“Azərbaycan Hava Yolları” aviaşirkəti oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.Bununla bağlı AZAL-dan məlumat verilib.
Qurumdan bildirilib ki, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir.
İCAO - beynəlxalq mülki aviasiya təşkilatının qaydalarına əsasən, regionun hava məkanı və bütün hava dəhlizləri artıq uçuşlar üçün açıqdır.
Regionumuzdakı müharibə artıq geridə qaldığı üçün regional aviasiya təhlükəsizliyi qaydalarında da dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, artıq Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq Zəngəzur dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirir.
Ekspertlər qeyd edir ki, sözügedən yenilik birtərəfli xarakter daşımır. Müvafiq öhdəlik həm Azərbaycan, həm də Ermənistanın üzərinə düşür. Odur ki, eyni şəkildə Ermənistanın mülki təyyarələri də Azərbaycanın hava məkanından keçən dəhlizlərdən istifadə edə biləcək.
Regionda kommunikasiyaların açılmasının növbəti nümunəsi olan bu addım Ermənistanı həm də tranzit ölkəyə çevirəcək. Həmçinin bu yenilik sayəsində xüsusilə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə İranın hava məkanından istifadəyə ehtiyac qalmayacaq.
Butov.az