Firdovsi Hacıyev: “Dünya Allah tərəfi rəssamın əli ilə bərqərar olub”Yaradıcı insanları Allahla müqayisə edənlər var. Çünki onlar əsərlərini öz istədikləri kimi yaradırlar. Belə demək mümkünsə, özləri öz dünyalarının Tanrıları olurlar. Rəssamlar da belə “güc” sahiblərindəndirlər. Tanınmış rəssam Firdovsi Hacıyev bu cür yaradıcı insanlardandır. O, uzun illərdir çəkdiyi rəsm əsərləri, o cümlədən peyzajları ilə ad qazanıb. Tanınmış rəssam “Bütöv Azərbaycan”ın suallarını cavablandırıb:
- Rəsmləri çəkərkən adətən nədən ilhamlanırsınız?- Mənzərə, yəni peyzaj çəkmək istəsəm, təbiəti seyrə çıxıram. Daha orijinal əsər yaratmaq istəyəndə ideyalar axtarışında oluram. Hər halda ilham pərisi olmadan nəsə etmək mümkünsüzdür.
- Müsahibələrinizin birində demisiniz ki, rəsmlərinizdə “kubik rubik” çəkməyi sevirsiniz. Buna səbəb nədir?- Onun 6 tərəfi, 8 bucağı və çoxlu “kubik”ləri var. Həmçinin “kubik-rubik” xeyli rəngdən ibarətdir. O, mənim üçün palitra mənbəyidir. Bu mənada “kubik-rubik” məndən ötrü fəlsəfi, psixoloji, riyazi həndəsi əhəmiyyətlidir. Yəni dünyamız içində də dünya var...
-
Mövzulara necə seçir, bu zaman hansı məqamlara üstünlük verirsiniz?- Hər mövzunun öz zamanı var. Mövzunun işlənmə vaxtı çatanda özü xəbər verir. Vaxtında işlənməyəndə isə adətən sonradan rəssam onun peşmanlığını çəkir. Əsərin səbəbkarı həmişə əsas obraz olur.
-
Bəzən ədəbiyyatçılar öz qələmləri ilə çox şeyi dəyişə biləcəklərini iddia edirlər. Necə düşünürsünüz, fırça ya da rəsm əsərləri ilə dünyada nələri dəyişmək mümkündür?- Fikrimcə, dünya rəssamın əli ilə formalaşıb. Təsadüfi deyil ki, tədqiqatçılar rəssamların əsərlərini tez-tez araşdırırlar. Çünki həmin əsərlərdə dünyamız, gələcəyimiz haqqında münasibətlər var. Məsələn, italiyalı məşhur rəssam Leonardo Da Vinçi dünya tarixinin inkişaf istiqamətini dəyişmişdir.
-
Belə bir fikir var: sevdiyin işlə məşğul olsan, ömür boyu işləməzsən. Rəssamlıq sizin üçün daha çox gəlir mənbəyidir, yoxsa həyat tərzi?- Sevdiyin hər şey, hər kəs sənin üçün həyat tərzidir. Sevgi ilə yaranan həmişə gözəl olur. Sevgini pulla almaq olmur. Əsərlər o qədər çox bəyənilməlidir ki, sonra gəlir gətirsin. Təəssüf ki, çox vaxt rəssamlara ölümündən sonra qiymət verilir. Sənətkar işinə çox zaman o qədər aludə olur ki, pul qazanmaq barədə düşünməyə vaxtı olmur.
-
Hazırda davam edən Rusiya-Ukrayna müharibəsinə dair rəsm çəksəniz ilk nəyi təsvir edərdiniz?- Prezident Vladimir Putinin faşist dəstəsinin Ukraynadakı soyqırımı bağışlanası hal deyil. Bir dövlət başçısının pullarının xarici banklarda saxlanmasını necə başa düşmək olar?! Sarı və göy rəngləri qana boyadan rusları təsvir etmək istərdim. Əsərin adı “Günə baxmayanlardır”.
Kənan Novruzov