Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir .....                        Lvovda binalara zərbələr endirilib, yaralananlar var .....                        Bakıda bu YOLLAR BAĞLANACAQ .....                        Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var .....                        Qazaxda 2 ha qamışlıq yandı-VİDEO .....                        Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO .....                        Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb .....                        Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi .....                        Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb .....                       
22-09-2024, 14:18
Yol polisindən piyadalara müraciət


Yol polisindən piyadalara müraciət

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
İdarədən verilən xəbərə görə, müraciətdə deyilir:
“Piyadavurma hadisələrinin sayının azaldılması sürücülərlə yanaşı, həm də piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşdırılmasından birbaşa asılıdır.
Yol saldığımız həftə ərzində 6 nəfərin həyatını itirməsi, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən 9 piyadavurma hadisəsi qeydə alınıb ki, həmin hadisələrin mütləq əksəriyyəti sutkanın qaranlıq vaxtına təsadüf edib.
Sözsüz ki, bu nəticənin formalaşmasında yolun işıqlandırılması, yol infrastrukturun piyadalar üçün rahat və əlçatan olması kimi amillər də rol oynayır. Lakin, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyətli görünmə şəraitində daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəflətən yolun hərəkət hissəsinə çıxması, səki, eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə üstünlük verməsi, bir sözlə öz həyat və sağlamlıqlarına qarşı aşkar biganəlik nümayiş etdirməsi sonda acı nəticələrə gətirib çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yol hərəkəti qaydalarını həyati vacib norma olaraq qəbul etməyə və hərəkət zamanı şəxsi məsuliyyət hissini unutmamağa çağırır!”.
22-09-2024, 13:51
Dövlət qulluğu imtahanı yekunlaşıb


Dövlət qulluğu imtahanı yekunlaşıb

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib.
İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 127 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 4 nəfər, AC3 altqrupu üzrə 1 nəfər, AC4 altqrupu üzrə 12 nəfər olmaqla, ümumilikdə 21 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün sentyabrın 23-dən oktyabrın 4-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 23-25 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.
22-09-2024, 13:39
İranda partlayış: 51 ölü, çox sayda yaralı var


İranda partlayış: 51 ölü, çox sayda yaralı var

İranın şərqindəki Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.
Bu barədə İranın Mehr agentliyi məlumat yayıb.
“Təbəsdəki şaxtada baş vermiş insident nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb, daha 20 nəfər yaralanıb”, - agentlik bildirib.
Qeyd olunub ki, hadisə yerində xilasetmə işləri davam edir.
22-09-2024, 13:26
Bakıda tank əleyhinə mərmi tapıldı


Bakıda tank əleyhinə mərmi tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 40 mm-lik “PQ-7L” markalı tank əleyhinə zirehdələn kumulyativ idarəolunmayan raket mərmisi olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

22-09-2024, 13:00
Şərurda yeniyetmə turşudan zəhərləndi


Şərurda yeniyetmə turşudan zəhərləndi

Şərur sakini turşudan zəhərlənərək dünyasını dəyişib.
Hadisə Şərur rayonunun Kürkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konserviləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib.
Səhhəti pisləşən Ələkbərova Gülnaz Cəmil qızı xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.
Faktla bağlı Şərur rayon Prokrorluğunda araşdırma aparılır.
22-09-2024, 11:55
Sabah 30 dərəcə isti gözlənilir


Sabah 30 dərəcə isti gözlənilir

Bakıda və Abşeron yarımadasında sentyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağacağı, şimşək çaxacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-17° isti olacaq.
22-09-2024, 11:28
Əməkdar artist vəfat etdi


Əməkdar artist vəfat etdi

Azərbaycanın Əməkdar artisti, xanəndə Kifayət Gəncəli bu gün ürək çatışmazlığı səbəbilə vəfat edib.
Bu barərə APA-ya mərhumun qızı Elza Məmmədova məlumat verib.
Bildirilib ki, K.Gəncəli bu gün doğulub boya-başa çatdığı Gəncə şəhərində torpağa tapşırılacaq.
Qeyd edək ki, K.Gəncəli 1937-ci ildə Gəncə şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda muğam təhsili alıb. Əhməd Bakıxanov, Əliağa Quliyev, Ağası Məşədibəyov, Əhsən Dadaşov, Baba Salahov və İslam Rzayevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının solisti olub. Azərbaycan Televiziyasının Qızıl fondunda 300-ə yaxın səs yazısı qorunub saxlanılır.
Allah rəhmət eləsin!
22-09-2024, 10:57
Ceyhun Bayramov ABŞ-yə getdi


Ceyhun Bayramov ABŞ-yə getdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
22-09-2024, 10:12
ƏDƏBİYYAT DÜNYANIN, HƏYATIN, İNSANIN MƏNASINA ÇATMAQ YOLUDUR


ƏDƏBİYYAT DÜNYANIN, HƏYATIN, İNSANIN MƏNASINA ÇATMAQ YOLUDUR

İnam Ata (Asif Ata) ilə bu ruhani təmasdan (müsahibədən) 31 il ötdü, 6 Köçəri ayı, 14-cü ildə (06.02.1993) yazılıb. Yazıda imperiyanın caynağından yenicə qurtulmuş, çaşqın durumda olan Azərbaycanın ədəbiyyatla bağlı çoxlu problemlərinə Ata münasibəti var.
İşıqlı Atalı: - Müqəddəs Ata, bu təmasda məqsədim Atamızın ədəbiyyatla bağlı düşüncələrini təqdim etməkdir. İlk sual belədir: Ocaq və ədəbiyyat. Doğrudanmı ədəbiyyat zamanın, şəraitin məhsuludur?
İnam Ata: - Ocağın məqsədi İnam, yalansız etiqad əsasında İnsanlaşma əməli yaratmaq, Azərbaycanda mahiyyətcə müqəddəslik səviyyəsində yaşayan xalq becərməkdir. Ədəbiyyatın məqsədi həyat hadisələrini mənalandırmaq, onun Mütləq - Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyətini aşkara çıxarmaqdır. Bu baxımdan Ocaq ilə Ədəbiyyat arasında qırılmaz birlik var.
Çoxları elə bilir ki, ədəbiyyat dünyanı yalnız əks etdirir. Bu, kökündən yanlış bir fikirdir. Ədəbiyyat hadisələri Mənaya, Mahiyyətə yüksəldir. Bu səbəbdən də yaxşı ədəbiyyat mütləq şəraiti ötür, mühiti ötür, yaxşı ədəbiyyat, hətta realist ədəbiyyat belə zamandan üstün olur. Bizdə isə yalnız bir şeyi daim təkrar edirlər ki, ədəbiyyatı zaman yetişdirir, şərait yetişdirir, mühit yetişdirir; unudurlar ki, şərait, mühit, zaman - siyasət yetirir, ayrı-ayrı ictimai quruluşlar yetirir, müəyyən hadisələr yetirir, lakin ədəbiyyatı zaman yetirmir. Əgər ədəbiyyatı zaman yetirirsə, onda ədəbiyyat zamanla gərək heç döyüşməsin. Ədəbiyyat daim zamanla döyüşür. Əgər ədəbiyyatı şərait yaradırsa, onda gərək ədəbiyyat şəraitlə döyüşməsin. O şərait əgər onun anasıdırsa, onda o, "şərait" adlanan anasıyla döyüşməsin. Həmçinin də mühit. Əgər ədəbiyyatı mühit yaradırsa, onda ədəbiyyat gərək öz yaradıcısı ilə döyüşməsin, onu mədh eləsin, vəsf eləsin. Əslində isə dünya ədəbiyyatında böyük nə varsa, ali nə varsa, ülvi nə varsa, o, zamana qarşıdır mühitə qarşıdır, şəraitə qarşıdır. Füzulilər, Nəimilər, Nəsimilər; onların heç biri zamançı olmayıb, şəraitçi olmayıb, mühitçi olmayıb. Hamısı şəraitə qarşı olub, mühitə qarşı olub, zamana qarşı olub, əsas odur ki, dünyaya qarşı olub.
Elə Ocağın da əsas fəlsəfəsi odur ki, İnsan gərək şəraitə sığmasın, mühitə sığmasın, zamana sığmasın, şəraiti, mühiti, zamanı ötsün. Bu səbəbdən də ədəbiyyatla Ocağın yönündə bağlılıq var, o bağlılığı açmaq gərək. Ədəbiyyatı bizim estetika, bizim tənqid, bizim ədəbiyyat çox balacalandırır, ədəbiyyatın yaradıcı mənası çox qısalır. Onun inikas mənası, əksetdirmə mənası çox şişirdilir; nəinki ədəbiyyat, ümumən insan təfəkkürünün özü təkcə əks eləmir bu dünyanı, onu yaradır, özü də təzədən yaradır. Dünyada aşiqlər olub, Məcnunu isə Füzuli yaradıb. Füzulinin yaratdığı Məcnun Füzulininkidir. Dünyada balaca Hamletlər çox olub, ancaq Şekspirin yaratdığı Hamlet olmayıb dünyada. Çoxlu balaca Qobseklər olub, ancaq Balzakın yaratdığı Qobsek Balzakın yaratdığı Qobsekdir və sairə.
Mənim zənnimcə, vaxt gəlib çatıb ki, ədəbiyyatın Mütləqliyindən əməlli-başlı, heç bir sıxılmadan danışmaq lazımdır. Ədəbiyyat - dünyanın, həyatın, insanın mənasına çatmaq yoludur. Ona görə də Asif Ata Ocağına gərəkli olan, çox emosional, idraki bir vasitədir.
İşıqlı Atalı:-Ədəbiyyatda forma-məzmun məsələsi barədə fikriniz?
İnam Ata: - Ədəbiyyatın başqa növlərindən fərqi ondadır ki, ədəbiyyatda məzmun gözəlliyi olduğu dərəcədə forma gözəlliyi var. Ədəbiyyat - məzmun gözəlliyi ilə forma gözəlliyinin birliyidir. Forma burada elə-belə yalnız ifadə deyil, o, Mənanın gözəllik səviyyəsində təzahürüdür. Ona görə də ədəbiyyat sözün gözəlliyidir, təkcə mənası deyil. Bu, məsələnin bir tərəfidir. Başqa idrak növlərində fikir gözəl olmaya bilər, ədəbiyyatda isə gözəl olmayan fikir qeyri-ədəbidir. Ona görə də çox yazıçılar var ki, yaxşı mənalı sözlər deyirlər, fikirlər söyləyirlər, gözəl olmur. İstedad - müəyyən mənada gözəl fikir deməkdir, gözəl söz deməkdir, gözəl səs deməkdir, gözəl rənglərin ahəngi deməkdir. İkinci bir tərəfdən sənətdə məzmunla forma arasında zahirilik və daxililik əlaqələri olmur. Haradasa fikir deyəndə daxili məzmunun zahiri izharı nəzərdə tutulur. Ümumiyyətlə, fikir xaricilik mənasındadır.
- Atanın fəlsəfi-bədii tənqidi dünya ədəbi tənqidçiliyində Göy halıdır - bu vaxtacan olmayan. Bu barədə Atanın özündən eşitmək oxucularımız üçün çox maraqlı olardı.
- İndiyə qədər olan tənqiddə zirvə Belinski tənqididir, eyni zamanda Brandes tənqidi də yüksək qiymətləndirilir. Başqa tənqidçilər də var, ancaq bu iki qütb - Belinski və Georq Brandes əsas sayılır. Bədiyyat da, ayrı-ayrı fəlsəfi fikirlər, düşüncələr də var, inkar etmək olmaz, ancaq mənə bunlar az gəldi: oradakı bədiilik də, fəlsəfilik də az gəldi. Onlar nə qədər istəsələr də, istəməsələr də, hər halda ədəbiyyatın özündən asılı oldular, hədsiz dərəcədə asılı oldular və fəlsəfə burada tam aşkarlanmadı, bədiiyyat da burada tam aşkara çıxmadı. Mən isə Şərq adamı və fəlsəfəyə bağlı olduğum üçün, eyni zamanda bədii ədəbiyyata çox meyil elədiyim üçün elə ilk tənqidçiliyimdən tənqidin yönünü tamamilə dəyişdim. Mənim əsas məqsədim - ədəbiyyatı yaxşı mənada vasitəyə çevirməkdir. Bunun ədəbiyyata qəti ziyanı yoxdur və qəti onu alçaltmır. Ədəbiyyatı vasitəyə çevirmək, ədəbiyyat vasitəsilə dünyanın, həyatın böyük fəlsəfi problemini həll eləmək.
Ədəbiyyat buna çox gözəl imkan verir. Buna ədəbiyyat qədər imkan verən heç nə yoxdur. Yəni əgər filosoflar fikirlərini təsdiq etmək üçün həyata müraciət edirlərsə, burada sən həyatdan artq olana - ədəbiyyata müraciət edirsən: burada filosofluq üçün təzə üfüqlər açılır.
Mənim bütün yazılarım bu filosofluqdur: "Sənət və şəxsiyyət", "Sənət və kəşf", "Fəlsəfə və poeziya", "Yerdəkilərin Göy Həsrəti", "Həqiqət və Yarımhəqiqət", "İnam və Şübhə"...Bunlar hamısı fəlsəfi məsələlərdir. Beləliklə, burada üstünlük fəlsəfənin özünə verilir. Əgər Belinskidə ədəbiyyat üstünlük təşkil edirdisə, burada fəlsəfənin özü əsas olur və bu, ədəbiyyatın xüsusiliyini inkar etmir, onu heç cür də alçaltmır, əksinə, onu daha da böyüdür. Onda rüşeym halında olan balaca fikirlər böyüyür. O dərəcədə ki, yazıçı özü bilmədiyini burada görür. Burada ədəbiyyat öz imkanlarından artıq olur. Bu, həmçinin bədiiyyata da aiddir.
Onu da deyim ki, Azərbaycan ədəbiyyatı nə qədər böyük olsa da, Azərbaycan tənqidi onun yanında balacadır. Hər kəs, mənim zənnimcə, azdan-çoxdan ədəbiyyatçı olan, yaxud özünü ədəbiyyatçı kimi qələmə verən adam başa düşür ki, Mirzə Fətəli Axundov tənqidi mifdir. O, tənqidi əsər yazmayıb, tənqid necə olmalıdır haqda məktublar yazıb. Onun dramaturgiyası özfəaliyyət səviyyəsindədir. Fəlsəfəsi yoxdur. "Kəmalüdövlə məktubları" fəlsəfi əsər deyil, yaxşı bir publisistikadır olsa-olsa.
Belinskidən öyrəndim, Brandesdən öyrəndim, onlar məni təmin etmədi, özümdən öyrəndim. İndi Azərbaycan ədəbiyyatında Asif Atanın yaratdığı fəlsəfi-bədii tənqid var, heç kəs bunu dana bilməz. Tamamilə təzə və dünya tənqidinin fövqündə.
- Müasir Azərbaycan ədəbiyyatı haqqında Ata fikrini bilmək istəyirəm.
- Müasir Azərbaycan ədəbiyyatı gərək indi tövbə eləsin. Tövbə ədəbiyyatı gərəkdir məncə. Tövbə eləsin ki, yolunu azmışdı. Ayrı-ayrı əsərlər yəqin ki, var. Söhbət yöndən gedir və "sosializm" adlanan bir varlığı süni şəkildə mədh eləyirdi.
Ədəbiyyat özünün mahiyyətindən uzaqlaşmışdı. Ədəbiyyat heç zaman şəraitlə, zamanla uyğunlaşmır, zamanı ötür. Zamana bərabər ədəbiyyat olmayıb. Burada isə hər şey sosializmə bağlanmışdı, kommunizmə bağlanmışdı. O dərəcədə ki, heç kəs görmürdü sosializm də həmişəlik deyil. Konkretlik adıyla ədəbiyyatı cılızlaşdırdılar, Əbədiyyətdən uzaqlaşdırdılar. Əbədi məsələləri mücərrəd məsələ adıyla damğaladılar. O tendensiya qalıb, beşgünlük ədəbiyyat yarandı. Kommunizmə ilişib qalan ədəbiyyat yarandı, partiyalılıq prinsipinə ilişib qalan ədəbiyyat yarandı. Ədəbiyyatın üfüqləri hədsiz dərəcədə daraldı.
İndi tövbə vaxtıdır. Təzə Füzulilərə qayıtmaq vaxtıdır, Nəsimilərə qayıtmaq vaxtıdır. Ədəbi ideyalar vaxtıdır. Ədəbiyyatın özü olması vaxtıdır: özgələşib ədəbiyyat.
- Ədəbiyyatda xəlqilik və dünyəvilik məsələsinə Ata necə baxır?
- İndikilər belə düşünürlər ki, əgər məni dünyanın hansısa bir əcnəbi ölkəsi çap edirsə, deməli, mən böyük adamam. İkincisi, əgər kimisə dünya tanıyırsa, o, böyükdür. Bu, illüziyadır. Səni dünya tanıyar, sən dünyada olmazsan. Səni dünya tanımaz, sən dünyada olarsan. Dünyəvilik coğrafi anlayış deyil, dünyəvilik məna anlayışıdır. Dünya boyda məna var sənin yaradıcılığında. Budur dünyəvilik. Sən Nizami Gəncəvi kimi Gəncədən qırağa çıxmazsan, dünyəvi ədəbiyyat yaradarsan. Və sən bizimkilər kimi orada-burada, Fransada, hardasa bir əyalətdə çap olunarsan, sənin ədəbiyyatın heç özünə də lazım olmaz, balaca bir otağına da, nəinki dünyaya.
Şəxsən mənim heç arzum yoxdur ki, məni tanısınlar haradasa. Mən burada otura-otura öz dünyəvi işimi görürəm. Heç dünya məni tanımasın da.
Hədsiz dərəcədə formalçı olmuşuq. Füzulini dünyada tutaq ki, Folknerdən az tanıyırlar, Heminqueydən az tanıyırlar. Məgər onlar bir yerdə Füzulinin bir beytinə bərabərdirlərmi? İndi deyək ki, Folkner böyükdür, Füzuli böyük deyil? Bu səviyyədə anlam var. Bu səviyyədə anlamaq - anlamsızlıqdır. Dünyəvilik - xəlqilik deməkdir. Xüsusi dünyəvilik yoxdur. Əgər xəlqilik əsildirsə, o, elə dünyəvidir. Şərq ölkələrindən başqa muğamatı tanıyan yoxdur. Məgər bunun muğamatın dünyəvi mahiyyətinə bir ziyanı var? Özündən küssün. Mahiyyətcə olan dünyəvidir, mənası dünyəvi mənadır, insanın pillə-pillə artması, müəyyən bir səviyyədə ilahiləşməsidir. Camaat savadsızlığından, idraksızlığından hər şeyi çox bəsitləşdirir, çox asanlaşdırır. Filan sənətkar getdi Amerikada qastrolda oldu, deməli, bu, dünyəvidir. Bu isə burada oturdu "Bayatı-Şiraz" yaratdı, dünyəvi deyil.
Son 70 ildə insanların beyni azaldı. Ona görə çox bəsit, çox yanlış, tələm-tələsik fikirlərlə dolub tənqid də, ədəbiyyat da, fəlsəfə də.
- Atamızın romantizm və naturalizmə qiyməti.
- Ümumən "izm"lərin əleyhinəyəm indiki səviyyəmdə. Burada çox ehtiyatlı olmaq lazımdır. Yazıçıları bağlayırlar məktəblərə, cərəyanlara bölməyə və yazıçı şəxsiyyəti itir. Məgər Bayron romantik məktəbin nümayəndəsi idi, yoxsa böyük şair idi?
Bu nümayəndəlik, bu məktəblər, bu sxemlər hamısı buxovdur, ədəbiyyat üçündür. Realizm: Balzak olmasaydı, realizm olacaqdı? Mən belə deyərdim: xəyalın gerçəklik üzərində üstünlüyü olur ki, sonra o da gətirib fəlakətə çıxardır və "romantizm" adıyla sxematik şəkildə təsvir olunan hadisə budur. Xəyala vurulurlar, hadisəyə vurulurlar, istəyə vurulurlar Bayronlar; sonra həyat bunların bütün bu istəklərinin hamısını məhv eləyir, onlarda dəhşətli bədbinlik əmələ gəlir.
15-ci, Bakı (1993-cü il, fevral)
22-09-2024, 09:58
Acı xatirələrlə Rusiyaya aparan yol...


Acı xatirələrlə Rusiyaya aparan yol...

Şəmkir aerodromunun tərksilah olunması rus zabitlərinin yaddaşında necə qalıb? (Bir video-süjet əsasında)
Bəllidir ki, xaos dövründə Azərbaycan dövlətinə qarşı kəskin amansızlıqlar törədildi. Azərbaycanın vətənpərvər oğulları da bu acı təəssüratları içlərinə çəkə-çəkə erməni yaraqlılarına havadarlıq edənlərə qarşı amansız olmalı idi... Baxdığım bir video-süjet də demək olar ki, həmin illərə təsadüf edir. Süjetdə rus zabitlər azərbaycanlıları qınayır, hətta aşağılamaqdan belə çəkinmirlər. Hansı əsasla? Hansı səbəbə? Bax, bu, hazırda da günün acı reallığı kimi diqqət çəkir.
Mən, mətləb hər kəsə aydın olsun deyə, süjetdə gördüklərimi və eşitdikərimi olduğu kimi təqdim edirəm. Oxuyun, münasibət bildirin, görün 1992-ci illərdə ordumuzun etdikləri zərurətdir, yoxsa, qəbahət...
Süjetdə 1992-ci ilin yayında Sovetlər Birliyinin hərbi hava qüvvələrinə məxsus 882-ci aviasiya alayında xidmət emiş rusiyalı zabitlərin Azərbaycandan çıxarılması ilə bağlı xatirələri yer alıb.
Onların dediklərindən:
Aleksey Xolodeynin:
- Şəmkir hərbi aerodromunda bir yerdə işlədiyim keçmiş zabitlərdən biri - 882-ci hərbi aviasiya alayının komandiri polkovnik Yuri Timenkoya müraciət edərək ondan 1992-ci ildə Şəmkir aerodromunda baş vermiş hadisələri söyləməsini xahiş etdim. Ondan belə bir cavab aldım:
- Seryoja, Şəmkir hadisələrini mühakimə etmək çox çətindir...
Şəmkir aerodromundan azərbaycanlılar tərəfindən tərksilah olunmuş 882-ci hərbi aviasiya alayının digər əməkdaşları Şəmkir hadisələrini tamam başqa cür izah etdilər:

- Bizim Şəmkir rayonunda tərksilah olunmağımız bir xəyanət və xaos idi. Bu xaosa səbəb olan bizim yuxarı komandanlığın satqınlığı, axmaqlığı və kütbeyinli olmaları idi. Yaxşı ki, o hadisələrdə ölüm halları olmadı. Ancaq ola da bilərdi. Təbii ki, məqsədimiz bu hadisələrdə kimin günahkar olub-olmadığını araşdırmaq deyil, sadəcə, istəyirik ki, bu hadisələr tarixdə qalsın, gələcək nəslin də bundan xəbəri olsun və bizi qınamasınlar. Bizim generalların alçaqlığını, axmaqlığını bilsinlər.
“Evakuasiya”, Moskva hərbi dairəsinin “Qızıl əsgər” qəzeti, 15 avqust 1992-ci il.
882-ci hərbi aviasiya alayının komandiri pokovnik-leytenant Yuri Stalbinskinin şəxsi heyətlə iş üzrə köməkçisi mayor Qorbaçovun söylədikləri:
- Bizim alay Şəmkirdə tərksilah olunduqdan sonra Moskva hərbi dairəsinin ərazisinə köçürüldük. Bu, heç də xoşagələn hal deyildi. Üstəlik, bizim yuxarı komandanlıq Azərbaycan ərazisindəki üç hərbi aviasiya alayının çıxarılmasını planlaşdırmışdı. Onlar Sitalçayda, Kürdəmirdə və Şəmkirdə dislokasiya olunmuş hərbi hava qüvvələrinə məxsus alay idi. Biz Sitalçaydan hərbi hava qüvvələrimizi, silah və sursatlarımızı, texnikalarımızı, ailə üzvlərimizi və şəxsi əşyalarımızı hava yolu ilə göndərməyə müvəffəq olduq. Kürdəmirdən də alaylarımız heç bir maneə görmədən, çox asanlıqla çıxdılar. Kürdəmirdən çıxarkən bir ədəd təyyarəmizi orada qoymaq məcburiyyətində qaldıq. Çünki bu təyyarə çox yararsız və bərbad halda idi. Biz Kürdəmirdən çıxar-çıxmaz hərbi qüvvələrimizin aerodromu, oradakı obyektlərimiz yerli sakinlər tərəfindən talan və darmadağın edildi. Qarşılaşdığımız ən dramatik hadisələr Şəmkirdə baş verdi. Burada Rusiya hərbi hava qüvvələrinə məxsus alayın Rusiya ərazisinə köçürülməsi çətin oldu. Çünki Azərbaycan Ordusunun Şəmkirdə yerləşən 861 saylı alayının 800-ə yaxın döyüşçüsü köçürülmə prosesinə əməlli-başlı aktiv maneələr törədirdi. Bizim üçün çox çətin idi; çünki biz Şəmkir aerodromundan hələ heç nə köçürə bilməmişdik.

Aerodromda 5 ədəd MİQ-25, 11 ədəd Su-24 qırıcı təyyarə, 1 ədəd Miq-8 döyüş vertolyotu, 1500 ədəd AKM avtomatları, 22 ədəd snayper tüfəngi, 850 ədəd Makarov tipli tapança, həmçinin, ailə üzvlərimiz, şəxsi əşyalarımızla dolu təyyarələr vardı. Azərbaycan Ordusunun Şəmkirdə yerləşən 861 saylı alayının komandiri polkovnik-leytenant Cahangir Rüstəmov tabeçiliyində olan 800 döyüşçü ilə bizi və aerodromu mühasirəyə aldı. Bizə kömək üçün isə Gəncədən xüsusi desant qüvvələr göndərildi. Lakin onlar sürətlə cərəyan edən hadisələr səbəbindən bizə heç cür kömək edə bilmədilər. Çünki azərbaycanlılar aerodromu tərksilah etməkdə çox qərarlı idilər. Bir az keçmiş Azərbaycan döyüşçüləri aerodromun ərazisinə 300-dən çox daş-kəsəklə dolu maşın yeritdilər. Bununla da bizim aerodromdan çıxış üçün bütün yollarımız bağlanıldı. Bu, bizim başımıza gələcək acı hadisələrin hələ başlanğıcı idi. Şəxsi əşyalarımız, ailə üzvlərimiz və silah-sursatla dolu təyyarələrimiz 861 saylı alayın komandiri polkovnik-leytenant Cahangir Rüstəmovun müavini Dilqəm Əliyevin başçılıq etdiyi dəstə tərəfindən girov götürülmüşdü...
Polkovnik Yuri Satlbinskinin dediklərindən:
- Bizim aerodrom ətrafında dramatik hadisələr 31 mayda başladı. Həmin vaxt aerodroma Sovetlər Birliyinin Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiəsi qoşunlarının komandanının müavini general-polkovnik İvanov da gəlmişdi. O, bizim Şəmkirdən Rusiya ərazisinə təhlükəsiz köçürülməyimizi təmin etməli idi. Həmin gün biz çox gizli şəkildə silah-sursatları təyyarələrə yükləməyə başladıq. Həmin an hər şeyi çox ehtiyatla edirdik. Buna baxmayaraq, təyyarələrin gizli yüklənməsi barədə xəbəri kimsə 861 saylı alayın komandanlığına çatdırmışdır. Təxminən 1 saat ərzində aerodrom 861 saylı alayın döyüşçüləri tərəfindən mühasirəyə alındı. Bunu belə tezliklə etmək onlar üçün çox da çətin deyildi, çünki onlara məxsus alayın qərargahı bizim aerodromun çox yaxınlığında yerləşirdi. Biz onların qarşısını heç cür ala bilmirdik. Çünki bizim aerodromda çoxdan idi ki, bizi qoruyacaq sayda əsgər yox idi. Əsgərlərlə birlikdə alayın zabitləri, xüsusən də Cahangir Rüstəmov da gəlmişdi. Onun İvanovla mübahisəsi elə bir sərt həddə çatmışdı ki, ani bir təsirdən atışma baş verə bilərdi. Bizim təyyarələrin uçuş zolağında Azərbaycan hərbçiləri öz təyyarələrini yerləşdirmişdilər. Onlar bizə xəbərdarlıq etdilər ki, əgər uçuşa cəhd etsəniz, sərrast atəşlə hədəfləri məhv edəcəyik. Hadisələrin nə üçün bu qədər ciddi şəkildə cərəyan etməsi səbəblərini biz sonra bildik. Məlum oldu ki, guya biz Şəmkir aerodromundan çıxardığımız silah-sursatı erməni yaraqlılarına verəcəyik. Bu mənada biz onların amansızlığını və qətiyyətini yaxşı başa düşürdük. Biz aerodromdakı hadisələr barədə yuxarı komandanlığa məlumat verdik. Lakin onlar bu məlumatı ciddi hesab etmədilər. Əksinə, bizi qorxaq adlandırdılar. Biz də məcburən öz qorxumuz və riskimiz üzərində hərəkət etdik. Biz Azərbaycan döyüşçülərinə bizimlə birlikdə təyyarələrdəki silahların anbarlara yığılmasını, birlikdə qapıları möhürləməyi təklif etdik. Razılaşdıq ki, anbarları bizim öz əsgərlərimiz qoruyacaq, azərbaycanlılar isə bir qədər ətrafda qarovul çəkəcəklər.

Onlar bizim hər addımımızı izləməyə başladılar. Biz tam əmin idik ki, aerodromdakı təyyarələri Rusiyaya aparmaqda çətinlik çəkəcəyik. Sonra yuxarı komandanlıqdan əmr gəldi ki, uçuş-təlim adı altında təyyarələri Rusiya ərazisinə qaçırtmalıyıq. Beləcə, mən tabeçiliymdə olanlara təyyarələri uçuş-təlim adı ilə qaçırtmaq əmri verdim. Həmin gün aerodromda sakitlik yaranmışdı. Bizim uçuş-təlim planımızdan xəbər tutan azərbaycanlılar Rüstəmovu xəbərdar etmişdilər. O da dərhal aerodroma gəldi, burada dramatik anlar başladı. Rüstəmov bizi bir daha xəbərdar etdi ki, hər hansı bir təyyarə havaya qalxmağa cəhd etsə Zenit atəş qurğuları vasitəsilə məhv ediləcək.
Mayor Qorbaçov:
- Yuxarı komandanlıq bizi aerodromdam çıxarmaq üçün xüsusi desant qüvvələr göndərəcəklərinə dair söz vermişdilər. Təyyarələr gəldi, ancaq onların içində köməkçi desant qüvvələr yox idi. Vəziyyət daha da ağırlaşdı. Həmin gün Azərbaycanın Müdafiə naziri Rəhim Qazıyev 861 saylı alayın komandiri polkovnik-leytenant Cahangir Rüstəmovla birlikdə aerodroma gəldi. Aerodrom hər tərəfdən mühasirəyə alınmışdı. Bir neçə gün idi ki, ailələrimiz təyyarələrdə ac və susuz girov saxlanılırdı. Ailələrimizin getməsinə icazə verildi, lakin azərbaycanlılar şəxsi əşyalarımızı yoxlamağa başladılar. Əşyalarımızın içində olan radioelektron qurğuları, eləcə də hərbiyə aid olan nə vardısa, müsadirə edirdilər. Acınacaqlısı isə o idi ki, biz onların bu özbaşınalıqlarına heç cür müdaxilə edə bilmirdik.
Yuri Stalbinski:

- 20 iyunda aerodromun ərazisində vəziyyət son həddə çatmışdı. Zabitlərimiz açıq-aydın narazılıq edir, deyirdilər ki, biz burada kimin üçün xidmət edirik? Mən onlardan heç nəyi gizlətmirdim. Bəlkə də elə buna görə onlar az da olsa mənə inanırdılar. Nizam-intizamlarını qoruyub saxlayırdılar. Mən demək olar ki, hər gün yuxarı komandanlığa zəng vurur, aqibətimizin necə olacağını soruşurdum. Oradan isə bircə cavab verilirdi: Gözləyin! Axır ki, bir gün gözlədiyimiz cavab gəldi. Təyyarələr və hərbi texnikalar aerodromda qalsın, özünüz isə ailəniz və şəxsi əşyalarınızla birlikdə desant qüvvələrin müşayiəti altında Gəncə hava limanına yollanın. Tezdən Gəncə istiqamətinə yola düşdük. Yarı yolda geri qayıtmalı olduq, çünki azərbaycanlı döyüşçülər əmr edirdilər ki, geri qayıdıb silahları təhvil verməliyik. Biz məcburən aerodromdakı bütün texnika, təyyarə və silahları azərbaycanlılara təhvil verdik. Bundan sonra qarşımızda yalnız bir yol qalırdı: Bizi öz acı xatirələrimizlə Rusiyaya aparan yol...
Əziz oxucu, bu deyilənlər baxdığım video-süjetdə əks olunub. Diqqət etdinizsə, rusiyalı zabitlər azərbaycanlıları qınayır, xoşagəlməz sözlərlə təhqir edirlər. Mən hələ haqqımızda deyilənlərin bir çoxunu etika naminə qələmə almadım. Bəllidir ki, 1992-ci illərdə ermənilər azərbaycanlılara qarşı amansız hücumlara, təqiblərə başlamışdılar və həmin an onlara bir çox xain qüvvələr kömək edirdilər. Azərbaycanlı döyüşçülərin Şəmkir aerodromunda xidmət edən rusiyalı zabitlərə qarşı ehtiyatlı hərəkəti nədənsə, onlar tərəfində özbaşınalıq adlandırılır. Kim qarant verə bilərdi ki, həmin an əgər onlar aerodromdakı təyyarə və silah-sursatları salamat çıxarıb erməniyə verməyəckdilər?! Lap belə olmasaydı belə, biz həmin illər öz təhlükəsizliyimiz naminə bütün ehtiyatlı hərəkətlərə əl atmalı idik.
Tarix nələrə şahiddir, yaxşı bilir. Azərbaycan xalqı bütün xalqlara nümunədir. Biz döyüşəndə də, savaşanda da çox intizamlı, mədəni və mərhəmətliyik...
Elə bu yazını yazmaqda da məqsədim bir azərbaycanlı olaraq süjetdə deyilənlərə mədəni cavab verməkdir.
Allah xalqımızı və dövlətimizi qorusun...

Hüseyn İSAOĞLU (Məmmədov),
Yazıçı-publisit
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!