Bu gün, 8 saylı Binəqədi birinci seçki dairəsindən “Gələcəyə İnamla” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Azay Quliyevin seçicilərlə ilk görüşü keçirilib. 7-mikrorayonda təşkil olunan görüşdə A.Quliyevin vəkilləri, dairə ərazisində yaşayan ictimai fəallar, elm və mədəniyyyət xadimləri, yazarlar, Qarabağ müharibəsi veteranları və 500-dən artıq könüllü iştirak edib.
Seçicilər Azay Quliyevi böyük coşqu ilə qarşılayıblar. Seçki Qərargahının rəhbəri Asif Əsgərli görüşü açdıqdan sonra deputatlığa namizəd A.Quliyevin ictimai-siyasi fəaliyyəti haqqında qısa video-təqdimat olub. Tə qdimatda Azay Quliyevin Azərbaycan parlamentində, müxtəlif beynəlxalq təşkilatlarda, ictimai sektorda, 10 il deputatı olduğu Şirvan şəhərində çoxşaxəli fəaliyyəti haqqında məlumatlar əksini tapıb. Videoya BURADAN baxa bilərsiniz.
Deputatlığa namizədin vəkili, tanınmış publisist, dairə ərazisində yaşayan Umud Rəhimoğlu Azay Quliyevi müstəqil Azərbaycanın gənclər hərəkatının öncüllərindən biri kimi tanıdığını bildirib: “Azay Quliyevin gənclər hərəkatında, ictimai sektorda atdığı ilk addımlarının şahidiyəm. Azərbaycanın ağır dövrlərində gənclərin ictimai prossesə cəlb olunması, onlara dövlətçilik təfəkkürünün aşılanması, vətəndaş cəmiyyətinin strukturlarının yaradılması işində Azay müəllimin böyük əməyi var. Deputat kimi də onun uğurlu fəaliyyəti göz qabağındadır”. U.Rəhimoğlu 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin Azay Quliyevə səs verməklə yüksək işgüzarlığa malik deputat və etibarlı dost qazanacaqlarına əmin olduğunu söyləyib.
“Çoxdandır belə möhtəşəm toplantı görməmişdim” deyərək çıxışına başlayan akademik Hətəm Quliyev namizədin seçki kampaniyasında fəal iştirakçı kimi qoşulmasının başlıca səbəbi Azay Quliyevin şəxsiyyətinə bəslədiyi böyük hörmətlə bağlı olduğunu vurğulayıb: “Mənim bu dairənin seçicisi kimi şüurlu seçimim Azay Quliyevin indiyədək gördüyü işlərə əsaslanır. Bir el məsəli ilə desək, “Görünən dağa nə bələdçi?”
Yazıçı-publisist, əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı çıxışında Azay Quliyevi cəmiyyətimiz üçün ən mütərəqqi ideyaların təşəbbüskarlarından biri və onların uğurlu icraçısı kimi tanıdığını vurğulayıb: “Azay müəllimin bu dairədən namizəd olması biz seçicilər üçün çox yaxşı bir şansdır. Biz bu şansı seçki günü hamılıqla məntəqələrə gedərək dəyərləndirməliyik”.
Gənc seçicilər adından söz alan namizədin vəkili Elvin Aslanov Azay Quliyevin gəncliyinin Binəqədi rayonunda, bu dairənin ərazisində keçdiyini qeyd edib. E.Aslanov Azay Quliyevin ictimai və deputatlıq fəaliyyətində daim gənclərin dostu kimi onlara dəstək olduğunu söyləyib: “Təsadüfi deyil ki, seçki kampaniyasının ilk günündən yüzlərlə gənc könüllü şəkildə Azay Quliyevin Seçki Qərargahında onun təbliğat-təşviqat kampaniyasında yaxından iştirak edir”.
Qeyd edək ki, görüşə A.Quliyevə dəstək məqsədilə onun 10 il deputatı olduğu Şirvan şəhərindən bir qrup gənc də qatılıb.
Seçicilərin coşqulu alqışları ilə çıxışına başlayan Azay Quliyev təbliğat-təşviqat kampaniyasına seçki dairəsi ərazində yaşayan yüzlərlə vətəndaşın xeyir-duasını alaraq start verdiyini söyləyib. Deputat seçilməyin çox şərəfli və məsuliyyətli iş olduğunu deyən Azay Quliyev ötən on illik deputat fəaliyyəti dövründə daim bu prinsiplərə söykəndiyini bildirib: “Mənim üçün deputat olmaq vicdanlı olmaq, Azərbaycanı yerli və beynəlxalq tribunalarda qürurla təmsil etmək deməkdir. Deputat olmaq hər bir seçicinin qayğısına qalmağı, hər bir seçiciyə diqqət göstərməyi tələb edir. Ötən 10 illik deputatlıq fəaliyyətimdə var gücümlə seçicilərimin yanında olmağa, onların müraciətlərinin həllini tapmasına çalışmışam. İndi də bu missiyanı mənim üçün doğma olan Binəqədi seçicilərinin deputatı olaraq davam etdirmək istəyirəm. İnanıram ki, seçkilərdə yüksək fəallıq nümayiş etdirərək Milli Məclisdə sizi ən layiqli şəkildə təmsil etmək bacarığı olan şəxsə səs verəcəksiniz”.
Azay Quliyev seçiciləri narahat edən bütün məsələləri Seçki Qərargahının öyrəndiyini və onların aradan qaldırılması ilə bağlı konkret layihələrin hazırlandığını diqqətə çatdırıb.
Böyük ruh yüksəkliyi ilə başa çatan görüşdən sonra seçicilər Azay Quliyevlə xatirə şəkilləri çəkdiriblər.