Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular .....                        Ərdoğan konsulluğa hücumdan danışdı .....                        Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər .....                        Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır .....                        Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı .....                        İran ABŞ ilə bütün danışıqları dayandırıb .....                        Hava küləkli olacaq - XƏBƏRDARLIQ .....                        Azərbaycanda bu qanun dəyişdi .....                        Rusiya İrana kəşfiyyat dəstəyi verib? – İDDİA .....                       
20-09-2025, 15:26
Ofelya QAFAROVA yazır


Ofelya QAFAROVA yazır:

Ölüm nədir?

Ürəyinin bir gün doyünməyini buraxması və nəfəsinin bir gün o gözəl havanı ciyərlərinə çəkməyini dayandırması...Sizdən yenə soruşuram, ölüm nədir?
Bu qədərmi bəsitdir?
Dünyanı dəyişəcəyini, iz qoyacağını düşünən o ruhlar üçün ölüm unudulmağın acı faciəsidir...Mənim üçünsə ölüm, yoxluğundan sonra insanın içində ölməyən xatirələrdir...
Bir gün onsuz otağa girəndə içimə yerləşən ağır kədər duyğusudur mənim üçün ölüm. Yatağının üstündə oturub, hər bir əşyasını diqqətlə nəzərdən keçirəndə içimə hücum edən peşmanlıq hissidir ölüm. Şəkillərimizə ,bir zamanlar həyat dolu gülümsəyişinə baxanda həyatı günahlandırdığım bir sonluqdur ölüm.
Barmaqlarım şəkillərinin üzərində gəzəndə, istəmsizcə boğazıma dolan qəhərdir ölüm. Onun hər qəlbini qıranda, bir çiçəktək zərif ruhunu incidəndə, özümdən daha çox nifrət edişimdir ölüm. Kaş daha çox zaman keçirtsəydim, onu daha çox güldürsəydim, sevgimi daha yaxşı ifadə etsəydim dediyim o qəlb yarasıdır ölüm...
Ən çox da, gedişindən sonra qəlbimin tam ortasına buraxdığı boşluqdur ölüm. Gerçək ölüm, bir insanı içində öldürə bilməməkdir. Yolda fikirli- fikirli gedərkən, təsadüfən radioda səslənən o musiqinizin dodaqlarında buraxdığı buruq təbəssümdür ölüm...
Bir vaxtlar birlikdə keçdiyiniz küçələrdən, tək-tənha keçişindir ölüm...
Bir zamanlar sevdiyiniz rəngarəng güllərə küsüşündür ölüm...
Onu unutmaq üçün saç tellərini qəddarca kəsişindir ölüm. Onu hələ içində yaşatmağındır ölüm. Budur ölüm mənə görə...Sadəcə nəfəsin kəsilməsi, ruhun əbədi sonsuzluğa qovuşmağı deyil, onunla birlikdə bu dünyadan köçməkdir ölüm...
20-09-2025, 11:24
Zəngəzurun repressiya qurbanları


Zəngəzurun repressiya qurbanları

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin “Qərbi Azərbaycan repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi uğurla davam edir. İctimai Birliyin Zəngilan və Laçın rayonlarından sonra növbəti tədbiri Abşeron rayonunda keçirilib. Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən tədbirlərlə paralel olaraq, həm də respublikamızın arxivlərində Qərbi Azərbaycanlı repressiya qurbanları da tədqiq edilir.
36078 PR №li şəxsi işlə tanış olarkən 1890-cı ildə Zəngəzur mahalının Qafan rayonunun Mahmudlu kəndində anadan olmuş Əhmədov Nazaralı Kərbəlayı Əhmədxan oğlunun adına rast gəlinir. Qeyd olunub ki, əvvəllər məhkum olunmamış Nazaralının 40 yaşı var, türkdür. Müsavat-qolçomaqları dəstəsinin fəal üzvlərindən və rəhbərlərindən biridir. O, gizli toplantılarda iştirakına və sovet hökumətinin tədbirləri əleyhinə təbliğat aparmaqda, qaçaq hərəkatını və soyğunçu quldurları qızışdırmaqda, kəndlilər üzərində zorakılığına görə ittiham olunur.
Nazaralı Əhmədoovun istintaq materiallarında o da qeyd olunub ki, müttəhim özünü günahkar hesab eləmir.
Müttəhimin günahkar olduğu sübuta yetməsə də daşnaklar Ermənistan Sovet Sosialist Respublikası Cinayət Məcəlləsinin 67 və 68 maddələrinə istinad edərək 31 iyul 1930-cu ildə 5 il müddətinə həbs düşərgəsinə məhkum edilib.
Cinayət işində Mahmudlu kəndinin yerləşdiyi Gığı regionunun ictimai-siyasi vəziyyəti də təhlil edilib.
Araşdırmamız davam edir...
“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin
mətbuat xidməti
19-09-2025, 18:54
SƏNİN TƏK MÜƏLLİMLƏR AZDI DÜNYADA


SƏNİN TƏK MÜƏLLİMLƏR AZDI DÜNYADA

Sənsən can sirdaşı, könül həmdəmi,
Yox etdin ürəkdən kədəri, qəmi.
Dolan bu dünyanı, gəz bu aləmi,
Böyük hörmətin var eldə, obada,
Sənin tək müəllimlər azdı dünyada.


- Səftər müəllimi tanıyırsınız?
- Bu sualla müraciət edən kimi çoxlarının qəlbində mürgülü xatirələr oyandı. Həmin adamlar ötən günləri, məktəb illərini, həyata açılan pəncərədən baxdıqları çağları xatırladılar. Bütün bunların əvəzində isə eşitdiyim bu sözlər oldu: " Yaxşı müəllim, xeyirxah insandır."
Müəllimi çox zaman yanıb gilə- gilə əriyən şama bənzədirlər və düz də bənzədirlər. Milli mətbuatımızın banisi, böyük Azərbaycanlı Həsən bəy Zərdabi də bu yanğını görmüş, duymuş, insan qəlbinə ehtiram, məhəbbət əlaməti olaraq yazmışdır:
"Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır? Mən o zaman iftixarla belə deyərdim: "Müəllimlik". Dostumuz Səftər Dadaşov da bu peşəni seçib. "Seçmək" sözü nədənsə mənə çox asan, ucuz gəlir. Əslində isə Səftər müəllimə bu sənət alın yazısı ilə qismət olub. Gözəgörünməz bir qüvvə onu V. İ. Lenin adına APİ-nin filologiya fakültəsinə gətirib. Doğrudur, o bu yolda çox əziyyətlər görmüşdü. Lakin bir dəfə də olsun alnını qırışdırmamış, qismətindən gileylənməmişdi. Ömrü boyu öyünüb, sevinib, başı uca gəzərək, "mən müəlliməm "- deyib. Elə inndi də bu sözlər onun dilinin əzbəridir.
Səftər müəllimin fikrincə, "müəllim aynadır, şagird ona baxıb özünü düzəldir və həmişə müəllimi ilə öyünür. "Səftər müəllimin belə düşünməyə, bu qənaətə gəlməsinə həm mənəvi, həm də hüquqi ixtiyarı var, niyə? Çünki əlinə jurnal alıb sinfə girən gündən bir dəfə də olsun könülsüz, həvəssiz olmayıb. Ən böyük amalı, arzusu bu olub ki, gələcəyimiz olan gənclər hərtərəfli, mükəmməl bilik alsınlar, dünya görüşləri geniş, zəngin olsun. Şagirdləri Səftər müəllimi görəndə sanırlar ki, sinifləri işıqlanır, istiləşir. Böyük diqqətlə ona qulaq asırlar, dediklərini eşidir, tapşırıqlarını həvəslə, maraqla yerinə yetirirlər...
Səftər Dadaşov 1961-ci ildə Yardımlı rayonunun Ərsilə kəndində qulluqçu ailəsində dünyaya göz açıb. Həmin kənddə də orta məktəbi bitirib. Sonra iki il Sovet Ordusu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurub qayıdan Səftər ali təhsil almaq məqsədilə Bakı şəhərinə gəlib. Sənədlərini indiki ADPU-nin filologiya fakültəsinə verib və həmin il (1983) tələbə adını qazanıb. Beləliklə, Səftər müəllim çoxdan arzusunda olduğu Azərbaycan dili və ədəbiyyat müəllimi kimi 1988-ci ildə Ərsilə kənd məktəbində əmək fəaliyyətinə başlayıb. Artıq 42 ildir ki, uşaqların əhatəsindədir, onlara atalıq qayğısı göstərir.
Rayon rəhbərliyi və təhsil şöbəsi Səftər müəllimin işgüzarlığını və təşkilatçılığını nəzərə alaraq onu çalışdığı məktəbə direktor təyin etmişlər. Artıq 21 ildir ki, o kollektivə rəhbərlik edir. Axı, Səftər müəllim Mürsəl Həkimov, Nizami Xudiyev, Həsən Mirzəyev, Qəzənfər Kazımov, İsmayıl Şıxlı, Xeyrulla Məmmədov kimi məşhur professorlardan dərs alıb.
Səftər müəllimin necə tələbkar, obyektiv, büllur kimi saf olduğunu onu tanıyanlar, dərs dediyi şagirdlər hörmətlə xatırlayır, onun insanlığını yüksək qiymətləndirirlər.
Əliyev Güloğlan, Keçmiş məktəb direktoru:
- Səftər müəllim mən direktor işləyəndə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirdi. O, Mirzə Fətəlini, Mirzə Cəlili, Mirzə Ələkbər Sabiri elə həvəslə, elə maraqla tədris və təbliğ edirdi ki, ömrümün bu çağında, dönüb arxaya baxanda özümdən asılı olmayaraq o müqəddəs insanın fədakarlığına minnətdar, borclu olduğumu dönə - dönə xatırlayıram. Səftər müəllimi el-obada sevdirən, əsas cəhətlərdən ən başlıcası bu idi ki, o şagirdlərin sinifdə yüksək hazırlıqlı olmasına çalışırdı. Deyirdi ki, başdansovdu özül üstündə bərqərar olan bina dövrünün qasırğasına dözüm gətirə bilmədiyi kimi, ilk bazası olmayan şagirddən də gələcəkdə fərdi bir əməl gözləmək mənasızdır. Fəxr edirəm ki, Səftər müəllim kimi uşaqlarımıza elm öyrədən, təlim-tərbiyə verən müəllim yoldaşım var.

İllər ötüb keçdi. Vaxt, zaman göstərdi ki, Səftər müəllim möhkəm ailə bünövrəsi qurub. Xalq üçün, vətən üçün xeyirxah övladlar tərbiyə edib.
Qarayev Zakir- Ərslə tam orta məktəbinin kimya müəllimi:
- Hər bir xalqın, millətin, elin, obanın mərd, xeyirxah, hörmətli oğulları olub. O, hörmətli adamlar, mərd oğullar, kimlərəsə əl uzadır, maddi və mənəvi dayaq olurlar. Elinin - obasının sevimlisinə çevrilir. Mən də bir müəllim yoldaş kimi, fəxrlə deyirəm ki, elimizdə - obamızda hörmət qazanmış və mənim xatirəmdə, yaddaşımda əbədi yaşayacaq insanlardan biri də məktəbimizin direktoru Səftər müəllimdir. O, bir ziyalı kimi vətənini də, doğma yurdunu da, ailəsini də dostlarını da... dünyalar qədər sevir. Onun həyat fəaliyyəti bu gün hər birimiz üçün, xüsusilə də gənclər üçün örnəkdir.
Zakir müəllim onu da qeyd etdi ki, Səftər müəllimin rəhbərlik etdiyi müəllim kollektivi arasında möhkəm nizam -intizam, sağlam ab - hava, müəllim - şagird, məktəb - valideyin - şagird münasibətləri yüksək səviyyədədir.
Quliyeva Səbinə- Ərsilə kənd tam orta məktəbinin ingilis dili müəllimi:
- Mən bu kəndə bir neçə aydır ki, gəlmişəm. Məktəbin direktoru Səftər müəllimdən həmişə ata qayğısı görmüşəm. Çox gözəl insandı. Məktəbin olduqca gözəl kollektivi var.
Səftər müəllim gözlərim önündə canlananda fikirləşirəm: o, təbiəti etibarilə dünyaya müəllim biçimində gəlib. Gəncliyə sevgi, kollektivə hörmət, mənəvi saflıq, təvazökarlıq onun elə bil tale yazısıdır...
Səftər müəllim xoşbəxt taleli müəllimdir. Ürəyi, könlü Azərbaycan sevgisi ilə doludur. Sevinirəm ki, nə yaxşı belə bir kollektivlə çalışıram.
Səftər müəllim işıqlı, nurlu ziyalılarımızdan biridir.
…Bəli, Səftər Dadaşovun işinə və şagirdlərinə olan məhəbbəti özündə birləşdirən müəllimdir deməli, kamillik və ucalıq mərtəbəsinə yüksələn müəllimdir. Məhz onun kimi müəllimlər, onun kimi yaxşı adamlar, onun kimi işıqlı, nurlu ziyalılar Günəşdən, Aydan və ulduzlardan əzəmətli görünürlər.


Hüseyn İSAOĞLU,
AYB-nin və AJB-nin üzvü
19-09-2025, 18:34
20 Sentyabr - Dövlət Suverenliyi Günüdür


20 Sentyabr - Dövlət Suverenliyi Günüdür

Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren dövlət başqa bir dövlətdən nə asılı, nə də tabe olmamalıdır.
Beynəlxalq hüququn normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətdi. Bütün bu problemlərə baxmayaraq bu ərazilər suveren Azərbaycan ərazisi olaraq tanınırdı.
Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərimizin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.
Dövlətimiz qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, Azərbaycanın II Qarabağ müharibəsindən sonra bir güllə belə atmadan əldə etdiyi növbəti tarixi nailiyyət oldu. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini təmin etdi.
2023-cü il sentyabr ayının 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Antiterror əməliyyatı cəmi 23 saat 43 dəqiqə davam etdi. Yüksək peşəkarlıqla yerinə yetirilən əməliyyat nəticəsində erməni təcavüzkarları müzəffər Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmədi. Qəhrəman Azərbaycan oğullarının inamını, cəngavərliyini, qorxmazlığını görərək özləri, orduları haqqında mif uyduran vandallar silah-sursatı atıb qaçdılar. Beləcə, müharibənin əvvəlindən Ermənistan ordusunun 11 min əsgəri fərarilik edərək, qorxaqcasına silahını qoyub qaçmışdı.
Qondarma Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bəli, Dövlət Suverenliyimiz bərpa olundu. Artıq hər il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-də qeyd olunacaq Dövlət Suverenliyi Günü təsis edilib. “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”

Sahibə MUSAYEVA,
Şəhid Sahib Musayevin qızı,
Azərbaycan Kooperasiya Universitetinin tələbəsi

19-09-2025, 07:36
Rəqəmsal Dövrdə Statistikanın Əhəmiyyəti və Gələcək Rolu


Rəqəmsal dövrdə statistikanın əhəmiyyəti və gələcək rolu

Ümumdünya Statistika Günü hər 5 ildən bir, oktyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə qeyd olunur. Bu günün əsas məqsədi statistikanın cəmiyyət və dövlət həyatındakı rolunu göstərmək, statistik savadlılığı artırmaq və düzgün məlumatların əhəmiyyətini vurğulamaqdır. "Keyfiyyətli Məlumat – Keyfiyyətli Qərarlar" şüarı da bu günün əsas mesajını ifadə edir.
Statistika qədim zamanlardan dövlətlərin idarə olunmasında, əhali siyahıyaalınmasında və iqtisadi göstəricilərin təhlilində istifadə olunub. Keçmişdə əsasən kənd təsərrüfatı məhsuldarlığı, əhali sayı və resurs bölgüsü kimi sahələrdə statistik məlumatlar önəmli idi. Bu məlumatların köməyi ilə dövlətlər qərar qəbul edir, iqtisadi və sosial planlamalar aparırdılar. Azərbaycanda da XIX əsrdən etibarən statistik fəaliyyətlər inkişaf etməyə başlamış, sonrakı dövrlərdə isə Dövlət Statistika Komitəsi rəsmi məlumatların toplanmasında və yayılmasında mühüm rol oynamışdır.
Rəqəmsal dövrdə isə statistikanın rolu daha da böyüyüb. İndi hər bir insan gündəlik fəaliyyətində çoxlu məlumat yaradır.
İnternet, sosial şəbəkələr, mobil tətbiqlər və müxtəlif elektron xidmətlər böyük həcmdə informasiya toplayır. Bu məlumatlar “Big Data” adlanır və süni intellekt vasitəsilə təhlil edilir. Müasir dövrdə hökumətlər, şirkətlər və elm sahələri bu məlumatlardan istifadə edərək daha dəqiq qərarlar qəbul edirlər. Məsələn, iri beynəlxalq şirkətlər müştərilərin davranışlarını izləyərək bazar araşdırması aparır və yeni məhsullarını bu nəticələrə əsaslanaraq istehsal edirlər.
Statistikanın əhəmiyyəti təkcə iqtisadi sahə ilə məhdudlaşmır. Pandemiya dövründə biz gördük ki, xəstəliyin yayılma sürətini izləmək, yoluxma hallarını hesablamaq və təhlükəsizlik tədbirlərini planlaşdırmaq üçün statistik göstəricilər çox vacibdir. İqlim dəyişikliyi ilə mübarizə də statistik məlumatlar olmadan mümkün deyil. Temperatur artımı, təbii
fəlakətlərin tezliyi, dəniz səviyyəsinin qalxması və digər göstəricilər planetin gələcəyini proqnozlaşdırmaq üçün əsas rol oynayır. Elm adamları iqlim modellərini məhz statistik təhlillərə əsaslanaraq qururlar. Bununla yanaşı, statistika sosial məsələlərin həllində də önəmlidir. Gender bərabərliyi, təhsil imkanları, işsizlik və yoxsulluq kimi problemlərin araşdırılması statistik məlumatlarla həyata keçirilir. Bu göstəricilər dövlətlərin sosial siyasətini düzgün planlaşdırmasına imkan verir. Məsələn, əhalinin yaş strukturu təhlil edilərək pensiya sisteminin gələcəkdə necə dəyişdirilməli olduğu müəyyən edilə bilər. Lakin rəqəmsal dövrdə statistika ilə bağlı problemlər də mövcuddur. İlk növbədə, məlumatların məxfiliyinin qorunması çox
önəmlidir. İnsanların şəxsi məlumatlarının icazəsiz istifadəsi etibarsızlıq yaradır. Bundan başqa, saxta və ya yanlış statistik məlumatların yayılması ictimaiyyətə mənfi təsir göstərə bilər. Sosial şəbəkələrdə və mediada bəzən yanlış statistik rəqəmlər paylaşılır ki, bu da ictimai rəyin çaşdırılmasına səbəb olur. Ona görə də statistikanın etibarlılığı, dəqiqliyi və şəffaflığı həmişə ön planda olmalıdır.
Gələcəyə baxdıqda, statistikanın süni intellekt və avtomatlaşdırılmış sistemlərlə birləşərək daha geniş imkanlar açacağı aydındır. Smart şəhərlər, rəqəmsal hökumət idarəçiliyi və yeni iqtisadi modellər statistik analizlərə əsaslanacaq.
Azərbaycanda da “Rəqəmsal Hökumət” layihələri və “Açıq Məlumat Portalları” bu istiqamətdə mühüm addımlardır. Gələcəkdə həm elm, həm biznes, həm də dövlət idarəçiliyi statistikanın verdiyi imkanlardan daha geniş istifadə edəcək.
Nəticə olaraq, rəqəmsal dövrdə statistikanın rolu misilsizdir. Bu gün biz yalnız düzgün statistik məlumatlara əsaslanaraq daha təhlükəsiz, davamlı və inkişaf etmiş bir gələcək qura bilərik. Statistika həm dövlət, həm cəmiyyət, həm də fərdlər üçün mühüm bələdçidir. Unutmayaq ki, "Keyfiyyətli Məlumat – Keyfiyyətli Qərarlar" prinsipi gələcəyimizin açarıdır.
Sahib SÜLEYMANOV,
Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi
18-09-2025, 20:07
Təbrik edirik!


Təbrik edirik!


Bu gün Azərbaycanda Milli Musiqi günüdür. Üzeyir bəyin adı və doğum günü ilə qeyd olunan musiqi bayramında hər birmizin ya töhfəsi, ya da musiqidən zövq almaq kimi umacağımız var. Azərbaycan musiqisini öz səsi və ya nəzəri bilikləri, musiqi alətlərində ifası ilə zənginləşdirən xeyli cəfakeş musiqilərimiz var. Onlardan biri də Ruslan Barat oğlu Hüseynovdur.

Ruslan Hüseynov 30 oktyabr 1973-cü ildə anadan olub. Uşaq vaxtından musiqiyə olan həvəsi onu Rafiq Babayev adına musiqi məktəbinə gətirib. Sonra Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib. Orta ixtisas təhsilini başa vurduqdan sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında ali musiqi təhsili alıb. "Rast" qrupunda fəaliyyətə başlayan Ruslanı yüksək qabiliyyətinə görə bütün aparıcı musiqiçilər istər festivallarda, istərsə də klub proqramlarında iştirak etməyə böyük məmnuniyyətlə dəvət ediblər.
Vaxtının məhdudiyyətinə baxmayaraq Ruslan həmişə öz üzərində çalışır, sevdiyi sahənin, əsasən cazın yeniliklərini öyrənir. O, Azərbaycanda ilk dəfə bass gitara üçün “Dəqiqələrdə” adlanan kompozisiya bəstələyib.
Hazırda “Cəngi” ansamblında fəaliyyətini davam etdirən Ruslan Hüseynov dünyanın müxtəlif ölkələrində- ABŞ və Avropa ölkələrində qastrollarda olub. Fəxri fərmanlarla, digər mükafatlarla təltif olunub.

Ruslan Barat oğlu Hüseynov Prezident İlham Əliyevin 15 sentyabr 2011-ci il tarixli sərəncamı ilə “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə” Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülüb.
Bu gün də xarici ölkədə səfərdə olan Ruslan Azərbaycanımızı həmişə və hər yerdə ləyaqətlə təmsil edib. Odur ki, Milli Musiqi günü münasibətilə Ruslanı musiqisevərlər adından təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
17-09-2025, 14:51
Yarımçıq qalan ömür...


Yarımçıq qalan ömür

və ya daxili nurlu DAXİL

Sabah onun doğum günüdür. Yaşasaydı 45 yaşı qeyd olunacaqdı. Çox təəssüf..
Hələ də inanmaq olmur onun yoxluğuna. Necə ki, ölüm xəbəri yayılandan inana bilmirik...
Həqiqətən də 2025-ci ilin iyun ayının 21-i Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini Daxil Vəliyevin qəfil vəfatı xəbəri Universitetimizin çoxminli kollektivini yaman sarsıtdı. Hamı, bütün kollektiv şokda idik. Heç kəs inana bilmirdi (ən çox da inanmaq istəmirdi) eşitdiyinə. Çünki, Daxil müəllim o qədər şən, pozitiv, gülərüz, zarafatcıl, mehriban, ən əsası da nikbin bir insan idi ki, ölüm kəlməsini ona heç cürə yaraşdıra bilmirdik. Yaşı da çox deyildi axı, 45 yaş nə yaşdır ki?
Daxil Vəliyev 1980-ci ildə anadan olub. İlk təhsilini Mehdiabad qəsəbə orta məktəbində alıb. Ali təhsilə 1999-2003-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində “Fəlsəfə” ixtisası üzrə bakalavr səviyyəsində, 2003-2005-ci illərdə isə magistr səviyyəsində yiyələnib.
2005-2009-cu illərdə BDU-nun “Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrasının aspirantı olan Daxil Vəliyev fəlsəfə sahəsinin gənc, lakin çalışqan tədqiqatçılarından olub. O, 2013-cü ildə görkəmli fikir adamı, ilahiyyatçı, sosioloq, tarixçi, İran İslam İnqilabının əsas ideoloqlarından olan Əli Şəriətinin dini-fəlsəfi görüşlərinə işıq tutan dissertasiya işini uğurla müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. O, bu dissertasiyada Əli Şəriətinin sosiologiya və din üzərində dərin araşdırmalarının nəticələrini, zəngin irsini, yaradıcılığının yüksək fəlsəfi ruhunu, dini kamilliyini tutarlı təhlillər və böyük ustalıqla qələmə almışdır.
Həyatını Bakı Dövlət Universitetinə bağlayan Daxil Vəliyev 2007-ci ildən BDU-nun Sosial elmlər və psixologiya fakültəsində metodist, 2013-cü ildən dekan müavini, müəllim, 2017-ci ildən isə “Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrasında dosent vəzifəsində çalışıb. Amma səhv etmərəm desəm ki, kollektivin böyük sevgi və ehtiramını, o, məhz dekan müavini vəzifəsində çalışdığı dövrdə qazanıb.
Bildiyimiz kimi, fəlsəfə - varlığın (yəni təbiət və cəmiyyətin), insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanuna uyğunluqlar haqqında elmdir. İlk dəfə özünü "filosof" adlandıran Pifaqor deyirdi ki: "Mən öz yerimi bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir və məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm". Bu baxımdan yanaşsaq, Daxil Vəliyevin fəlsəfə sahəsini seçməsi heç də təsadüfi deyildi. Çünki, o, bu həyatda öz yerini bilirdi və hər məsələdə bir hikmət axtarırdı...
Daxil Vəliyevi hamı çox istəyirdi. Bəs nə idi bunun səbəbi? Mənə elə gəlir ki, bunun əsas səbəbi odur ki, o, olduqca sakit, mülayim, təmkinli, insanlara sadəlik, xeyirxahlıq, mərhəmət, zəhmətkeşlik duyğuları aşılayan bir insan idi. Bu yerdə atalarımızın belə bir deyimi yada düşür: “Dərin çaylar sakit axar”. Bəlkə də elə buna görə, onu hamı çox istəyirdi – tələbələr də, dostlar da, illərlə yaxından tanıyanlar da...
O, istənilən ziddiyyətli məsələdə yalnız kompromis yoluna tərəfdar idi.
Tədris sisteminin xüsusiyyətləri ilə yaxından tanış olanlar yaxşı bilirlər ki, tədris-tərbiyə işlərinin gedişinə rəhbərlik, dərs yükünün bölğüsü, qrupların və müəllimlərin dərslərinin dərs cədvəlində müvafiq yerləşdirilməsi, kafedralarda tədris prosesi ilə bağlı işlərin təşkili, imtahan cədvəlinin tərtibi, tələbələrin tədris fəaliyyətinin və tədris-istehsalat təcrübəsinin istiqamətləndirilməsi, müəllimlərin tədris məşğələlərində iştirak, onlara metodiki köməklik göstərilməsi, semestr imtahanlarının keçirilməsində iştirak və s. tədrisdə olduqca ağır və məsuliyyətli məsələlərdəndir. Mən hələ hər hansı tədbirin, konfransın təşkilində iştirakı demirəm. Fakültə dekanlarının bilavasitə nəzarətində olmasına baxmayaraq, bu məsələlərə adətən tədris işləri üzrə dekan müavinləri cavabdeh olurlar. Bu baxımdan Daxil Vəliyevin Sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini kimi fəaliyyəti həmişə göz qabağında olub. O, bu vəzifəni daşıdığı ilk gündən (istər əvvəlki dekan Hikmət müəllim Əlizadənin vaxtında, istərsə də hazırki dekan Rövşən müəllim Cavadovun dövründə) özünü çalışqan, nizam-intizamlı, professor-müəllim heyətinə canı yanan, tələbələrin isə hər hansı bir probleminə qayğı ilə yanaşan dekan müavini kimi göstərib. Mən deyərdim ki, onu kollektivə sevdirən əsas səbəblərdən biri və başlıcası, məhz bu xüsusiyyətləri oldu. Fakültələrimiz ayrı olsa da, mən bunu dəqiq bilirəm. Həm öz şəxsi təəssüratlarıma əsasən, həm də ocağında böyüdüyüm görkəmli filosof-alim, uzun illər Universitetin “Təbiət fakültələri üzrə fəlsəfə kafedrası”nın müdiri olmuş “Şöhrət” və “İstiqlal” ordenli akademik Fuad Qasımzadənin dilindən eşitdiyim söhbətlərə görə. Fuad müəllim Daxil Vəliyev haqqında söz düşəndə həmişə xoş, səmimi sözlər deyib, onu məsuliyyətli və bacarıqlı bir işçi kimi dəyərləndirib (o vaxtlar Daxil müəllim Sosial elmlər və psixologiya fakültəsində metodist vəzifəsində çalışırdı). 2010-cu il avqustun 4-də Fuad müəllimin doğma Universitet divarları arasında keçirilən və heç zaman unuda bilməyəcəyimiz vida mərasimində Daxil müəllimin bir doğma kimi iştirakı isə, əziz müəlliminə və fəlsəfə elminin ustadına səmimi hörmət-ehtiramın bariz təzahürü idi. Odur ki, onun haqqında qiyabi də olsa müsbət bir fikir formalaşmışdı məndə. Sonradan yaranan tanışlıq isə qısa zamanda çox səmimi bir dostluğa çevrildi – qırılmaz tellərlə bağlı bir dostluğa.
O, olduqca səmimi, xeyirxah, pozitiv bir insan idi. Adama hərdən elə gəlirdi ki, onda eyni vaxtda həm uşaq məsumluğu, həm də böyük müdrikliyi cəmləşib. O, böyüklə - böyük, kiçiklə - kiçik olmağı asanlıqla bacarırdı. Onların fakültələrinə dair hər hansı məsələ ilə bağlı nəsə bir sual yarananda, ilk ağlımıza gələn Daxil müəllim olurdu. Zəng etdikdə, o, özünəməxsus təmkinlə sözümüzü dinləyər, sualımızı cavablandırar, yeri gələndə zarafatından da qalmazdı. Hər görüşümüzdə olunan zarafatlar və şaqrar, ürəkdən gələn gülüşləri isə bəlkə də heç zaman xatirimdən silinən deyil. Təəssüflər olsun ki, həmin şaqrar gülüşlərin sahibi haqqında biz artıq keçmiş zamanda danışmalıyıq.
Yazımın əvvəlində qeyd etdim ki, Daxil müəllimin itkisi çoxları kimi məni də çox sarsıtdı. Və mən, əziz həmkarımız, 45 illik nakam ömrünü tədrisə həsr edən Daxil Vəliyev haqqında çox söz deyə bilərdim, çünki çoxları kimi mənim də ürəyim doludur. Amma istərdim ki, bizdən cismən ayrılsa da, mənən ayrı təsəvvür etmədiyimiz əziz dostumuz haqqında bu kiçik yazımı onun yoxluğunu eşitdiyim gün qələmə almağa başladığım və 3-ü mərasimi günü bitirdiyim bir şeirdən (ixtisarla) parçalarla yekunlaşdırım:

2025, 21 iyun!
Son səhər.
Son qayğı.
Son ün.
Son cavab.
Könüllər pərişan, çöhrələr tutqun,
Natamam bir ömür, yarımçıq kitab.

BDU-nun dəyərli bir övladını,
Doğma kollektivdən qopardı fələk.
Ürəklərə yazıb əziz adını,
Ruhlar dünyasına apardı fələk.

İlk təhsilin alıb Mehdiabadda,
Təhsili, tədrisi eylədi peşə.
Zəhmətdən güc alıb daim həyatda,
Ömrünü həsr etdi sosial işə.

Fəlsəfədən oldu söhbəti, sözü,
Fəlsəfədən oldu bütün dərsləri.
Pisi yox, yaxşını görərdü gözü,
Onu çox sevirdi tələbələri.

O, göylərin yerdə möcüzəsiydi,
Sadəlik, nəciblik, zəhmət simvolu.
Bu nahaqq dünyada haqq bəndəsiydi,
Haqqdan güc alırdı tutduğu yolu.

Ailəcanlı idi, dostcanlı idi,
Ailədə görərdi dövlət-varını.
Heç nədən şikayət etməzdi, qəti,
İçində çəkərdi acılarını.

Ümiddən boylanan kəlmələrində,
Heyrandıq səmimi cavablarına.
Fələk onu yəqin tez apardı ki,
Batmasın zamanın çirkablarına...

Öyrəndi, öyrətdi, qəlbində sevgi,
Yaşadı, kimsəyə pislik etmədən.
Yolları olsa da daşlı-kəsəkli,
Yaşadı, doyunca kama yetmədən.

Çata bilməsə də o, 45 yaşa,
Qəlblərdə sönməyən köz qoyub, getdi.
Ömrünü şərəflə yetirib başa,
BDU tarixində iz qoyub, getdi.


Və mən əminəm ki, zaman keçsə də, saatlar – günləri, günlər - ayları, aylar da illəri əvəzləsə də, yoxluğu qəlbimizi hələ çox yandıracaq, Daxil Vəliyevin nurlu xatirəsi yaddaşlardan heç vaxt silinməyəcək.
Ruhu şad olsun!
Anar Məmmədov,
şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü
15-09-2025, 16:42
QHT layihə həyata keçirir


QHT layihə həyata keçirir

QHT milli-mənəvi dəyərlərin qorunması istiqamətində layihə həyata keçirir.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva açıqlamasında bildirib ki, vətəndaş cəmiyyəti institutları milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında mühüm rol oynayır. Onun sözlərinə görə, QHT-lər bu sahədə gələcək nəsillərin milli ruhda tərbiyəsi və yad təsirlərdən qorunması məqsədilə ictimaiyyət arasında maarifləndirici tədbirlər həyata keçirirlər:
"Azərbaycan Respublikasının Qeyri -Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu il elan etdiyi qrant müsabiqəsində milli-mənəvi dəyərlərin qorunması və təbliği mövzusuna geniş yer ayrılıb və müsabiqədə qaliblərdən biri də “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyidir. Sədər layihənin əsas məqsədini uşaqlar, yeniyetmələr və gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması, məktəbli-müəllim-valideyn münasibətlərinin müasir tələblər baxımından tənzimlənməsi və məktəb-ailə əməkdaşlığının gücləndirilməsi olaraq göstərib.
Layihə çərçivəsində Tərtər və Bərdə rayonlarında hər birində 2 tədbirin keçirilməsi və yerli internet TV-də 3 maarifləndirici verilişin hazırlanması nəzərdə tutulub".
Könül Quliyeva əlavə edib ki, Azərbaycan əsrlərdən bəri multikulturalizm və tolerantlıq ənənələri ilə seçilən, milli-mənəvi və bəşəri dəyərlərə hörmət göstərən ölkədir. O, bildirib ki, hər bir şəxsiyyətin yetişməsində ailə önəmli rol oynayır, əsas dəyərlər ailədə formalaşır. Təhsil müəssisələri və cəmiyyət isə bu tərbiyəni daha da inkişaf etdirir.
"Prezident İlham Əliyevin Xankəndidə Qarabağ Universitetinin açılışında qeyd etdiyi kimi, “gənc nəslin milli ruhda böyüməsi üçün ailə və məktəb əsas mənbədir”. Milli-mənəvi dəyərlərin öyrədilməsi, ənənəvi dəyərlərə sadiqlik və yad təsirlərin qarşısının alınması həm ailə, həm cəmiyyət, həm də dövlət üçün prioritet məsələdir".

Pərvanə Fərhadqızı
15-09-2025, 16:28
“Uşaqların Gələcəyi Naminə”


“Uşaqların Gələcəyi Naminə”

“Uşaqlara diqqət və qayğımız gələcəyə ümidimiz qədər böyük olmalıdır” - QHT sədri
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva Bilik Günü münasibətilə paylaşım edərək uşaqlara göstərilən diqqət və qayğının milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, gələcəyimiz olan uşaqların müdafiəsi, onların problemlərinə həssas yanaşılması dövlət siyasətinin təməl prinsiplərindəndir:
“Onların sağlam və gümrah, savadlı və vətənpərvər böyümələri üçün bacardığımız şəraiti yaratmalıyıq. Uşaqlar həyatda ən böyük ümid bəslədiyimiz, ən çox sevdiyimiz varlıqlardır. Onların azad və müstəqil ölkədə xoşbəxt gələcəyini təmin etmək, sağlam və ağıllı, nəcib və ləyaqətli övlad, xalqına və dövlətinə sadiq vətəndaş kimi yetişdirmək hər birimizin borcudur.”
Könül Quliyeva uşaqlara olan diqqət və sevginin gələcəyimizə inamla birbaşa bağlı olduğunu qeyd edib:
“Uşaqlara diqqət və qayğımız gələcəyə ümidimiz qədər böyük, onlara sevgimiz qədər tükənməz olmalıdır. Bilik Gününüz mübarək olsun, əziz balalar!”

Pərvanə Fərhadqızı
15-09-2025, 10:58
Yollarımıza düşən inam işığı


Yollarımıza düşən inam işığı

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin “Qərbi Azərbaycan repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi uğurla davam edir. İctimai Birliyin Zəngilan və Laçın rayonlarından sonra növbəti tədbiri Abşeron rayonunda keçirilib. Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən görüşdə Abşeron rayonunda məskunlaşmış Qərbi azərbaycanlı ziyalılar, rayon gəncləri, Masazır, Qobu, Saray, Ceyranbatan, Mehdiabad ictimaiyyətinin nümayəndələri və rayon könüllülərindən ibarət yeniyetmələr iştirak ediblər.

Əvvəlcə Ulu öndərin, Azərbaycanın müstəqilliyi, dövlətimizin ərazi bütövlüyü uğrunda Şəhid olanların və repressiya, soyqırımı, deportasiya qurbanlarının xatirəsi ehtiramla yad edilib. Layihənin məqsəd və məramı barədə məlumat verən “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Abşeron rayon rəhbəliyinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, layihəmizin məqsədi Azərbaycan tarixindən ayrı salınmış Qərbi azərbaycanlı repressiya, soyqırımı və deportasiya qurbanlarını tədqiq etmək, gənc nəsli ata yurduna qayıtmağa təşviq etməkdir.

Qonaqları Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin adından salamlayan Abşeron RİH başçısının müavini Gülnar Rəhimova belə mühüm layihənin Abşeron rayonunda keçirilməsinə və dövlətimizin siyasətinə verdikləri dəstəyə görə layihə rəhbərinə təşəkkür edib. Bildirib ki, Abşeron rayonunda 800 mindən artıq insan məskunlaşıb. Onların 40 mindən çoxu Qərbi Azərbaycandan, öz tarixi torpaqlarından qovulanlardır. Təbii ki, regionumuz inkişaf etdikcə, əhalinin sayı artdıqca problemlər də çoxalır. Deportasiyanın, müharibələrin insanlarımıza vurduğu yaraları mümkün qədər sarımağa, onlara dəstək olmağa çalışırıq. Rayonumuzun 16 inzibati ərazisi I Qarabağ Müharibəsində 229, 44 Günlük Vətən Müharibəsində isə 200-ə yaxın şəhid verib. Aprel döyüşlərində, Antiterror əməliyyatı vaxtı da şəhidlərimiz olub. Şəhidlərimizin dövlətimizə əmanət olan övladlarının 150-si bizim rayondadır. 500 -dən çox qazimiz var. Bu faktları sadalamaqla demək istəyirəm ki, qanlı müharibələrin Azərbaycanımıza vurduğu yaralar vətəndaş olaraq hamımızı ağrıdır, acıdır. Amma şükürlər olsun ki, yaralarımıza rəğmən 5 ildir ki, xoşbəxtik. Çünki torpaqlarımız işğaldan azad edilib. Qaçqınlarımızın, məcburi köçkünlərimizin bir qərinəlik yurd həsrətinə son qoyulub. Yurddaşlarımız mərhələ-mərhələ yurda qayıdırlar. Mən əminəm ki, bir gün Qərbi azərbaycanlı soydaşlarımız da 37 ildir həsrət qaldıqları ata yurdlarına qayıdacaqlar. Odur ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası istiqamətində fəaliyyət göstərənlərin hamısına uğur arzulayıram!

Vaxtilə Azərbaycan Radiosunda Qərbi Azərbaycan kəndləri barədə silsilə verilişlər hazırlayan jurnalist Bəxtiyar Bəxtiyarov orda qalan yurdlarımızdan ürək yanğısı ilə söhbət açıb. Qeyd edib ki, Qərbi Azərbaycan mövzusunda yazmaq çox çətindir. Çünki o mövzu ürək yanğısı, can yanğısı istəyir. O yanğı olmasa nəticə əldə etmək olmaz. Qərbi Azərbaycan mövzusu çoxşaxəlidir, amma Qərbi azərbaycanlı repressiya, deportasiya və soyqırımı qurbanları ən az tədqiq olunan sahələrdəndir.
Mən Qərbi Azərbaycanın 530 kəndi haqqında məlumat toplayıb, radioverilişlər hazırlamışam. Tədbirimizdə gənc nəslin nümayəndələrinin çox olmasından istifadə edib bildirirəm ki, 1918-20-ci illərdə Qərbi Azərbaycanda 575 min türk yaşayıb. O qanlı hadisələrdən sonra- 1920-ci ildə cəmi 20 min Azərbaycan türkü siyahıya alınıb. Qalan 555 min nəfərin qaçanı qaçıb canın qutarıb, qaça bilməyənlərini daşnaklar qırıblar. O illərdə 499 kənd yerlə yeksan edilib.
İndi Prezidentimiz sülh siyasəti yürüdür, qan-qadadan zara gəlmiş xalqımız da bu siyasəti dəstəkləyir, alqışlayır. Amma gənclərimiz bir şeyi unutmasınlar ki, ermənilərin türk düşmənçiliyi və millətçilik xəstəliyi sağalan deyil.

Layihənin eksperti- tarixçi Bəxşeyiş Ələmşahov məruzəsində deyiləcək faklar, erməni vandallarının qədim yurd yerlərimizdə törətdiyi hadisələr Bukletdə öz əksini tapdığına görə vaxtı çox almaq istəməyib. Sadəcə Zəngəzurda öz başına gələnlərdən, gecə ikən azərbaycanlı sürücü ilə öz yaratdığı muzeyi necə “oğurlamasından” söhbət açıb. Abşeron rayonunun rəhbərliyinə “Qərbi Azərbaycan repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi kimi layihələrin keçirilməsinə şərait yaratdığına, hər zümrəni təmsil edən təşkilati dəstəyə görə minnətdarlığını bildirib.
Hərbi Jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu Gülnar xanımdan xahiş edib ki,

“Milli-mənəvi dəyərlərimizə sahib çıxdığına, Zəngəzur mahalının zəngin tarixini əks etdirən çoxsaylı eksponatlardan yaratdığı Tarix -diyarşünaslıq muzeyini 1988-ci ilin qanlı qırğınlarında, həyatını təhlükəyə ataraq, Azərbaycana köçürməklə göstərdiyi ziyalı fədakarlığına görə, İctimai Birliyin təltif etdiyi Fəxri Diplomu Bəxşeyiş Ələmşahova təqdim etsin.
Gənclərimizə nümunə olacaq bu məqamdan sonra Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə nümayəndəsi, gənc lider Ayxan Abbaszadə sözünə babalarının Göyçə həsrətindən başlayıb, Heydər Əliyevin göyçəlilərə müraciətilə bitirib:

“Babam öyrədib ki, mən Göyçə mahalının Basarkeçər rayonundanam. Qərbi Azərbaycan əcdadlarımızın məscid tikib azan səsi eşitdiyi müqəddəs məkanımız, mədrəsələr, məktəblər tikib elm öyrəndiyi doğma ocağımızdır. Biz hələ də xəyallarımızda o yerlərdə yaşayırıq və mən inanıram ki, biz doğma yurdumuza mütləq qayıdacağıq.”

Tədbirin aparıcısı görüşə şair-publisist Azadə Novruzovanın Laçın təəssüratı ilə yekun vurub:
“Anam həmişə deyir ki, 37 ildir ki, üzü Şəkiyə (Qərbi azərbaycanda kənd) sarı yatıram. Atamın dağılan məzarı yuxumdan çıxmır... Bu gecə mən də üzü Şəkiyə sarı yuxuya getdim. Şəki qibləm oldu. Can Vətən, sərin meh nəfəsini nəfəsimə toxundurdu. Könlüm gecənin səssiszliyinə pıçıldayırdı...
Bu meh vətəndən əsir,
Əsir vətəndən, əsir.
Çiçəkdən-güldən əsir,
Obadan-eldən əsir,
Dağılan məzarlıqdan,
Qəbirdən-gordan əsir,
Əsir vətəndən, əsir
Bu meh Vətəndən, əsir...

Bəli vətəndən əsən mehi duymaq, onun havasını udmaq üçün Azadə xanım yenicə tələbə olmuş oğlu Nicat Novruzovu da özü ilə Laçın rayonunun Bəylik kəndinə aparmışdı. Aparmışdı ki, ordan vətəndən mehlə gələn havanı uda. Uda ki, dünyanın harasına getsə axırda vətənin havası onu yurda çəkə...
Tədbirin rəsmi hissəsindən sonra görüş iştirakçılarına son 200 ildə xalqımıza vurulan maddi və mənəvi zərərlərin əks olunduğu Bukletlər paylanıb.

Tamxil Ziyəddinoğlu Abşeron Rayon İcra Hakimiyyətinin kitabxanasına bağışladığı “Güllə səsinə açılan qapı” kitabını icra başçısının müavini Gülnar xanım Rəhimovaya təqdim edib. Görüş iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib. Arzu edənlərə müəllif aftoqrafı verilib. Beləcə, İrəvana, Göyçəyə, Zəngəzura uzanan yollara düşən inam işığnda hərə öz yoluna çıxıb.
Hərbi Jurnalistlər Birliyinin mətbuat xidməti







����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!