Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 27-07-2017, 12:50
"Özü tarix olan dağlar" - Şahlar Qəribli



"Qəlbimi isidən alov"un işığında

Bu günlərdə gənc şair Şahlar Qəribli ilə görüşdüm. Görüşümüz çox səmimi oldu, çay içə-içə ədəbiyyatdan, aşıq yaradıcılığından söz açdıq. Ustad aşıqları yad etdik. Onların indiki nəsil üçün qoyduqları adət-ənənələrdən, ustad, şəyid münasibətindən əhatəli söhbətlər etdik.


Şahlar Qəribli mənə özünün təzə işıq üzü görmüş "Qəlbimi isidən alov" kitabını da gətirmişdi. Kitabı vərəqlədikcə görürsən ki, kitabın adı kimi şeirləri də odlu-alovludur.

"Özü tarix olan dağlar" - Şahlar Qəribli


Şahlar Qəribli 28 yanvar 1977-ci ildə sazlı-sözlü, hər tərəfi dağlarla əhatə olunmuş, axarlı-baxarlı Tovuz rayonunun Qəribli kəndində anadan olub.

1982-ci ildə Məzahir Quliyev adına Şamlıq kənd orta məktəbinin birinci sinfinə daxil olub. Hələ orta məktəbdə oxuduğu vaxtlardan Tovuz rayonunun "Həqiqət" qəzetində və Respublikanın dövrü mətbuatında şeirləri dərc olunub. 1993-cü ildə orta məktəbi qurtarıb.

Şahlar Qəribli hələ məktəbdə oxuduğu illərdən saza-sözə vurulur, aşıq ədəbiyyatı ilə daha dərindən tanış olmağa başlayır.

Şahlar Qəriblinin yaradıcılığı elə ona görə aşıq şeir üslubunun bütün janrları ilə əhatə olunub. Yazdığı gəraylılar, qoşmalar, təcnislər, divanilər olduqca diqqəti cəlb edir və oxucu kütləsinə özünü sevdirməyi bacarır. Mən belə deyərdim ki, Şahlar Qəriblinin yaradıcılığı olduqca geniş və əhatəlidir. Şairin yaradıcılığının əsas hissəsini Vətənə, elə, obaya bağlılığı, dağlara olan məhəbbəti təşkil edir. Şair Vahid Coşqun kitabın ön sözündə çox düzgün qeyd edib ki, "Müəllif öz doğma yurduna, xalqına və yaşadığı obanın adını həm də özünə təxəllüs kimi götürdüyü Qəribli haqqında yazdığı misralar lap könül açandır!".

Qəriblidə

Xınna dərəsinə düşərsə yönün,

Taparsan ilqarı düz Qəriblidə.

Təmiz havasıyla, soyuq bulaqlar

Ömürlər yaşadır yüz Qəriblidə.


Dolan bu yerləri, dərinnən tanı,

Gör nələr yaradıb kərəmin kanı.

Əli yadigarı Haça qayanı,

Ziyarət eyləyib gəz Qəriblidə.


Xoşdu bu yerlərin baharı-yazı,

Yüz kərə dolansan doymazsan, azı.

Dillənsə könlünün sədəfli sazı,

Deməklə qurtarmaz söz Qəriblidə.


Nə bilər qədrini bu yerin naşı,

Tarixi qədimdi, uludu yaşı.

Gör nələr söyləyir hər qaya daşı,

Vardı tarixlərdən iz Qəriblidə.


Bu el tarixinnən Şahlar söz açar,

Hər sözü gül kimi ətirlər saçar.

Kim ki, qucağında yaylayıb yatar,

Olar dərdi-qəmi az Qəriblidə!


Şair şeirində boya-başa çatdığı kəndin bütün gözəlliklərini, suyunu, havasını olduqca çox gözəl tərənnüm edib.


Və yaxud "Qocalarmı heç" qoşmasında yazdığı kimi:



Ay gözəl dağların gözəl havası,

Sənnən nəfəs alan qocalarmı heç.

Səni satan bu dünyanın varına,

Ad alıb, dünyada ucalarmı heç.


Və yaxud durna gözlü bulağına yazdığı "Göy bulaq" qoşmasında yazdığı kimi:


Mat qalmışam mən səndəki dözümə,

Yurd yerləri şahid durur sözümə.

Söz verirəm innən belə özümə

Adına bir dastan düzüm, Göy bulaq.

Şair dağlarında gəzdiyi, uşaqlıq çağlarında yamacında qoyun-quzu otardığı dağları da yaddan çıxarmayıb. Yazdığı "A dağlar" qoşmasında dağları olduqca gözəl tərənnüm edib.


Niyə belə soyuq-soyuq baxırsan,

Demə sənnən soyumuşam, a dağlar.

Əzəl gündən bilirsən ki, mən sənin,

Gözəlliyinə uyumuşam, a dağlar.


Vurğunuyam hər yamacın, hər dağın,

Bil mənə əzizdi sənin torpağın.

Nə tökülüb yenə qaşın, qabağın,

İncidiyni bax duymuşam, a dağlar.


Sənsiz könlüm alovlara qalandı,

Həsrətindən varım-yoxum talandı.

Qəribli də sənin doğma balandı,

Mən ki, səndə böyümüşəm, a dağlar.


Və yaxud başqa "Dağların" qoşmasında yazdığı kimi.


Bahar gəlib, könül açır gözəllik,

Verilib qüdrətdən payı dağların.

Ömrü boyu bu varlığa borcluyuq,

Çoxdu boynumuzda sayı dağların.


Axtarsan keçmişdən gəlir sorağı,

Zəmzəm - zümzüməli axan bulağı.

Könlün istəyirsə, gəl ol qonağı,

Xoş keçir baharı - yayı dağların.


Şair dağların gözəlliyini təkcə qoşmalarında yox, eyni zamanda gəraylılarında da tərənnüm etmişdi. Necə ki, "Dağlar" gəraylısında yazdığı kimi:


Zirvələrin duman, qarlı,

Ətəklərin bağça-barlı.

Hər bir daşın yadigarlı,

Özü tarix olan dağlar.


Şair bu gəraylısında çox gözəl deyir və doğru qeyd edib: "Özü tarix olan dağlar". Bəli, bu dağlarda Dədə Ələsgərin, Hüseyn Bozalqanlının, şair Nağının və neçə-neçə ozanların ayaq izləri var.

Şahlar Qəriblinin kitabını vərəqlədikcə biri-birindən gözəl şeirlərindən ayrılmaq olmur. Şairin məhəbbət haqqında yazdığı "Öldürür" divanisi də çox gözəl yazılıb.


Arif olan eşq əhliyəm, məni canan öldürür,

Dərdim çoxdu deyəmmirəm, məni yaman öldürür.

İndi bildim heç yoxuymuş gözəllərin vəfası,

Adını da deyəmmirəm, ismi-pünhan öldürür.


Günü-gündən qəm-ləşkəri gəlib dolur könlümə,

Gözəl sevdim, yüz yerindən yara vurdu qəlbimə.

Eşq əlindən xəbərdarlar şərik olar dərdimə,

Əzəl başdan siz olarsız dərdi qanan, öldürür.


Şahlar deyər, məhəbbətdən dağ çapanı görmüşəm,

Məcnun kimi çöl gəzirəm, dağa-daşa düşmüşəm.

Yanıb cismim atəşinə eşq oduna bişmişəm,

Kərəm kimi eşq oduna mənəm yanan, öldürür.


Gözəl şair Şahlar Qəribliyə yaradıcılığında uğurlar arzulayıram. Şairin bu kitabı axırıncı yox, axarıncı olsun.

Əziz oxucular, Şahlar Qəriblinin hələ dövrü mətbuatda dərc olunmayan bir neçə şeirini də sizlərə çatdırmağı özümə borc bildim.



Var mənim


Harada söz düşəndə necə deməyim,

Bu sözlə döyünür, vurur ürəyim.

Necə öyünməyim, mən fəxr etməyim,

Türk adlı əsilim, soyum var mənim.


Özüm od oğluyam, tanrı dayağım,

Çətin sınaqlara dözmüş ayağım.

Başımın üstündə üç rəng bayrağım,

Nur saçan ulduzum, ayım var mənim.


Qəribli, sönməzdi alovum-közüm,

Dünyaya səs salan şöhrətim-sözüm,

Qoca tarixlərdən silinməz izim,

Dünyada milyonlar sayım var mənim.


Türk oğluyam mən



Mən dana bilmərəm əsli-zatımı,

Dünyaya səs salan türk oğluyam mən.

Çətin sınaqlardan üzü ağ çıxan,

İgid tək ad alan türk oğluyam mən.


Ulu keçmişimdi, şərəfim-şanım,

Bu yurda bağlıdı nəfəsim-canım.

Ucalan al bayraq tökülən qanım,

Zəfərlə ucalan türk oğluyam mən.


Verilib əzəldən tanrıdan payım,

Dünyaya nur səpir, ulduzum-ayım,

Bir gün birləşəcək o tay, bu tayım,

Düşmənə dağ olan türk oğluyam mən.


Qəribli, haqqadı həmişə yolum,

Çətin ki, əhdimdən, sözümdən dönüm.

Dillərdə dastandı, hər sözüm-ünüm,

Tarixlərdə qalan türk oğluyam mən.


Gələr


Daşdan keçirməklə su təmiz olmaz,

Təmiz su bulağın gözünnən gəlir.

Bəla gələr olsa insan başına,

Dediyi kəlmədən, sözünnən gələr.


Yazılmaz tarixə hər söz, - söz olmaz,

Zatı kəc olanlar əhdə düz olmaz.

Hər yanan ocaqda isti köz olmaz,

İstilik ocağın közünnən gələr.


Qəribli, deyilən hər söz bir misal,

Həyat bir məktəbdi, sən də dərsin al.

Satılmır alalar mərifət, kamal,

Mərifət insanın özünnən gələr.


Oğul


Çəkirsənsə el dərdi çək,

Başqa dərdi çəkmə, oğul.

Göz yaşını siləndən ol,

Sən göz yaşı tökmə, oğul.


Sözü doğru hədəfə vur,

Haqq deyənin yanında dur.

Ədalətdən saraylar qur,

Evlər yıxıb, sökmə, oğul.


Haqqın səsi olsun səsin,

Ellər sənə var ol desin.

Əkdiyindən sevinc bitsin,

Şər toxumu əkmə, oğul.


Qəriblinin arzusu bol,

Yolun olsun düz, doğru yol.

Düşmənlərə göz dağı ol,

Sən əyilmə, çökmə, oğul.


Ola


Yaradan xoş yaza, dərd-qəm verməyə,

Hər günü xoş olan dövranım ola.

Nə var istəmirəm, nə şöhrət, nə şan,

Dünya nemətindən sağ canım ola.


Dilimdə sülh adı gəzəm hər yanı,

Bir-birnə dost edəm bütün insanı.

Xoşbəxtlik üstündə quram dünyanı,

Elə bir ixtiyar, imkanım ola.


Yamanlıq daşını atam dərinə,

Sevəni yetirəm biri-birinə.

Uçmuş könülləri hörəm yerinə,

Haqqı-ədalətdən dövranım ola.


Qoymayam dünyanı bürüsün xəta,

Qərq edəm hər yanı toya-büsata.

Yaxşılıq etməyə ömürüm çata,

Qəribli, əlimdə zamanım ola.


Eylər-eylər



Güvənmə dünyanın etibarına,

Axır ümidini puç eylər-eylər.

Nə qədər yolunda çəkilsə zəhmət,

Çəkilən zəhməti heç eylər-eylər.


Şöhrət dumanında çoxun azdırar,

Yaltağın adına dastan yazdırar.

Doğru olanlara quyu qazdırar,

Salar tələsinə suç eylər-eylər.


Qəribli, qoynuna gələnlər hanı,

Döndərdi torpağa gör neçə canı.

Saxlamaz özündə heç bir insanı,

Çalar təbilini köç eylər-eylər.


Keçdim


Bu taleh verdiyi ömür yolundan,

Karvan tək qatara düzüldüm keçdim.

Zaman sınaqlara çox çəkdi məni,

Həyat süzgəcindən süzüldüm keçdim.


Uymadım yalana, böhtana-şərə,

Hər yetən söz atdı, söz dedi hərə.

Bir qəlbə dəymədim mən nahaq yerə,

Haqqın iynəsindən nəzildim keçdim.


Qəribli, olanı nə gizlət, nə dan,

Üzü ağ olammaz hər yetən insan.

Zamanın fırlanan dəyirmanından,

Üyündüm-üyündüm, əzildim keçdim.


Hüseyn Məmmədov,

"Bütöv Azərbaycan" qəzeti


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!