Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 30-11-2020, 18:33
“Bulağın nağılı”


Şair Ramiz Babayevin yenicə çapdan çıxan “Bulağın nağılı” şeirlər kitabı yüksək estetik təsiri, didaktik əhəmiyyəti və maraqlılığı ilə diqqəti cəlb edir.

Son dövrlər uşaq ədəbiyyatı istiqamətində daha təsirli bir canlanma var. Bu isə, əlbəttə, bu sahənin daha böyük əhəmiyyət qazanmasından irəli gəlir. Uşaqların milli dəyərlər, vətəndaşlıq duyğuları, insanpərvər, dünyagörüşlü, vətən məhəbbətli və s. yetişib tərbiyə olunmasında onların mütaliə etdiyi əsərlərin də olduqca böyük rolu var. Bu üzdəndir ki, uşaq ədəbiyyatının məzmunluluğu və ideyalılığı həmişə diqqət mərkəzində olub. Naxçıvan ədəbi mühitində də uşaq ədəbiyyatı istiqamətində əsərlərin yazılması son dövlər üçün fəallıq qazanıb. Artıq bu sahədə yazıçı və şairlərimiz yüksək fəallıq göstərərək ciddi töhfələr verirlər. Bu sahədə əsərlərinin sənətkarlıq keyfiyyətləri, ideyalılığı və oxunaqlılığı ilə tanınan istedadlı şairlərimizdən biri də Ramiz Babayevdir.
Ramiz Babayev Naxçıvan ədəbi mühitində daha çox uşaq ədəbiyyatı yazıçısı kimi tanınır. Onun bu günə qədər çoxsaylı uşaq ədəbiyyatına həsr olunan kitabları işıq üzü görərək geniş maraq qazanıb. Şairin son dövrlərdə yenicə çapdan çıxan “Bulağın nağılı” şeirlər kitabı da özünün yüksək estetik təsiri, didaktik əhəmiyyəti və maraqlılığı ilə diqqəti cəlb edir.

Qeyd edim ki, Ramiz Babayev 1956-cı ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. Ramiz Babayev şeirə olan marağından və təbindən irəli gələrək hələ orta məktəbdə təhsil alarkən şeirlər yazmağa başlayıb. Şeirləri o dövrün “Pioner”, “Ulduz”, “Qobustan” kimi jurnallarında çap olunan Ramiz Babayev gələcəyə istedadlı bir şair kimi vəsiqə alıb. Şair Ramiz Babayevin əsərləri təkcə ölkəmizdə deyil, ölkəmizdən kənarda, İran Türkiyə, Ukrayna və s. kimi ölkələrin müxtəlif mətbuat orqanları və nəşrlərində çap olunub. Şair aldığı mükafatlarla bərabər, 2019-cu ildə “İlin şairi” nominasiyası üzrə qalib seçilib. Bu istedadlı qələm sahibi müxtəlif kitabları ilə oxucular tərəfindən sevilib və maraqla qarşılanıb. Bu vaxta qədər oxucular Ramiz Babayevi çoxsaylı maraqlı əsərləri və kitabları ilə tanıyıblar. İlk təcrübəsində “Unuda bilsən” deyən şair (2006) “Yenə yadıma düşdün” (2009) deyərək dönüb, “Ötən günlərim”dən (2011) “Məhəbbət nəğmələri” (2017) demək üçün təbi pərvazlanıb, “Biri vardı, biri yox” (2018) nostalji hisslərindən yol alaraq “Mənim canım Naxçıvanım” (2019), - deyə Naxçıvan dünyasına tapınıb, bu müqəddəs torpağa öz nəğmələrini ifadə edib. Ramiz Babayev Naxçıvan Muxtar Respublika və Azərbaycan Yazıçılar Birliyinin üzvü, həmçinin “Qızıl Qələm” mükafatı laureatıdır. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin təşəbbüsü və dövlət dəstəyi ilə çap olunan növbəti kitabı da yazıçının oxucularla sayca yeddinci görüşüdür.
Şairin “Bulağın nağılı” adlı adlanan şeirlər toplusu Naxçıvanın “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə yağlı kağız və rəngli şəkildə çap olunub. Kitabda şairin uşaqlar üçün yazdığı maraqlı şeir nümunələri toplanıb.
Kitabın ilk səhifəsi yenicə geniş dünyaya nəzər salan, onu öyrənməyə çalışan, həyata atılan uşaqlar üçün bu xoşbəxt və firavan ölkənin qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunan “Heydər baba” şeiri ilə açılır. Şeirdə dünyanı, bu gözəl və müstəqil ölkəni öyrənməyə çalışan uşaqlara Azərbaycan xalqının müdrik lideri və nəhəng şəxsiyyətin əzəmətli keyfiyyətləri haqqında poetik şəkildə məlumat verilir, körpə balaların böyüyəcək dünya boyda qəlblərinə dahi liderə qarşı məhəbbət və ehtiram hissləriaşılanır:

Elin xilaskarıdı,
Dövlətidi, varıdı.
Xalqın arzularıdı
Heydər baba.
Millətini sevəndi,
Dərdi xalq ilə təndi.
Azad, doğma vətəndi
Heydər baba.
...Odur elin atası,
Sərkərdəsi, dühası.
Qəhrəmanlıq qalası
Heydər baba.

Göründüyü kimi, şeirdə körpə yaşlı uşaqlar üçün dahi Azərbaycan övladı Heydər Əliyevin əzəmətli siması tanıdılır və sevdirilir. Uşaqlar bu poetik misralardan anlayır ki, Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olan və uşaqlara xoşbəxt bir həyat bəxş edən müdrik bir insan, mənəvi bir babadır. Ən ağır günlərdə Azərbaycanı parçalanmaqdan, xalqı fəlakətdən, ölkəni yox olmaqdan məhz bu dahi şəxsiyyət xilas edib. Heydər – Xalq, Heydər Əliyev – Azərbaycan əbədi bir qoşalıqdır. Çünki bu nəhəng şəxsiyyət xalqının, elinin qəhrəman oğlu, vətənpəvər vətəndaşıdır. O öz həyat yolu və şərəfli ömrü ilə bir örnəkdir, nümunəvi bir vətəndaşdır, qurucu bir şəxsiyyətdir. O bu elin sərkərdəsi, mənəvi atasıdır. Xalqın arzularıının ifadəçisi, xoşbəxtliyinin təminatçısıdır. O, ümid qapısı, xalqın, vətənin qeyrət və qəhrəmanlıq qalasıdır. O, Azərbaycandır, Azərbaycanın varlığının, müstəqillik və suverenliyinin səbəbkarı, banisi və qarantıdır.
Kitabda gələcəyin vətəndaşına öyrədilməsi nə lazımdısa, şeirin bədii gücü, qüdrətilə mənimsədilməyə çalışılıb. Çünki şeir, ədəbiyyat həm də tərbiyədir axı, mənəviyyat mənbəyi, əxlaqi tərbiyə, yüksək ideallar müəllimidir həmçinin. İnsanı həyata, dünyaya hazırlayandır. Gələcəyin vətəndaşları olan bu körpə balaları mənən həyata hazırlamaq məqsədi şair Ramiz Babayevin “Bulağın nağılı” kitabına toplanmış şeirlərinin də məğzini, mahiyyətini təşkil edir. Çünki bugünkü bu körpə balalar gələcəyin böyük insanı, vətəndaşı, övladı, dostu, əsgəri, müəllimi, həkimi, müxtəlif peşə-sənət sahibi və başqasıdır. Buna görə də şair bu insanlıq və vətəndaşlıq vəzifələrini əhatə etdiyi gözəl şeir nümunələrilə gənc, körpə oxucularına mənimsətməyə çalışır. Bu mənada “Ana” öyrədilən elmin, vəzifələrin ən başlıca məfhumlarından biridir. İlk dərsin birinci hərfi, təməl səsi kimi Ana və ona məhəbbət, övladlıq vəzifəsi aşılanaraq təlim edilir:

Dünyada hamıdan çox
Üç şeyi sevirəm mən.
Ana mənə əzizdi
Vətən, bayraq, bir də sən.


Bu ilk bənd bütün şeir üçün giriş xarakteri daşıyır. “Anaya məhəbbət” dərsinin girişini, təməl bilgilərini özündə əks etdirir və öyrədir. Sonra isə uşaqlara Ana məhəbbətinin kiçik deyil, böyük, əhatəli, böyük miqyaslı hissi varlığı təqdim edilir. Uşaqların göz qarşısında təkcə bir ana deyil, Vətən, bayraq və bütün insanları özündə ehtiva edən bir sən, onlara olan məhəbbət canlanır. Şair Vətəni də, Bayrağı da, sən deyə müraciət etdiyi və nəzərdə tutduğu doğma insanları da ümumiləşdirərək təqdim edir və sevdirir:

Vətən mənim atamın,
Babamın məslək yeri.
Yaxud:
Bayrağım bu dünyada
Hər vaxt tanıdır məni.
Və ya:
Sənsə mənim gözümün
İşığı, eşqi, canı və s.


Kitabda uşaqların həmişə sevdiyi sevimli janr olan mənzum nağıldan da istifadə edilmşdir. Kitaba “Bulağın nağılı” və “Babanın nağılı” deyə iki kiçik, yığcam nağılabənzər şeir daxil edilmişdir. Əlbəttə, adı nağıl seçilsə də, başlığı maraqlı olub, uşaqların nəzərini cəlb etsin deyə bu janrın adından istifadə edilmişdir. Müəllif bu ad altında babanın və bulağın səciyyəsini, əlamətlərini tanıtmaq, ümumiləşdirmək istəmişdir. “Bulağın nağılı” şeirində bir uşağın dilindən bulaqla əlaqələnən uşaq marağına uyğun çoxsaylı suallar təqdim olunur. Əlbəttə, bu suallar ritorik suallar olaraq bulaq haqqında uşaqların məlubat və dünyagörüşülərini özündə ümumiləşdirir. Geniş xəyal dünyasına malik olan balaca yaşlı kiçik uşaqların zəngin uşaq dünyasında bulaqların axmasının ağlamaq kimi mənalandırılması, əlbəttə, çox böyük maraq kəsb edir. Bulaqların ağladığını düşünən bir uşağın bulağı və dünyanı öyrənmək istiqmətində ünvanladığı sualları bu şeirdə poetik misralarla əksini tapıb. Nəvənin babaya ard-arda ünvanladığı bu maraq dolu suallar sonunda babanı bu qənaətə gətirir ki, düya haqda nəvələrin sualları qurtarmaz: “Dedi: - Heç vaxt qurtarmaz, Dünyanın sualları”. Babanın gəldiyi bu fikir əslində dünyadərkində uşaların ünvanladığı sualların sonsuz olduğu qənaətini ifadə edir. Elə “Babamın nağılı” şeirində də bir nəvənin babaya ünvanladığı çoxsaylı suallar özünə yer alıb. Nəvə üçün maraqlıdır ki, niyə babanın dediyi nağılların sonunda həmişə üç alma düşür, bu almalar niyə çoxalmır, dərələr, düzlər keçib, hardan tapır dağı, bir aylıq məsafəni bir anda necə qət edir və b. ard-arda verilən uşaqca suallar şeirin məğzini, əsas istiqamətini təşkil edir. Əsərin sonuncu bəndi “Bulağın nağılı” şeirindəki sonuncu bəndlə eyniləşərək suallarla dolu uşaq dünyasının səciyyəsini təqdim edir.
Kitabda olan uşaqların müxtəlif heyvanlar, bitkilər, güllər, çiçəklər, fəsillər və s. haqda dünyagörüşü və bilik dairələrini artırmaq mahiyyətli şeirlər də diqqəti cəlb edir. “Quşların dostu”, “Dənizdə çimən ay”, “Beş alan qız”, “Qurbağalar”, “Balaca kirpi”, “Ördək”, “Baharda”, “Tısbağa”, “Məktəbə gedəcəyəm”, “Keçinin balaları”, “Məstan”, “Hörümçək”, “Şaxta baba və Günəş”, “Cücələr” və b. şeirlər öz maraqlılığı ilə kitaba zənginlik qatır. Bu şeirlərin hər birində uşaqların maraq dünyasını cəlb edən bir çox məlumatlar vardır. Bu şeirlərdə həm də balaca təbiətsevərlər üçün quşlar, bitkilər haqqında xarakterik, maraqlı məlumatlar verilməklə məhəbbət və qayğı hissləri aşılanır. “Quşların dostu” şeirində quşlara mərhəmət və qayğı hisləri ön planda təqdim edilir, Allahın bu yaradılışlarına məhəbbətlə yanaşmaq təlqin edilir:

Elə ki dən səpirəm,
Lap çoxalır sayları.
Siz də dən verin, dostlar,
Quşlara qış ayları.

Şeir ideya cəhətdən mənəviyyatlı uşaqlar yetişdirməyi qarşıya məqsəd qoyur. Şeir həm də estetik cəhətdən uşaqların nitq inkişafına müsbət inkişafetdirici təsir göstərmək baxımından maraq doğurur. Şeirdə qafiyə sistemi gözlənilməklə bərabər, sadə cümlə modeli və asan cümlə sintaksisindən istifadə edilmişdir. Həm də burada “quş-qış” kimi yalnız bir səslə fərqlənən və “q” və “ş” samitlərinin alliterasiyasına – bədii təkririnə yol verən söz və misralardan istifadə edilməklə uşaqların dil və nitq inkişafına, hətta dildönmələrinə faydalı olan situasiya, bədii vasitə yaradılmışdır.
“Dənizdə çimən ay” şeirində uşaqların saf xəyal dünyası əksini tapır. Soyuq bir gecədə dənizdə çimdiyini ehtimal etdiyi ayın soyuqlayıb xəstələnəcəyi narahatlığını keçirən bir uşağın qayğılarını ifadə edir. Yaxud “Beş alan qız” şeirində dərs əlaçısı olan bir uşağın ailə tərəfindən sevilməsi timsalında balaca fidanlara dərslərini yaxşı öyrənmək tövsiyəsi təqdir edilir. “Baharda” şeirində bahar fəslinin qanoynadan məziyyəti və uşaqların aşıb-daşan sevinci təsvir edilib. Bir bahar günü uşaqların əyləncəsi təsvir olunmaqla bahar fəsli və onun gözəllikləri sevdirilib. Bir yaş böyüyən, məktəbə getmək zamanı gələn bir uşaqcığazın məktəbli olmaq duyğuları və məktəbə olan sevgisi “Məktəbə gedəcəyəm” şeirinin bütün məğzini təşkil edir. Çiçəkdən-çiçəyə uçan və bir bahar ömrü yaşayan kəpənəklərə həsr olnumuş “Güllərin dostu” şeiri isə həm də onunla maraq kəsb edir ki, burada konkret varlığın adı gizlədilməklə əlamətləri və xüsusiyyətləri təqdim edilmiş, tapmaca misalı naməlumu tapmaq məharəti, uşaqların əqli inkişafı və dünyadərki məsələsi öz ehtivasını tapıb. Hələ kiçikliyindən öz ailəsinə məhəbbətlə bağlı, onları sevən və xidmətlərində dayanmaqdan yorulmayan, həm də ailəsinin sevinci, çiçəyi olan bir qızın xoş obrazı “Bağçaya gedən qız” şeirində yaradılıb. Azərbaycan ədəbiyyatında daha çox şeir qoşulan quşlardan olan “Qaranquş” şeirində Azərbaycanlı mənəviyyatı və təbiətlə təması əxlaqı özünə yer alıb. Qaranquş baharın müjdəçisi kimi həmişə sevilən və onun simvoluna çevrilən bir obraz olmaqla vəsf, tərənnüm obyekti olub. Onun yuva saldığı yerlərə də müqəddəs bir yer kimi baxılıb. Bu şeirdə də qaranquşun yuvasının dağıdılmasının günah olması, ana qaranquşun qarğışı və digər milli-əxlaqi məsələlər uşaq dünyasının tələblərinə uyğun şəkildə yer alıb.
Beləliklə, Naxçıvan ədəbi mühitində öz əsərləri, yazı tərzi ilə tanınan müəlliflərdən biri olan şair Ramiz Babayevin balaca fidanların görüşünə gəldiyi “Bulağın kitabı” adlı şeirlər toplusu öz maraqlılığı ilə diqqəti cəlb edir. Xüsusilə uşaq əsərləri müəllifi kimi şöhrət qazanmış Ramiz Babayevin çap olunan bu kitabında şairin uşaqlara olan məhəbbəti və sənətkarlıq istedadı özünü əks etdirir. Müəllifin “Bulağın nağılı” şeirlər toplusunun öz oxunaqlılığı ilə uşaqların diqqətini cəlb edəcəyini düşünür və uşaqlar üçün maraq dolu, sevilən bir kitab olacağına inanırıq.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiyaüzrə fəlsəfə doktoru, dosent


Paylaş



Bölmə: Maarif / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!