Sabahdan havanın temperaturu aşağı düşəcəkSabahdan hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi və leysan xarakterli yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 8-i gündüzdən 9-u gündüzədək cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 9-u gündüzdən 10-u səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.
Oktyabrın 9-u axşamdan 10-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enərək 10-da gündüz saatlarında 13-16° isti olacağı gözlənilir.
Rayonlara gəlincə, sabah gündüz saatlarından oktyabrın 9-u gündüzədək cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 9-u gündüzdən 10-u səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Oktyabrın 9-u axşam şimal və qərb rayonlarından başlayaraq 10-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran Dağlıq-Şirvan, Naxçıvan MR-da, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.