Azərbaycanla Çin arasında Anlaşma Memorandumu imzalandıAzərbaycan Energetika Nazirliyi və Çinin Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov Çinin Milli Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşündə imzalanıb.
Görüş zamanı elektrik enerjisi, neft-qaz, neft-kimya və bərpa olunan enerji sahələrində əməkdaşlığın inkişafı və enerji layihələrinə investisiyanın təşviqi məqsədilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu” imzalanıb.
Bu sənəd hər iki ölkənin energetika sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsini, yeni texnologiyaların tətbiqi, enerji infrastrukturunun yenilənməsi üzrə əməkdaşlığı, qarşılıqlı investisiya və biznes fəaliyyətlərinin təşviqini, bərpa olunan enerji mənbələri sahəsində təcrübə mübadiləsini, həmçinin birgə konfrans, forum və təlimlərin keçirilməsini nəzərdə tutur.
Həmçinin, görüşdə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində və ikitərəfli formatda iki ölkə arasında münasibətlərin inkişafına dair müzakirələr aparılıb. “Bir kəmər, bir yol”u ilk gündən dəstəkləyən Azərbaycanın müxtəlif layihələrlə bu qlobal təşəbbüsün reallaşmasına töhfələrindən danışılıb.
“Dövlət başçılarının dostluğu və strateji baxışlarının münasibətlərimizin hərtərəfli inkişafını təşviq etdiyi, əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib. Çinə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Azərbaycan və digər mənşəli xam neft, neft məhsulları, neft-kimya məhsullarının, eləcə də mayeləşdirilmiş qazın (LNG) təchizatı, ölkəmizin apstrim, daunstrim layihələrində və elekroenergetika sektorunda Çin şirkətlərinin iştirakı uğurlu enerji əməkdaşlığının nümunələri kimi qeyd edilib.
Enerji sahəsində Çin şirkətləri ilə uzunillik əlaqələrin “yaşıl enerji” layihələri və “yaşıl texnologiya”lar üzrə əməkdaşlıqla yeni inkişaf mərhələsinə daxil olduğu bildirilib. Bu xüsusda, 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında “Dongfang” şirkətinin iştirakından, “China Gezhouba Group Overseas Investment” şirkəti ilə Azərbaycanda 2 QVt gücündə bərpa olunan enerji layihələri üzrə əməkdaşlıqdan bəhs edilib. “SOCAR Trading” şirkətinin Çin bazarında fəaliyyətini genişləndirmək perspektivləri ilə bağlı müzakirələr aparılıb.