İlham Əliyev bolqar həmkarı ilə enerji ixracından danışdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb. Azərbaycanda keçirilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini vurğulayan Bolqarıstan Prezidenti mədəniyyətimizlə yaxından tanış olduğunu, Novruz bayramı adət-ənənəmizin və muğam musiqimizin onda dərin təəssürat hissi yaratdığını bildirib. İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyi xatırladaraq, buna görə minnətdarlığını ifadə edib. O, Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisi və bolqar mədəniyyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Söhbət zamanı bir neçə gün əvvəl Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa" parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Sazişin imzalanması məmnunluqla qeyd olunub. Ölkələrimiz arasında enerji, elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Bolqarıstanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib. Bu ilin mayında Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi vurğulanaraq, Bolqarıstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağı bildirilib.
19 azərbaycanlı 20 erməni ilə nələri müzakirə edir? - VİDEO
Hazırda Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunan ikitərəfli dəyirmi masanın yekun görüş toplantısı keçirilir. Görüş çərçivəsində tərəflər regional təhlükəsizlik, humanitar məsələlər və qarşılıqlı etimadın artırılması istiqamətində fikir mübadiləsi aparırlar. Xatırladaq ki, ötən gün görüş üçün Azərbaycan tərəfdən 19 nəfər- Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İsgəndərli, Fuad Abdullayev, Könül Bədəlova, Zaur Şiriyev, Murad Muradov, Aytən Qəhrəman, Rauf Ağəmirzəyev, Gülbəniz Qənbərova, Nəzrin Əliyeva, Eldar Həmzəli, Sənan Rzayev, Gülşən Axundova, Emin Əliyev, Orxan Babayev, İlyas Hüseynov və Fuad Ağamalıyev quru yolu ilə Ermənistana keçiblər. Ermənistan tərəfindən isə tədbirdə qeyri-hökumət təşkilatlarının 20 nümayəndə - Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan, Samvel Meliksetyan, Stepan Qriqoryan, Edqar Vardanyan, Robert Gevondyan, Lusine Xaratyan, Nelli Minasyan, David Stepanyan, Ruben Babayan, Eleonora Sarkisyan, Naira Martikyan, Vazgen Karapetyan, Tatev Danielyan, Armen Petrosyan, Alen Əmirxanyan, Nelli Rafaelyan, Jirair Abetyan iştirak edir. Görüşün videosunu təqdim edirik:
]İlham Əliyev Bundestaqın komitə sədri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə görüşüb. Söhbət zamanı dövlətimizin başçısının Armin Laşetlə görüşləri məmnunluqla xatırlandı. Armin Laşet Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini dedi. Görüşdə Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüsləri barədə söhbət açıldı. Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə inkişaf etdiyi vurğulandı. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm rola toxunuldu, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. Görüşdə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqda oynadığı rol vurğulandı, bu təcrübənin beynəlxalq çərçivədə bölüşülməsinin əhəmiyyəti qeyd edildi.
ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyada Rusiyanı ƏVƏZLƏYİR
ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyada iştirakını artırır. Bu barədə "Townhall" Xarici Siyasət Tədqiqatları İnstitutunun (FPRI) baş elmi işçisi Stiven Blankın məqalə dərc edib. Müəllif vurğulayır ki, ABŞ vitse-prezidenti Vensin Cənubi Qafqaza səfəri və Vaşinqtonda keçirilən C5+1 sammiti ABŞ-ın Rusiya və Çinlə uzunmüddətli mövcudluq və rəqabətə doğru strateji kursunu təsdiqləyir. Bakıda Vens və Azərbaycan Prezidenti İlham Əliyev Strateji Tərəfdaşlıq Xartiyası imzalayıblar. Sənəd Orta Dəhlizin və TRIPP-nin inkişafı, enerji, rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı əhatə edir. ABŞ həmçinin Xəzər dənizinin təhlükəsizliyi üçün Azərbaycana katerlər köçürəcək. Ermənistan mülki nüvə enerjisi ilə bağlı 9 milyard dollarlıq müqavilə, kəşfiyyat dronlarının alınmasına dair 11 milyon dollarlıq müqavilə imzalanıb və genişləndirilmiş texnoloji əməkdaşlıq elan edilib. ABŞ-ın vasitəçiliyi ilə Bakı ilə Yerevan arasında əldə edilən sülh müqavilələrində irəliləyişlər əldə edilir. Blank Konqresi Azərbaycana yardımı məhdudlaşdıran Azadlığa Dəstək Aktının 907-ci maddəsini, eləcə də Orta Asiya ölkələri ilə ticarətə mane olan 1974-cü il Cekson-Venik Düzəlişini ləğv etməyə çağırır. O, bunun ABŞ-ın Avrasiyada mövqeyinin möhkəmlənməsinə yol açacağına inanır.
Dünya əmtəə bazarlarında qızıl qiyməti 5 min dolları ötüb. Hazırda dünya birjasında qızılın 1 troy unsiyası 5 049,5 dollar səviyəsinə çatıb. Son sutkada qızıl 100 dolardan çox bahalaşıb. Qızılla yanaşı gümüş, mis və platin də bahalaşır. Analitiklər qiymətli metallar bazarındakı yüksəlişi qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi risklərin güclənməsi və investorların təhlükəsiz aktivlərə marağının artması ilə izah edirlər.
Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub, ata ölüb. Hadisə şəhərin Xətai məhəlləsində baş verib. Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu dünyasını dəyişib. Onun övladları - 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər. Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Azərbaycanda fevralın 15-də havanın yağmurlu keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunudan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.
Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Elxan Şabanovun idarə etdiyi «Ford Transit» markalı 77-JH-140 dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında dayanmış «Nissan» markalı 77-UK-045 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşub. Hadisə nəticəsində Elxan Şabanov ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Azərbaycanlı yeniyetmə Tbilisidə mağazanı qarət etdi
Gürcüstan paytaxtı Tbilisidə yeniyetmə mağazanı soymaq ittihamı ilə həbs edilib. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Saxlanılan şəxs əvvəllər məhkum edilmiş və hazırda şərti cəza çəkən 16 yaşlı L.G.-dir. Nazirlik tərəfindən yayımlanan görüntülərdə gəncin kassadan lotereya bileti kassasını götürüb qaçdığı görünür. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin altı ilə qədər həbs cəzası nəzərdə tutan 178-ci maddəsinin 2-ci hissəsi ilə davam edir. Xatırladaq ki, gəncin əslən Qardabanidən olan azərbaycanlı olduğu məlum olub.
Venesuela nefti 5 Qərb şirkətinin nəzarətinə keçdi
Venesuelanın neft iqtisadiyyatını dəstəkləmək üçün 5 Qərb neft və qaz şirkətinə ölkədə işləmək üçün lisenziyalar verilib. Bu barədə Tramp administrasiyası qərar verib. BP, Chevron, Eni, Repsol və Shell Venesuelada çalışacaq. Əməliyyatlar və ödənişlər ABŞ tərəfindən nəzarət ediləcək və müqavilələr ABŞ agentlikləri tərəfindən müntəzəm olaraq nəzərdən keçiriləcək.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!