Xocalı qurbanlarının xatirəsi Koreyada anılıb Xocalı soyqırımının ildönümü ilə əlaqədar Cənubi Koreyanın paytaxtı Seulda simpozium keçirilib. Ölkəmizin Koreya Respublikasındakı səfirliyi, Koreya-Azərbaycan Mədəniyyət Mərkəzi və Koreyanın “FarmConnect” şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatlar, Koreyanın mədəniyyət, elm, təhsil dairələrinin nümayəndələri, media təmsilçiləri və soydaşlarımız iştirak edib. Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov Xocalı soyqırımının təfərrüatları, bu faciənin siyasi və hüquqi mahiyyəti və ümumilikdə, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı cinayətlər barədə məlumat verib. O, Xocalı cəlladlarının ədalət mühakiməsinə cəlb olunacaqlarına əminliyini bildirib, bu xüsusda Vətən Müharibəsi və 2023-cü ilin sentyabrındakı lokal anti-terror tədbirlərinin nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam olaraq bərpa etməsini diqqətə çatdırıb.
Səfir vurğulayıb ki, dünya ölkələri Xocalı cinayətinin pislənilməsi və cinayətkarların məsuliyyətə cəlb edilməsində həmrəylik nümayiş etdirməlidir. Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının uğurları vurğulanıb.
Diplomat post-münaqişə dövrünə aid məsələlər, Azərbaycanın sülh gündəliyi, Emrənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün göstərilən səylər barədə məlumat verib, işğaldan azad olunmuş torpaqlarda aparılan yenidənqurma işləri, eləcə də bunun üçün ən böyük maneə olan mina problemindən bəhs edib. Bildirib ki, Azərbaycan hökuməti işğaldan azad olunmuş əraziləri “yaşıl zona” elan edib.
Seul şəhərinin Yonqsan rayonunun bələdiyyəsinin baş direktoru Kvoon Yoon Qu Azərbaycanla uzun müddətdən bəri formalaşmış konstruktiv əməkdaşlıqdan bəhs edib.
Sonra nüfuzlu koreyalı jurnalist və televiziya aparıcısı Baek İl Honqun moderatorluğu ilə panel müzakirələr təşkil olunub. Koreyanın Hankuk Regionşünaslıq Universitetinin professoru, politoloq Rövşən İbrahimov Xocalı soyqırımı və dünyada baş vermiş oxşar qətliamlar arasında paralellər aparıb.
Hanyanq Universitinin professoru, mədəni antropologiya üzrə mütəxəssis Hi Soo Li Azərbaycan və Koreya xalqlarının əlaqələrinin tarixi kökləri və müasir dövrünü təhlil edib. O, orta əsr Azərbaycan alimlərinin işlərinin Koreyada əks-sədasına dair maraqlı məlumatları bölüşüb.
Seul Milli Universitetinin arxeologiya və incəsənət tarixi kafedrasının professoru Cong İl Kim azərbaycanlı arxeoloqlarla birlikdə Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhəri və Qarabağ bölgəsinin Füzuli rayonunda apardığı arxeoloji qazıntılardan danışıb. O, işğaldan azad edilən ərazilərdəki mina probleminin arxeoloji qazıntılara da mənfi təsit göstərdiyini bildirib. Alim Füzulidə aparılan arxeoloji qazıntıların Azərbaycanın Qarabağ bölgəsinin bəşəriyyətin ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut etdiyini deyib.
Panel müzakirəlrədə çıxış edən Koreya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Soo Hunq Li Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən bəri Cənubi Koreya ilə sıx əlaqələrinin yaranmasında Azərbaycan Prezidenti İlham Əliyevin rolunu vurğulayıb. O, Azərbaycanda olduğu vaxtda Xocalı faciəsi haqqında məlumat əldə etdiyini və bundan kədərləndiyini bildirib.
Türkiyənin Koreyadakı səfiri Murat Tamer Xocalı soyqırımına dünyada bəzi döblətlərin nümayiş etdirdiyi ikili standartdan danışıb.
Koreyada yaşayan gənc azərbaycanlı, Seul şəhərinin fəxri vətəndaşı, Qubadlı rayonundan məcburi köçkün düşmüş Rahil Əhmədova özünün timsalında doğma torpaqlarından qovulan insanların mənəvi çətinliklərindən danışıb.