səlahiyyətində bir millət deyilik?!"
Bu tarixi nailiyyəti yüksək qiymətləndirən Heydər Əliyev qeyd edirdi: "XIX əsrdən başlanan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxardı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün münbit zəmin yarandı".
Heydər Əliyevlə Rəsulzadə ailəsinin görüşü barədə böyük siyasi xadimin nəvəsi Əməkdar rəssam Rais Rəsulzadənin fikirləri maraqlıdır. Heydər Əliyevlə görüşlərini xatırlayan R.Rəsulzadə maraqlı məqamlara toxunaraq deyir: "Bu hadisə atamın Bakıya son gəlişində baş vermişdi. 1991-ci il idi. Atam növbəti dəfə Bakıya gəlmişdi. Məktəb dostlarından biri ilə zəngləşib danışmışdılar, görüşməli idilər. Görüşün vaxtına hələ vaxt vardı. Atam mənə dedi ki, gəl Şəhidlər xiyabanına gedək, şəhidlərimizi ziyarət edək. O vaxt orada 20 Yanvar şəhidləri dəfn edilmişdi. Şəhidlər xiyabanında şəhidlərimizi ziyarət etdik. Şəhidlər xiyabanında heç kim yox idi, ikimiz idik. Birdən atam qoluma toxundu ki, o, Heydər Əliyevdir. Mən də baxdım ki, həqiqətən odur. Onun da yanında jurnalistlər var idi. Özü də girəcəkdə idi, müsahibə verirdi. Onların hamısını araladı, düz bizim yanımıza gəldi. Atamla salamlaşdı, dedi ki, "Siz Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərsiniz?" Atam dedi, bəli. Heydər Əliyev dedi ki, "mən sizi bir dəfə televizorda görmüşəm. Necəsiniz? Nə var, nə yox? Eşitmişdim problemləriniz var. Səhhətiniz nə yerdədi?" Atam da dedi ki, "Necə olacaq, "xalq düşməni" damğasını atmışam, gəlmişəm bura". Heydər Əliyev də dedi ki, "Mən də "kommunist" damğasını atmışam. Sabah burada Milli Məclisdə çıxış etməliyəm".



Bizim burada 3 evimiz var idi, atam deyirdi ki, o evləri aldılar. Atam Heydər Əliyevdən soruşdu ki, "düzünü deyin, mən Bakıya gəlsəydim, siz mənə ev verərdiniz?" Heydər Əliyev də atama dedi, "Əlbəttə, sizə ev verərdim, niyə vermirdim". Bundan sonra Heydər Əliyev çox maraqlı bir tarix danışır: "O vaxtı "Qlavlit"də müdür, bilikli mütəxəssis lazım idi, adam tapa bilmirdik. Bir gün gəldilər ki, biz adam tapmışıq, amma o, olmaz. Dedim niyə? Dedilər, çünki Məhəmməd Əminin qohumudur. Mən də dedim o nə deməkdir ki? Gətirin vəzifəyə həmin adamı. Gəldi, fəaliyyət göstərdi, özünü doğrultdu da həmin adam. Ona görə o vaxt gərək gələrdiniz".
Heydər Əliyev bizimlə görüşdüyü dönəmdə Naxçıvanda fəaliyyət göstərirdi. Ona görə deyirdi ki, indi mənim burada səlahiyyətim yoxdur, amma Naxçıvana gəlin, orada nə şərait istəyirsiniz, sizə yarada bilərəm. Qeyd etdi ki, orada mənim stolumun üstündə Leninin büstü var idi, onu atdıq, Məhəmməd Əmin Rəsulzadənin büstünü qoymuşuq, onun bayrağını asmışıq. Görüş belə oldu...
R.Rəsulzadə Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bildirib ki, atasına qarşı dəfələrlə təxribatlar törədiblər. Hətta Məhəmməd Əmin Rəsulzadənin vəfatından istifadə etmək istəyənlər də olub: "1955-ci ildə atamı çağırdılar ki, atanız Ankarada vəfat edib, getmək istəyirsinizmi? Təbii ki, atamı Ankaraya müəyyən şərtlərlə göndərirdilər. Atam 35 yaşında idi, bilirdi ki, şərtlərə məxfi işlərlə məşğul olmaq, kimlərləsə əlaqə yaratmaq da daxildir. Atam dedi ki, getmək istəmirəm".



Rais Rəsulzadə Bakıya niyə gəldiyini də söyləyib: "1965-ci ildə Bakıya gəldim. Atam etiraz eləyirdi. Amma mən hər şeyi bilirdim, deyirdim ki, ədaləti bərpa eləməliyəm". M.Ə.Rəsulzadənin yadigarı atasının son arzusunu açıqlayıb: "Atam vəsiyyət eləmişdi ki, vətəndə dəfn olunsun. Kimsə gəlib Heydər Əliyevə Rəsulzadənin oğlunun vəfat etdiyini deyəndə soruşmuşdu ki, siz hələ onu gətirməmisiniz? Ondan sonra xəbər aldıq ki, təyyarə gəlir. Gecə ilə gəldilər, apardıq, Novxanıda babasının yanında dəfn elədik". Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin irsinə xüsusi ehtiramla yanaşır. Ulu Öndər Heydər Əliyevin 22 fevral 1998-ci il tarixili sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi üzrə dövlət komissiyasının tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planında Azərbaycan Xalq Cümhuriyyəti irsinin yaşadılması fəaliyyət növünə görə aşağıdakı kimi qruplaşdırılmışdır.

1) Cümhuriyyət irsinin öyrənilməsi.

2) Cümhuriyyət irsinin təbliği.

3) Gələcək nəsillərə çatdırılması.

Sonradan biz cənab İlham Əliyevin fəaliyyətində Azərbaycan Xalq Cümhuriyyəti irsinə hörmətin ifadəsini gördük. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının çap edilməsini, Cümhuriyyət generalları Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovun, Cümhuriyyət ideoloqları M.Ə.Rəsulzadənin, Əli bəy Hüseynzadənin və Əhməd bəy Ağaoğlunun yubileylərinin keçirilməsi barədə sərəncamları nümunə gətirmək olar.



Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı verdiyi sərəncama görə, görkəmli dövlət xadiminin nəvəsi Əməkdar rəssam Rəis Rəsulzadə Prezident İlham Əliyevə göndərdiyi təşəkkür məktubunu da Cümhuriyyət tarixinin bir parçası hesab etmək olar. Məktubda deyilir:
"Hörmətli cənab Prezident! Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı verdiyiniz sərəncama görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sərəncam bütün Azərbaycan xalqının sevincinə səbəb oldu. Bu, Sizin mənəviyyatımıza, mədəniyyətimizə, tarixi-dövlətçilik ənənələrimizə, istiqlal ideyalarına verdiyiniz bir töhfədir. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən M.Ə.Rəsulzadənin 110 illik yubileyi ilə əlaqədar sərəncam verilmişdi. Yenidən belə bir sərəncam imzalanması sevindiricidir. Bu, Xalq Cümhuriyyətinin banilərinə verilən layiqli qiymətdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan respublika bu gün müstəqil dövlət kimi dünya miqyasında öz layiqli yerini tutmuşdur. Qüdrətli Azərbaycan dövləti quruculuğunda istiqlal ideyalarına sadiq olduğunuz üçün, ali dövləti fəaliyyətinizdə, xalqımızın və dövlətimizin gələcək inkişafı naminə apardığınız siyasətdə Sizə uğurlar, möhkəm cansağlığı, doğma Azərbaycanımızın daha da qüdrətlənməsində yeni nailiyyətlər arzulayıram". Azərbaycanın siyasi irsinə münasibətdə Prezident İlham Əliyev tarixi şüura söykənir. Dövlətimizin başçısı Azərbaycanın dövlətçilik ənənələrini yüksək qiymətləndirir. O, bildirir ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. AXC mürəkkəb şəraitdə üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, Ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Cənab İlham Əliyev siyasi irsi yüksək qiymətləndirməklə, Ümummilli Lider Heydər Əliyevin siyasi varislik fəlsəfəsinə hörmətlə yanaşmaqla gələcək nəsillər üçün gözəl nümunə yaradır. İlham Əliyev deyir: "Xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq". Heydər Əliyev irsini ən yaxşı əxz etmiş siyasətçi, peşəcə tarixçi diplomat olan cənab İlham Əliyev demişdir. "Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı - Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq... Azərbaycanda bu siyasətin alternativi yoxdur". 21 sentyabr 1993-cü il tarixdə Prezident səlahiyyətlərini həyata keçirən Ali Sovetin Sədri Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasında ziyalılarla görüşdə deyib: "Azərbaycanda 1918-ci ildə ilk demokratik respublika yaradıldı. Bu, şübhəsiz ki, tarixi bir hadisədir. Azərbaycanın müstəqilliyi uğrunda son dövrlərdə gedən proseslərlə həm mətbuatda, həm də ictimai-siyasi proseslərdə ilk Azərbaycan Demokratik Respublikası böyük bir nailiyyət kimi qeyd olunub və onun gördüyü işlər yüksək qiymətləndirilibdir. Bu, təbii bir haldır, tariximizin böyük və parlaq bir mərhələsidir. Bu mərhələni biz layiqincə qiymətləndirməliyik və mən də bu gün sizin qarşınızda bunu bildirmək istəyirəm. Bəli, 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Azərbaycan tarixində böyük siyasi-ictimai hadisədir. Belə bir demokratik dövlətin mövcud olması və müəyyən qədər fəaliyyət göstərməsi Azərbaycanın sonrakı dövrlərinə təsir edibdir. Düzdür, bu demokratik respublika cəmi 23 ay fəaliyyət göstərdi, sonra isə təslim oldu. Mən bu fikrə yenə qayıdacağam. Biz tariximizi həmişə obyektiv təhlil etməliyik və bugünkü nəslə, gələcək nəsillərə düzgün çatdırmalıyıq. Təəssüf ki, əvvəlki dövrlərə aid tariximizdə çox faktlar təhrif olunubdur, indi də təhrif edilir. Əgər o vaxt bir istiqamətdə təhrif olunurdusa, indi başqa bir istiqamətdə təhrif edilir". Sonra isə Heydər Əliyev tarixşünaslıq qarşısında yeni vəzifələr müəyyən edərək bildirir: "Tarixçilərimizin borcudur ki, bu qüsuru aradan götürsünlər. Ancaq biz deməliyik ki, demokratik respublika, onun liderləri Məmmədəmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyov, Məmmədhəsən Hacınski və başqaları çox böyük işlər görüblər. Onlar Azərbaycanı müstəqil bir dövlət kimi dünyanın bir qisminə tanıtdılar, bir neçə tədbir gördülər. Eyni zamanda onların fəaliyyətinin, ümumiyyətlə, uğursuzluğu təkcə ondan ibarət deyil ki, Azərbaycan 20-ci il aprel ayının 28-də qızıl ordu tərəfindən işğal olundu. Hələ həmin işğala qədər bu demokratik dövlət, demək olar, öz süqutuna gəlib çatmışdı. Tarixçilər yaxşı bilirlər ki, 23 ay ərzində bu dövlətin tərkibi beş dəfə dəyişib, bu dövlətdə, bu parlamentdə beş partiya iştirak edib: Müsavat Partiyası, İttihad Partiyası, Əhrar Partiyası, Sosialist Partiyası, hətta "Daşnaksütyun" partiyası. Bu parlament sistemi dövlətin yaşamasına imkan vermədi və ayrı-ayrı qruplar, partiyalar arasında gedən çəkişmələr, çarpışmalar, intriqalar özü-özlüyündə bu dövlətin adına ləkə vurdu. Mən bunu nə üçün deyirəm? Ona görə ki, biz bundan ibrət dərsi almalıyıq. Biz o dövrü, o demokratik hökumətin fəaliyyətini qiymətləndiririksə və belə bir mərhələnin tariximizdə olması ilə fəxr ediriksə, həmin proseslərin qüsurlarını da bilməliyik ki, o səhvləri daha buraxmayaq".



Bəzi hallarda Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu zamanda baş vermiş hadisələrə obyektiv tarixi gerçəklik nöqteyindən yanaşılması zərurəti yaranır. Heydər Əliyevin yuxarıda qeyd olunan "Biz o dövrü, o demokratik hökumətin fəaliyyətini qiymətləndiririksə və belə bir mərhələnin tariximizdə olması ilə fəxr ediriksə, həmin proseslərin qüsurlarını da bilməliyik ki, o səhvləri daha buraxmayaq" fikirləri dövlətçilik təfəkkürünün təzahürü kimi qəbul edilməlidr. Bu mənada cənab Prezident İlham Əliyev tərəfindən İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsinə yönəlik tənqidlər obyektiv gerçəkiliyi əks etdirir. Tarixi təcrübə göstərir ki, hər bir xalqın hansısa əlverişli situasiyada milli-etnik soykökünə qayıdışı əsasən lider fenomeninin fövqəladə missiyası ilə şərtlənir. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuş, böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev isə bu müstəqilliyin gələcək nəsillərə ötürülməsi üçün daha böyük tarixi missiyanı yerinə yetirmişdir. Ümummilli Lider Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi varislik məsələsinə münasibəti demək olar ki, eynidir. Tarixi yaradan və yaşadan hər iki liderin Azərbaycan sevgisi ən gözəl örnəkdir!



Sadiq QURBANOV

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

28-05-2023, 16:43
Prezident Laçın şəhərinin Baş planıyla tanış oldu


Prezident Laçın şəhərinin Baş planıyla tanış oldu

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Laçın şəhərinin Baş planı təqdim olunub. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyevə Baş planda nəzərdə tutulan tədbirlər və plana əsasən görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu - İsveçrənin “SA Partners” şirkətinin iştirakı ilə hazırlanıb. Şirkətin həmtəsisçisi və tərəfdaşı Dunya Kovari-Binggeli bildirdi ki, Laçının özünəməxsus füsunkar təbiəti və rəngarəng landşaftı şəhərin turizm məkanı kimi inkişaf etdirilməsinə, fəal rekreasiya, idman, açıq hava istifadəsi və sağlam həyat imkanları olan canlı və cəlbedici regional mərkəzə çevrilməsinə şərait yaradacaq. Beynəlxalq Hava Limanının yaxınlığında, beynəlxalq və respublika əhəmiyyətli bir sıra avtomobil yollarının kəsişməsində yerləşdiyi üçün şəhər regiona giriş qapısı funksiyasını daşımaqla çoxşaxəli inkişaf istiqamətlərinə malik olacaq. Laçın şəhərinin mövcud planlaşdırma strukturunun saxlanılması və bərpası, o cümlədən yeni yaşayış ərazilərinin inkişaf etdirilməsi əsas hədəf götürülməklə zonalaşdırılıb. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb. Diqqətə çatdırıldı ki, Baş planın konseptual əsasını “Təbiətlə vəhdətdə olan şəhər” yanaşması təşkil edir. Buraya urbanizasiya mərkəzinin xüsusiyyətlərinin formalaşdırılması, iqtisadi şaxələndirmənin təmin edilməsi, ekoloji həssas ərazilərin mühafizəsi, yaşıl enerji mənbələrindən və müasir texniki infrastruktur texnologiyalarından istifadə, həmçinin şəhər xidmətlərinə piyada əlçatanlığının artırılması daxildir. Plana əsasən, Laçın şəhəri “ağıllı idarəetmə”, müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək. Qeyd olundu ki, Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Xatırladaq ki, ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq yerli ənənələrə, müasir yanaşmalara əsaslanan və Laçın şəhərinin özünəməxsus simasının formalaşdırılmasında istifadə ediləcək memarlıq layihələri həyata keçiriləcək.





28-05-2023, 16:23
Sizi həm qayıtmağınız, həm də bayram münasibətilə təbrik edirəm


Sizi həm qayıtmağınız, həm də bayram münasibətilə təbrik edirəm

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Dövlət başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Bu gün Müstəqillik Günüdür. Əziz laçınlılar, ilk növbədə sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir. Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək. Bununla paralel olaraq indi tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq, bütün digər lazımi şərait yaradılır. Dünən mənə göstərilən təqdimatda gördüm ki, onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Yəni, burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır və gördüyünüz kimi, bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda yaradılmaqda olan bütün şəhər və kəndlərimiz təxminən bax bu səviyyədədir. Dünən Kəlbəcər və Laçın rayonlarında yeni yaradılan və yaxın gələcəkdə istifadəyə veriləcək kəndlərin təməlqoyma mərasimlərində iştirak etmişəm. Yəni, azad edilmiş bütün ərazilərdə geniş quruculuq işləri aparılır. Yəni, bu, bir daha onu göstərir ki, biz - o torpaqların sahibləri gəlmişik qurmaq üçün, yaratmaq üçün. Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub, özü də yaşamayıb, bizə də yaşamağa imkan verməyib. Biz isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünlərin birinci qrupunu Ağalı kəndinə, Talış kəndinə yerləşdirmişik və üçüncü yaşayış yeri, hara ki, keçmiş köçkünlər qayıdır, Laçın şəhəri olub. Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik. Bildiyiniz kimi, Zabux və Sus kəndləri də Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilmişdir və orada da fəal iş aparılır. Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik. Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi,- ilk növbədə, sizin üçün, çünki siz artıq doğma torpaqlarda yaşaya bilmirdiniz,- eyni zamanda, gənc, müstəqil Azərbaycan üçün. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu. Bizim müstəqilliyimizin bərpasının heç bir yaşı tamam olmamışdı. Mənfur düşmən bizə qarşı artıq açıq təcavüzə keçmişdi. Əfsuslar olsun ki, nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmişlər, bir çox hallarda hər ikisi xəyanət törətmişdir. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Görün, bu tarixlərin - yəni, Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var. May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq. 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü, artıq hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində. Aprel ayında biz Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Yəni, bu tarixlər arasında bağlılıq var. O vaxt Azərbaycan müstəqil ölkə kimi yaşasa da, ancaq müstəqil siyasət apara bilmirdi. Azərbaycan zəif idi, gücsüz idi, ölkədə gedən dağıdıcı proseslər yeni əldə edilmiş müstəqilliyi faktiki olaraq şübhə altına qoymuşdu. Ölkədə həm iqtisadi böhran, siyasi böhran, hərbi böhran hökm sürürdü, hakimiyyət uğrunda mübarizə, demək olar ki, savaş gedirdi, vətəndaş müharibəsi alovlanırdı. Bütün bu işlərin səbəbkarı o vaxt Xalq Cəbhəsi-Müsavat cütlüyünün mənfur fəaliyyəti idi. Bu ay biz Ulu Öndər Heydər Əliyevin 100 illiyini qeyd etmişik və ilin sonuna qədər tədbirlər davam edəcək. Məhz onun Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, Azərbaycan inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu. 1993-cü ilin oktyabr ayından – o, prezident vəzifəsinə seçiləndən sonra bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib. O vaxt isə vəziyyət tam fərqli idi. Laçın, Kəlbəcər və Şuşa işğal olunandan sonra təbii ki, erməni silahlı qüvvələri böyük strateji - hərbi üstünlük əldə etmişlər və digər torpaqlarımızı da işğal edə bilmişlər. Siz yaxşı bilirsiniz, mən uzun illər ərzində çalışırdım ki, biz bu işğala danışıqlar yolu ilə son qoyaq. 20 ilə yaxın apardığım danışıqlar bunu bir daha göstərir. Ancaq siz də, bütün Azərbaycan xalqı da, bütün dünya ictimaiyyəti də yaxşı bilirdi və bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi, işğal edilmiş torpaqlardan çıxmaq istəmirdi. Sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq üçün, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün belə bir təklif irəli sürürdü ki, bəli, guya onlar beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Biz isə heç vaxt bununla razılaşa bilməzdik. Mən hər zaman deyirdim ki, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Bu gün müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində biz buna nail olmuşuq. Biz düşməni döyüş meydanında məğlub etmişik. Danışıqlar yolu ilə olsaydı, daha yaxşı olardı, ancaq mən deyirdim ki, biz hər varianta hazır olmalıyıq və azadlıq gününü hər birimiz yaxınlaşdırmalıyıq və yaxınlaşdırdıq. Danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik və bu gün heç kimdən asılı deyilik. Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır. Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub. Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq. Onların qəhrəmanlığı, şücaəti sayəsində biz, bax, bu gün burada oturmuşuq və bu gün bu torpaqlarda həyat canlanır. İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. İkinci Qarabağ müharibəsindən keçən dövr də gələcək üçün çox önəmli idi. Çünki müharibə başa çatanda, demək olar ki, bu məsələ ilə vaxtilə məşğul olmuş vasitəçilər heç özləri də bilmirdilər ki, bundan sonra onlar nə ilə məşğul olacaqlar. Ermənistan tamamilə aciz vəziyyətdə idi, o, acı məğlubiyyətin ağrılarını, yaralarını hələ də sağalda bilmir. Onlara böyük psixoloji zədə, travma vuruldu, bu, təbiidir. Ona görə Azərbaycan burada yenə də liderlik göstərdi. Yəni, bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb. Biz demişik ki, ATƏT-in Minsk qrupunun xidmətlərinə, - əslində, bu, ayı xidməti idi, - ehtiyac yoxdur. Biz dedik ki, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır. Biz lazımi addımlar ataraq bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq. Biz 23 aprel tarixində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoyaraq məsələni birdəfəlik həll etdik, ərazi bütövlüyü məsələlərini birdəfəlik həll etdik. Onsuz da İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edilmişdir. Ancaq sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır. Yəni, bütün bu reallıqları yaradan biz olmuşuq. Məhz bunun nəticəsində İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra həm Azərbaycan-Ermənistan sərhədində, həm Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə, həm sərhəd-buraxılış məntəqəsini qoymaqla biz yeni reallıq yaratdıq və Ermənistanı məcbur etdik ki, bizim dediyimizi onlar da təkrarlasın. Mən bunu İkinci Qarabağ müharibəsi başa çatandan sonra demişdim, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi o halda mümkündür ki, onlar deyəcəklər: Qarabağ Azərbaycandır! Onlar cəmi 3-4 il bundan əvvəl “Qarabağ Ermənistandır” deyirdilər və hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilərlər. Hesab edirdilər ki, biz azərbaycanlılar bu vəziyyətlə barışacağıq. Mən isə deyirdim ki, yox, barışmayacağıq. Onlara da, onların havadarlarına da, onlara bu gün dəstək verənlərə də o vaxt deyirdim ki, biz heç vaxt barışmayacağıq. Həyat bir daha onu göstərdi ki, nə deyiriksə, onu da edirik. Bir neçə gün bundan əvvəl Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlama faktiki olaraq mənim bir neçə il bundan əvvəl dediyim “Qarabağ Azərbaycandır!” sözlərimin təkrarıdır. İndi isə artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Əminəm ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. İmzalansa, çox yaxşı, imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq. Mən yaxşı xatırlayıram, yəqin ki, siz də xatırlayırsınız, 2011-ci il dekabrın 24-də ad günümdə mən laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşmüşdüm. Mən adətən öz ad günlərimi, o cümlədən yubiley sayılan ad günlərimi qeyd etmirəm, 60 yaşımı Cıdır düzündə qeyd etmişəm, 50 yaşımı isə Taxtakörpü qəsəbəsində laçınlılarla qeyd etmişəm. O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı. O görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi. O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz. Əminəm ki, hamımız bu gün xoşbəxtlik içində yaşayırıq. Böyük nikbinliklə yaşayırıq. Qürur hissi ilə yaşayırıq. Çünki İkinci Qarabağ müharibəsi bizim əbədi qürur mənbəyimizdir. Bu Zəfər bizimlə əbədi olacaq və gənc nəsil, uşaqlar, bax, bu Zəfər qüruru ilə yaşayacaqlar. İndi isə qurub-yaratmaq vaxtıdır. Bir daha demək istəyirəm ki, bugünkü Laçın şəhərinin siması, - halbuki qeyd edirəm, bu, sadəcə olaraq, birinci mərhələdir, - göstərir ki, biz qurub-yaradan xalqıq və göstərir ki, bu torpaq bizimdir. Bu, həmişə bizim torpaq olub. Sadəcə olaraq, mənfur düşmən öz xarici havadarları ilə birlikdə bizim zəifliyimizdən istifadə edib, hakimiyyətsizlikdən istifadə edib bu torpaqları zəbt etmişdi və burada əbədi yaşamaq istəyirdi. Onu da bildirməliyəm ki, Laçın rayonunda, eyni zamanda, Kəlbəcər rayonunda ermənilər qanunsuz məskunlaşma aparırdılar. Bu, beynəlxalq konvensiyalarla hərbi cinayət sayılır. Ancaq onların hansı vəziyyətdə yaşamalarını mən buraya sentyabr ayında gələndə gördüm. Onların özləri üçün qurduqları şəraiti mən heç nə ilə müqayisə edə bilmirəm. Çünki insan o şəraitdə necə yaşayıb, onu yəqin ki, ancaq özləri bilə bilər. Biz Laçına qayıdandan dərhal sonra artıq quruculuq işlərinə start verdik. Mən sentyabr ayında gəldim, sentyabrın sonundan biz artıq işlərə başlamışıq. Siz yaxşı bilirsiniz ki, İkinci Qarabağ müharibəsi başa çatanda Laçın, Kəlbəcər və Ağdam rayonunun böyük hissəsi hələ də işğal altında idi. Müharibə zamanı dəfələrlə deyirdim ki, Ermənistan rəhbərliyi mənə tarix verməlidir, bizim torpaqlarımızdan öz qoşunlarını nə vaxt çıxaracaq, ancaq o təqdirdə biz müharibəni dayandıra bilərik. Şuşa işğaldan azad olunandan, bir çox kəndlər azad olunandan sonra Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atmışdır. Əldə edilmiş razılaşmaya görə, ermənilərin yaşadıqları Qarabağ bölgəsi ilə Ermənistan arasında bir yol bağlantısı olmalı idi və Rusiya sülhməramlı qüvvələri bu yola nəzarət etməli idilər. Beləliklə, Laçın şəhəri hələ də faktiki olaraq işğal altında idi və məhz noyabrın 10-na qədər gedən danışıqlar nəticəsində mən təkidlə nail oldum ki, yeni yol çəkiləcək və yeni yol çəkiləndən sonra Laçın şəhəri bizə qaytarılacaq. Yolun razılaşdırılması üçün üç il vaxt müəyyən edilmişdi, sadəcə olaraq, yolun marşrutunun razılaşdırılması üçün. Biz nəinki bunu razılaşdırdıq, eyni zamanda, ilyarım ərzində bu yolu inşa etdik və avqustun əvvəlində artıq Laçında yaşamış ermənilərə və Rusiya sülhməramlı qüvvələrinə bildiriş göndərdik ki, biz artıq gəlirik, xahiş edirik, buradan çıxın. Ondan sonra bizdən xahiş olundu ki, müəyyən vaxt verilsin, avqustun 25-nə qədər vaxt verilsin və ondan sonra onlar Laçını, Zabux və Sus kəndlərini boşaldacaqlar. Mən isə razılaşdım, çünki 20 gün o qədər də böyük fərq deyil. Beləliklə, avqustun 25-də sonuncu erməni işğalçı, yaxud ki, qanunsuz yaşayan Laçını tərk etdi və avqustun 26-da biz Laçına qayıtdıq. Bax, bu, bir daha onu göstərir ki, hər bir qarış torpaq bizim üçün əziz və doğmadır. Hər şəhər, hər kənd bizimdir və torpaqdan pay ola bilməz. Danışıqlar zamanı müxtəlif mərhələlər olub, müxtəlif məqamlar olub. Təzyiqlər də olub, hədələr də olub və bəziləri bizi işğalla barışmaq üçün böyük səylər göstərirdilər. Ancaq bizim əyilməz mövqeyimiz, iradəmiz bütün bu səyləri alt-üst etmişdir. Mən deyirdim ki, heç bir güzəşt ola bilməz. “Beş rayon bizə qaytarılsın, iki rayon qalsın əbədi ermənilərin nəzarəti altında” - bu, mümkün deyil. Biz bir kəndi də güzəştə getmək fikrində deyildik və bu gün bunu sübut etdik. Aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır. Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq. Birincisi, bu, qanunsuzdur. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır. İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər. Onu da bildirməliyəm ki, son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar. Bunu mən müxtəlif görüşlər əsnasında artıq görürəm. Yəni, nəyə görə razılaşıblar? Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Sadəcə olaraq, bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır. Birincisi, biz oraya heyət göndərmişdik. Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək. Ona görə onlara ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacağıq. Mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Bir dənə də olsun sözümüz, necə deyərlər, havada qalmayıb, bu söz də havada qalmayacaq. Əgər mən deyirəmsə ki, amnistiyaya baxmaq olar, bu fürsəti də qaçırmasınlar. Onlar bir çox fürsətləri qaçırıblar, bir çox fürsətləri və hər dəfə, necə deyərlər, gərək onların başından vuraydıq ki, özlərinə gəlsinlər. Bir müddət bundan əvvəl bizim iki hərbçimiz yolu azaraq Ermənistan ərazisinə keçib və orada da işgəncələrə məruz qalıb. Bildirməliyəm ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razılığa gəliblər, əgər kimsə yolu azsa, - çünki bu ehtimal çox böyükdür, xüsusilə qış aylarında, siz özünüz bilirsiniz ki, burada iqlim çox sərtdir, dağlardır, dərələrdir, yolu azmaq olar, - əgər belə bir hal baş verərsə, maksimum iki günə o adamlar qaytarılmalıdır. Biz buna əməl edirdik. Onları maksimum iki gün saxlayıb, sorğu-suala tutub qaytarırdıq, mülki vətəndaşları da, hərbçiləri də. Görün, onlar nə etdilər?! Onlar, birincisi, yolu azmış hərbçilərimizi vəhşicəsinə döyüblər, qandallayıblar, ləyaqətini alçaldıblar, döyülmə anlarını videoya çəkiblər. Ondan sonra həbs ediblər və artıq məhkum ediblər. Bu, harada görünüb? Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə mən bildirdim ki, bu, dözülməzdir. Əgər siz bu razılaşmanı pozursunuzsa, bunun acısını siz özünüz çəkəcəksiniz. Dərhal bizim hərbçilərimizi qaytarın. Amma bunun əvəzinə onlara iş verilib, 11 il müddətinə məhkum ediliblər. Nə məhkəmə olub, nə vəkil olub, nə hakim olub, nə də media nümayəndələri. Belə məhkəmə olar? Bu, qanunsuzluqdur. Ona görə bu gün də deyirəm, hələ ki, gec deyil. Hələ ki, Ermənistanın de-fakto olmasa da, hüquqi cəhətdən müstəqilliyi var, hələ ki, Ermənistan sərhədləri anlayışı müəyyən mənada qəbul edilir. Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim. Ona görə delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar. Əziz laçınlılar, siz uzun illər əzab içində yaşamısınız, həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində. Ondan daha ağırı mənəvi əzab idi. Yəni, öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim, deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək. Mən sizi həm qayıtmağınız, həm də bayram münasibətilə təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.














28-05-2023, 15:16
Muharrem İnce Ankarada səsverməyə qatıldı


Muharrem İnce Ankarada səsverməyə qatıldı

Türkiyədə seçkiyə 3 gün qalmış prezidentliyə namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncə Ankarada səs verib. Məhərrəm İncə Ankaranın Çankaya Yaşamkent məhəlləsində Şener Çakmak Anadolu Liseyində həyat yoldaşı Ülkü İncə ilə birlikdə səs verib. Məmləkət Partiyasının sədri Məhərrəm İncə səsvermədən sonra jurnalistlərə açıqlama verib. "Bir neçə gün sonra mətbuat konfransı ilə siyasi dəyərləndirmə edəcəyəm. Cümhuriyyət tariximizdə ilk dəfə fərqli bir seçki keçir. Seçki ikinci tura qalıb. Biz iki turlu seçkiyə öyrəşəcəyik”, - İncə vurğulayıb. İncə cütlüyü prezident seçkilərinin ikinci turu üçün səslərini verdikdən sonra seçkilərin xeyirli olmasını diləyib. Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.
28-05-2023, 15:05
Əgər bu razılaşmanı pozursunuzsa, acısını özünüz çəkəcəksiniz - Prezident


Əgər bu razılaşmanı pozursunuzsa, acısını özünüz çəkəcəksiniz - Prezident

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bir müddət əvvəl yolu azaraq Ermənistan ərazisinə keçən və orada işgəncələrə məruz qalan iki hərbçimizdən danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razılığa gəliblər, əgər kimsə yolu azsa, əgər belə bir hal baş verərsə, maksimum iki günə o adamlar qaytarılmalıdır. Biz buna əməl edirdik. Onları maksimum iki gün saxlayıb, sorğu-suala tutub qaytarırdıq, mülki vətəndaşları da, hərbçiləri də. Görün, onlar nə etdilər?! Onlar, birincisi, yolu azmış hərbçilərimizi vəhşicəsinə döyüblər, qandallayıblar, ləyaqətini alçaldıblar, düyülmə anlarını videoya çəkiblər. Ondan sonra həbs ediblər və artıq məhkum ediblər. Bu, harada görünüb?”. Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə bunun dözülməz olduğunu bildirdiyini deyən Prezident İlham Əliyev qeyd edib: “Əgər siz bu razılaşmanı pozursunuzsa, bunun acısını siz özünüz çəkəcəksiniz”. Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Bu yaxınlarda keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib.
28-05-2023, 14:49
Rusiya Zəngəzurda konsulluq açacaq


Rusiya Zəngəzurda konsulluq açacaq

Rusiya Zəngəzurda konsulluq açacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov Moskvada erməni və rusiyalı ekspertlərin dəyirmi masasında bildirib. Məlumata görə, mayın 25-də Moskvada keçirilən Putin-Paşinyan ikitərəfli görüşündə Ermənistan Rusiya tərəfinin Sünik vilayətində konsulluğunun açılmasına razılıq verib.
28-05-2023, 14:36
Beynəlxalq təşkilatlar mövqeyimizlə tamamilə razılaşıblar - İlham Əliyev


Beynəlxalq təşkilatlar mövqeyimizlə tamamilə razılaşıblar - İlham Əliyev

Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə (Qarabağla bağlı – red.) tamamilə razılaşıblar. Bunu mən müxtəlif görüşlər əsnasında artıq görürəm. Yəni, nəyə görə razılaşıblar? Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında sakinlərlə görüşdə səsləndirib. Dövlət başçısı deyib ki, ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. “Bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır”, - Azərbaycan Prezidenti əlavə edib.
28-05-2023, 14:24
Bu gün Qarabağda istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var


Bu gün Qarabağda istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini açıqlayıb. Dövlətimizin başçısı bu barədə mayın 28-dı Laçında bu rayondan olan sakinlərlə görüşdə danışıb. O qeyd edib: “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!