XXI əsrin informasiya mühiti Azərbaycanda kitabxana işinin inkişafında yeni konsepsiya və meyarların formalaşmasını, modern informasiyalaşdırma imkanlarının təmin edilməsini tələb edir.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası zəngin elmi-bəşəri informasiya sərvətlərinin gələcək nəsillərə ötürülməsində, elmi kadrların hazırlanmasında və Azərbaycan elminin inkişafında xüsusi rolu ilə seçilir. Bu mənada, Elmi Tədqiqat İnstitutlarından, nəşriyyatlardan alınan məcburi nüsxələrlə, komplektləşdirmənin mühüm mənblərindən olan beynəlxalq kitab mübadiləsi yolu ilə sifarişli və hədiyyə olunan kitablarla formalaşan fondlarımız yenilənir. Belə ki, 2021-ci ildə 20 000 -dən artıq sənəd daxil olmuşdur.
2021-ci ildə Mərkəzi Elmi Kitabxanada Azərbaycan kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fondu yaradılmışdır. Fond I-II Qarabağ savaşında şəhid olmuş hərbçilər, qazilər və iştirakçılar haqqında materialların toplanmasını, mühafizəsini və istifadəsini təşkil edir. Həmçinin fondda Qarabağın tarixinə, etnoqrafiyasına, coğrafiyasına, ədəbiyyatına, musiqisinə, folkloruna dair materiallar toplanır, mühafizə edilir və istifadəçilərə çatdırılır.
2021-ci ildə Azərbaycan dilində ədəbiyyat və mübadilə fondu ümumi fondun tərkibindən ayrılaraq yeni şöbə kimi yaradılmış, Azərbaycandilli ədəbiyyatlar bu şöbənin fondunda toplanmışdır.
MEK-in fondlarında olan ədəbiyyat nümunələrini, məqalələri müxtəlif tipli skan aparatları vasitəsilə elektron formata salınaraq, daha sonra xüsusi proqramda konvertasiya edib elektron bazaya daxil edərək oxucuların istifadəsinə verilməsi kimi vacib bir işi həyata keçirən yeni bir şöbə - Reproqrafiya şöbəsi də MEK-də gerçəkləşdirilən mühüm nailiyyətlərdəndir.
MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsində ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi və təbliğinə dəstək məqsədilə Heydər Əliyev lektoriyası fəaliyyətə başlamışdır. Bu lektoriyada müxtəlif mövzularda vaxtaşırı müzakirələr təşkil edilir.
MEK beynəlxalq kitab mübadiləsi çərçivəsində bir çox ölkələrin müxtəlif təşkilatları ilə tərəfdaşlıq edir və bu əlaqələr nəticəsində təşkilatlar arasında sənəd mübadiləsi həyata keçirilir. İl ərzində Rusiya, Belarus, Ukrayna, Yaponiya, Çin, Fransa, ABŞ, Avstriya, İsveç, Almaniya və s. ölkələrin kitabxanaları və cəmiyyətləri tərəfindən 261 nüsxə müxtəlif nəşrlər kitabxananın fonduna daxil olmuşdur. Həmçinin kitabxananın Mübadilə fondundan 35 təşkilata 1363 nüsxə ədəbiyyat göndərilmişdir.
Eyni zamanda kitabxanamızın elektronlaşdırılması məqsədilə “İRBİS-64” Avtomatlaşdırılmış İnteqrasiyalı Kitabxana Sisteminin tətbiqinə başlanılmışdır. Kitabxananın elektron kataloqunun yaradılması üçün “İRBİS-64” proqramının “Kataloqlaşdırma” modulunda müxtəlif bazalarda 122497 adda 359747 nüsxə sənədin elektron biblioqrafik təsviri həyata keçirilmişdir. Eyni zamanda MEK-də əvvəlki illərdə “İRBİS-64” proqramında qeydiyyatdan keçmiş 134711 nüsxə sənəd də “Elektron kitab” bazasına daxil edilmişdir.
Kitabxananın tarixində mühüm fəaliyyət sahəsi kimi daim diqqət mərkəzində olan biblioqrafik məlumat nəşrlərinin hazırlanması sahəsində də 2021-ci ildə, demək olar ki, rekord göstərici əldə olunmuşdur. Belə ki, ötən il AMEA Rəyasət Heyətinin qərarı və MEK kollektivinin təşəbbüsü ilə aşağıdakı biblioqrafik vəsaitlər tərtib olunmuşdur:
44 günün salnaməsi: Vətən müharibəsi: biblioqrafik göstərici; Nizami Gənvəvi irsinin kitabxanalarda təbliği; Nizami Gəncəvi: biblioqrafiya (Mərkəzi Elmi Kitabxananın fondunda olan materiallar əsasında); 2021-ci ildə MEK-in fondlarına daxil olan ədəbiyyatın biblioqrafik göstəricisi; Ramiz Alıquliyevin, Bahadır Tağıyevin, Tehran Mustafayevin, Kamil Aydazadənin, Şahbaz Muradovun, Rəna Məmmədovanın, Qorxmaz İmanovun, Əbülfəz Quliyevin, Aydın Kazımzadənin, İsmayıl Hacıyevin, Nailə Vəlixanlının, Nüşabə Araslının, Möhsün Nağısoylunun biblioqrafiyaları məhz ötən ilin məhsuludur.
2021- ci ildə Mərkəzi Elmi Kitabxana çoxsaylı elmi konfrans və seminarların təşkilində də yaxından iştirak etmiş, əməkdaşlarımızın bu konfranslarda 60-dan artıq məqaləsi nəşr olunmuşdur.
15 oktyabr 2021-ci il tarixindən etibarən pandemiya şərtlərinin yumşaldılması ilə əlaqədar olaraq MEK oxuculara xidməti yenidən bərpa etdi. İlk dəfə olaraq ,AMEA-nın əməkdaşları, magistrları, dissertant və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçirilməyə başladı. Nəticədə kitabxananın oxucularının sayı əvvəlki illərə nisbətən xeyli artmışdır.
Pandemiyadan sonra MEK-də 400-dən artıq oxucu qeydiyyatdan keçib, hal–hazırda oxucuların sayı 7000 nəfərə yaxındır.
AMEA Mərkəzi Elmi Kitabxanası müasir kitabxana xidmətlərinin tətbiqi nəticəsində kitabxanada oxuculara xidmət işinin kəmiyyət və keyfiyyət göstəricilərini yüksəltməklə Azərbaycan elminin inkişafına töhfələrini verməkdədir.
Kollektivimiz əldə olunmuş nailiyyətlərdən ruhlanaraq yeni ilə daha böyük ruh yüksəkliyi və əzmlə qədəm qoymuşdur. Ümidvarıq ki, 2022-ci ili daha böyük uğurla başa vuracaqdır.
Gülnar Məmmədova,
MEK-in Komplektləşdirmə şöbəsinin müdiri
Ofeliya Yunusova,
Xidmət şöbəsinin müdiri