Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi
Nazirlər Kabineti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında qərar qəbul edib. Qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Regional Su Meliorasiya Xidməti, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun nizamnamələri təsdiq edilib.
"Toyota Prado" markalı, 01-CJ-733 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muradov Pərviz Elşad oğlu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bakı Şəhər DYP İdarəsindən verilən məlumata görə, sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarına əsasən sürücü P.Muradovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 15 sutka inzibati həbs olunub.
Polis əməliyyat keçirdi, narkotacirlərin səs yazıları yayıldı - VİDEO
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Xırdalan şəhəri, Masazır, Novxanı, Saray və digər qəsəbə ərazilərində silsilə əməliyyatlar həyata keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbirlər zamanı paytaxt sakinləri Əvəz Alışov, Rövşən Qurbanov, əvvəllər məhkum olunmuşlar Hacıəli İmanov, Orxan Vəliyev, Təbriz Cəfərov və Sərdar Əsgərov saxlanılıblar. Onlardan, idarə etdikləri avtomobillərindən, paytaxt və Abşeron rayonun müxtəlif ünvanlardakı mənzillərində 5 kiloqrama yaxın heroin, marixuana, metamfetamin və psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirilən narkotikləri satmaq məqsədi ilə əldə etdikləri müəyyən olunub. Qeyd edilib ki, saxlanılan şəxslər narkotiklərin bir qismini “izi” itirmək məqsədi ilə qəbirstanlıqda məzar daşlarının yanında gizlətməkdən belə çəkinməyiblər. Faktla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Mayın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçiriləcək. Rusiyada keçirilən prezident seçkilərindən sonra gündəmdə olan məsələlərdən biri də Ermənistan Baş naziri Nikol Paşinyanın həmin mərasimdə iştirak etmək üçün Rusiyaya gedib-getməyəcəyi olub. Ermənistanın "MediaHub" nəşrinin mənbələri Paşinyanın andiçmə mərasimində iştirak etməyəcəyini bildirib. Qeyd olunur ki, Ermənistan Rusiyadan müttəfiq kimi narazı olduğunu bir daha göstərmək istəyir. Saytın mənbəsinin məlumatına görə, Paşinyan Avrasiya İqtisadi İttifaqının yaradılmasının 10 illiyi münasibətilə təşkil olunan yubiley sammitində iştirak etmək üçün mayın 8-də Rusiyada olacaq. Paşinyan 9 May Qələbə Günü münasibətilə təşkil olunan tədbirlərdə iştirak etməyəcək.
Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanda keçirilən Avropa çempionatının qalibi olub. Qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. Azərbaycan yarışda 10 şahmatçı ilə təmsil edilib.
NATO-nun baş katibi Yens Stoltenberq Kiyevdə səfərdədir. O, gözlənilmədən Ukraynaya səfər edib. Stoltenberq Zelenski ilə birgə mətbuat konfransı keçirəcək. NATO Baş katibi Stoltenberq 2022-ci ilin fevralından bəri üçüncü dəfədir Ukraynaya səfər edir. Bu, həm də oktyabrın 1-də vəzifəsini tərk etdiyi üçün onun Baş katib kimi sonuncu səfəridir.
Rusiya Ukraynanın Donetsk vilayətində yerləşən Semyonovka kəndini tutub. Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib. Kənd Donetsk vilayətinin Pokrovsk rayonunda yerləşir.
Müsavat Partiyasının mayın 4-də keçiriləcək qurultayında başqanlığa namizədlərdən biri İsa Qəmbər olacaq. Bu barədə Partiyanın mətbuat xidməti məlumat yayıb. İsa Qəmbər bu haqda qərarını qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin aprelin 29-da keçirilən iclasında açıqlayıb. Bundan əvvəl Natiq Ulubəy və Osman Kazımov başqanlığa öz namizədliklərini irəli sürüblər. 1957-ci il fevralın 24-də doğulan İsa Qəmbər Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, 1979-cu ildən elmi fəaliyyət göstərib. 2014-cü ildə başqan postundan gedən İsa Qəmbər partiya Məclisinin üzvüdür.
Şotlandiyanın Baş naziri Humza Yousaf istefa verib. Humza Yousaf Şotlandiya Yaşılları ilə koalisiya razılaşmasını ləğv etdiyi bir həftəlik xaosdan sonra müstəqillik tərəfdarı olan Şotlandiya Milli Partiyasının (SNP) rəhbəri vəzifəsindən istefa verib. O, Şotlandiya hökumətinə başqa birinin rəhbərlik etməsinin vaxtının çatdığını deyib. Qeyd edək ki, Humza Yousaf Şotlandiyanın 6-cı Baş naziri olub və 2023-cü il martın 29-da vəzifəyə gəlib.
29.04.2024-cü il tarixində saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib. Bu barədə TƏBİB məlumat yayıb. Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir. Qeyd edək ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlayıb. Məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.