Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 23-07-2022, 09:22
H.B.Zərdabinin millət sevgisi


H.B.Zərdabinin millət sevgisi

Hər bir xalqın taleyində, mədəniyyətində, iqtisadiyyatında, hərb sahəsində və memarlığında bir şəxsiyyət amili tarixləşən iz qoyduğu kimi, Azərbaycan xalqının da zaman-zaman taleyüklü məsələlərində uzaqgörən, bütün ruhuyla millətinin daşıyıcısı hesab olunan şəxsiyyətlərin ümdə rol oynaması tarixi həqiqət - reallıqdır.
XX əsr Azərbaycan mədəniyyətinə, maarifçiliyinə və xeyriyyəçiliyinə xüsusi töhfə vermiş, yaradıcı ziyalı, ədib-nasir, publisist-jurnalist və alim kimi şöhrət tapmış, son nəfəsinə kimi xalqına şərəflə, sədaqətlə xidmət etmiş Həsən Bəy Zərdabi də tarixin daş yaddaşına çevrilmiş görkəmli şəxsiyyətdir.
Rus işğalının, istilasının ən aqressiv, amansız vaxtlarında millətin ayılması, maarifləndirilməsi vacib proses idi və bu yolda bir addım belə atanların qarşısına sədlər çəkilir, millət, torpaq ürəkli övladların haqq sözü deməsi, doğru yol göstərməsi müxtəlif bəhanələrlə yasaqlanırdı.
20-ci illərə qədər Tblisi şəhəri bir mədəniyyət mərkəzi kimi Qafqaz xalqlarını öz qoynuna almışdı. Həmin dövrlərdə Azərbaycanın görkəmli sənətçiləri, hərbçiləri və yazıçıları Tblisidə fəaliyyət göstərirdilər. Müxtəlif zaman kəsiyində torpağımızın işıqlı sabahınının carçıları olan övladları harada yaşamalarından asılı olmayaraq övladlıq borclarını öz əməlləri və yaradıcılıqları ilə ödəməyə çalışırdılar...
Həmin dövrün özünəməxsus çətinlikləri olsa da, Azərbaycan-Türk ruhunu qanlarında daşıyan millət fədailəri böyük inamla xalqın mənsub olduğu, millətin mənəvi yükünün daşıyıcıları, bir amal uğrunda bir-birinə dəstək olmağa çalışır, böyük islahatlara can atırdılar. Bu həmin zaman idi ki, Azərbaycan satirik poeziyasının parlaq yaradıcısı M.Ə.Sabir «Qərblilər göydə balonlarda gəzir, biz hələ avtomobil minməyiriz» deyirdi.
Kəskin maarifpərvər şair M.Hadi də ürək yanğısıyla «Yox millətimin imzası imzalar içində» hayqırtısı ilə car çəkirdi.
Xeyli əvvəllər millətimizin mətbuat bayrağını ilkin qaldıran H.B.Zərdabi mətbuatımızın qaranquşu – müjdə gətirəni «Əkinçi» ni yaratmışdı. Maddi və mənəvi çətinliklərlə üzləşən bu qəzet Azərbaycan maarifçiliyində, mədəniyyətində misilsiz rol oynamaqla maarifçilik işində önəm kəsb etdi. Min bir zəhmət və basqı sayəsində «Əkinçi»nin yaşamasına, yayılmasına çalışan H.B.Zərdabi – xalqımızın hünərvər övladı kimi əsl fədakarlıq göstərirdi.
Böyük vətəndaş, qanı millət sevgisiylə axan, bütün varlığın, nümayəndəsi olduğu xalqın maariflənməsinə, elmi tərəqqisinə, mədəniyyətinin yüksəlməsinə həsr edən H.B.Zərdabi «Əkinçi»ni yaşatmaq, bu ilk mətbu orqanla millətin dərd-sərini, arzu-istəklərini ifadə etməyə çalışırdı. Lakin maddi dayaq, ehtiyat olmadığından bu böyük şəxsiyyət qəzeti çap etdirmək üçün İrəvana, Naxçıvana səyahətə çıxır. Uzun bir coğrafi məsafə və bu yerlərdə, məkanlarda qəzetə ianə-abunə toplamaq istəyir. Xalq dili ilə desək: Əli ətəyindən uzun qayıdır.
Yüksək mənəviyyat sahibi olan, xalqının övladlarına işıqlı yol göstərməyə çalışan istədiklərinə qismən də olsa nail olur, insanların maariflənməsində böyük yol aça bilməsə də, bu yollara qovuşacaq mənəvi cığır iz açır...
Millətimizin bu Fərhad ürəkli, oğlu canından çox sevdiyi millətinin yolunda öz ömrünü şam kimi əridir. Çəkdiyi əzabların əvəzində bir təsəlli olur: Mən nəsə elədim. Böyük ədibimiz istər dumada olduğu vaxt, istərsə də olmadığı zamanlarda, xalqının elçisi-vəkili-deputatı kimi mühüm vəzifə daşımışdır . Həmin zamanlarda bir erməni iş adamı, Dumada Bakıya su çəkilişi məsələsini həll etməyə çalışır. Onun məqsədi pul qazanmaq və Bakı ətrafından içməyə belə yararlı olmayan su çəkməklə əhalinin sağlamlığına zərər vurmaq idi. Erməninin bu təklifinin əleyhinə çıxan H.B.Zərdabi böyük ürəkli Hacı Zeynəlabdini içməli suyun dağlardan çəkilməsinə ruhlandırır. Elə bu günümüzün özündə də məşhur şollar suyu, Bakımızın əsas təmiz, içməli suyudur.
Bir millətin iki böyük ürəkli övladı, millətinin pərvanələri olan H.B.Zərdabi və Hacı Zeynalabdin məslək, əqidə yoldaşı olmuş, millətin taleyində mühüm rol oynayacaq əməli işlərdə birlikdə düşünüb, ölçüb-biçib müsbət nəticəli qərara gəlmişlər. H.B.Zərdabinin açdığı Qızlar məktəbinin də maddi dəstəkçisi Hacı Zeynalabdin olmuşdur. H.B.Zərdabinin Nigar, Həcər timsallı həyat yoldaşı Hənifə xanım belə bir həssas məqamlı xatirə yazıb. Bir gün Hacı Zeynalabdin ilə H.B.Zərdabi görüşüb Qızlar Gimnaziyasına getməli olurlar. Burada əsas məqsəd qızlara verilən yeməklərin keyfiyyətini öyrənmək idi. Yoxlama nəticəsində məlum olur ki, qızlara verilən ət xörəkləri dişi qoyun ətindən imiş. Hacı Zeynalabdin aşbaza tapşırıbmış ki, dişi heyvan əti alma, yalnız erkək ətləri al. Çünki erkək heyvanın əti daha çox kalorili və faydalıdır. Məktəbli qızların sağlamlığı üçün nəzərdə tutulurdu. Həmin yoxlamadan sonra Hacı Zeynalabdin aşbazı işdən azad edir...
H.B.Zərdabi bir ziyalı, alim kimi deyil, öz imkanı sayəsində də əsl xeyriyyəçi idi. Bu böyük, əvəzolunmaz şəxsiyyətin əməlindən bir epizodu da qızları Hənifə xanımın dilindən eşidək: “H.B.Zərdabi Qubadan bizə pənah gətirən bir cavan oğlana evimizdə otaq ayırdı və onun hüquq sahəsində təhsil almasına şərait yaratdı. Bu minvalla o, 15 il bizdə qalaraq hüquq üzrə mütəxəssis oldu...
H.B.Zərdabi xalqımızın, torpağımızın təbiətcə, şəxsiyyətcə bir insan, vətəndaş və türk övladı, zamanına görə bənzəri, oxşarı olmayan oğlu desək, vicdanımıza verəcəyimiz mənəvi hesabatda haqlı olarıq.
H.B.Zərdabi özü boyda bir mənəviyyat, alicənablıq, xeyirxahlıq simvoludur. Təəssüf ki, millət asidir. Demək ki, bu da onun tale yazısıdır. Özünün bütün mənəvi və maddi imkanlarını xalqının maariflənməsinə həsr edən bu böyük insan, vətəndaş, cəmiyyətinin bünövrəsinin, maarifçiliklə mümkünlüyünü anladıqdan sonra bütün varlığı ilə həyatını bu sahəyə həsr edib.
H.B.Zərdabi mətbuatın, qəzetçiliyin nə qədər böyük əhəmiyyətini bildiyindən «Əkinçi» qəzetini yaratdı. İki il ömrü olan bu mətbu orqan zaman-zaman sinəsindən od püskürən Yanardağımız xalqın ürəyindəki inam ocağını alovlandırdı. Böyük vətəndaş, xalqını qəlbən, bütün varlığı ilə sevən H.B.Zərdabi onların zəka yoluna işıq salan bənzərsiz insan idi və taleyinə də bir Yanardağ qisməti düşmüşdü. Bu məqamda dahi türk şairi Nazim Hikmətin:

Mən yanmasam,
Sən yanmasan,
Biz yanmasaq,
Necə çıxar
Qaranlıqlar aydınlığa.


misraları H.B.Zərdabi kimi övladların boyuna, ömür yoluna biçilmiş misralardır, özündə bir vətən eşqi ifadə edir.
H.B.Zərdabinin qarşısını o vaxtkı çar üsuli-idarəsi alsa da, o yenə də bir çıxış yolu tapırdı. Onun dostu, məmləkətimizin xeyriyyəçi-mesenat övladı Hacı Zeynalabdin xeyriyyəçiliyini maarifçiliklə əlaqələndirirdi. Hacı Zeynalabdin çox böyük ürəklə, səmiyyətlə Həsən bəyi eşidirdi və gördüyü xeyirxahlıqdan zövq alırdı. O, bu yolda böyük sərmayələr qoysa da, dostu Həsən bəyə minnətdar idi...
Həmin zamanlar Bakıda onlarla milyonçu öz səxavəti, əliaçıqlığı və millətsevərliyilə tanınsa da, H.B.Zərdabinin ən yaxın dostu, ərki çatan insan Hacı Zeynalabdin idi.
Ümumilikdə H.B.Zərdabinin ömür yoluna baxsaq, onun həyat fəaliyyəti çoxşaxəli, çoxsahəli olmuşdur. Bir qəzetçi kimi tanıdığımız H.B.Zərdabi həm də torpaqşünas alim idi. O, torpağın «dilini» anasının dili kimi bilirdi. Təkcə Bakı Qızlar məktəbini açması o zaman üçün böyük xidməti idi. Elmin neçə-neçə sahəsini mükəmməl bilsə də, bütün elmlərin qapısının açarını maarifçilikdə, təhsildə görürdü. Eyni zamanda bu sahədə çətinliyi olan tələbələri öz övladı kimi evində saxlayır, qayğılarına qalırdı.
Bir qəzetçi-jurnalist, torpaqşünas alim, maarifçi-pedaqoq, Bakı dumasının üzvü, xeyriyyəçi şəxsiyyət olmaqla xalqının hərtərəfli inkişafını qəlbən arzulayırdı və heç də təsadüfi deyildir ki, dünyasını dəyişməmişdən əvvəl bu mahiyyətdə vəsiyyət etmişdi: «Sizdən xahiş edirəm ki, mənim dəfnimi, qəbrimi təmtəraqlı etməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin».
Mədəniyyətimizin bir əsas qolu da incəsənətimizdir. H.B.Zərdabi mətbuat sahəsində ustad naşir, jurnalist olmaqla yanaşı, ədəbiyyatşünaslıq sahəsini də gözəl bilirdi. Eyni zamanda teatra, səhnə əsərlərinə də böyük maraq göstərirdi. O, «Kaspi» qəzeti redaksiyasında işləyəndə Ü.Hacıbəyovun musiqiyə olan böyük həvəsini görüb demişdi: - Oğlum, sən elə bir teatr yaz ki, iştirak edənlər oxusunlar. Birinci Azərbaycan operasına baxmağı çox arzulasa da, bu, ona qismət olmadı. Onun həyatdan köçməsindən az sonra, «Leyli və Məcnun» operası tamaşaya qoyuldu...
Dövrünün alimi, filosofu H.B.Zərdabinin ictimai-siyasi fəaliyyəti onun həyatında mühüm yer tutur. Dumada müxtəlif məsələlərin müzakirəsi zamanı, xalqının taleyüklü məsələlərində öz mövqeyini açıq bildirərək, görüləcək işlərin doğru səmtə istiqamətlənməsi üçün fikir və mülahizələrini, məntiqə söykənən haqlı iradlarını deməkdən çəkinməmişdir.
Böyük mütəfəkkirin yazıçı nüfuzu çox olduğundan, çar çinovnikləri onun fəaliyyət dairəsini kiçiltmək üçün maneçilik törədirdilər. «Əkinçi» qəzetinin bağlanması da bu səbəbdən idi və həmin vaxt o, doğuluğu kəndə qayıdaraq, öz ideya-məramlarını həyata keçirmək üçün maddi mənbələr, yollar axtarırdı...
O zaman başqa ölkələrlə əlaqələr geniş olmasa da, H.B.Zərdabi Qərbdə və Rusiyada, Kazanda, İranda çıxan bir sıra mətbuat orqanları ilə yazışaraq əlaqə saxlayır, dünyada gedən siyasi, mədəni xəbərləri, yenilikləri izləyirdi.
Professor, ədəbiyyatşünas Nazim Axundov öz elmi-bədii araşdırmalarında Azərbaycan satirik jurnallarının tatar və Orta Asiya xalqlarının mətbuatına təsirindən danışarkən «Əkinçi»ni nümunə kimi göstərmişdir. O, tatar mətbuatşünası İsmayıl Rəmiyevin «Vaqtlı tatar mətbuatı» (1905-1925) kitabına istinadən yazır: «Müəllif tatar mətbuatının yaranması və inkişafı haqqında düzgün təsəvvür yaratmaq üçün buraya Azərbaycan mətbuatı haqqında xeyli məlumat əlavə etmişdir. Müəllif yazır ki, «Əkinçi» qəzeti bütün türk-tatar xalqlarının mətbuatının inkişafına böyük başlanğıcdır».
1899-cu ildə Kazan şəhərində maarifçi, imkanlı xanım Akçurina həmfikiri olan Hənifə xanım Məlikovanın məktəblilər üçün yazdığı dərs vəsaitini - «Tərğub» adlı kitabını öz hesabına nəşr etdirmişdir.
Qeyd etməliyik ki, XIX əsrin 70-ci illərində Daşkənddə nəşr olunan «Türküstanskiye vedomosti»yə əlavə kimi buraxılan «Türküstan vilayətinin qəzeti» ilə, «Əkinçi» qəzeti redaksiyası əlaqə saxlayırdı.
Baxçasarayda çıxan «Tərcüman» qəzeti Zərdabiyə bir müəllim, bir ustad kimi baxırdı. Həsən bəy «Tərcüman»ın nəşrinə sevinir, maarifçiliyin inkişafı sahəsindəki xidmətləri alqışlayırdı. H.B.Zərdabi «Tərcüman»ı «Əkinçi»nin yetişdirməsi hesab edirdi.
H.B.Zərdabinin ölkə hüdudlarından kənarda şöhrətlənməsi, bir ədib kimi sevilməsi onun böyük ideyalar uğrunda ömür sərf etməsi, Rusiyada ilk türk qəzetinin yaratması, Azərbaycan xeyriyyəçiliyini yayması, teatrın əsasını qoyması geniş ictimai fəaliyyətiylə bağlıdır. Xalqımızın fikir inkişafında və Rusiya məkanında yaşayan türklərin intibahında H.B.Zərdabinin özünəməxsus danılmaz mövqeyi, xidməti yer tutur.
1872-ci ildən Azərbaycanda ilk «Xeyriyyə Cəmiyyəti»nin əsasını qoyan Zərdabi 1873-cü ildə müəllimi olduğu gimnaziyada M.F.Axundovun «Hacı Qara» komediyasının tamaşasının təşkilatçısı olur və məhz bu tamaşa ilə də xüsusi Azərbaycan milli teatrının əsası qoyulur.
«Əkinçi» qəzeti milli mətbuat sahəsində ilk dəfə bədii əsərlər çap edir. XX əsrin ikinci yarısında dramaturgiya və nəsrə nisbətən arxada qalan şeirə, xüsusən satirik şeirin nümunələrinə öz səhifələrində yer verir. Bütün bunlarla yanaşı H.B.Zərdabi, el mahnılarının yazılı mətni olan şeirləri toplayıb 1902-ci ildə «Türk nəğmələri məcmuəsi» adı ilə çap etdirmişdir.
«Əkinçi» Azərbaycanın o vaxtkı ziyalılarının, qələm sahibləinin şeir və məqalələrinə həvəslə yer ayırırdı və qəzetin bütün ağırlığı, yazıların işlənməsi, çapa hazırlanması H.B.Zərdabinin əli ilə həyata keçirdi.
Böyük ədibin cəfakeş, qayğıkeş qadını Hənifə xanım hər zaman Zərdabinin yanında olub. Hənifə xanım xatirələrinin birində yazır: - Bir dəfə fransız qəzetinin baş müxbiri Bakıya gəlib çıxmışdı. O, Rusiyada Azərbaycan dilində çıxan yeganə qəzetlə maraqlanıb yanıma gəlmişdi. Qəzetin 3 il ərzində ancaq 300 abunəçisi olduğunu bilincə, müxbir təəccüblə H.B.Zərdabiyə baxıb səmimi şəkildə dedi: Siz qəhrəmansınız, bizim Fransada bu cür yoxsul qəzetlər üçün işləyən adam tapılmaz, sizin energiyanıza heyran qalmışam. Görünür, siz öz xalqınızı çox sevirsiniz».
Hər bir xalq onun taleyində iştirak edən övladının adını əbədiləşdirməklə, böyük bir şəxsiyyət yetişdirdiyini gələcək nəsillərə ötürür. H.B.Zərdabinin də İçərişəhərdə köhnə ensiklopediyamız yerləşdiyi yerdə bir oturaq halda heykəli var. Doğulub boya-başa çatdığı Zərdab rayonunda isə kiçik bir daxmadan ibarət olan «Ev muzeyi» var...
Uzun illər Bakıda, İçərişəhərdə yaşamış və xalqı yolunda fədakarlıq etmiş nəhəng şəxsiyyətin adına Bakıda ev muzeyinin, küçənin olmaması çox böyük təəssüf doğurur. Eləcə də jurnalistikamızın banisi olan, bu bənzərsiz sənətkarımızın adına təqaüd təsis olunması istedadlı tələbələrə verilməsi çox böyük qədirşünaslıq nümunəsi olardı...
Azərbaycan mətbuatının banisi, filosof, torpaqşünas alim, jurnalist, publisist, tədqiqatçı, qəzetçi, maarifçi H.B.Zərdabi Azərbaycan ziyalılığının ilkin simvollarından biridir.
XIX əsrin ikinci yarısından başlayaraq, XX əsr daxil olmaqla millətimizin taleyində müstəsna xidmətləri olan böyük övladları, alimləri, şairləri, yazarları, siyasətçiləri, xeyriyyəçiləri çox olmuşdur. XIX əsrin sonu, bütövlükdə isə XX əsrdə Azərbaycan xalqı ən böyük oğullarını yetirmişdir.
Başda H.B.Zərdabi olmaqla satirik şairimiz M.Ə.Sabir, yazıçı, molla Nəsirəddinçi, M.C.Məmmədquluzadənin, bəstəkar Ü.Hacıbəylinin, xeyriyyəçi Hacı Zeynalabdinin, yazıçı-həkim N.Nərimanovun, xalq şairi S.Vurğunun dünya səviyyəli siyasətçi, ulu öndərimiz Heydər Əliyevin adlarını iftixarla, qürur hissilə çəkmək olar. Böyük məmnuniyyətlə torpaqlarımızın azadlığı uğrunda fədakarlıq, qəhrəmanlıq göstərmiş “Dəmir yumruq”lu sərkərdə, Ali Baş Komandan İlham Əliyevin də yerini bu sırada görürük. Milli mətbuatımızın xəzinəsinə dəyərli hədiyyə olan H.B.Zərdabinin ideya irsi bu gün belə öz təravətini itirməmişdir. Yarandığı 147 il ərzində Azərbaycan mətbuatı keçməkeşli, zəngin və mənəvi bir inkişaf yolu keçmişdir. Odur ki, hər ilin 22 iyul ayı mətbuat tariximizin günü kimi qeyd olunur. Həmin ərəfədə mətbuatımızın ilk təmsilçisi H.B.Zərdabinin də adı hörmətlə, ehtiramla anılır. Yüzlərlə əsl jurnalist bu anım günündə özünə mənəvi hesabat verir və ustada «Əkinçi»mizin yaradıcısına rəhmətlər diləyirlər.

Adil Abdullayev
“Gənclik” nəşriyyatının direktoru,
Əməkdar mədəniyyət işçisi,
Prezident mükafatçısı



Paylaş



Bölmə: Maarif / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!