"Nur Ocağı" Qulu İsmayılov Xaləddin oğlunun şeirlərini təqdim edir:(Qulu Xaləddinoğlu)VƏTƏNAna yurdun torpağının,
Hər qarışı,daşı Vətən.
Dünya qızıl bir üzüksə,
O,üzüyün qaşı Vətən.
Odur əsil sevgili yar,
Onsuz mənə gen dünya dar,
Ürəyimdə nə sevda var,
Hamısının başı Vətən.
Sərt küləklər əssə yandan,
Can ayrılsa əziz candan,
Əgər ayrı düşsəm ondan,
Gözlərimin yaşı Vətən.
KÜSÜB MƏNDƏNNə vaxtdır qələmdən gen gəzdiyimdən,
Qələm küsüb məndən,söz küsüb məndən.
Vəsf etmirəm deyə hüsnünə şeir,
Bir aybəniz sima-üz küsüb məndən.
Qayğılar o qədər başımı qatıb,
Çağlayan ilhamım elə bil yatıb,
Yollar da aparmır əlimdən tutub,
Cığır küsüb məndən,iz küsüb məndən.
Şeirlər azalıb,say vermir daha,
Sanki,"ilham pərim" pay vermir daha,
Dağlar da səsimə hay vermir daha,
Dərə küsüb məndən,düz küsüb məndən.
Misralar lal olub,dinmir,danışmır,
Təbim incik düşüb,mənlə barışmır,
Bir vaxt yanan ocaq indi alışmır,
Alov küsüb məndən,köz küsüb məndən.
GƏNCLİYİNecə oldu,harda qaldı bilmədim,
Çox axtardım,tapammadım gəncliyi.
O hey oldu atlı,mənsə piyada,
Çapıb getdi,tutammadım gəncliyi.
Gedən gündən dünyam oldu qaranlıq,
Sevinc susdu,qəm eylədi fironluq,
İstəsəm də geri dönə bir anlıq,
Ömrə bir də qatammadım gəncliyi.
Aramızdan aylar,illər ötsə də,
Yarı yolda qoyub məni getsə də,
Gözlərimdən həmişəlik itsə də,
Ürəyimdən atammadım gəncliyi.
TƏLƏSDİMBir zaman gəncliyə qovuşmaq üçün,
Böyümək istədim,yaşa tələsdim,
Anlamadım gedən ömürdən gedir,
Yuxarı can atdım,başa tələsdim.
Həyat yollarında durmadan qaçdım,
Xəyalımda aya,ulduza uçdum,
Gəncliyin başına min oyun açdım,
Yazı yolda qoyub,qışa tələsdim.
Xatirəyə dönüb itən günlərə,
Ömürdən xəbərsiz bitən günlərə,
Durna qatarıtək ötən günlərə,
Sevinclə,kədərlə qoşa tələsdim.
Görəndə ömürün çoxu gedibdir,
İllər saçlarımı bəyaz edibdir,
Qocalıq xəlvəti məni güdübdür,
Onda ayıldım ki,boşa tələsdim.
BAŞQADIRİstərsə sonradan yüzünü sev sən,
İlk eşqin ləzzəti,dadı başqadır.
Qəlbinə,ruhuna hakim kəsilən,
Hisslərin doğması,yadı başqadır.
Xəyalından getməz nurlu ay üzü,
Daim xatırlanar söhbəti,sözü,
Ürəkdə alışan alovu,közü,
İçini yandıran odu başqadır.
Sevda yollarına ilk dəfə çıxan,
Sənə məhəbbətin gözüylə baxan,
Qəlbini əbədi odlara yaxan,
O ülvi sevginin adı başqadır.
YAZDIMNə zaman əlimə qələm götürdüm,
Şeiri duyğuma uyğun,tən yazdım.
"Ilham pərim" cuşa gəldiyi anda,
Təb vadar edəndə,gərəkdən yazdım.
Hər zaman oturdum,durdum ər ilə,
Duz-çörək kəsmədim namərd biriylə,
Mərdin süfrəsində alın təriylə,
Halal qazandığı çörəkdən yazdım.
Qələmə verdiyim əhdi pozmadım,
Səmtimi düz tutdum,yolda azmadım,
Yazmaq xatirinə şeir yazmadım,
Nə yazdımsa onu ürəkdən yazdım.
İSTƏDİMYaşadığım bu həyatda,
Nə şöhrət,nə şan istədim.
Nə var-dövlət,zəngin həyat,
Nə süni ad-san istədim.
Nur olsun deyə gözümə,
İşıq salsın yol,izimə,
Səhərləri mən üzümə,
Xoş açılan dan istədim.
Arzuladım hey baharı,
Sevmədim heç baran,qarı,
Bir-birinə insanları,
Ola mehriban istədim.
Səsləyərək mələkləri,
Etdim arzu,diləkləri,
Soyuq əsən küləkləri,
Keçə məndən yan istədim.
Özümü dərk edən andan,
İstəmədim çox şey ondan,
Hey duamda Yaradandan,
Əsas sağlam can istədim.
VAXTIDIRNə qədər istəsə daha coşammaz,
Artıq, dalğaların senən vaxtıdır.
Hərarəti azdır,qızdırmır yeri,
Günəşin qüruba enən vaxtıdır.
Daha yox əvvəlki,o odlu baxış,
Günlərim ömürə vurmayır naxış,
Dəyəmi isladır yağanda yağış,
Köçümün geriyə dönən vaxtıdır.
Aşıq,bir hava çal xəyala dalım,
Ötən günlərimi bir yada salım,
Mən də şeir deyim ay qadan alım,
Könlümün susmayıb,dinən vaxtıdır
GƏLƏCƏMMəndən küsüb,üz döndərən,a kəndim!
Bir gün sənlə barışmağa gələcəm.
Mənə əziz,doğma olan kəslərin,
Cərgəsinə qarışmağa gələcəm.
Dərəsindən,təpəsindən keçməyə,
Yer belləyib,dağlarda ot biçməyə,
Bulaqların gözündən su içməyə,
Təbiətlə qovuşmağa gələcəm.
Vəfalı dost,bir mehriban üz olub,
Niyyəti saf,əqidəsi düz olub,
Yurdu sevən ürəklərdə köz olub,
Ocaq kimi alışmağa gələcəm.
O əvvəlki şən-şuxluğum ta yoxdu,
Dərdim var ki,ürəyimə bir oxdu,
Deyiləsi söhbət çoxdu,söz çoxdu,
Dərdlərimi danışmağa gələcəm.
Gələcəyəm üzə gələn bu yazda,
Yolumu gözləsin qoy telli saz da,
Boynumda haqqı var onun bir az da,
Elim üçün çalışmağa gələcəm.