“Günəşli” yatağında baş verən hadisə zamanı yaralanan neftçilərin sağlıq durumları hazırda qənaətbəxşdir. Bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Rauf Kərimov bildirib.
Həkim qeyd edib ki, yaralılardan ikisinin vəziyyəti əvvəlcə kafi olsa da, hazırda normaldır: “İki xəstədən birinin iki qaşı arasında kəsik, o birinin isə alın nahiyəsində dəri qopması var idi. Bütün müayinələri etmişik, vəziyyətləri indi qənaətbəxşdir. Narahatçılığa heç bir əsas yoxdur”.
Hazırda xəstəxanada olan əməkdaşımız yenidən yaralı neftçilərlə görüşüb.
Faciə baş verən yataqda energetik vəzifəsində çalışan Ənvər Əliyev məlum hadisələri xatırlamaq istəmədiyini deyib.“Hazırda səhhətim normaldır. O dəhşəti xatırlamaq istəmirəm. Hələ də gecə saat 4-də xilas edildiyimiz an gözümün qabağından getmir. Hər kəsdən razıyıq. Bizi bu çətin gündə tək qoymadılar”.
Yataqda operator vəzifəsində çalışan İmişli rayon sakini Mais Abassov faciəni belə xatırlayır: “Qayığımız pis vəziyyətə qalmışdı. Çox narahat idik. Dalğaların təsirindən qayıq yellənirdi. Başımız dəmirlərə dəyirdi. Ona görə də alın nahiyəm zədələnib. Neftçilərin çoxunun başından qan tökülürdü. Düz 21 ildir ki, dənizdə işləyirəm. Hələ belə bir hadisə görməmişdim. Burada hansısa təxribatdan söhbət gedə bilməz. Sadəcə olaraq dənizdə olan dalğalar boruları partlatdı və bu səbədən faciə baş verdi. İnşallah sağalan kimi işimi davam etdirəcəyəm”.
Hadisə baş verən zaman platformada olan xidmətçi Əliyeva Məlahət isə söhbətimiz zamanı göz yaşlarını saxlaya bilməyib:“3 ildir orada xadimə kimi işləyirdim. Hadisə baş verən gün də işdə idim. Birdən işıqlar söndü, güclü dalğalar platformaya vurmağa başladı. Hamı qışqırırdı ki, yanğın, yanğın...
Hər tərəfi tüstü basmışdı. Sonradan rəisin otağına toplaşdıq. Orada olan bütün əşyalar üstümüzə tökülməyə başladı. Nəfəs ala bilmirdik. Hələ də şokdayam. Özümə gələ bilmirəm. İş yoldaşlarımın üzü, orada keçirdiyimiz anlar gözümün qabağından getmir”.
Qaynaqçı Rəşid Hüseynov hadisə zamanı kəllə-beyin travması alıb. O digər iş yoldaşları kimi, hələ də faciənin təsirindən ayıla bilməyib: “O səslər qulağımdan getmir. Xəstəxanada pəncərəni açmışam, elə bilirəm yenə yanğındır, dalğaların səsi gəlir qulağıma. O dəhşətli səsləri beynimdən çıxara bilmirəm. Gəmidə olanda qohumlarımıza, yaxınlarımıza zəng edib yalvarırdıq ki, bizi xilas etsinlər, yoxsa dalğalar gəmini dəmirlərə çırpıb sındıracaqdı”.
Xəstəxanada olan digər neftçilərin - Mərdan Rəcəbov, Fərhad Ramazanov, Allahverdi Məmmədovun müalicə davam edir. Həkimin sözlərinə görə, onlardan bir neçəsi özünü yaxşı hiss etdiyindən evə getmək istəyir.
Azvision.az