COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                        Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı .....                        Bakıda jurnalisti maşın vurdu .....                        70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - AÇIQLANDI .....                       
Tarix : 19-09-2022, 07:39
"Nur ocağı" Aslan Şirəlioğlunun şeirlərini təqdim edir:

"Nur ocağı" Aslan Şirəlioğlunun şeirlərini təqdim edir:

Qartlanıb-yalanıb, döyükür əlik,
Dağ-daş eşq tamsınır:- yaza bax, yaza!
Çayda ördək çimir, cülyədə kəklik,
Göldə baş oynadan qaza bax, qaza!

Jalələr çöllərə qığılcım saçıb,
Bülbüllər görünmür, böcəklər qaçıb.
Geyib sırğasını mehə döş açıb,
Şehli çəmənlərdə naza bax, naza!

Dağlar bənövşəni çoxdan qoxuyub,
Sevənlər eşqiylə nələr oxuyub.
Gecənin alvızı qırov toxuyub,
Bulağın üzündə buza bax, buza!

Dumanın zirvəylə sazdı arası,
Ruzi-bərəkətdir ağı-qarası.
Qurtarmır aylarla qaysaq yarası,
Təşnə dodaqlarda duza bax, duza!

Qəlbə eşq odunu təbiət əkir,
Yaz gəldi aşiqlər, eh, nələr çəkir.
Ay Aslan, yerimir, yerində səkir,
Elə bil mələkdir:- qıza bax, qıza!

Qocaldım
Bəxtim qələm çəkdi, ay Cümşüd Əli,
Vaxtsız viran qoydu bağı, qocaldım!
Çatdı tonqalları talemin əli,
Dağladı gözümdə yağı, qocaldım!

Övlad çəmənində gülşəndi yazım,
Kökdən kök alırdı "Cəngi"yə sazım.
Əmin-amanlıqdı eşqim, avazım,
Ömrümün ən gözəl çağı, qocaldım!

Vurub mizrabını həyat ahəstə,
Dağ çəkdi sinəmə dağı dağ üstə.
Dözmədi bu dərdə Aslan tək xəstə,
Göyərtdim sinəmdə dağı, qocaldım!

Yaxşı adamlar
Qoruyun dünyanı alovdan-oddan,
Ay yaxşı adamlar, yaxşı adamlar!
Qoruyun yaxından, qoruyun yaddan,
Ay yaxşı adamlar, yaxşı adamlar!

Ağıllar sapanda çilikdi... bilin,
Nəfislər çəkdiyi ilikdi... bilin.
Hər dərdin dərmanı bilikdi... bilin,
Ay yaxşı adamlar, yaxşı adamlar!

Ocağa su tökün, odu söndürün,
Qanadlı şahmarı görədən endirin,
Allahı sevəni taxta mindirin,
Ay yaxşı adamlar, yaxşı adamlar!

Ömrə zinət bilək haqqın səsini,
Ondan ayırmayaq sülh kəlməsini.
Yığışaq... oxuyaq eşq nəğməsini,
Ay yaxşı adamlar, yaxşı adamlar!

Məhəl qoyan yoxdur doğruya, düzə.
Haqqı şapalaq tək vururlar üzə.
Təbiət əl açıb, yalvarır bizə,
Ay yaxşı adamlar, yaxşı adamlar!

Dünya

Qəti arası yox yaxşılıq ilə,
Yamanlıq etməyə yamandı dünya!
Qəlbən güldürməyib bir kəsi hələ,
Fəryaddı, nalədi, amandı dünya!

İnsanı əridir əzab peçində,
Yenilik axtarır o öz köçündə.
Zülmət qaranlıqdır nurun içində,
Çisəkdi, çisgindi, dumandı dünya!

Düzün qamətinə gəzdirir rəndə:-
Çökür yal verən də, yala hürən də.
Qaçıb-daldeylənir pullu görəndə,
Kasıba dörd əlli cumandı dünya!

Nişanda saxlayır kaman-yayını,
Tülküyə qorxudur şiri, ayını.
İkiqat eyləyib varlı payını,
Yetimin payından umandı dünya!

Aslan, qiymət qoyub daşa-kəsəyə,
Qoymaz özgə əli girsin kisəyə.
Qanmaza seyrangah, qanan kimsəyə,
Arzudu, ümiddi, gümandı dünya!

Gələn keçir bu dünyanın düzündən,
Gələn... keçən... doymur nurlu üzündən.
Bir tamahın umacağı yüzündən,
Di, gəl, sığmır iki qarpız bir ələ!
Gözümüzdə noya dönüb qan Ləki,
Nəfsimizin tutumuna yox çəki.
Bir yürüşə almaq olar, di, gəl ki,
Yemək olmaz bu dünyanı bir ələ!
Taleyinə boyun əymir hər kişi,
İrdələnir, xırdalanmır ər kişi.
A şəmkirli, görəcəyin bir işi,
Ağıl ilə yüz qarışdır, bir ələ!

Vətən
Nərgizlə bənövşə verib əl-ələ,
Bağrımın başını taladı, vətən!
O vətən gülləri təbəssüm ilə,
Gözümün şehini yaladı, vətən!

Çox güllər gül açıb, çox güllər solub,
Bu axar-baxardan çox qəlblər dolub.
Həsrətim könlümdə od-atəş olub,
İçimdə tonqallar qaladı, vətən!

Həsrət çuxasını yoluma sərdi:-
Bax, belə çöysüdür ah-aman mərdi.
Gözümün suyunu el-oba dərdi,
Çay kimi yaxama caladı, vətən!

Bənövşə
"Qaraboyun", "Duzlu bulaq", "Sarı yal",
Çıraq tutur yollarıma, bənövşə!
Kəhər olub o yollarda ta xəyal,
Tez-tez dönnəm ellərimə, bənövşə!

Gildən-qumdan yağış tökmüş xamırdan,
Göl hörürəm, kərpic tutub çamırdan.
Daş üstündə duman doğan mamırdan,
Xına vurram əllərimə, bənövşə!

Vətən... deyib, həsrətimdən pörtürəm,
Nəyi varsa gözlərimə dürtürəm.
Amalımla çöl-çəməni örtürəm,
Yad baxmasın güllərimə, bənövşə!

Qoşa yandı könlümüz də eşq sacı,
Onun tamı gah dərd daddı, gah acı.
Gənclik adlı həm anasan, həm bacı,
O sevdalı illərimə, bənövşə!

Məətdələm çən toxumuş çərtinə,
İstəyirsən:- Aslan ölsün xətrinə.
Könlüm-gözüm heyran qalıb ətrinə,
Yaraşıqsan çöllərimə, bənövşə!

Eşitmişəm ki
Var-dövlət, şan-şöhrət, mal-mülk sarıdan,
Bəxtinə gün düşüb... eşitmişəm ki!
Adlayıb o üzə ömür yarıdan,
Saçına dən düşüb... eşitmişəm ki!

Vara meyilliydin o vaxtdan hələ,
Eşqə yox, çatmısan qızıla, lələ.
Hər saat gəlməyir arzu-kam ələ,
Qismətin tən düşüb... eşitmişəm ki!

Deyirlər:- evdə bir, yataqda yadsız...
Belə sevgi olar? Vüsalı dadsız...
Səni hayıf etdi bir könlü odsuz,
Eşqinə çən düşüb... eşitmişəm ki!

Özünü yandırır içindəki köz,
Əriyir o odda arzular göz-göz.
Xoşbəxtlik... deyilən o uydurma söz,
Evindən gen düşüb... eşitmişəm ki!

Biz sevişən zaman talemiz yardı,
Hayıf o günlərə... nə günlər vardı.
Aslanla olsaydı, xoşbəxt olardı:-
Ellərə ün düşüb... eşitmişəm ki!

İnsan oğlu! Salam olsun...xoş gördük..
Söylə,hanı bu dünyanı quranlar?
Taxtı-tacı muzeylərdə boş gördük,
İtib-batıb keşiyində duranlar!
Xurcun edib yaqut-lələ qoynunu,
De kim pozub Əzrayılın oynunu?
Verib çərxin qılıncına boynunu,
Bir zərbəyə yeddi boyun vuranlar!
Çox ağıllar tamahlara sarıldı,
Çox tamahlar yeddi yerə cırıldı.
Saxsı qabtək məqamında qırıldı,
At oynadıb, millətləri qıranlar!
Boran demə haray çəkən hər yelə,
Duruşundan qürur verir dağ selə.
Bir geri dön, keçmişə bax, qəşş elə,
Zamanına xəcalətdir fironlar!
A Şəmkirli, tutduğumuz nə yoldu?
Ah-amanla bu yolumuz hey doldu.
Dar məzarda ilanlara yem oldu,
Haqq-divanın üz-gözünü cıranlar!

Gözüm baxır gözünə,
Gözümdə duman köçü!
Üzüm dəyir üzünə,
Üzümdə iman köçü!

Sevgimizdə yox uğur,
Məni göz yaşım boğur.
Ahdan arzular doğur,
Arzular güman köçü!

Xəyalım sənə qaçır,
"Bəlkələr" şölə saçır.
Ümidim çiçək açır,
Qımışır zaman köçü!

Tuta
Yasamala qonaq olam,
Zirvə məni yelə tuta!
İldırımlar od-alova,
Ağ buludlar selə tuta!

Heyran qalam bağça-bağa,
Sevincimdən dönəm dağa.
Yal-yamaclar quzqulağa,
Göy çəmənlər gülə tuta!

Hər yan bülbül, hər tərəf qu,
Möcüzədir duyana bu.
Elə biləm Leylidi su:-
Əllərimdən elə tuta!

Xatirimdə nələr, nələr,
Duyan könül səssiz mələr.
Səhər tezdən al lalələr,
Gözlərimi lələ tuta!

Arzularım aşıb daşa,
Fərəhindən ürək coşa,
Aslan dönüb cavanlaşa,
Bənövşəni dilə tuta!

Mübariz
Qeyrət təcəssümü, kişilik rəmzi,
Babəklər başlamış yoldu Mübariz!
Sanki, aldadırlar nağıllar bizi,
Koroğlu timsallı qoldu Mübariz!

Kim deyir:- o ulduz əbədi söndü?
Gəncliyin önündə nur saçan yöndü!
Göylərin bağında şəfəqə döndü,
Şərəftək qəlblərə doldu Mübariz!

Dünyanı mat qoydu o, biliyiylə:-
Sağaltdı vətəni öz iliyiylə!
Dönüb tarixləşdi ölməzliyiylə,
Torpağa yeni gen saldı Mübariz!

Tərki silah etdi, dağı:- düşməndən,
Aldı zor gücünə, bağı:- düşməndən!
Nanəcib... naxələf... yağı düşməndən,
Qisası birə yüz aldı Mübariz!

Aslan, o igidin yox daha dərdi,
Uçub səmalara, göylərdə ərdi!
Bu tarix deyilən gəldi gedərdi,
Zamanın yadında qaldı Mübariz!

Eşq
(Nizami Qəribə)
Məndən başlamışdı, məndə də öldü,
Di, gəl, kimliyimi bilmədi ha eşq!
Çənli ürəklərdə qəşş edib güldü,
Bircə yol üzümdə gülmədi ha eşq!

Ayrılığı əzab, həsrəti quduz,
Sevilən qəlblərə buz bağladı, buz.
Sevənin gözündə cilalandı duz,
Kiminsə gözünü silmədi ha eşq!

Çökdü var-dövlətə, əyildi taca,
Heç meyil salmadı Aslantək aca.
Odlunu odladı öz odundaca,
Odsuz ürəklərə gəlmədi ha eşq!

Demirəm
Yasamalın yoxuşu var, bərki var,
Qayasının dağalını demirəm!
Palıdının əzəməti, ərki var,
Moruğunun cığalını demirəm!

Zatdan bəlli övladının kimliyi,
Arxaclara yaraşıqdır əmliyi.
Can dərmanı qulançarı, yemliyi,
Zırnıcını, zoğalını demirəm!

Dəmyə bitir yolotusu, çüyüdü,
Həyat dərsi ahılının öyüdü.
Elə bil ki, ağ gəlindi söyüdü,
Göyrücünün sığalını demirəm!

"Dəlisi" var, "dolusu" var, nayı yox,
Dağ jaləsi gözəlinin tayı yox.
Toy-düyündə yeməyinin sayı yox,
Kətəsini, qoğalını demirəm!

Torpağında həm gül bitir, həm çayır,
Aslan onsuz saat güdür, gün sayır.
Yetimi də ağa kimi yaşayır,
Dədəlini, qağalını demirəm!

Uzaqda
Gözlərimdən neçə qızın baxışı,
Od götürüb... odu məndən uzaqda!
Ürəyimi viran qoymuş gözəl də,
Ev-eşikdir, odu... məndən uzaqda!

Boy-buxunmu, ərk-ədamı öyən qız,
Vücudumu nəzəriylə yeyən qız.
Sənsiz mənə həyat yoxdur, deyən qız,
Xoşbəxt edib yadı məndən uzaqda!

Nadan dərdi bəhrəsini budağın,
Ahlar qopdu ağrısından bu dağın.
Mən öpməyə qıymadığım dodağın,
Ağız büzür dadı məndən uzaqda!

Hoqqasına mat qalmışam fələyin,
Ürəyimdə düyünlədi kələyin.
Mən:- Leyli tək tanıdığım mələyin,
Ana candır... adı məndən uzaqda!

Zülüm-zillət içindəyəm mən düzü,
Gəlmir, Aslan, bu zillətin gündüzü.
Mənimlədir ömrün-günün bəd üzü,
İtgin düşüb şadı məndən uzaqda!

OLA BİLMƏZ
Arzu mənbəyidir eşqin, həvəsin,
İnsanın ürəyi boş ola bilməz!
Xalqın taleyini düşünən kəsin,
Güzarı bircə gün xoş ola bilməz!

Hər qamçı tutana verilmir yüyən,
Olmur ev qonağı hər qapı döyən.
Namərdlər önündə özünü öyən,
Kişi məclisində baş ola bilməz!

Ərənlər yoludu Aslanın yolu,
Zaman da bəyənmir savadsız qulu.
Qəlbi bədxaqlıqla,nifrətlə dolu,
Haqqın dərgahına tuş ola bilməz!

Özümün özümə məktubum...
Gözlünü kor gördüm, duyğulunu lal,
Cəmiyyət yolunu azanda, Aslan!
Tamlı ağızlarda zəhər oldu bal,
Pul eşq dastanını yazanda, Aslan!

Başlara yük olur idrakın vədi,
Bax, onda axtarır insanlar bədi.
Nəfislər dünyanı talayıb-yedi,
Ağıllar qaynadı qazanda, Aslan!

Tutduğun bir işin öyrən içini,
Qoyun qiymətinə satma keçini,
Yoxla yaxşı-yaxşı ölçü-biçini,
Yada dərin quyu qazanda, Aslan!

Reallaşa ürəyimin gümanı:-
Haraylıya Yasamalım məni... offf!
Sis kürkümə əl gəzdirə dumanı,
Kipriyimə muncuq düzə çəni... offf!

Sığırçını döşü ağlı, qaralı,
"Şur" başlıya kəklik xeyli aralı.
Dərəsində bürkülənə maralı,
Düzənində dalğalana dəni... offf!

Məhəbbətlə qarşılaya o bizi,
Didib-tökə kol əyini, daş dizi.
Ay şəmkirli, sinə aça nərgizi,
Bənövşəsi naza tuta səni... offf!


Kəlağayım! Mat qoymusan dünyanı,
Tarixlərə güzgü tutan dilimsən!
Zövqün ilə üz ürəyi, al canı,
Daş üstündə çəmənimsən, gülümsən!
Tarixlərə güzgü tutan dilimsən!

Ay belində "at oynatmaq"... qeyrətin,
Əllər çatmaz vüqarındır heyrətin.
Türk qızını bəzəməkdi niyyətin,
Könül açan, göz oxşayan ləlimsən!
Tarixlərə güzgü tutan dilimsən!

Xalqımıza əmanətsən Qorquddan,
Adlamısan çox alovdan, çox oddan,
Yurdlarını kim çıxarar, kim... yaddan?
Oğuz-türkmən, nanay-qaşqay elimsən!
Tarixlərə güzgü tutan dilimsən!

Üzülmədin Araz səni böləndə,
Vətən... deyib, Babəklərin öləndə.
Nə də yadlar:- qəşş eliyib, güləndə,
Uzanırsan Təbriz-Bakı:- çölümsən!
Tarixlərə güzgü tutan dilimsən!

Örpəklərin sultanısan, xanısan,
Tomrislərin qan oynadan qanısan.
Türk qızının canlar alan canısan,
Qoynu büllur... Xəzər adlı gölümsən!
Tarixlərə güzgü tutan dilimsən!

Aslan Şirəlioğlu.


Paylaş



Bölmə: Ədəbiyyat / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!