Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 24-06-2023, 08:38
ELMİN ZƏRRAFI, SÖZÜN SƏRRAFI

ELMİN ZƏRRAFI, SÖZÜN SƏRRAFI

Əvvəlcə gözəl ziyalı olan professor Zərraf Şirinovla necə tanış olmagımızdan başlayım. Deməli, bu yaxınlarda bir balaca nasazlamışdım. Cərrahi müdaxilə ehtimalı vardı. Bacıoğlum Yaşar dedi ki, Bakıda bu sahənin böyük mütəxəssisi var, özü də çox səmimi insandır, gəl, ona gənəşək, görək, nə deyəcək.
Professorun görüşünə gedəsi oldum. Dəqiq peşəkar müayinələrdən və bir-iki dərmandan sonra əməliyyata ehtiyac olmadığı qənaətinə gəldi.
Onun elmi və peşəkar uğurları fərəh doğurur. Tibb elmləri doktorudur. Akademik M.A.Topçubaşov adina Elmi Cərrahiyyə Mərkəzinin qaraciyər, öd yolları və mədəaltı vəz xəstəliklərinin cərrahlığı şöbəsinin baş elmi işçidir. 170-dən artıq çap edilmiş elmi məqalələri var. Üç monoqrafiyanın müəllifidir. Rusiya Federasiyası Patent İdarəsi tərəfindən səmərələşdirici işinə görə 3 patent alıb. Onun namizədlik və doktorluq işi mədə və onikibarmaq bağırsağın xorasının cərrahiyyəsi mövzusundadır. Düz 14 il bu şöbəyə rəhbərlik edib. Bu sferada müddət 2500-dən çox cərrahiyyə əməliyyatı olub, həmçinin öd kisəsində həm açıq, həm də laporaskopik əməliyyatlar həyata keçirir. Ümumiyyətlə, hesabında 5000-dən artıq uğurlu əməliyyat təcrübəsi var. Moskva, Ankara, İstanbul, Manhaym şəhərlərində ixtisasartırma kursu keçib.
Zərraf həkim nurlu bir kişidir. Peşəsinə, pasientlərinə münasibəti ilə el arasında yaranmış xoşagəlməz "cərrah-qəssab" qoşalaşdırmasını bilmərrə rədd edən, halallıga, mənəvi dəyərlərə tapınan bu şəfqət sahibi həm də şairmiş, çoxlu ortaq dostlarımız da varmış. Bir-birimizə kitab bağışladıq və beləliklə, loğman timsallı qənimət insanla ülfət bagladım.
O, ilahi təyinatına görə həkimdir. Amma ilham pərisi onu rahat buraxmayıb şeir yazmağa vadar edir ki, bunu da beyindəki bilik enerjisinin ürəkdəki estetika selinə proyeksiyası saymaq olar. Belə bir tanrı lütfü heç də hər kəsin qismətinə düşmür. Gərək o qədər pak duyğulu və səmimi olasan ki, qüsullanıbsanmış kimi, ələ qələm alıb da şeir yazmağa ürək eləyəsən. Konsiliumların, qəbulların, pasientlərlə ixtilatların, cərrahi əməliyyatların, təlim kurslarının, beynəlxalq konfransların, elmi araşdırmaların, tibbi yeniliklərə dair mütaliələrin, sosial qaygıların arasından vaxt "ogurlayıb", necə deyərlər, iki daşın arasında könül sazını şeirə kökləyə, gah zildə, gah da bəmdə çala biləsən. İnamla deyim ki, onda bu cəsarət və hünər var.
Həkim resept yazır, şair-şeir. Məncə, şeir də elə reseptdir. Durulmagın, arınmağın, ürəkdən kini-küdurəti atıb onu gərəksiz yükdən xilas etməyin, emosional rahatlıq tapmagın, hissi, duygunu coşdurmagın resepti. Belə də demək olar: şeir həm reseptdir, həm də dərman, iksir. Deməli, Zərraf Şirinov həkim və şair kimi ikili standartla deyil, şəfa və poeziya bagrıbadaşlıgında yaşayıb çalışmalar yapır.
Onun daşıdığı Zərraf adı, mənim ekspromt yozumuma görə, zər sərrafı anlamındadır. Bu adın sahibi sözün qumsal səhrasında zər kəlmələri, ziba deyimləri tapıb, seçib götürə biləndir.
Bir neçə günə həkim-şairin iki kitabını oxudum...
“Gorumuza sarı gedək” və “Vətən torpağı Kəlbəcər” adlı kitabları ilə tanışlıqdan gördüm ki, onun həssas qəlbinin çırpıntıları poeziyaya əməlli-başlı köklənib. Bəzi şeirlərini maşında, təyyarədə bədahətən deməsi, dostları ilə deyişmələri şair Zərrafın Aşıq Ələsgər, Dədə Şəmşir kimi sələflərinin söz bulağından su içdiyini, şifahi xalq yaradıcılığı örnəklərinə dərindən bələd olduğunu göstərir.
Vaxtilə Hüseyn qağa yazmışdı:
Hüseyn Arif, bu nə sirr –
Vədə ötür, vaxt tələsir.
Könlümə köç, külək əsir,
Çöldə soyuq dəyər sənə.
Bu misralarsa Zərraf Təhməzoğluya məxsusdur:
Bilirsənmi neyləmişəm,
Gəncliyimi əyləmişəm.
Sevgini dəfn eyləmişəm
Qəbir könlümə-könlümə,
Gəl, gir könlümə-könlümə!

Hərənin öz yanaşması. Zərraf həkimin axıcı misraları da bulaq suyu kimi çağlar, göz yaşı kimi duru duyğulardan soraq verir.
Vətən müharibəsinin “Zəfər yürüşü”ndən əvvəlki illlərə təsadüf edən əksər şeirlərindən göründüyü kimi, Zərrafı dərd dilləndirib, yurd həsrəti yandırıb, soydaşlarımızın xain qonşularımızdan çəkdikləri halbahal edib.
…Kəlbəcərin işğalı zamanı rayonun 60 minlik əhalisi köməksiz şəkildə mühasirədə qalmışdı. Yeganə qurtuluş yolu qarlı Murovdağ silsiləsi idi. Rayon əhalisi uşaqları, qoca və xəstələri necə xilas etmək yolunu bilmirdi. Bu faciədə erməni faşistləri bir neçə yüz nəfəri öldürüblər, bir neçə yüzünü əsir götürüblər. Rayonu talan edib, yandırıblar. Faşistlərin törətdiyi Ağdaban faciəsi təcavüzün ən qanlı səhifələrindən olub. Kəlbəcərin işğalı zamanı onlar 2-ci dəfə Ağdabanı oda qalayıb, viranəyə döndəriblər. Qızlar əsir düşməmək üçün əl-ələ tutaraq özlərini qayadan atıblar. Zərraf Təhməzoğlu o hadisəni ürəyinin qanı ilə yazıb:
Bağlandı keçidlər, quruldu tələ,
Qorudu namusun verib əl-ələ.
Atıldı dərəyə, qərq oldu selə,
Neçə Nigar, Həcər müsibət oldu.

Erməni qəsbkarları bir gecədə bir kəndi yer üzündən siliblər. Bu zaman rayonun Başlıbel kəndində də misilsiz vəhşiliyə rəvac verilib. Doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Lakin onlar cəmi 17 gün gizlində qala biliblər. Aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı 27 nəfər güllələnib. Terrorçular II Dünya müharibəsi veteranı Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstə Qənaət Ağayevi işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər iyulun 22-də Daşkəsən ərazisinə keçə bilib. Amma bir nəfər - I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma yurdu tərk etməyərək Başlıbeldə qalıb, haqqında hər hansı məlumat yoxdur... Şair qəlbli vətənpərvər ziyalı bütün bunlara necə biganə qala bilərdi?!
Zərraf ana yurda möhtac dünyada,
Yaşamarıq almasaq bac, dünyada.
Mən ünlü türk şarkıçısı Esat Kabaklının “Vatanına göz dikeni ez, oğlum” mahnısını Sumqayıtda onun öz ifasında dinləyəndə ağlamışdım. Eyni hissləri Zərraf Təhməzoğlunun hərbi xidmətə yollanan oğlu Cavanşirə yazdığı şeirini oxuyanda da yaşadım:
Vuruş, Vətən var olsun!
Millət bəxtiyar olsun!
Allah sənə yar olsun!
Get sağ-salamat, oğlum!

Özü demişkən, “gözləri nəmin yurd yeri”, “xəyalları boş bir arxac, düyün düşmüş əriş-arğac, sevdası qurumuş ağac” olan şair elə hey qisasa çağırıb. Bir şeirində:
Qalx, şirinim, şəkərim, noğulum, qalx,
Qalx, atam, qardaşım, yavrum, oğlum, qalx!
-deyib. Başqa bir şeirində isə xəbərdarlıq edib:
Belə getsə, bizdən Vətən daşınır,
Vətən bağışlamaz vətəndaşını.
Amma hələ 2020-nin 27 sentyabrı gəlib çatmamışdı.
Yetər boyun əydik hər zillət üçün,
Tanrı bir yol açsın bu millət üçün!
Zərraf şərbət içib şəhadət üçün,
Sonunda beş arşın ağım var mənim.


Nəhayət, o gün gəldi. Şəhidlər verdik, qazilərimiz oldu. Düşmənin gözünü ovduq, əzəli yurd yerlərimizdən iti qovan kimi qovduq. Nəhayət, Şuşaya, Kəlbəcərə Azərbaycan bayrağı sancıldı. Və Zərraf Təhməzoğlu da “Şükür, qucaq açan Murovumuz var!” – deyərək Kəlbəcərə gedə bildi, el-obanı təbrik edə bildi:
Vətən deyib üstündə çox əsmişik,
Hazırlanıb döyüşə tələsmişik.
Şuşada yağının başın əzmişik,
Alınıb qisasım-qanım, Kəlbəcər,
Gəlirəm, qurbandı canım, Kəlbəcər!

Çox çəkmişik haqsızlığın cəbrini,
Dünya sınayırdı türkün səbrini.
Tapaq, öpək babaların qəbrini,
İlk beşiyim, son məkanım Kəlbəcər,
Gəlirəm, qurbandı canım, Kəlbəcər!

Zərraf Təhməzoğluya gözaydınlığı verməkdən şərəf duyuram. “Qarabağ qaziləri” İctimai Birliyi artıq bir neçə ildir ki, tibb sahəsində şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıya görə fərqlənən insanları fəxri diplomla təltif edir. Bizim professor da həmin mükafata layiq görülüb. Cavabında deyib ki, göstərdiyi bu xidmət onun peşə borcudur və bundan sonra da Azərbaycan torpaqları uğrunda gedən döyüşlərdə şəhid olanların alilələrinə, əlillərə, müharibə veteranlarının müalicəsinə diqqətlə yanaşacaq.
Qayıdım Zərraf Təhməzoğlunun şeurlərinə. Deyim ki, onun şeirləri təbii olduğu üçün heç də həmişə cilalı-sığallı olmur. Oxunaqlı və axıcı bayatıları, rübailəri, müxəmməsləri, təcnisləri çoxdur. Amma bəzi şeirləri nəlbəkidə göyərdilən səməni, dibçəkdə bəslənən gül kimi qəlibə salınmayıb, dağın, çölün, çəmənin təbii gülləri timsalındadır. Bir növ də filiz, külçə halındadır, amma qızıl külçəsi halında. Bu, həm də onun şairlik iddiasında olmamasından irəli gəlir. Sadəcə duyğularını isti-isti qələmə alıb eləcə də saxlayır.
Qədim bir əfsanəyə görə, Loğman ölümsüzlük iksirinin formulunu kəşf edərək əlinə yazır, amma yağış yağanda formul silinib gedir. Bizim Logman – Zərraf Təhməzoğlu isə yazdıqlarından kitab bagladıgı üçün elə bir qorxusu yoxdur.
Bu dünyada yaxşılıqlar qalacaq, bir də kitablar...
Əli NƏCƏFXANLI,
AYB üzvü, Əməkdar jurnalist

"Bütöv Azərbaycan" qəzeti
23 iyun 2023


Paylaş



Bölmə: Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!