Edamını gözləyən reper azad edildi .....                        Koreyada hərbi vəziyyət ləğv ediləcək .....                        Matçda xəsarət alan futbolçunun son durumu AÇIQLANDI .....                        Ərdoğan Putinlə danışdı .....                        Xırdalanda yanğın - Sakinlər təxliyə edildi - VİDEO .....                        Azərbaycan matçında bədbəxt hadisə .....                        Cənubi Koreyada hərbi vəziyyət: küçələrə texnika yeridildi .....                        Utilizasiya portalı istifadəyə verildi .....                        Rüfət Səfərov saxlanıldı - Rəsmi AÇIQLAMA .....                       
Tarix : 27-12-2014, 16:45
Mətanət Şəkixanova AMEA Fəlsəfə və Hüquq
İnstitunun böyük elimi işçisi, “Dinşünaslıq və
Mədəniyyətin fəlsəfi problemləri şöbəsi”nin
əməkdaşı, fəlsəfə doktoru
.

Bizə kimliyimizi xatırladan Bakıxanova minnətdarlıq hissi ilə...
Bizə kimliyimizi xatırladan Bakıxanova minnətdarlıq hissi ilə...

O xoşbəxt adama eşq olsun ki, Allahın sifəti ilə şöhrətlənə və bu tükənməz dövlətdən üz döndərməyə. (A. Bakıxanov. Təhzibi əxlaq)
Azərbaycan türklərinin tarixində bir çox şəxsiyyətlər var ki, onların varlığı belə tariximizin çözülməsi üçün zəngin mənbədir. Belə şəxsiyyətlərimizdən biri 2014-cü ildə ölkə prezidentinin, 220 illik yubleyinin bir sıra tədbirlərlə keçirilməsi üçün fərmanı verilmiş-Bakı xanlarından Dərgahqulu xanın nəvəsi II Mirzəməhəmməd xanın oğlu- Abbasqulu ağa Bakıxanovdur...
Bakıxanov məşğul olduğu bütün elm sahələrində zəmanəsinə görə dərin bilik, geniş hərtərəfli məlumat nümayiş etdirmişdir. O, çalışdığı mühitin vasitəsi ilə yaxın və orta Şərqin, eləcə də Avropanın siyasi fikri ilə yaxından tanış olmuş, Şərq ölkələri və Avropanın bəzi şəhərlərinə səyahətləri zamanı zəngin təcrübə toplamışdır.
Ədəbi ideyalarının qayəsini müraciət etdiyi xalqını maarifləndirmək təşkil edən mütəfəkkirin sosial görüşlərinin əsasını cəmiyyət ədalətsizliklərinin tənqidi, çatışmamazlıqların və nöqsanların yaranma səbəblərinin təhlili, etik görüşlərinin əsasını isə mənsubu olduğu dinə söykənən nəsihətlər təşkil edir.
Onun yaradıcılığı bir marifpərvərin ürək yanğısı ilə qızındığı üçün bu yaradıcılığın leykmotivini vətənə və millətə xidmət amalı təşkil edirdi. Abasqulu ağa sələflərimiz içərisində yaradıcılığı yolumuzu aydınladıb tədqiqatları kimliyimizi bizə xatırladan nadir şəxsiyyətlərimizdəndir. Belə ki, XIX yüzilin birinci yarısında
tarix, dilçilik elm sahəsində ilk əsərlərin yaranması da xalqın vətənçilik, millətçilik şüurunun oyanmasına, qüvvətlənməsinə, Azərbaycan türklərinin özünü tanımasına xidmət edirdi. Bu baxımdan bilməliyik ki, bütöv Azərbaycanın ilk tarixinin yazılması XIX əsrin ensklopedik şəxsiyyətlərindən olan Abbasqulu ağa Bakıxanovun (174-1864) adı ilə bağlıdır. Şair, nasir (1828-1832-ci illərdə “Tiflisskiye vedmosti”nin farsca buraxılışının redaktoru, tərcüməçi, coğrafiyaşünas alim kimi Azərbaycan mədəniyyəti tarixində mühüm yer tutan bu şəxsiyyətin ən böyük xidməti, bizcə, onun vahid, bütöv Azərbaycan tarixini yaratmaq cəhdi idi. Bakı xanlarının nəslindən olan Abbasqulu ağa Çar Qafqaz canişini idarəsində işləyirdi. Çar hökuməti tərəfindən dəfələrlə döyüşlərdə şücaətinə görə orden-medallara layiq görülmüş, palkovnik rütbəsinə qədər yüksəlmişdirsə də, bu təltiflər onu cəhalət içərisində olan xalqına xidmətə daha da çox təşviq etmişdir. Türkmənçay müqaviləsinin imzalanmasinda bir mütərcim kimi iştirak etmiş Abasqulu ağa Bakıxanov demək olar ki, millətinin o zaman üçün ən işiqlı simalarından biri idi. Vətəninin Rusiya və İran arasında bölüşdürülməsi faciəsinin iştirakçısına çevrilən Abbasqulu ağa məhz elə bu faciəni yaşadığı üçün bütöv “Azərbaycan tarixi” yaratmağı qarşısına məqsəd qoydu. Bu günün çərçivəsindən baxdıqda düşünmək olar ki, nə yaxşı Türkmənçay müqaviləsində iştirak edən azərbaycanlı, nəcabətli nəsildən olan işıqlı bir insan olmuşdur. Məhz bu insanın tarixin belə bir prosesində iştirak etməsi əzilmiş və parçalanmış tərəfin bəlkə də şansı idi...
O,əsərlərində bu gün əsarətə düşmüş bir xalqın qəhrəman keçmişə malik olduğunu, Mete, Atilla, Cingiz xan kimi dünyanı lərzəyə gətirən fatehlər yetirdiyini ona xatırlamaqla milli-azadlıq əzmi oyatmağa çalışmışdır. 1843-cü ildə fars dilində tamamladığı, ruscaya tərcümə edərək hissə-hissə dərc etdirdiyi “Gülüstani-İrəm” onun məhz bu ruhlu əsəridir. İki istilaçı tərəfin dillərini bilib bu dillərdə məhz birinci təfəkkürdən tərcüməçisiz müraciət xalqın qazancı deyilmi?
Tarix yaradıcıları olmuş xalqının ta keçmişlərdən onun zamanına qədər olan tarixini əks etdirən əsəri Abasqulu ağa rus çarına təqdim edərkən: “Ölkəmin indiyə qədər olan yazılmamış tarixinin qələmə alınması zərurətini düşünürdüm. Bir tərəfdən vətənimin tarixini yazmaq üçün mümkün və müəssər olmayan
sənədlərdən istifadə etmək imkanına malik olduğumdan, bütün bu hallar mənim mənsub olduğum ölkənin keçmiş həyatını yazmağa və boş vaxtlartımı bu işə həsr etməyə məcbur etdi. Əsərdə Azərbaycan ərazisində yaşamış müxtəlif tayfaların mənşəyi, dilləri, dinləri haqqında zəngin elmi məlumat verilmiş. Azərbaycan tarixinin ən qədim dövrlərindən başlayaraq Gülüstan müqaviləsinə kimi olan dövrün elmi mənzərəsi yaradılmışdır. “Türkiyəli tədqiqatçılar türkçülüyün tarixindən bəhs edərkən, dünyada yaşayan müxtəlif türk şivələrinin vahid türk dilinin qollarının olması ideyasını Əhməd Vefiq paşa, Süleyman paşa kimi türkçülər tərəfindən irəli sürüldüyünü iddia edirlər. Halbuki böyük türkçü Abbasqulu ağa Bakıxanov əsərini bitirdiyi zaman Süleyman paşanın 5, Əhməd paşanın isə 20 yaşı vardı”(?). Bəhs etdiyimiz ideyalar “Gülüstani-İrəm” əsərində onların yaradıcılığında öz əksini tapmadan xeyli əvvəl göstərilmişdir. Əsərin türk dilinə tərcümə olunmaması bir çox tədqiqatçıların bu əsərdən xəbərsiz qalmalarına səbəb olmuşdur. Bu gün isə biz tədqiqatçılara bu əsər türkçülüyün tədqiqi və vətən tarixinin araşdırılması və yeni ruhlu məfkurələri formalaşdırmış ən tutarlı mənbə, hədiyyədir.
Görkəmli tədqiqatçı Yaşar Qarayev yazır: “Azərbaycan maarifçiliyi Bakıxanovun simasında maarifçi mütləqiyyət ideyası ilə meydana atılır və çox az bir müddət ərzində xalq üsyanı yolu ilə respublikaçı dövlət qurluşunu qəbul və elan edən Axundzadə inqilabiliyinə və demokratizminə qədər mürəkkəb, təzadlı tarixi yol keçir” .
Xalqımın bu parlaq zəkaya malik olan oğlu bir çox elm və mədəniyyət xadimlərinin diqqətini özünə cəlb etmiş və onlar onun haqqında maraqlı xatirələrini yazmışlar. Alman şairi və tərcüməçisi F.P. Bodenştet yazırdı; “...Ölkənin tanış olduğum bir çox alimləri arasında ləyaqət və biliyinə görə ən görkəmlisi Abbasqulu ağa idi”
İen Universitetinin professoru Karl Henrix Kox A. Bakıxanovla 1844-cü ildə Qubada tanış olmuşdur. O yazır: “Mən Qubada ömrünü elmə həsr edən və böyük adına layiq olan başqa adamla da tanış oldum. Bu Abbasqulu ağa idi.
Verdiyi tutarlı məlumatlara görə borclu olduğum Abbasqulu ağa öz Vətəninin tarixi ilə məşğuldur və bu barədə fars dilində xüsusi kitabda yazmışdır. Öz vətəninin tarixi ilə yanaşı, Abbasqulu ağa astronomiya ilə də yüksək dərəcə də maraqlanmışdır”. Abbasqulu ağanın Puşkinin ailəsi ilə də yaxından tanış olması tarix səhifələrində artıq çoxdan sənədləşmişdir. Böyük şairin anası Nadejda Osipovna “...şəstini sevdiyi bu lütfikar insana məftunluğunu qızı Olqaya göndərdiyi məktubunda qeyd etmiş, xüsusi vurğulamışdır”
Onu zəmanəsinin, bizim zəmanəmızın və gələcəyin qəhrəmanına çevirəcək məziyyətləri çox idi. Əvvala o, bir tarix araşdırmaçısı idi, daha sonra paliqlotdu. Yaşadığı zamanın və coğrafi məkanının ünsiyyət üçün tələb edə biləcəyi dillərə sahib idi. Elə buna görədə əldə etdiyi biliklər və mənimsədiyi dillər vasitəsi ilə o, həm də bir dəyərli dövlət və siyasət adamı idi. O yazıçı idi. Yazdığı “Kitabi Əskəriyyə” ilə realist nəsrin əsasini qoyub desək İsmayıl bəy Qutqaşenlinin ruhu bizdən inciməyəcək. Qutqaşenin (Qəbələnin) o zamankı sultanı Nəsrulla sultan onu Tiflisə rus ordusunun xidmətinə gətirdikdə onu ilk görüb tərbiyə və savadını təqdir edən məhz Bakıxanov olmuşdur. Dəyərli əsərləri hələ də nəsihatəmiz ibarələri ilə gündəmdən düşməyən aktuallığa malikdir. Həmişədə belə olacaq. Çünki onun əsərləri öz ruhunu xalqının çox əsirlik ənənələrindən və mənsub olduğu dinin ədalətindən alır...
25-30 yaşında siyasi xadim kimi tanınan Bakıxanov bacarıqlı dövlət xadimi və siyasət adamı idi. “Fars və ərəb dillərini yaxşı bildiyinə görə, Qafgazın baş hakimi general A.P. Yermolov 1819-cu ildə A. Bakıxanovu Tiflisə şərq dilləri üzrə tərcüməçi işinə dəvət etmişdir. Abbasqulu ağa Tiflisdə işlədiyi müddətdə rus dilini öyrənmiş, eyni zamanda rus və Avropa maarifçilərinin fikirləri ilə tanış olmuşdur. Onun Tiflisdə işlədiyi vaxt Rusiya-İran və Rusiya-Türkiyə arasında müharibələr dövrünə təsadüf edir. Bakıxanov, tarix səhifələrinin açilmacına ip ucları verən həmin muharibələr zamanı Çərkəziyədə, Şirvanda, Dağıstanda Gürcüstanda və başga yerlərdə olur.” Özünün Gülüstani-İrəm əsərində Abbasqulu ağa qeyd edib ki, yuxarıda sadalanan yerlərdə olarkən o,həmin yerlərin alimləri ilə tanış olur, söhbətlər aparır eyni zamanda, yerli şəraiti də öyrənirmiş. Odur ki, bu gərgin əməyin sonucunda yaranmış “Gülüstani İrəm” təkcə Azərbaycan deyil ümumiyyətlə türkçülük tarixinin etibarlı mənbəsidir. Təsadüfi deyil ki, Ziya Bünyadov yazır; “ Gülüstani-İrəm” mahiyyəti və əhatə dairəsinə görə öz dövrünün sanballı abidəsidir. Əsərdə ehtiva olunan tarixi hadisə və proseslərin tədqiq
edilməsində XIX əsrin tarix elminin bütün naliyyətlərindən, ayrı-ayrı ölkə alimlərinin tarixə dair tədqiqatlarından və tutarlı ədəbiyyatlardan istifadə edilmişdir.
A.Bakıxanovun böyük xidməti xüsusi ilə də onunla əlaqədardır ki, oz xalqına Vətən tarixini məhz o , miras qoymuşdur”.
Aqşin Guliyevin araşdırmasına əsaslansaq deyə bilərik ki, bu zəhmətkeş vətənpərvər indiki Azərbaycan ərazisinin Quba, Qonaqkənd, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, Ağstafa, Qazax, Bakı, Salyan, Lənkaran, Astara kimi şəhərlərində, İran Azərbaycanının Təbriz, Bostanabad, Türkmən, Novruzabad, Zəncan, Soltaniyyə və bir çox başqa məmləkətlərində, habelə Ərdəbil və Tehranda, Türkiyyənin Ərzurumuna vararaq isə oradan Trabzonadək getmiş, Gara dəniz yolu ilə İstanbulu səyahət etmisdir. Bu səyahətlər 1826-1828 –ci illərdə Rusiya –İran 1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibəsi zamanı gerçəkləşmişdir. 1834-cü ildə isə o, Varşavada olmuş həmin ilin yayında Peterburqa oradan Moskvaya və Odessa şəhərlərinə və digər şəhərlərə də səyahətlər etmişdir. 1846-cı ilin bir payız günündə Dardanel boğazı ilə Egey və Aralıq dənizlərindən keçərək İskəndəriyyədə, sonra isə Gahirədə olur. O, 1846-ci ilin dekabırında müsəlmanlığın müqəddəs məbədi Məkkəyə çatır. Bakıxanov Vətənə Mədinə, Dəməşq və Tehrandan keşməklə qayıtmaq, Yaxın və Orta Şərqə səyahətini Ərəbistan, Suriya, İraq və İranın cənub hissəsini gəzməklə tamamlamaq istəyirdi lakin yaradıcılığının məhsuldar dövründə həyata gözlərini əbədi yumdu. 1847- ci ildə Məkkədən Mədinəyə gedərkən bu iki şəhər arasında yerləşən “Vadiyi-Fatimədə” vəbadan vəfat edərək orada dəfn edilmişdir. Bakının Əmircan kəndində dünyaya gəlib xalqını düşünüb, millətinin işıqlanması üçün yaşayıb, Şərqi bə Qərbi gəzmiş lakin mənsub olduğu dininin ehkamlarından ayrılmayan bu böyük insanı müqəddəs torpaqlar ağuşuna almaqla ölümü ilə də şərəfləndirmişdir...
Yaradıcılığındakı zənginlik bir yerdə oturub min bir yerdən xəbər verənlərdən olmayıb “min bir yer”i gəzib “Gülüstani- İrəm” kimi əvəzsiz tarixi, maarifləndirici əsərlər yazması ilə də bağlıdır. Coğrafiya və astronomiya kimi elmlərlə tanışlıq və onlara maraq da yaradıcılığına Amerikanın kəşfinə həsr olunmuş “Kəşfül –qəraib” , “Ümumi-coğrafiya”, “Əsrarül məlakut” kimi əsərlər daxil etmişdir.Əsərlər məzmunlarına görə unikal mənbələr hesab oluna bilər.
Nəhayət bu nəcib xanzadənin dini-fəlsəfi və əxlaqi baxışlarına gəldikdə onları Abbasqulu ağa özünün “Riyazül-Qüdsi”, “Təhzibül-əxlaq”, “Kitabi-nəsayeh” , “Eynül-mizan”, “Hind əfsanəsi” əsərlərində, habelə “Mişkatul-ənvar” poemasında daha aşikar şərh edə bilmişdir deyə bilərik. Qeyd etdiyimiz kimi mütəfəkkirin yaradıcılığında İslam dininin ehkamlarına hörmət və sədaqətlə yanaşma vardır. Belə ki, “Əsrarül-məlaküt”də o bizim dünyamızın “yunan və Avropa alimləri tərəfindən yaradılmış heliosentrik sistemi haqqında təlimi müdafiə etsədə “ riyazi sübutların və astronomik müşahidələrin conucu əldə edilən nəticələrin hələ əsrlər öncə Ouranın kəlamları və Məhəmməd peyğəmbərin rəvayətləri ilə təsdiq edilir” fikrini söyləmişdi””
Nizami Gəncəvi, Məhəmməd Fizuli, İmadəddin Nəsimi, Mahmud Şəbüstəri, Nəsrəddin Tusi kimi tanınan mütəfəkkir filosofların yaradıcılığından bəhrələnən və üslubu ilə onları xatırladan (“Hind əfsanəsi”ndə sanki Nizamini oxuyursan-Ş.M) Bakıxanov elə o sələfləri kimi İslamın ehkamlarına yaradıcı məhəbbətlə yanaşır.
Yaradıcılığının bir dönəmində onun fəlsəfi düşüncələrinin əsasında Sufizmin vəhdəti-vücud fəlsəfsinin təsiri duyulmaqdadır. Bu dünya görüşü ilə o, “mümkün varlıq” kimi gerşək dünyanı “zəruri varlıq” kimi isə bütün mövcudatın yaradıcısı olan Allahı görür. Bakıxanova görə hərəkət görünən dünyanın varlıqlarına məxsus atribut olduğu üçün “mümkün varlığ”ı şərtləndirir. Amma yaradılışı etibarı ilə o “zəruri” varlığa borclu olub çoxluğu da şərtləndirir. Bu çoxluqsa Vahid olanın, seyr edilən dünyada görünən tərəfləri olub günəşdən ayrılan şüalar kimidirlər. Açıqlanan bu dünyagörüşün tərəfdarları Azərbaycanda Eynəlgüzzat Miyanəci, Mahmut Şəbüstəri, Qasım Ənvar, Şəms Məğribi və bir çox başqaları kimi filosoflar olmuşlar.
Bakıxanovun yaradıcılığından bəhs edərkən onun etikadan bəhs edən fikirlərini xüsusilə qeyd etmək lazımdır. Əxlaqa dair mülahizələri mütəfəkkirin yaradıcılığında əsas yerlərdən birini tutur. Bu baxımdan onu “Təhzibül-Əxlaq” əsəri etika elmimizin dəyərli nümunələrindən biri hesab oluna bilər. Bu barədə görkəmli ədəbiyyatçı Feyzulla Qasımzadə yazırdı ki “Təhzibül-Əxlaq” müəllifin pedaqoqika və psixologiyaya aid elmi və nəzəri məsələləri əhatə edən fəlsəfi əsərdir.
Şəxsiyyətin bütövlüyü, vicdan təmizliyi, doğruluq, ədalət, mərdlik, yoxsul və məzlumlara hamilik, insanlarla xoş rəftar, özünü düşgün ehtiraslardan qorumaq, dünya malına tamah salmamaq, şöhrətpərəstlikdən çəkinmək, təvazökarlıq, zəhməti sevmək, elm və maarifin bayrağını hər şeydən uca tutmaq, vətənə və xalqa məhəbbət və s... əsərin irəli sürdüyü əsas əxlaqi məsələlərdir.
“Hikmətin fəziləti” ndə oxuyuruq
Hər şeydən yaxşıdır yaxşılıq özü.
Çünkü yaxşı sifət olarsa səndə,
Afərin söyləyər dost da, düşmən də.
Əsərin qayəsində bir zənginin vəsiyyət olunmuş dəyərli üzüyünü şah ən ağıllı insana vermək üçün hər bir kəsi yanına yığır. Xeyli sual cavabdan sonra kasıb lakin ağıllı bir kişinin ağlına heyran olan şah ona təzim edərək üzüyü ona bağışlayır.
Yenə də çox fikir çıxdı meydana
Şah isə o, şəxsə edirdi diqqət,
Dedi: Ən lazımlı şeydir - həqiqət.
Həqiqət olmasa, olmaz intizam
Dünya həqiqətlə dolanır müdam”. .
Şah qalxıb kasıba eylədi təzim,
Üzüyü qocaya eylədi təqdim.
Əmr etdi saraydan getməsin, bir an,
Ki, alsın məsləhət hər işdə ondan.
Nəhayət oldu o şahın vəziri,
Ölkəni düzəltdi onun tədbiri.
Nə yaxşı olardı hər ölkədə ah.
Olaydı belə bir vəzir ilə şah.
Misraları ilə sələflərinin sosial düşüncələrini təkrarlayan mütəfəkkir əsərdə xalqla- iqtidar qarşılaşmasını, zənginlə yoxsul tandeminin sirr olmayan birgəliyinin xeyirli ola biləcək tərəflərini yenidən nəzərlərə çatdırır. Əsərin sonunda isə özünə və şəxsində insanlara xeyirli məsləhətdə bulunur.
Ey Qüdsi hikmətdən varsa xəbərin,
Yaxşı adamlarla olsun nəzərin (Hikmətin fəziləti.)
Yaxud “Məşvərətin sirləri” əsərində isə o qədim bir el məsəlini məharətlə bir aqil qocanın dili ilə özündən razı, həmişə öz dediyini yeridən əmirin düz üzünə söylədir.
Danışma, eşitmə, görmə əmr etsən,
Bağlaram dil qulaq, gözümü hərdən.
Əmr etsən anlama, əfv et hökmüdar,
Bu işdə əlimdə deyil ixtiyar
Onun nəsihətlə dolu daha bir ibrətamiz əsəri “Ümidin boşa çıxması” dır. Əsərdə Həsən adlı zəhmətkeş bir kəndli ona bağışlanmış toxumdan əmələ gətirdiyi, min bir əziyyətlə yetişdirdiyi nübar, nadidə meyvələri ( almaları-Ş.M) dostlara, əhli-əyalına qıymadan saraya şah dərgahına aparır. Elə müsibəti də buradan başlayır... Səfər üstündə olan şah onunla məşğul ola bilmir və onunla saraydakı məsuliyyətsiz insan ömrünü, vaxtını, zamanını və zəhmətini heçə sayan məmurlar “məşğul olur”. Bu “maraqlanma” nəticəsində Həsən kişi iki il zindanda yatmalı olur və yalnızca şah geri dönüb onu xatırlarkən azadlığa çıxır. Sarayda Həsən kişiyə vurulmuş ziyanı aradan qaldırmağa çalışan şah onu xəzinəyə nə istərsə götürsün deyə göndərir. Bu zəhmət adamı isə sanki bir anda yuxudan ayılır və azadlıq və sərbəstliyin daha böyük nemət olduğunu dərk edərək xəzinədən Qurani-Kərim və balta götürür. Şahın təəccübü və təkidi qarşısında kəndli
Baltayla kəsərəm ağacı əvvəl,
Ki, odur gətirən başıma əngəl.
Deyirəm and içsin nəslim Qurana.
Ümid bağlamasın heç bir sultana.
Nə arzu etmişdim noldu nəhayət.
Qoy onlar halımdan alsınlar ibrət... deyir.
Müdrik sələfləri kimi ictimai ədalətsizliklərə qarşı çıxaraq Bakıxanov “Mişkatül-ənvar” əsərində yazır:
Şahın hökmü olmalıdır xalq rəyinə müvafiq
Elə bir iş tutmalıdır ki, olsun xalqa layiq.
Hər zalım şah ölkəsində zülmə edərsə adət,
Heç bir zaman xalq içində hökm sürməz ədalət!
Mütəfəkkirə gürə ədalətsizlik əxlaqi yoxsulluqdur. Ədalətlilik və yaxşı əməl isə elə mənəvi zənginlikdir ki, onları nəcabətli insandan heç bir qüvvə qopara bilməz.
“Təhzibül-Əxlaq” əsəri maarifçilik ideyalarıyla çox zəngindir. Bakıxanov XIX əsr Azərbaycan maarifçilərinin ilk nümayəndəsi kimi, elmi və maarifi insanın kamillik dərəcəsinin əsası kimi qiymətləndirərək, öz xalqının savadlanmasını istəyirdi. O, maarifə cəmiyyətin inkişaf etməsinin ən ümdə şərti kimi baxırdı. Mütəfəkkirin feodal cəmiyyətində xalqın maariflənməsinə qarşı çevrilən bəzi adət ənənənələri tənqid etməsi də buradan irəli gəlmişdir. Əsər demokratik ruhlu maarifçi mənbədir. Əsərin qayəsi onun müəllifinin xalqın tərəqqisi uğrunda yorulmadan çalışan bir zəka sərkərdəsi olduğundan xəbər verir. Onun bəzi əsərlərində ifadə olunan ictimai, siyasi və hüquqi ideyalar Azərbaycanımızın siyasi və hüquqi nəzəriyyələr tarixinin öyrənilməsi baxımından da çox önəmlidir. Təbii ki, siyasi və hüquqi ideyaları öz mütərəqqiliyi, humanizmi ilə seçilən Bakıxanovun bu ideyaları XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda yaranan siyasi hüquqi fikirlərin xüsusilədə maarifşilik ideyalarının inkişafına müsbət təsir göstərmişdir.
““Gülüstan” və “Türkmənçay” müqavilələıri nəticəsində böyük bir xalqın ikiyə parçalandırılıb, onun bir hissəsinin isə (Şimali Azərbaycan) zorla Rusiyaya birləşdirilməsi Azərbaycanınnin müstəqil bir dövlət kimi, inkişafına tarix səhnəsində vurulan sarsıdıcı zərbə idi. Azərbaycan xalqının cənubda qalan hissəsi İran mülkədarlarının (Şah-feodal rejiminin), şimalda qalan hissəsi isə Rusiya kapitalizminin (jandarm çar rejiminin) hakimiyyəti altına düşdü.
Siyasət bazarının sahibsiz obyektinə çevrilən qədim Azərbaycanın taleyini buna nə mənəvi, nə də hüquqi haqqı olmayan İran və Rusiya istədikləri kimi həll etdilər. Nəticədə Azərbaycanın iqtisadiyyatından və maddi sərvətlərindən dünya bazarında öz malları kimi istifadə etməyə başladılar. Xalqımızın milli hislərinin tapdalandığı və sərvətlərimizin talan olduğu dövr başlandı.
Azərbaycanın dövlət müstəqilliyinin əlindən alınması, xalqımızın milli şüurunun inkişafı prosesinə əngəllər törətməklə, siyasi fikirdə milli özünü dərk etmənin, azad fikirliliyinin inkişafı üçün buxova çevrildi. İmperiya Pus kimi fikirləşməyi, yalnız onun mövqeyindən danışmağı təkidlə tələb edirdi.
Azərbaycanın öz dövlət müstəqilliyini itirməsi nəticəsində xalqımızın əsirlər boyu milli-əxlaqi ruhuna hopmuş etiqadı, inam və əqidəsi, ən nəcib hissləri təhqir edilməklə amansız qəsdlərə məruz qaldı. İslamçılıq, hətta onun ən mütərəqqi cəhətləri (İslam dinindəki ideyaların qeyri mütərəqqiliyi xalqımıza Rusiyanın bunda marağı olan dairələri tərəfindən təlqin edilirdi) xalqın yaddaşından silindirildi. Bununla da Azərbaycan xalqının müsəlman dünyası ilə əlaqələrinin təcrid edilməsinin əsası qoyulurdu. Lakin bütün bunlara baxmayaraq xalqımızın qabaqcıl fikirli mütəfəkkirləri etiraz səslərini açıq aşkar ucaltmaqdan çəkinmirdilər”.
Bu acılar verici dövrün qələm sahiblərinin demək olar ki hamısı qələmə sarılaraq (Mir Həmzə Nigari, Qasım bəy Zakir,
Bizə kimliyimizi xatırladan Bakıxanova minnətdarlıq hissi ilə...
Mirzə Şəfi Vazeh, Mirzə Kazım bəy, Seyyid Əzim Şirvani kimi mütəfəkkirlər) xalqın vəziyyətini ona çatdırmaq və bu vəziyyətə adət etməmək üçün siyasətin çirkin oyunlarının yaratdığı problemləri işıqlandırmaqla aşkarlamağa çalışırdılar. Bu dövrdə xalqının tarixini qələmə almaq ümmətçilik səviyyəsində çabalayan xalqda bir millət təpəri oyatnmanın fəlsəfəsi idi. Bakıxanova qədər qədim dövrdən başlayaraq Azərbaycan tarixini geniş şəkildə yazıb ortaya çıxaran ikinci bir müəllif yoxdur. Doğrudur o bu əsərdə əsasən Şirvanın və Dağıstanın siyasi tarixinə yer ayırsada, yeri gəldikcə xalqın kökü və mənşəyi, bu ərazidə yaşayan ayrı-ayrı tayfa və millətlər, xalqlar, hətta kəndlərin mənşəyi və mahiyyəti barədə maraqlı məlumatlar verir.
Gülüstani-İrəm əsərinə yazılan müqəddimədə (1951-ci il nəşri) göstərilir ki “A.A.Bakıxanov Gülüstani-İrəm əsərini yazarkən təqribən yüzdən artıq məxəzdən istifadə etmişdir. Bu məxəzlər içərisində Herodot, Strabon, Tatsit, Plutarx, Moisey Xorenski, Təbəri, Məsudi, İbn Hövqəl, İbn Əl Əsir, Yaqut Həməvi, Əbül Fida, Həmdullah Qəzvini, Mirxond, Xandəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Rəfi Şirvani, Katib Çələbi, Qolikov, Karamzin, Ustryalov və s. Bu kimi məşhur yunan, roma, rus, erməni, azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır.”
Lakin həmin giriş məqaləsində haqqlı olaraq göstərilir ki Bakıxanov bu mənbələrlə kifayətlənməmiş, arxeologiya, epiqrafika, numizmatika, maddi mədəniyyət abidələri, xalq arasında yaranmış rəvayət və əfsanələrdən də geniş istifadə etmişdir.
“Gülüstani-İrəm” böyük tarixi əhəmiyyəti olan əsərdir. Orada istifadə edilən bir çox məxəzlər artıq mövcud deyildir bu əsərin özü indi artıq ilkin məxəz rolunu oynayır. Elmi tarixi biliklərin yayılmasında və təkminləşməsində mühüm əhəmiyyət kəsb edir. “Gülüstani-İrəm” müqəddimədən beş fəsildən və nəticədən ibarətdir.(səh. 327-328)
Ölkəsində bir anadilli qəzet belə çıxmayan müəllifin “xalqı üçün yazdığı” əsəri, dövründə nəinki Azərbaycanda bütün dünyada sanballı əsər sayıla bilərdi. Belə olmasa idi polyak şairi Lado Zablotski (Tiflisdə tanış olaraq dost olmuşdular, sonralar Zablotski Abbasqulunun böyüdüyü Əmsar kəndində də olmuşdu-Ş.M) əsəri dövlət tapşırığı ilə rus dilinə tərcümə etdikdən sonra polyak dilinə də tərcümə etməzdi .
Gerenal Neyrdqard əsərin əlyazması ilə birgə A.A Bakıxanovun imperatora yazdığı müraciətnaməni də çara göndərir və Peterburqa I Nikolaya aşağıdakı məzmunda məktub yazır: “Məndən əvvəlki canişinin (general Qolovin) tapşırığına əsasən süvari dəstəsində xidmət edən palkovnik Abbasqulu ağa Bakıxanov “Qafqazın Şərq hissəsinin tarixi” adlı əsər yazmışdır və hazırda onu mənə verərək Sizə çatdırmağı xahiş edir”.
1845-ci il martın 8-də Çernışev A.A Bakıxanovun bu əsəri barədə I Nikolaya məlumat verir. İmperator Abbasqulu ağanın zəhmətini yüksək qiymətləndirmək qərarına gəlir, o müəllifə dəyəri 800 manat gümüş pul olan briliant qaşlı üzük vermək barəsində sərəncam verir. Əsər isə baxılıb öyrənilmək üçün Elmlər Akademiyasına göndərilir.
Knyaz Çernışev İmperatorun tapşırığı ilə hökumət xəznəsindən briliant qaşlı üzük götürərək, Bakixanova təqdim etmək üçün onu Tiflis korpusunun yeni komandiri – Qafqaz canişini general Vorontsova gündərir. O, eyni zamanda general Vorontsova məlumat verib bildirir ki, əsər baxılmaq üçün Akademiyanın tarix-filologiya bölməsinə gündərilmişdir.
A. Bakıxanov qafqazın yeni canişini general Vorontsova yaxşı təsir bağışlamışdı. O, Qafqazda belə bilikli, geniş dünya görüşünə malik, nüfuzlu bir şəxslə işləməsindən fərəhlənirdi. General Xalq Maarif Nazirliyinə həmyerlimiz barədə yazmışdı: “ Polkovnik Abbasqulu ağa Bakıxanovla şəxsən tanış olduqdan və onun alim əməyinin xüsusi hörmətə layiq olduğynu və bu maraqlı diyar barədə dəqiq məlumatların yayılması ilə böyük xeyir əldə edəcəyimizi nəzərə alaraq acizənə surətdə xahiş etməyi öz bopcum hesab edirəm ki, Elmlər Akademiyasında baxılıb nəzərdən keçirilsin.
1845-ci il may ayının axırlarında A. A. Bakıxanovun həmin əsəri Rusiya Elmlər Akademiyasının tarix-filalogiya bölməsində akademiklər Bposse və Dorn tərəfindən baxılıb yüksək qiymətləndirildi. Onlar əsərə verdikləri rəydə yazmşdılar: “Biz Abbasqulu ağa Bakıxanovun əsərini böyük maraqla oxuduq və fərəhləndik ki, müəllifin özünün yazdığı kimi müharibələr və çaxnaşmalar içərisində ömrünü keçirən bir şəxs öz asudə vaxtını tarixi məşğuliyyətə və elimi irəli aparan, Rusiya imperiyası tərəfindən Zaqafqaziya vilayətlərinin dərk edilməsində az əhəmiyyəti olmayan tədqiqatlara həsr edir. Əgər Avropa tənqidçiləri mövqeyindən bu əsərə yanaşsaq əlbəttə, burada nəyi isə tənqid etmək və yada salmaq olardı”.
Rəyçilər haqlı olaraq bu tarixi əsərdə müəllifin hadisələrə və faktlara tənqidi yanaşmadığını, daha doğrusu, öz münasibətini bildirmədiyini göstərirlər. Lakin onların fikrincə bu, heç də əsərin tarixi əhəmiyyətini azaltmır, əksinə Avropa alimlərinin də əldə edə bilməyəcəyi qədim Şərq
mənbələri əsasında yazılmış bu əsər Qafqaz ölkələrinin tarixini öyrənmək baxımından çox faydalıdır. (səh332-333 Vəli Həbiboğlu Abbasqulu ağa Bakıxanov.
Göründüyü kimi vətəninin Rusiya və İran tərəfindən ikiyə bölünməsi kimi tarixi xalqımızçün bədnam olan müqavilələrdə (Türkmənçay və Gülüstan ) mütərcim kimi iştirak etmiş olan Abbasqulu ağa tarixin bu gedişatını dəyişmək iqtidarında olmasa da öz vətandaş sevgisini məmləkətinin dərin qatlara gedən keşmişinə, tarixinə həsr etdiyi “Gülüstani-İrəm” əsəpi ilə əbədiləşdirdi.
Bakıxanov Azərbaycan ədəbiyyatı tarixinin elə bir mərhələsində yazıb yaratmışdır ki, bu zaman Az-da hər şeydə bir intibah duyulur və yeni ədəbi cərəyan yaranırdı. Bakıxanov bu yeni cərəyanın başında duranlardan biri olmuşdur. Məhz bu cəhətdən onun yeni realist ədəbi məktyəbin banisi olan Mirzə Fətəli Axundovun sələfi adlandırmaq doğrudur.
“Bütün fəlsəfi görüşləri öyrənib yunan alimlərinin əxlaq sahəsində kitablarını oxuyub islam maarifi əsasında əxlaqi görüşlərini bəyan edən mütəfəkkirin “Təhzibi Əxlaq” (Əxlaqın islahı yaxud təmizlənməsi-Ş.M) əsəri içərilədiyi zəngin nəsihətlərlə günümüzdə də faydalıdır.
“Azərbaycanlılar üçün ilk orta təhsil ocağı və onun yaranmasında Bakıxanovun rolu da tarixi sənədlər də əbədiləşib ...
Belə ki,1945- ci ildə qafgaz canişini knyaz Voronsov o zamankı xalq maarifi naziri Uvarova aşağıdakı məzmynlu məktub ilə müraciət etmişdir.
“Zati Aliləri Serqey Semyonoviç! Zaqafqaziya ruhani idarəsinin ümumiyyətlə vəziyyəti barəsində gərəkli məlumatları yığarkən gördüm ki, indiyədək burada müsəlmanlar üçün bir dənə də olsun məktəb və ya təhsil ocağı yoxdur. Hərçənd Zaqafqaziya üçün yerli dillərin hamısında hazırlanmış
əsasnaməyə görə bütün din mənsublarının təhsil almaq hüququ var, buna baxmayaraq onların heç birində bir dənə də olsun Məhəmmədi (müsəlman-Ş.M) oxumur. Bu vacib məqam mənim diqqətimi cəlb etməyə bilməzdi elə buna görə də mən bu barədə Tiflisdəki şiə təriqətinin axundu və şeyxülislamla danışdım. O (şeyxüslislam-M.Ş) bu işə cox ürəklə qoşuldu, bu qəbildən olan məktəblərin açılması ilə bu diyarda alınacaq ölçüyə gəlməyən faydalardan bəhs edərək bizi buna inandırdılar. Zati aliləri hesab edirik ki, ilk öncə belə təhsil müəsisəsini fəaliyyətinin gedişatına və göstəricilərinə nəzarət etmək üçün idarəçilik mərkəzi olduğu üçün Tiflisdə açmaq daha münasib olardı”. Sonra Voronsovun nazirə bu təhsil müəsisəsinin maddi baxımdan təmin edilməsi barəsində müraciəti gəlir. O, nazirliyin imkanları, yaxud nüfuzu hesabına hansısa mənbədən 750 rubulla (o zamankı pul vahidi ilə-Ş.M) həmin məktəbin təmin edilməsini xahiş edir.
Yerigəlmişkən məktubda adı çəkilən Şeyxülislam və Tiflis axundunun vəzifələrini yerinə yetirən Məhəmməd ağa Səlyani (böyük ideya mücahidimiz Əli bəy Hüseyinzadənin babası-Ş.M) və onun qohumu Molla Əhmədi 1837 ci ildə Tiflisdə olan Lermontov tatar (Azərbaycan-Ş.M) alimləri deyə ehtiramla anır.
Peterburqa bu məktubu göndərməzdən əvvəl Vorontsovun əlində artıq şeyxülislam Məhəmmədəli Səlyani tərəfindən işlənmiş proqram var idi. Bu proqramın əsas bəndləri tədris üçün yerin ayrılmasından, təhsil proqramından və bir sıra məişət problemlərinin həllindən ibarət idi. Birinci məsələ elə o dəqiqə həll olundu. Belə ki, Şah Abbas məscidi ilə üzbə-üz elə həmin məscidə məxsus olan yenicə təmirdən çıxmış ev vardı ki, bu evdə həmən 50 şagirdi eyni zamanda tədrisə cəlb etmək olardı. Şeiyxülislam tərəfindən təklif olunan tədris predmetləri ana dili (azərbaycan dili), fars dili, tarix, povestlər, ənənələr, oxu, hüsni-xətt, coğrafiya və sonralar ərəb dilinin öyrənilməsi ilə tamamlanacaqdı. Sonrakı pillənin predmetləri-qrammatika,məntiq, ritorika, hesab, Allahın qanunu (fiqh-Ş.M), Quranın təfsiri, ilahiyyat, fizika, astronomiya və əlbəttə ki rus dili(!). (Beləliklə dərs fənlərinin ardıcıllığında rus dilinin yer tutması artıq bu məktəbin yeni ruhlu, modern olmasından xəbər verirdi-Ş.M). Beləliklə birinci ilin dərsləri məvacibi 400 rubl olmaqla bir müəllimə tapşırılacaqdı. Başqa xərclər 250 rubılla həll olunmalı idi. Sonra həmin səhifədə yazılır ki, Şeyxülislam tərəfindən tərtib olunan bu əsasnamə
Bizə kimliyimizi xatırladan Bakıxanova minnətdarlıq hissi ilə...
M.F. Axundovun vasitəsi ilə tərcümə olunur. Bu formada həmin məktub açilacaq məktəbin əsas sənədi hesab olunurdu. Canişin dəftərxanasının direktoru Safanov o zaman bu məktubu “baxmaq və düzəlişlər
aparmaq” üçün “geniş məlumatına və təcrübəsinə” görə A. Bakıxanova yönləndirir.
Bu məktuba Bakıxanov aşağıdakı kimi cavab verir;
“ Mərhəmətli Stepan Vasiliyeviç! 31 iyulda 1160 № si ilə yazdığınız cox dəyərli namənizi, ona Şeyxül İslamın və Tiflis axundunun ehtimal olunan məktəb barəsində tərtib etdikləri bəndlərlə birgə almaq şərəfinə nail oldum. Bu təqimat bütün bəndləri ilə nəzərdə tutulmuş məktəbdə ibtidai təhsilin təşkili üçün tamamilə münasibdir. Gələcəkdə bu məqsədlə açilacaq təhsil ocaqları üçünsə bəzi əlavələri etmək olar. Ümumiyyətlə bu müəsisənin olduqca yararlı nəticələri ola bilər. Yalnız müəllimlərin və tədrisin xərcləri barəsindəki bəndlərdən görünür ki, şeyxülislam yalnız ən vacib xərcləri daxil etmişdir. Odur ki, bu iki bəndin də reallaşması üçün hər birinə 50 rubul gümüş pul əlavə olunarsa daha münasib olardı. Diqqətinizə onların tərəfindən tərtib olunmuş və bəndəniz tərəfindən tərcümə olunmuş bu yeddi bənddən ibarət təklifləri çatdırmağı özümə şərəf bilirəm. Hörmətlə sizin sadiq qulunuz Abbasqulu Bakıxanov”
Gördüyümüz kimi XIX əsrin birinci yarsının conuncu on ilində artıq Abbasqulu ağa Bakıxanov həmçinin (mənbələrin verdiyi məlumata görə-Ş.M) Mirzə Fətəli Axundov, İsmayıl bəy Qutqaşenli,
Bizə kimliyimizi xatırladan Bakıxanova minnətdarlıq hissi ilə...
Bizə kimliyimizi xatırladan Bakıxanova minnətdarlıq hissi ilə...
Həsən bəy Zərdabi kimi Azərbaycan oğulları yeni tipli məktəblərin fəaliyyət göstərməsini xalqın işığa doğru istiqamətlənməsi hesab edirdilər. Bu yolun ilk qaranquşları içərisində beləcə möhtərəm zat olan Abbasqulu ağa və elə bu il 150 illik yubleyinin keçirilməsi üçün fərman verilmiş Əli bəy Hüseyinzadənin babası da (O vaxt ki, şeyxülislam Məhəmməd ağa Səlyani) vardır...
Bakıxanovun yaradıcılığı da, şəxsiyyəti də çox zəngin olub tariximizin o zamankı dönəmini və mütəfəkkirə qədər olan tariximizi açıqlamağa yaxşı imkanlar yaradır. Bu böyük insanın yaradıcılığını incələmək üçün xeyli dissertasiyalar , elimi tədqiqat əsərləri yazılmışdır. Qeyd etməliyəm ki, onun haqqında ilk fundamental tədqiqat əsərini erməni mənşəli tədqiqatçı tarix elimləri namizədi adını almaq üçün (AMEA-nın Tarix İnstitunun Aqayan adlı bir əməkdaşı) yazmışdır. Onun bu dissertasiyası 1948—ci ildə kitab kimi çapdan çıxmışdır. Girişində ikinci cümlə belə səslənir “Azərbaycanın bu dahi oğlu tarixçi və filosof, şair və yazıçı, astronom və coğrafiyaçı, pedaqoq və publisist olmuşdur”.
Bu sözlər heç vaxt düşmənçiliyini əldən qoymayan bir xalqın nümayəndəsi tərəfindən yazılırsa, deməli bu möhtərəm insanın böyüklüyü düşmənlər tərəfindən belə etiraf ediləcək zirvədən görünür...
Bu nəcib, hər tərəfli bilik nümayiş etdirmiş insan haqqında yazımızı istənilən qədər uzatmaq olar. Bunu gələcək nömrələrdə də etmək olar. Bizə isə ona, bu fikir atamıza Allahdan rəhmət diləmək qalır.
Haşiyə: Yazının başa gəlməsində Feyzulla Qasımzadənin, Vəli Həbiboğlunun,Yaşar Qarayevin, Aybəniz Kəngərlinin, Hadir Kərimovun, Aqşin Quliyevin tədqiqatlarından istifadə olunmuşdur.
Butov.az


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!