Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 1-07-2021, 23:25
“Yurd yeri”

İnternetdə Rövşən Gülməmmədoğlunun şəklini “Yurd yeri" kitabının üz qabığında görəndə umsuq oldum. Bir qəribə hiss məni özümdən aldı. Elə bildim yurd yerimdəyəm. Kəhər at cilovu gəmirə-gəmirə başın çiynimə sürtüb atlan deyir, atlan, çıxaq dağlar qoynuna. Beləcə xəyal köhlənimi minib üz tutdum Rövşənin “Yurd yeri”nə. O yerlərə ki, 27 yaşıma qədər gah at belində, gah qoyun-quzu arxasınca, gah da göbələk, çiyələk, zəris, çaşır, quzuqulağı, yemlik, baldırğan, cacıq yığmaq üçün qarış-qarış gəzmişəm. Bəli, Rövşənin kitabı məni xəyalən Zəngəzur dağlarına, əlim çatmayan ata yurduma qaytardı.
Rövşən Gülməmməd oğlu Vəliyev nə yazıçıdır, nə publisist, nə də böyük iddia sahibi. Sadəcə soy-kökünə bağlı bir yurddaşdır. 1973-cü ilin baharında Zəngəzur mahalının Kirs kəndində dünyaya gəlib. İbtidai təhsilini doğma kənddə, orta təhsili isə qonşu Kurud kəndində alıb.

Zəhmətkeş valideynlərinin alın tərilə böyüyüb. Elə övladları Zeynəblə Gülməmmədi də halal zəhməti, öz alın tərilə böyüdür. Rövşən oxucularından təmənna edir ki, kitabında Cəfər Cabbarlının yaradıcılıq üslubunu axtarmasınlar. Çünki onun yazdıqları öz içindən gələn səsdir. Həmin içdən gələn səs bu günkü gənclərimizi əsrlərin o üzündən süzülüb gələn milli-mənəvi dəyərlərimizə, tarixi coğrafiyamıza sahib çıxmağa hayqırır. Deyir ki, hamımız bir amal uğrunda birləşməliyik. Qərbi Azərbaycanı, Qarabağı, Xocalını, Şuşanı, Laçını, Kəlbəcəri və digər əsir yurdlarımızı işğaldan azad etmək və talan edilmiş sərvətimizin, girov götürülmüş qız-gəlinlərimizin qisasın almaq naminə birləşməli, bütövləşməliyik!
Kitabın “Dörd kəndin acılı gerçək tarixi” bölümündə müəllif Zəngəzur mahalında ermənilərin viran qoyduğu Çiriş, Səncəraul, Kurud və Kirs kəndlərinin yaranma tarixindən, yerli əhalinin erməni faşistlərinə qarşı mübarizəsindən, müqəddəsləşmiş adət-ənənələrindən söhbət açıb, maraqlı faktları diqqətə çatdırıb. Etiraf etmək lazımdır ki, yüzlərlə ali təhsilli, onlarca alim, qələm adamı, elm-irfan sahibi yetirmiş bu xaraba kəndlərin tarixi, əhalisi, toponimi, adət-ənənələri haqqında kitabı sıradan bir orta təhsillinin yazması böyük fədakarlıqdır. Əsl ziyalılıq, həqiqi vətəndaşlıq, yurdsevərlik və hər birimizə örnəkdir.
Bəlkə min dəfələrlə yanından keçdiyim Çiriş kənd qəbiristanlığında ilk dəfn olunanın Vəliməmməd, Kirs kəndininkində isə Seydi olduğunu Rövşən Gülməmmədoğlunun “Yurd yeri” kitabından öyrəndim. Kitabda həmçinin İkinci Dünya Müharibəsində həlak olan 36 nəfərin siyahısı adbaad çap olunub. Onu da əlavə edək ki, XX əsrin əvvəllərində Rusiya Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti qondardığından oradan müharibəyə göndərilənlər Ermənistanın komissarlıqlarının hesabatına daxil olub. Təəssüf ki, həmin soydaşlarımız Sovetlər dönəmində Ermənistan vətəndaşı sayıldığından Azərbaycanda, Azərbaycan türkü olduqlarından isə Ermənistanda diqqətdən, qayğıdan kənarda qalıblar. Adları öz ailələrindən başqa heç yerdə anılmayıb. Azərbaycan dövləti tərəfindən nəşr olunan “Xatirə kitabı”na da düşməyib.

Şəhidlərimizə xüsusi sayğı göstərən Rövşən kitabının “Şəhidlər” bölümündə Şəhidlik haqqında öz mülahizələrini qələmə alıb: “ Bəzilərimiz xəstə yaxınlarımızın yaşamaq üçün hər hansı bir orqanımıza ehtiyacı olsa, onu verməyə tərəddüd edərik. Verəndə də həmin adam ömrü boyu bizə minnətdar olar. Amma Şəhidlərimiz heç tərəddüd etmədən canlarını, qanlarını vətənə, xalqa qurban verdilər. Bizlər onların həyatı bahasına rahat yaşayırıq. Ona görə də onlara ölüncə minnətdar olmalıyıq”.
Müəllif bu məqamda şəhid olmuş sinif yoldaşlarını, öz uşaqlıq dostlarını xatırlayır, adlarını ehtiramla çəkir: “Aqili, Müşfiqi, Gülçini uşaq vaxtlarından tanıyırdım. Onlar işlərində qətiyyətli, dostluqda sədaqətli olaraq yadımda qalıblar. Heç ağlıma gəlməzdi ki, bir vaxtlar eyni partada, yan-yana oturduğum şagird yoldaşlarım nə vaxtsa kəndimizin fəxri, bizim qürur yerimiz olacaq. Onlar böyük bir elin övladı olmağı bacardılar. Qarabağımız, Azərbaycanımız uğrunda şəhid olaraq özlərinə millətimizin qəlbində əbədi və müqəddəs bir yuva qurdular”.
Gənclərə xitab edən Rövşən Gülməmmədoğlu həmvətənlərimizi Şəhid məzarı yanından laqeyd keçməməyə şağırır. Onun kitabının “Yurd yeri”bölümünü oxuduqca sanki minilliklərin o üzündən gələn cəng səsini, şahə qalxan köhlənlərin kişnərtisini, yurdu yağılardan qoruyan ər igidlərin dəli nərəsini duyursan. Xana salıb əriş-arğac uzadan, gəbə, kilim toxuyan nənələrin sərdəndə boz sürüləri, alagöz inəkləri oxşaya-oxşaya sağması, min oyundan çıxan nəvələri şirin laylası ilə yuxuya verməsini xatırlayıb duyğulanırsan. O nisgil varlığını çulğalayır, yurd həsrəti ürəyinə od salır. Bu yerdə müəllifin öz könül duyğularına nəzər salmaq yerinə düşər:

“Yanıqlı saz havalarını dinlədikcə kövrəlirik. Çünki hamımızın içində bir həsrət yanğısı var. Bəzən mənə elə gəlir, hardasa, həssas aşıqlar xaraba qalmış yurd yerlərinə baxıb heç nə duyub görməyəndə əl atıblar telli saza ki, bəlkə saz dil açıb bir söz deyə. Gah gözlərini yumub sazın çanağına sığınır, gah qəzəblənib çanağı, simi təzənə ilə döyüb dil açdırmaq istəyir, gah da pərdələrə sığal çəkib könlün alır. Amma yanğı sönmürkü sönmür. Məncə yanıqlı havalar elə beləcə elləri köçmüş, ocağı sönüb külü qalmış yurd yerlərində yaranıb.”
Rövşən Gülməmmədoğlunun doğma ocağa, ailəyə, dosta, qaynanaya, insanların doğulduğu və dəfn olunduğu məkanlara, ibadətə, ziyarətgahlara xüsusi yanaşması, maraq doğuran fəlsəfi baxışları var. Onun sadə üslubda, şirin dillə qələmə aldığı sətirləri oxuduqca ürəyinin döyüntüsünü də hiss edirsən. İnana bilmirsən ki, 15 yaşındaykən ata yurdundan didərgin salınan bir uşağın vətən həsrəti, yurd nisgili onun həyatında bu qədər dərin iz buraxar.

Əziz oxucular, Rövşənin 95 səhifəlik kitabının məna yükünü təhlil etməyə çalışsaq, yenidən və azı 950 səhifəlik kitab yazmaq olar. Fəqət bu bir resenziyanın çəkəcəyi yük deyil. Odur ki, qədim Oğuz yurdunun kitabda öz əksini tapmış adət-ənənələrindən biri olan Kirvəlik barədə qeydlərimlə yazımı yekunlaşdırmaq istəyirəm. Beləki Rövşənin ulu babaları ilə bizim kirvəliyin yaşı bir əsrdən uzundur. Qardaşım Neymanın və mənim öz kirvəm Rövşənin ortancıl əmisi Abbas Vəliyev idi. Amma bütün Vəliyevlər ailəsi bizi harda görsə, ən əziz simsarı, kimi bağrına basardı. Onlar Kirsdə, biz Kurut kəndində yaşayırdıq. Anam Kirs qızı olduğundan uşaq vaxtı tez-tez Kirsə- dayım gilə, xalam gilə qaçardım. Hərdən kəndin arasında camaatın toplaşdığı yerdən keçəndə kirvələrin hansı orda olsa, camaatın arasından çıxıb yanıma gələr, saçımı sığallayıb üzümdən öpər, evlərinə aparmaq istəyərdilər. Ələkbər kirvə, Abbas kirvə, Gülməmməd kirvə, Xeybər kirvə münasibətdə heç fərq hiss elətdirməzdilər. Gülnisə,Tamam, Vəri, Laləzar və Ruqiyyə kirvələr gündə beş dəfə də görsəydilər, kirvən boyuna qurban deyər, əzizləyərdilər. İndi o günlərin həsrətindəyəm və əziz kirvələrimin hamısı burnumda tütür. Ölənləri rəhmətlə anır, qalanlara sağlamlıq arzulayıram.
Rövşən Gülməmmədoğluna isə çox sağol deyirəm ki, bizim üçün əvəzsiz mənəvi xəzinə olan “ Yurd yeri” kitabını ərsəyə gətirib.
Tamxil Ziyəddinoğlu
"Bütöv Azərbaycan" qəzeti


Paylaş



Bölmə: Zəngəzur / Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!