İmran Xanın cəzası ertələndiİslamabad məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xanın cəzasını ertələyib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Belə ki, məhkəmə onun girov müqabilində həbsdən buraxılmasına qərar verib.
Qeyd edək ki, bu ilin 9 mayında İmran Xan barəsində irəli sürülmüş korrupsiya ittihamları ilə bağlı məhkəmə iclasında iştirak etmək üçün gələn zaman silahlı polislər tərəfindən saxlanılıb.
Həbs edilməsindən sonra İmran Xanın lideri olduğu Təhrik-i-İnsaf partiyası tərəfdarlarını etiraz etməyə çağırıb. Bundan bir neçə saat sonra Lahor, Kəraçi və Pişəvər də daxil olmaqla bir sıra şəhərlərdə zorakılıq halları baş qaldırıb.
Mayın 11-də Pakistan Ali Məhkəməsi sabiq Baş nazir İmran Xanın həbsini qanunsuz elan edib.
Xatırladaq ki, ölkənin sabiq Baş naziri və müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI - Pakistan Tehreek-e-Insaf) rəhbəri İmran Xan, ona və həyat yoldaşına məxsus “Əl-Qadir” fondundan istifadə edərək çirkli pulların yuyulmasında ittiham olunur.
Sabiq hökumət başçısının rəhbərlik etdiyi dövrdə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılmasına görə İmran Xan adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi pul vəsaiti almaqda təqsirli bilinir.