Jurnalistikada müxtəlif sistemlərə daxil olan onlarca janr var. Onların arasında ən çox sevdiyim "müsahibə"dir. Çünki müxtəlif xarakterli, düşüncəli, mövqeli insanlarla həmsöhbət olursan. Sənə seçim haqqı verilmir. Qəzet səhifəsi üçün lazım olan informasiya kimdədirsə, onunla da görüşməli, söhbət etməlisən. Bəhanəsiz, tərəddüdsüz. İnamla, həvəslə. Bəlkə, respondentə qarşı xüsusi simpatiyan var, ya ondan xoşun gəlmir. Ancaq istənilən halda qarşındakının sənin opponentin olduğunu başa düşməklə yanaşı, soyuqqanlılığı da əldən verməməlisən. Səsləndirdiyi fikirlərə öz münasibətini bildirməkdən qaçmalısan. Ola bilsin, həmsöhbətin fikrini öyrənmək istəsin. Əgər razı deyilsənsə sadəcə gülməli və ya "Uzun mövzudur, sonra bir dəfə ətraflı danışarıq" kimi qeyri- müəyyən cavab verməlisən. Əks halda istər-istəməz səmimilik azalacaq. Hətta mübahisə də istisna deyil.
Respondentin səndən nə isə gizlətdiyini bilməlisən. Ən azından gizlədə bilər. Bunu normal qarşılamalısan. Elə etməlisən ki, özü belə fərqində olmadan həmin informasiyanı səninlə bölüşsüm. Bunun üçün müxtəlif manevrlərə əl atmalı, istədiyin cavabı alana kimi sualı müxtəlif formalarda ünvanlamalısan.
Danışanda göz kontaktını unutmamalı, yersiz hərəkətlərə yol verməməlisən. Lazımsız jest və mimikaların bir anın içində hər şeyi məhv edə biləcəyini başa düşməlisən.
Üzündə həmişə təbəssüm olmalıdır. Yorulsan da bunu hiss etdirməməlisən. Hərdən bir başını tərpətməyin, dəftərçənə qeydlər etməyin, həmçinin replikalarınla ona diqqətlə qulaq asdığını göstərməlisən. Müsahibin sənin gözlərinə baxanda maraq, diqqət görməlidir. Həm də ona müsbət enerji ötürməlisən. Sənə inanmasını, dost, yoldaş kimi yanaşmasını təmin etməlisən.
*
Dörd illik təhsil müddətində iki dəfə bu janrda kurs işi müdafiə etmişəm. Ona görə də incəliklərinə, janr xüsusiyyətlərinə kifayət qədər bələdəm. İndi çox media işçisi özünün yaxşı müsahibə aldığını iddia edir. Amma yaxşı müsahibəyə qoyulan tələblər var. Sualların tərtibatından tutmuş, söhbətin baş tutduğu yerə qədər bütün amillər hazırlanacaq materialın keyfiyyətinə təsir edir. Respondentə bir dəfəyə iki sual vermək, cavabı "hə", "yox", "bəli", "xeyir" və sair ilə mümkün olan suallar ünvanlamaq düzgün hesab edilmir. Hər iki halda həmsöhbətin sualdan yayınmaq imkanı olur. Eyni zamanda qalmaqal xarakteri daşıyan, nisbətən mübahisəli, "iynəli" sualları söhbətində əvvəlində və sonunda vermək məsləhət deyil. Müsahibə alacağın insan haqqında əvvəlcədən araşdırma aparmalı, mətbuatda onun haqqında dərc olunan yazılarla tanış olmalısan. Söhbət zamanı respondentə diqqətlə qulaq asmalı, lazımi məqamlarda cavabından yeni sual çıxarmalısan. Yəni əvvəlcədən nəzərdə tutduğun, hazırladığın sualların əsiri olmamalısan. Sadaladığım məqamlar respondentin-opponentinlə söz, informasiya mübarizəsində qalib gəlmək üçün bir neçə xırda detaldır. Qalanı isə fərdi keyfiyyətlərdən asılıdır- xatakter, intellekt, məntiq, diqqət, yaddaş...
Qızıl qayda budur: Sən respondentinlə bir-birinizə nə qədər qarşılıqlı səmimilik və mehribanlıq göstərsəniz də, ikiniz də rəqib olduğunuzu anlayırsınız. Sən bacardığın qədər çox informasiya almalı, respondent isə bacardığı qədər az informasiya verməlidir.
Bu da sizə şahmat taxtası...
Kənan Novruzov