Bu gün ilaxır çərşənbəsidir .....                        Azay Quliyev ATƏT PA-da görüşlər keçirdi .....                        Ərdoğanla Putin arasında telefon danışığı baş tutub .....                        Güləşçilərimiz “Çempionlar” turnirini 10 medalla başa vurdu .....                        Mömünə Xatun türbəsiylə bağlı yayılan məlumata aydınlıq gətirildi .....                        Putin Bakıdan nə qədər səs topladı? - Açıqlama .....                        Tehranlı soydaşımız mükafatlandırıldı .....                        Azərbaycan çox yaxşı təlim keçmiş hərbi qüvvələrə malikdir - Stoltenberq .....                        Hərbi hissələrdə bayram tədbirləri qapalı keçirilir - RƏSMİ .....                       
Tarix : 15-10-2021, 20:41
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASINDA  CƏNUBİ AZƏRBAYCAN

Şərq-Qərb, Şimal-Cənub dəhlizində ən gözəl təbii-coğrafi şəraitə (dünyadakı 11 iqlim qurşağının 9-u bu ölkədə var), tükənməz yeraltı-yerüstü sərvətlərə və çox əlverişli geosiyasi mövqeyə malik Azərbaycan torpağının ərazi bütövlüyü müxtəlif tarixi mərhələlərdə siyasi manevrlərin qurbanı olmuşdur. Azərbaycanın, onun xalqının müstəqilliyi dəfələrlə pozulmuş, torpağı tapdaq altında qalmış və talanmışdır. Azərbaycana bir xəzinə kimi baxılmışdır[656-cı ildə Ərəb xilafətinin başına keçən İmam Əli əleyhüs-səlamın (dogum ili 599 – ölüm:23.01.661) Azərbaycan valisi Əş’əs ibn Qeysə (o, xəlif Osmanın hakimiyyəti zamanı bu vəzifəyə təyin edilmişdi) məktubundan: “ ... O iş (Azərbaycan işi – kursiv müəllifindir) sənin boynunda bir əmanətdir. Səni o işə təyin edən kimsə sənin üzərinə əmanəti qorumaq öhdəliyini qoyub. Rəiyyətin işində öz istədiyin kimi davrana, sənə əmr gəlməyincə məsuliyyətli bir işə girişə bilməzsən. Sənin əlində bənzərsiz və böyük Allahın mallarından var (yəni Azərbaycan var! – kursiv müəllifindir). Sən onları mənə təhvil verənə kimi mənim xəzinədarlarımdan birisən (Həzrət Əmirəl-möminin Əli ibn Əli Talib. Nəhcül-Bəlağə, Bakı, 2003, səh.250)]. Ona görə də Azərbaycanı hər an yeni fəlakətlər gözləmişdir.
SSRİ-nin dağılması ilə bütün sabiq sovet respublikalarında olduğu kimi, Azərbaycanda da yaranmış ideoloji boşluğu doldurmaq üçün ortaya bir sıra ideyalar atıldı. İslam, türkçülük və azərbaycançılıq bu ideyaların əsas tərkib hissələrini təşkil edirdi. Mövcud tarixi şərait və tarixi təcrübələrin nəticələri sonuncunun – azərbaycançılığın daha real olduğunu şərtləndirdi. Böyük idarəçilik təcrübəsinə malik H.Əliyev hakimiyyəti də bu ideyanı dəstəklədi və ideologiya səviyyəsində formalaşdırdı, uğurla həyata keçirdi. Tarixi təcrübə və həqiqətlər bu gün həmin ideologiyanın yanlış olmadığını göstərir.
Bu gun müstəqillik qazanmış Azərbaycan Respublikasında onun xalqını, sərvətini qorumaq üçün həyata keçirilən azərbaycançılıq ideologiyasını əsaslandıra və möhkəmləndirə biləcək uzunmüddətli iqtisadi siyasət konsepsiyası hazırlanır, sarsılmaz milli əsaslarda dövlət quruculuğu həyata keçirilir.
Müstəqillikdən sonrakı 30 illik bir müddət ərzində Azərbaycan tarixinin saxtalaşdırılmış və sifarişlə yazılmış bir sıra problemləri, tarixi dövrləri geniş miqyasda araşdırılmış və yenidən yazılaraq ortaya qoyulmuşdur.
Bununla belə qeyd edilməlidir ki, Azərbaycan tarixinin öyrənilməsindəki bəzi problemli məsələlər sırasında Cənubi Azərbaycan tarixinin, eləcə də bu tarixi-coğrafi ərazidə yaşayan çoxmilyonlu soydaşlarımıza qarşı ardıcıl olaraq həyata keçirilmiş ayrı-seçkilik siyasətinin araşdırılması və öyrənilməsi əsas mövzulardandır. Eyni zamanda da Azərbaycan bölünmüş bir ölkə, azərbaycanlılar isə parçalanmış bir millət olduğundan bu gün Azərbaycan Respublikasının aparıcı milli ideologiyası olan azərbaycançılığın dünya azərbaycanlıları arasında təsir gücünü araşdırmaq üçün Cənubi Azərbaycan tarixinin tədqiqinə və öyrnilməsinə çox ciddi ehtiyac var. Belə ki, İran İslam Respublikasının bu günkü inzibati-ərazi bölgüsünə uyğun olaraq Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan kimi ostanlarında (əyalətlərində) və eləcə də ölkənin paytaxtı Tehran şəhərində və ətrafında (Kərəc şəhəri də daxil olmaqla), Savədə, Xorasan əyalətində, cənub bölgələrində, eləcə də bir sıra digər yaşayış məntəqələrində 25-30 mln. nəfər arasında Azərbaycan türkü (azərbaycanlı) məskunlaşmışdır [İranın Prezident Aparatı nəzdindəki “Strateji Planlaşdırma və Nəzarət Şurası” İran Statistika Mərkəzinin 2011-ci ilin ölkənin əhali və mənzil siyahıyaalmasının nəticələrinə əsasən azərbaycanlıların sayını (21 589 917 nəfər) ölkə əhalisinin sayına (77 891 220 nəfər) nisbətdə - 27,7% göstərmişdir (Bax: The President’s Office, Deputy of Strategic Planning and Control, Statistical Center of Iran. National Population and Housing Census 2011/1390: Selected Findings, October 24, 2011. Table 12 – Population by Sex, Residence and Province: 2011 – page. 20-21). 2016-cı ilin İran əhalisinin ümumi siyahıyaalınmasının yekunlarına əsasən isə azərbaycanlıların sayı ölkə əhalisinin sayına (79 926 270 nəfər) nisbətdə 22.33% (toplam 17 848 672 nəfər) göstərilmişdir. Həmin siyahıyaalınmanın nəticələrinə görə, İranın rəsmi inzibati-ərazi bölgüsünə uyğun olaraq azərbaycanlıların (Azərbaycan türklərinin) İranda ostanlar üzrə məskunlaşması və müvafiq olaraq həmin ostanların yerli əhalisinə nisbətdə say faizi aşağıdakı kimi olmuşdur: Tehran - 4 020 094 nəfər (30,3%) – Tehranda nəşr edilən “Həmşəri” qəzetinin 1993-cü il fevral saylarının birində isə bu rəqəm 62% (8 225 935 nəf.) göstərilmişdir; Şərqi Azərbaycan - 3 823 640 nəf. (97,8%); Qərbi Azərbaycan - 2 488 097 nəf. (76,2%); Ərdəbil - 1 247 552 nəf. (98,2%); Zəncan – 1 040 542 nəf. (98,4%); Qəzvin - 668 724 nəf. (52,5%); Həmədan - 1 023 820 nəf. (58,9%); Buşehr - 11 634 nəf. (1%); Çahar-Mahal və Bəxtiyari - 95 724 nəf. (10,1%); Cənubi Xorasanda yoxdur; Əlburz - 979 176 nəf. (36,1%); Fars - 485 127 nəf. (10%); Gilan - 199 925 nəf. (7,9%); Gülüstan - 72 884 nəf. (3,9%); Hörmüzgan - 5 329 nəf. (0,3%); İlamda yoxdur; İsfahan - 358 460 nəf. (7%); Kirman - 28 483 nəf. (0,9%); Kirmanşahda yoxdur; Kohgiluyə və Boyer-Əhməd - 35 653 nəf. (5%); Kürdüstan - 4 809 nəf. (0,3%); Loristan - 5 282 nəf. (0,3%); Mazandaran - 78 805 nəf. (2,4%); Mərkəzi ostan - 297 331 nəf. (20,8%); Qum - 333 409 nəf. (25,8%); Rəzəvi Xorasan - 238 077 nəf. (3,7%); Şimali Xorasan - 177 797 nəf. (20,6%); Simnan - 10 535 nəf. (1,5%); Sistan və Bəlucistanda yoxdur; Xuzistan - 117 763 nəf. (2,5%); Yəzddə yoxdur (Bax: Nətayec-e təfsili-ye sərşomari-ye nofus və məskən/ Ümumi əhali və mənzil siyahıyaalmasının ətraflı nəticələri – 1395/2016, Tehran, İranın mərkəzi statistika idarəsi, 2018, səh.46-92). Əgər Tehranda yaşayan azərbaycanlıların sayı “Həmşəri” qəzetinin 1993-cü ildə göstərdiyi faiz nisbəti ilə hesablanarsa, o zaman bu rəqəm 22 054 513 nəf. (ölkə əhalisinin 27,6%-i) olacaqdır. İranın keçmiş xarici işlər naziri dr. Ə.Ə.Salehi 18 yanvar 2012-ci il tarixində Ankarada Əhməd Davudoğlu ilə görüşündə 75 mln. nəfər əhalisi olan İranda yaşayan azərbaycanlıların ölkə əhalisinin təqribən 40%-ni təşkil etdiyini vurğulamışdır
(Bax: https://youtu.be/z0xQOXil7HM)]. Onlar ölkənin müvafiq sahələr üzrə idarəçiliyində, onun ərazi bütövlüyünün və sərhədlərinin qorunmasında fəal iştirak etməklə yanşı, eyni zamanda da ölkənin daxili və xarici siyasətinə, o cümlədən Azərbaycan Respublikası ilə iqtisadı-ticarət, ədəbi-mədəni və turizm əlaqələrinin inkişafına ciddi təsir göstərmək gücünə də malikdirlər. Bu əlaqələri tədqiq etmək və azərbaycançılığın bu əlaqələr fonunda inkişaf edib milli bir ideologiyaya çevrilməsi məsələsi Azərbaycan tarixinin az öyrənilmiş cənub qolunun tədqiqini bizim üçün çox zəruri edir.
İranda şah rejiminin süqutuna və devrilməsinə gətirib çixaran 1978-1979-cu illər inqilabının qələbəsindən sonra burada yaşayan millətlər və xalqlar bəzi nisbi azadlıqlar əldə etdilər. İran İslam Respublikasının (İİR) 15 noyabr, 1979-cu il tarixində təsdiq edilmiş Konstitusiyasının 15-ci maddəsinə görə, İran xalqının rəsmi müştərək dili və xətti yenə də fars dili və xətti olaraq qaldı, lakin, yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsi mətbuat, kütləvi informasiya vasitələri və milli ədəbiyyatın məktəblərdə tədrisi azad elan edildi ["Keyhan" qəzeti, 7 azər 1358/28 noyabr 1979]. Belə ki, yalnız ibtidai siniflərdə ədəbiyyat dərslərinin ana dilində tədrisinə icazə verildi. Bununla belə bu günün özündə də İranın azərbaycandilli əhalisi üçün ən böyük və başlıca problem yenə də ana dilində tədris müəssisələrinin olmamasıdır.[color=#0000FF] Hələlik Əsas Qanunun 15-ci maddəsi İranda yerinə yetirilmir. İranda Azərbaycan dilində mətbuatın - kitabların, qəzet və jurnalların (“Azərbaycan”, “Araz”, “Azadlıq”, “Azərbaycan-e ayənde”, “Vətən uğrunda”, “Odlar yurdu”, “Oxtay”, “Çənlibel”, “Azərbaycan kargərləri”, “Ulduz” və s. kimi qəzetlər, “Azərbaycan səsi”, “Varlıq”, “Koroğlu”, “Yoldaş”, “Molla Nəsrəddin” və s. kimi jurnallar) çapı və nəşri isə hələ İranda yeni Konstitusiyanın təsdiqindən əvvəl başlamışdı.
Sözü gedən inqilabdan sonra İranda şəxsi təşəbbüslər əsasında Azərbaycan dilini öyrədən kurslar açıldı, bəzi siyasi təşkilatlar və cəmiyyətlər fəaliyyətə başladı, Tehran və Təbrizdə ayrı-ayrılıqda Azərbaycan yazıçılar və şairlər cəmiyyəti işə başladı [Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917). “Elm”, Bakı-1985, s.13]. Bu fəaliyyətlərin əsas qayəsini azərbaycanlıları vahid Azərbaycan tarixi və onun mənəvi sərvətləri ilə tanış etmək, vahid tarixi-mədəni köklərə malik Şimali və Cənubi Azərbaycan arasında elmi, ədəbi və mədəni əlaqələr yaratmaq, Cənubi Azərbaycanda milli ədəbiyyat və incəsənətin inkişafına yardım etmək kimi mühüm vətəndaşlıq məsələləri təşkil edirdi. Bu əsasda Cənubi Azərbaycanda maarif və mədəniyyətin, elm və incəsənətin inkişafına xüsusi diqqət yetirilməyə başladı [Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917). “Elm”, Bakı-1985, s.13].
Elə bu dövrdən başlayaraq o zaman Azərbaycan SSR KP MK-nın I katibi olan Heydər Əliyev sözügedən əlaqələrin möhkəmləndirilməsi, azərbaycançılığın ideyadan ideologiyaya çevrilməsi istiqamətində ilk ciddi addımlarını atdı. Onun israrlı təşəbbüsləri nəticəsində 1976-cı ildə Azərbaycan SSR-də “Cənubi Azərbaycan” adı elmi-siyasi məfhum kimi rəsmiləşdirildi; Azərbaycan Yazıçıları İttifaqında, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başladı, Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Azərbaycan” jurnalında Mirzə İbrahimovun, Abbas Zamanovun, Sirus Təbrizli və başqa ədiblərimizin tərtibatında “Cənubdan gələn səslər” adı altında silsilə yazılar dərc edildi və bununla da azərbaycançılıq ideyasının rəsmi ideologiyaya çevrilməsinin ilkin mərhələsi başlandı [Səməd Bayramzadə.Azərbaycançılıq tarixindən: ideyadan ideologiyaya, - Müstəqilliyimiz əbədidir-25, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, Bakı, 2016, s.152-153].
Azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının ümummilli ideologiyaslna çevrilməsi işində çox xüsusi və önəmli olan ikinci mərhələsi H.Əliyevin 1982-ci ildə Azərbaycan SSR-in I katibi vəzifəsindən azad edilərək Moskvaya aparılması, daha yüksək məqama - SSRİ MK Siyasi Bürosu üzvlüyünə, eyni zamanda SSRİ baş nazirinin birinci müavini vəzivəsinə təyin edilməsi ilə başlandı.
H.Əliyevin yeni vəzifəyə təyinatı ilə bağlı Azərbaycan və azərbaycançılıq ətrafında beynəlxalq dairələrdə hay-küyə səbəb olan təbliğat kompaniyalarına rəvac verildi. İran əsilli Mehrdad Azəri adlı müəllif fars dilində çap etdirdiyi “Azərbaycan və istismarçıların yeni nəğmələri” adlı kitabında bu həssas məsələlərə işarə edərək yazırdı: “1982-ci ilin 23 noyabr səhəri BBC radiosunun şərhçiləri SSRİ-nin İran Azərbaycanına da göz tikmələri barədə danışır və Əliyevin iki Azərbaycanın bütövlüyü barədə fikirlərini ortaya qoyurdular. Bu şərhlər zamanı o da deyildi ki, guya SSRİ baş nazirinin müavini (H.Əliyev nəzərdə tutulur – S.B.) keçən ilin yayında Sovet Azərbaycanında olan xarici diplomatlarla görüşü zamanı onlara Sovet Azərbaycanının nailiyyətlərindən danışmış, eyni zamanda İran Azərbaycanındakı geriliyi, yoxsulluğu təəssüf hissi ilə qeyd etmişdir. Sonda isə demişdir ki, Sovet Azərbaycanı xalqı iki Azərbaycanın birliyini (o milli-mənəvi birliyi nəzərdə tutmuşdur – S.B.) və İran Azərbaycanı xalqının da rifah və səadət içərisində yaşamasını arzu edir” [Mehrdad Azəri. “Azərbaycan və nəğmeha-ye taze-ye estemargəran” (Azərbaycan və istismarçıların yeni nəğmələri), yersiz, 1982, s.5].
Bundan sonra Kremlin Sütunlu sarayında memarlarla görüşü zamanı mədəniyyət və incəsənət məsələlərindən danışan Heydər Əliyev 20 milyonluq Azərbaycan xalqının dünya mədəniyyətinə və incəsənətinə bəxş etdiyi töhfələri diqqətə çatdırarkən saraydakı uğultuya elə həmin andaca öz qəti təpkisini nümayiş etdirərək demişdir: “Bəli, bəli, təəccüblənməyin, Arazın o tayında bizim 13 milyona yaxın bacı və qardaşlarımız yaşayırlar” [SSRİ mərkəzi televiziyasından bu toplantıya aid transilyasiyanı şəxsən izləmiş və dinləmişəm. Təəssüf ki H.Əliyevin bu çixışının qəzetlərdə dərc olunmuş mətnindən həmin hissə çıxarılmışdı].
Elə bu səbəbdən Rusiya, Azərbaycan, İran, Amerika və Qərb tarixşünaslığında Azərbaycan məsələsi, azərbaycançılıq yenidən gündəmə gəldi, sözügedən məsələlərlə bağlı çoxlu sayda ideya-siyasi yönümlü yazılar ortaya qoyuldu, elmi-tədqiqat işləri aparıldı və müxtəlif mövqelər sərgiləndi. Azərbaycan və azərbaycançılıq yeni təzyiqlər qarşısında dayanmalı oldu.
SSRİ-nin dağılması ilə ruslar Azərbaycan birliyindən, bu birlik yaranacağı halda, onun iqtisadi qüdrətindən, regionda əldə edəcəyi nüfuzdan, beynəlxalq miqyasda təsirindən və onu müşayiət edən azərbaycançılıq ideologiyasından qorxaraq, regionda mövqeyini, xammal mənbələrini və təchizat bazalarını itirmək təhlükəsi qarşısında dayanaraq ermənilərin əlilə Qarabağ məsələsinə rəvac verdilər. Belə bir şərait İranın da karına gəldi. Yeni islam rejimi də azərbaycançılıq ideyalarının güclənməsindən, onun özü üçün fəsadlarından ehtiyatlanaraq Cənubu Azərbaycan birliyini parçalamağa, Azərbaycan birliyi ideyasının qarşısını almağa və bu işdə rus-erməni amilindən məharətlə istifadə etməyə başladı [Bax: Talıblı Sübhan. İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi: 1991-2005-ci illər: tarix elm. üzrə fəlsəfə dok. ... dis. avtoreferatı: 07.00.03 / S. Ə. Talıblı; elmi rəh. Ş. Ə. Tağıyeva; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı-2010].
1988-1990-cı illərdə Azərbaycanda başlanmış milli demokratik hərəkat fəal bir şəkildə ölkənin müstəqilliyinin bərpasına istiqamətlənmişdi. 1989-cu il sentyabrın 23-də sovet respublikaları arasında Azərbaycan ilk olaraq Suverenlik haqqında qərar qəbul etdi. Bu hərəkatı yatırmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycana qoşun yeridildi. Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı.
20 Yanvar faciəsindən sonra Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, xalqının ağır günündə onun yanında olduğunu nümayiş etdirməsi bütün dünyaya səs saldı və hər tərəfdən Azərbaycanın haqq işini müdafiə edən səslər ucaldı, azərbaycançılıq məfkurəsi dünyada yaşayan bütün azərbaycanlıları çulğaladı. Bu hərəkəti ilə H.Əliyev Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik uğrunda mübarizəsinin uğurla sona çatması üçün böyük xidmətlər göstərmiş oldu. Naxçıvana qayıtdıqdan sonra Azərbaycanın üçrəngli bayrağını xüsusi qərarla Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin binası üzərində ucaltdı. Onun bu addımı xalqın milli azadlıq hərəkatına yeni keyfiyyət, yeni ruh gətirdi [Hikmət Babaoğlu. Heydər Əliyev azərbaycançılığı haradan və necə başladı.../ http://modern.az/articles/13620/1].
Azərbaycan xalqının vətənpərvər qüvvələrinin müstəqillik uğrunda dönməz mübarizəsi nəticəsində 1991-ci ilin oktyabr ayının 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu və beləliklə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi.
Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini möhkəmləndirməklə yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşməsinin əsasını qoydu. Onun irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi. Bu vahid bir dövlətin formalaşmasında, müasir, güclü Azərbaycan ölkəsinin yaranmasında ən böyük rola malik olan AZƏRBAYCANÇILIQ ideyası idi.
Ümummilli lider H.Əliyevin 1994-cü ilin fevralın 22-dən 25-dək Böyük Britaniyaya ilk rəsmi səfəri olub. Bu səfər zamanı yeni müstəqillik qazanmış Azərbaycanımıza milli qurur, iftixar və güvənc yeri kimi baxan Londondakı soydaşlarımız tərəfindən ikiyə bölünmüş ölkəmizin, millətimizin gələcək taleyi barədə ona sual verilərkən bildirmişdir ki, “Zaman gələcək, bölünmüş Vahid yenidən bütövləşəcəkdir”[ “Dəvət” jurnalı, aprel 2012 No 9, s.82].
Elə bu səbəbdən də 1994-cü ilin 29 iyun-2 iyul tarixində H.Əliyevin İrana rəsmi səfəri zamanı onun Təbriz və Urmiya kimi tarixi Azərbaycan şəhərlərinə protokol üzrə nəzərdə tutulmuş ziyarətləri Azərbaycan Respublikası tərəfinin israrlı təkidlərinə baxmayaraq, İran rəhbərliyi tərəfindən ləğv edildi.
Bununla belə, bu səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Qafqaz ölkələri arasındakı münasibətlərdə gərginliyə səbəb olan hadisələr, Xəzər dənizində əməkdaşlıq, müştərək sərhəd çayı olan Arazın su mənbələrindən istifadə, ticarət və tranzit keçid məsələləri, Naxçıvan MR-in qaz və işıqla təminatı kimi mühüm məsələlər müzakirə obyekti kimi nəzərdə tutulduğundan Təbriz və Urmiya səfərinin gündəlikdən çıxarılması problem bir məsələ kimi qarşılanmadı və bu səfər baş tutdu [Bax: Əliyar Səfərli, Həsən Əlibəyli. Tarixin dörd günü, Tehran, 1994, s.18-19].
Bu səfərin müsbət nəticəsi olaraq tərəflər arasında dostluq münasibətlərinin inkişafı haqqında imzalanmış Bəyanatda deyilirdi ki, tərəflər ... Ermənistan hərbi qüvvələrinin zor işlətməsi və təcavüzünü qətiyyətlə pisləyir, Dağlıq Qarabağın, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən təcili və qeyd-şərtsiz olaraq çıxarılmasını, Dağlıq Qarabağ münaqişəsinə dair BMT-nin məlum qətnamələrinin icrasını, habelə qaçqınların öz doğma torpaqlarına qaytarılmasını tələb edirlər [Bax: Əliyar Səfərli, Həsən Əlibəyli. Tarixin dörd günü, Tehran, 1994, s.42].
Səfərin son günü, 2 iyul 1994-cü il tarixində İİR Xarici İşlər Nazirliyinin Siyasi Araşdırmalar mərkəzində çıxış edən Azərbaycan Respublikası Prezidenti H.Əliyev səfər zamanı ona göstərilən diqqət və qayğıya, İran-Azərbaycan diplomatik, iqtisadi-ticarət, ədəbi-mədəni və elmi əlaqələrin inkişafı sahəsində atılan ciddi addımlara və görülən müsbət işlərə, Azərbaycana göstərilən yardımlara görə İran rəhbərliyinə öz dərin təşəkkürlərini ifadə etməklə, bu səfərin İİR ilə AR arasında münasibətlərin gələcək inkişafı üçün mühüm mərhələ olduğunu da qeyd etdi [Bax: Əliyar Səfərli, Həsən Əlibəyli. Tarixin dörd günü, Tehran, 1994, s.26-28]. H.Əliyev bu qısa çıxışında eyni zamanda onu da vurğuladı ki, Azərbaycan müstəqil dövlətdir və öz müstəqilliyini heç zaman əldən verməyəcək.[Bax: Əliyar Səfərli, Həsən Əlibəyli. Tarixin dörd günü, Tehran, 1994, s.28]. Azərbaycanın xarici siyasəti azad və müstəqildir. Ölkəmiz bütün dünya dövlətləri üçün açıqdır. Biz Azərbaycanın müstəqilliyini tanıyan, onun mənafeyinə toxunmayan, ölkəmizə müsbət münasibət göstərən hər bir dövlətlə əlaqələr qurmağa hazırıq və belə əlaqələr qururuq. Azərbaycanla İran arasındakı münasibətlər dərin köklərə malikdir. Bizim xalqlarımız əsrlər boyu bərabər yaşamış, bir yerdə olmuşlar . Elmi, mənəvi, mədəni əlaqələrimiz bizi tarix boyu birləşdirib. Bunları nəzərə alaraq Azərbaycan İİR ilə dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirmək əzmindədir [Bax: Əliyar Səfərli, Həsən Əlibəyli. Tarixin dörd günü, Tehran, 1994, s.29].
H.Əliyev bu çıxışında çox mühüm və həssas bir məsələyə də toxunaraq bildirdi ki, Ermənistana dəstək verən, ona kömək göstərən ölkələr başqa sahələrdə də ona yardım edirlər, o cümlədən hərbi sahədə (şərhsiz! – S.B.) [Bax: Əliyar Səfərli, Həsən Əlibəyli. Tarixin dörd günü, Tehran, 1994, s.31].
AR Prezidenti çıxışının sonunda qətiyyətlə vurğuladı ki, “... biz bütün dövlətlərin, o cümlədən İİR-in Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı üçün öz səsini qaldırmasını arzu edirik və güman edirik ki, həmin səslər bundan sonra da gur olacaq. ... Azərbaycan öz müstəqilliyini əldən verməyəcək. Xalqımız öz milli azadlığını qoruyacaqdır” [Bax: Əliyar Səfərli, Həsən Əlibəyli. Tarixin dörd günü, Tehran, 1994, s.32-33].
Ulu öndər bu səfərində Təbrizə və Urmiyaya gedə bilməsə də, onun bu səsini orada eşidirdilər və bu da onların müstəqillik ümidlərini sönməyə qoymurdu.
Azərbaycan Respublikasında Azərbaycan dilini, Azərbaycan tarixini və mədəniyyətini azərbaycançılıq məfkurəsi işığında dünyaya tanıtmaq azərbaycançılığa həm milli bir ideologiya və həm də çox qüvvətli dövlətçilik təlimi kimi nüfuz qazandırmışdır. Azərbaycançılıq nəzəriyyəsi sayəsində Azərbaycan dövləti çağdaş dünyaya inteqrasiya işində beynəlxalq diqqət mərkəzinə keçmiş, sivil dövlət nümunəsi kimi qəbul olunmuşdur. Əslində azərbaycançılıq ideologiyasının fəlsəfəsi də elə Bütöv Azərbaycan, Vahid Azərbaycan ideyasına qulluq etmək deməkdir. Bu Heydər Əliyev dühasıdır.
Xüsusi olaraq "Bütöv Azərbaycan" qəzeti və "Butov.az" informasiya portalı üçün

Səməd Zülfəli oğlu BAYRAMZADƏ,
AMEA akad. Z.Bünyadov adına
Şərqşünaslıq institutunun
“Cənubi Azərbaycan” şöbəsinin müdiri,
dosent, tarix üzrə fəlsəfə doktoru

"Bütöv Azərbaycan" qəzeti
15 oktyabr 2021-ci il






Paylaş



Bölmə: Bütöv Azərbaycançılar / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!