11-04-2026, 18:27
Tahir Salahovun qəbirüstü abidəsi ucaldıldıXalq rəssamı Tahir Salahovun məzarının üzərində yeni abidə ucaldılıb.
Bu abidə sənətkarın üç hissədən ibarət “Odlar yurdu” silsiləsi əsasında hazırlanıb.
Kompozisiyanın mərkəzində “Xəzər bu gün” əsəri yer alır. Sol tərəfdə “Atəşpərəstlərin məbədi”, sağ tərəfdə isə Qız qalasının təsviri təqdim olunub.
“Odlar yurdu” triptixi rəssamın yaradıcılığında mühüm və xüsusi əhəmiyyət daşıyan əsərlərdən biridir.
Qəbirüstü abidənin müəllifi rəssamın 2023-cü ildə vəfat edən qızı Alagöz Salahova olub.
Qeyd edək ki, Tahir Salahov 2021-ci il mayın 21-də, 93 yaşında Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişib. O, Bakıda I Fəxri xiyabanda torpağa tapşırılıb.
11-04-2026, 00:15
ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirirPakistanda İranla danışıqlara hazırlıq görüldüyü bir vaxtda ABŞ potensial əməliyyatlar üçün Yaxın Şərqə əlavə qüvvələr yerləşdirməyə davam edir.
Bu barədə “The Wall Street Journal” qəzeti amerikalı rəsmilərə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, son vaxtlar bölgəyə yeni qırıcı və hücum təyyarələri göndərilib. Bundan əlavə, ABŞ ordusunun elit 82-ci Hava-Desant Diviziyası tərkibindən 1500–2000 arası hərbçinin yaxın günlərdə bölgəyə çatdırılması gözlənilir.
“USS George H.W. Bush” təyyarədaşıyan gəmisi və onu müşayiət edən hərbi gəmilər martın sonlarında Virciniya ştatındakı Norfolk Hərbi Dəniz Bazasından yola düşərək hazırda Atlantik okeanındadır. 11-ci Dəniz Ekspedisiya Bölməsini daşıyan “USS Boxer” isə martın ortalarında Kaliforniyadan çıxaraq hazırda Sakit okeandadır.
Hər iki hərbi qrupun Yaxın Şərqə çatmasının bir həftədən artıq vaxt aparacağı bildirilir.