Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
17-01-2022, 16:15
Niyazi Bayramov Gəncədə dövləti belə talayır - İdman Sarayının tikintisi adı ilə...

Dekabr ayının 17-də Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üzrə keçirdiyi tenderə yekun vurması ilə bağlı dövlət satınalmalarının vahid internet portalında “Rövşən Oğuz Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 181 600 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat yerləşdirib. Burada təəccüblənməyə bilmədik. Sözügedən İdman Sarayı qızıl suyunamı çəkilir, qiymətli daş-qaşlarlamı bəzədilir ki, 4 ildir tikintisi davam etdirilir, amma bitmir ki, bitmir.

Xatırladaq ki, Gəncə şəhərində İdman Sarayı inşa edilməsi haqqında sərəncamı Prezident İlham Əliyev hələ 13 noyabr 2017-ci ildə vermişdi. Sərəncama əsasən İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə şəhər İcra Hakimiyyətinə həvalə edilmişdi. İdman Sarayının tikintisinə 2018-ci ilin mart ayında, sabiq İcra başçısı Elmar Vəliyevin dönəmində başlanılıb. Gəncədəki məlum hadisələrdən sonra, 28 avqust 2018-ci ildən Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilir və İdman Sarayının sifarişçi funksiyaları da bir başçı kimi onun nəzarətinə keçir.

Bəs 2018-ci ilin mart ayından inşasına başlanan tikilidə işlər niyə ləng gedir və hər il külli miqdarda dövlət vəsaiti ayrılmasına baxmayaraq İdman Sarayının istifadəyə verilməsi nədən uzadılır? Bu kimi suallara mətbuat vasitəsi ilə bir neçə dəfə cavab axtarmağa çalışmışıq. Lakin Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri bu suallara cavab verməmişlər. Artıq beşinci ilinə keçmiş İdman Sarayının tikintisinin başa çatdırılmasının niyə bu qədər uzandığına aydınlıq gətirilmir, açıqlama verilmir. Burada vəsait çatışmazlığından söhbət gedə bilməz. Çünki rəsmi dövlət qurumları işin davam etdirilməsi üçün müqavilələrin bağlınıldığı barədə məlumatlar yayıb və ayrılan vəsiatlər də, görülən işlər də ortadır.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilmiş məlumatlar əsasısında apardığı araşdırmalarda son üç il ərzində tender yolu ilə sözügedən idman sarayının tikintisinə külli miqdarda vəsaitin ayrıldığı ortaya çıxır. Belə ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən ən son tenderdə İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üzrə 5 000 000 manat məbləğində satınalma müqaviləsi 12.08.2021-ci il tarixdə “RÖVŞƏN OĞUZ QRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıldığı göstərilir.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilmiş məlumatlara görə Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə “Rövşən Oğuz Qrup” MMC ilə 14.03. 2019-cu il tarixdə 4 000 000,00 manat, 09.04.2020-ci il tarixdə 4 600 000 manat, 06.10.2020-ci il tarixdə 1 800 000 manat, 19.03.2021-ci il tarixdə 9 400 000 manat, 12.08.2021-ci il taixdə 5 000 000 manat məbləğində satınalma müqavilələri bağlayıb ki, ümumi olaraq 24 800000 manat təşkil edir.

Göründüyü kimi bütün bu rəqəmlər İqtisadiyyat Nazirliyi kimi ciddi bir dövlət qurumunun rəsmi portalında yerləşdirilib. Yəni, demək istəyirik ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sözügedən portala yanlış, qeyri dəqiq məlumatlar yerləşdirməz. Bütün bunlar tenderlər keçirildikdən sonra qalib şirkətlə bağlanan müqavilələr üzrə ayrılan dövlət vəsaitləridir ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə satınalma prosedurları zamanı mütləq göstərilməlidir.

İcra Hakimiyyəti İdman Sarayının layihələndirilməsi işlərinə isə 30.04.2020-ci il tarixdə 400 000 manat, 15.04.2021-ci il tarixdə isə tikintinin layihə-smeta səndlərinin hazırlanması ( əlavə və dəyişikliklərə əsasən) işlərinin satın alınması üzrə 418 400 manat məbləğində satınalma müqavilələrini “BAŞAK PROJE VƏ DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Bu isə idman sarayının tikintisinin başlandığı gündən bu günə qədər üst-üstə 25 milyon 618 min manata yaxın dövlət vəsaiti deməkdir.

Biz buraya Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə şəhər İcra Hakimiyyətinə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə ayrılan vəsaitləri əlavə etməmişik. Bu məqsədlə 24 iyun 2020-ci ildə 3,0 (üç) milyon manat vəsaitin ayrıldığı məlumdur.

Bütün bu məlumatlardan da göründüyü kimi dörd il ərzində Gəncədə İdman Sarayının tikintisinə 28 milyon 618 min manat ayrılıb. Amma İdman Sarayının tikintisi hələ başa çatdırılmayıb. Tikintisi hələ başa çatdırılmamış, şəkillərdə gördüyünüz İdman Sarayına 28 milyon manatın xərcləndiyi nə dərəcədə realdır, qoy Niyazı Bayramov aydınlıq gətirsin. Ötən il Gəncəyə səfəri zamanı Niyazi Bayramovun Prezident İlham Əliyevə İdman Sarayı barədə məlumatlar verdi. Prezident İlham Əliyev də dərhal İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə 3 milyon manat ayırdı. Bəs görəsən yuxarıda təqdim eydiyimiz şəkildə ölkə başçıs İlham Əliyevə göstərdiyi maketdəki görüntünü almaq üçün bundan sonra Niyazi Bayramova nə qədər vəsait lazım olacaq?
(Aktualinfo.org)

Bütöv.az
17-01-2022, 16:09
Manat “tam üzən məzənnə”yə KEÇƏCƏK

“Uzun illərdir ki, manatın məzənnəsi inzibati yolla qorunub saxlanılır. Amma proses bir bu qədər də davam edə bilməz”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov manatın məzənnəsinin inzibati üsulla qorunub saxlanılmasına münasibət bildirərkən deyib.
V.Əhmədov deyib ki, belə olmasaydı 1 dollar 1,7 manat səviyyəsində qala bilməzdi:
“Ölkə daxilində baş verənləri, inflyasiyanı, idxalı, ixracı, pulun dövriyyəsilə bağlı prosesləri görürük. Manat inzibati yolla saxlanılır və qorunub saxlanılması üçün də kifayət qədər ehtiyat var. Məzənnənin inzibati yolla qorunub saxlanılması nə qədər davam edəcək, 6 ay, bir il bilinmir. Amma gec-tez sərbəst buraxılacaq və “tam üzən məzənnə”yə keçiləcək”.
Deputat hazırda manatın qorunmasının əhəmiyyətini Qarabağda aparılan quruculuq işləri ilə əlaqələndirib:
“Qarabağda tikinti işləri başlayıb. Orada xarici şirkətlər işləyirlər. Onlar istəyirlər ki, milli valyuta stabil olsun, onlar üçün problem yaranmasın. Manatın məzənnəsinin qorunub saxlanılması əlbəttə dövlət, millət üçün əhəmiyyətlidir. Amma bunun da da bir vaxtı gələcək ki, manat mütləq sərbəst valyuta olacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən həftə yerli telekanallara müsahibəsində manatın məzənnəsilə bağlı məsələlərə aydınlıq gətirib. Prezident deyib ki, hökumət bir neçə il bundan əvvəl çox ağır addımın atılmasına məcbur olub:
“Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxarmışdı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik".
Xatırladaq ki, AMB sədri Elman Rüstəmov 2021-ci ilin sonları ilə bağlı brifinqdə jurnalistlərin suallarını cavablandırarkən, “biz manatı zorla tutub saxlaya bilmərik, manatın məzənnəsini inzibati yolla tənzimləmək mümkün deyil”, açıqlamasını vermişdi.

Bütöv.az
17-01-2022, 16:04
İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında görüş olub

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Bütöv.az
17-01-2022, 12:04
Qurbanovun futbolçu oğluna Türkiyə nəhəngindən TƏKLİF

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı legioner həyatı yaşaya bilər.

Bütöv.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu 20 yaşlı futbolçu ilə maraqlanır.

2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olan Önder Karaveli Qurbanlını klubda görmək istəyir.

Türkiyə KİV-ə görə, artıq bununla bağlı “Qarabağ” rəsmiləri ilə danışıq başlayıb.

Qeyd edək ki, "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı bu mövsüm Premyer Liqada keçirdiyi 8 oyunda 6 qol vurub.
17-01-2022, 11:23
Azərbaycan nefti 3 dollardan çox bahalaşıb

Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barelinin həftə ərzində orta qiyməti 87,45 ABŞ dolları təşkil edib.

Bütöv.az-ın məlumatına görə, son həftə ərzində neftin bir barelinin orta qiyməti ötən həftə ilə müqayisədə 3,08 ABŞ dolları qədər və ya 3,65 faiz artıb.

Həftə ərzində neftin bir barelinin orta qiymətinin ən yüksək həddi 14 yanvar tarixində qeydə alınıb və 89,12 ABŞ dollarına bərabər olub.

Son həftə ərzində Azərbaycan neftinin qiymətinin ən aşağı həddi isə 10 yanvar tarixində qeydə alınıb və 84,67 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, əvvəlki həftə ərzində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 84,37 ABŞ dollarına bərabər olub.
17-01-2022, 11:19
Qəbələ - Moskva aviareysi açıldı - VİDEO

17 yanvar 2022-ci il, Bakı - 2022-ci ilin yeni marşrut şəbəkəsi çərçivəsində Qəbələ və Moskvanı birləşdirən yeni müntəzəm aviareys açılıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən "Unikal"a verilən məıumata görə, Nordwind aviaşirkəti 189 sərnişin oturacağı olan Boeing 737-800 təyyarəsində Moskvanın Şeremetyevo hava limanından Qəbələyə ilk reys yerinə yetirib. Uçuş 3 saat davam edib.

Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm reys həftədə bir dəfə - bazar günləri həyata keçiriləcək. Yerli vaxtla saat 4:10 dəqiqədə təyyarə Qəbələdə enəcək, saat 5:20 dəqiqədə Rusiya paytaxtına qayıtmaq üçün havaya qalxacaq.

Bütün beynəlxalq norma və tələblərə cavab verən Qəbələ beynəlxalq hava limanı istənilən tip hava gəmisini qəbul etməyə qadirdir.



Bütöv.az
17-01-2022, 11:05
Şagirdləri döyən direktor danışdı: "Bu bir ana tənbehi idi" - VİDEO

Bir müddət öncə sosial şəbəkələrdə 9 saylı orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdə əl qaldırması ilə bağlı görüntülər yayılıb.

Bütöv.az xəbər verir ki, Zinyət Əhmədova "İTV Xəbər - Yekun"a açıqlama verib. O, yayılan görüntülərin məsələnin mahiyyətini olduğu kimi açmadığını dilə gətirib. Direktor hadisəni bir ananın tənbehi kimi qəbul edilməli olduğunu bildirib və vəziyyətin əslində necəliyini açıqlayıb.

Sözügedən süjeti təqdim edirik:

17-01-2022, 10:58
Deputatlar tətildən qayıtdı

Milli Məclisinin deputatları tətildən qayıdıblar.

Modern.az xəbər verir ki, parlament üzvlərinin tətili dekabrın 30-dan yanvarın 17-dək davam edib.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti yanvarın 15-də başa çatıb.
Həmin tarix isə şənbə gününə təsadüf etdiyindən deputatlar bu gündən işə çıxacaqlar. Parlamentin komitə iclaslarının keçirilməsinə isə sabahdan başlanılacaq.
Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Bütöv.az
17-01-2022, 10:56
Ata Abdullayev azadlığa çıxmaq istəyir

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Bütöv.az xəbər verir ki, bu barədə Report-a onun vəkili Telman Talıbov bildirib.

O qeyd edib ki, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Vəkil müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
16-01-2022, 21:50
CÜCƏ OĞRUSU

Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.


(hekayə)
Mayın son günləri, yazın ən yaxşı vaxtı idi. Kəndimizdə demək olar ki, bütün həyətlərin mənzərəsi eynidir. Yamyaşıl, güllü-çiçəkli həyətlər bol bəhərli gilas ağacları və bəzi həyətlərdə artıq sulanmış yaylıq armudlar. Məktəblərin də bağlanmağına az qaldığına görə son günlər işimiz lap çox olur. Bilən bilir. Müəllimin yazı-pozu işi həmişə çox olub. Bu kurikulum çıxandan bəri də, and olsun Allaha ki, ta dərs keçmək, filan yoxdur. İşimiz-peşəmiz ancaq kağız doldurmaqdır. Bütün ili məktəbdə də, evdə də nə qədər yazırsan bitmir ki, bitmir. İlahi, boş-boşuna nə qədər kağız-kuğuz qaralamaq olar!? Səhər-səhər elə darvazanı açıb həyətdən çıxmaq istəyirdim ki, qonşu Məcid dayının məni hayladığını eşitdim:
- Ay Cəfər, ay Cəfər, a bala evdəsənmi?
- Sabahın xeyir, ay Məcid dayı! Elə indi çıxırdım.
- A bala, ta keçib bir bu tərəfə zəhmət çək, - deyə, - məni çəpərin başına çağırdı.
Darvazanı elə açıq qoyub, çəpərin başına getməli oldum:
- Buyur, ay Məcid dayı, nə məsələdir?
- Sən Allah bağışla, ay oğul. Bilirəm, sən də iş adamısan. İndi də işinizin ən çox
olan vaxtıdır. Amma bizim səndən başqa kimimiz var?, - deyə, - həyətin o başında toyuq hininin açıq qalmış qapısının ağzında dayanmış Güllü nənəni göstərərək davam etdi.
- Buyurun, buyurun.
- Vallah heç bilmirəm necə deyim...
- Sənin ürəyin necə istəyir elə de, Məcid dayı. Heç çək-çevir eləmə.
- Ən yaxşısı budur. Səni indi yoldan eləməyim. Get işinə inşəAllah gələndə birbaş
bizə gəl. Güllü nənən də ona qədər sac asıb, yaxşı lala kətəsi bişirəcək, dünən bağdan bir az məröçə yığmışam, onu da yaxşıca soğança yumurta ilə çığırtma eləsə, olacaq lap dəsgah. Sən indi ləngimə get işinə. Amma gələndə mütləq bizə gəlirsən. Səninlə ciddi söhbətim var.
- Oldu, – deyib, - məktəbin yolunu tutmaqdan başqa çarəm qalmadı.
Həmin günün hardan gəlib, hara getdiyini bilmədim. Bir də onda ayıldım ki, gəlib öz darvazamızın qarşısında dayanmışam. Məcid dayı ilə olan söhbətimizi xatırlayıb, onlara getdim. Kənddə heç kim darvazasını, qapısını bağlamaz. Məcid dayı həyətdə olduğuna görə haylamağa da gərək qalmadı. Birbaşa onun yanına getdim:
- Hərvaxtın xeyir, ay Məcid dayı! Vəziyyət necədir?
- Aqibətin xeyir, ay bala! Xoş gəldin, ay oğul! Şükür Allahın kəramətinə! Min şükür!
- Min şükür!
- Gəl, gəl otur. İşdən gəlmisən. Bir çay iç, Güllü nənənin bişirdiklərindən bir loxma ye, sonra səninlə işimiz var.
Sağ olsun Güllü nənə. Məcid dayı səhər-səhər sadaladığı, sadalamadığı nemətlərin hamısını artıqlaması ilə düzdü süfrəyə. Yaxşı yeyib, içdikdən sonra Məcid dayı dedi:
- Hə, toqqanın altın bərkitdik. İndi keçək əsas məsələyə. Görürsən? Həyətdə it-
pişik də yoxdur.
- Hə, doğurdan! Hanı bəs Əlləşlə Vuruş? – Əlləş Məcid dayıgilin itinin, Vuruş isə
pişiyinin adı idi.
- Vuruşu Güllü nənən verdi bacısı qızına. İndi aparıb şəhərdə evdə saxlayır. Əlləşi
də mən verdim qardaşoğluna. Çobandır qoy aparıb, çöldə heyvanların yanında saxlasın. Yazıqdır, onu azdırmağa əlim gəlmədi.
- Bəs səbəbi nə idi, Məcid dayı?
- Səni elə o səbəbə görə çağırmışam, oğlum. Darıxma, hamısını bir-bir sənə
deyəcəm. Deməli, keçən il bu vaxtdan bizim cücələr lap balaca olanda, sarı, lümək vaxtlarında bir-bir yoxa çıxır. Elə ki, bir az yekəldi, ta heç nə olmur. Yəni, nə başını ağrıdım, yumurtadan çıxandan bir az bablıxlayana qədər gündə biri, ikisi yoxa çıxır. Əvvəl elə bildik, həyətə has, zad dadanıb. Sonra gördük yox, belə bir haldan iz-toz yoxdur. Cücələr balaca vaxtı yoxa çıxdığına görə Vuruşdan şübhələndik. Çünki, cücələr həmişə onun yanında olduğuna görə toyuqlar da öyrəşib. O yesə də səslərini çıxartmazlar. Vuruşu şəhərə yola saldıq. Cücələr yenə izsiz-tozsuz itməkdə davam edir. Əlləşi də yola saldıq, yenə davam edir. Burada nəsə başqa iş var, amma bilmirəm. Düzdü, indi hələ tezdir. Amma sən mənə de görüm, keçən ili, inişil öz həyətində, bu həyətdə, yaxın həndəvərdə heç ilan-çayan gözünə dəyibmi?
- Xeyr, xeyr. Heç vaxt. Neçə ildir artıq bu kənddəyəm, başqa yerdə də, məktəbin
həyətində də heç vaxt belə bir şey görməmişəm. Gözümə dəyməyib. Heç hərdən uşaqlarla bağa, meşəyə gedəndə də görməmişəm.
- Hə, bala mən doğub-bitmə bu kənddənəm. 80-i haqlamışım. 5-6 yaşımdan at
belində bu çöllərdəyəm. Mən də heç vaxt nə kəndimizdə, nə yaxın ətrafda görməmişəm. Olanda da kənddən çox uzaqda örüş yerində, qobularda, sel gələndən sonra çay qırağında belə yerlərdə əvvəllər tək-tək gözə dəyərdi. Ancaq son illər ta heç belə yerlərdə də görməzsən. Elə bil yoxa çıxıblar. Ya gərək həyətə dələ-filan dadana? Ya da nə bilim nə? Nəsə, başağrısı olmasın, qadan alım, görəcək işə düşmüşük. Cücələr çıxmağa başlayandan yenə gündə biri, ikisi yoxa çıxır.
- Bala, bala sən də məni qınama, elə bil cücə qeybə çəkilir, - bayaqdan kənarda
oturub maraqla bizi dinləyən Güllü nənə də söhbətə qoşuldu, - adam heç bilmir nəyə ehtimal versin. Həyətdə də bir at, bir inək, bir dənə də danadan başqa heç nə qalmayıb. Əvvəl it-pişik var idi. Adam onlardan şübhələnirdi... İndi qalmışıq belə. Görürsən toyuq yanında 5 cücə girdi dalanın altına, bu yandan çıxır cücənin biri yox. Cikkilti yox, qaqqıltı yox. Heç nə.
- Nə deyirsən arvad? İndi deyirsən 5-6 cücədən ötrü atı, inəyi də tələf eləyək?
Yoxsa, indi də Alapaçadan şübhələnirsən? – Məcid dayı özünü saxlaya bilmədi. Alapaça onun atının adı idi. İnəyə də Ceyran deyirdilər. Güllü nənə həyətdə “Ceyran, Ceyran”,- deyə danışanda nabələd adam elə bilərdi ki, başqa bir qadınla söhbət edirlər. Vəziyyətin ciddiləşdiyini görüb söhbətə müdaxilə etdim:
- Məcid dayı, atalar yaxşı deyib, - “cücəni payızda sayarlar”, bəlkə, sən cücələri tez saymağa başlamısan? – öz aləmimdə vəziyyəti düzəltməyə çalışdım.
- Ay bala, ay oğul, özün də oxumuş adamsan, birincisi o “payız” deyil, “güz”dür.
İkincisi də biz yaxşı bilirik cücənin indi sayılmaq vaxtı deyil. Bunun azarı-bezarı, qurdu-quşu var. Ancaq görürsən ki, vəziyyət başqa cürdür. Məsələ yavaş-yavaş Alapaçanın, Ceyranın üstünə qalmağa doğru gedir.
- Nə məsləhət görürüsən, Məcid dayı? Bu oxumuş adam sizə necə kömək edə
bilər?
- Hə, bax indi səndən xoşum gəldi. İndi oldun arif adam. Yadındadır? İnişil
məktəbdən nəsə oğurlamışdılar. Məktəbin öz “televizor”una baxıb, oğrunu tapdılar. O məsələ yadındadır? Bax bizə elə bir şey lazımdır. Baxaq görək gecə, gündüz, biz olmayanda tövlədə, hində, dalanda nə baş verir? Oğru kimdir? Cücələr hara yoxa çıxır?
- Hə, yadıma düşdü, Məcid dayı. Məktəbdən kompüter oğurlamışdılar. O
“televizor” dediyin təhlükəsizlik kameralarıdır. Onu bura necə gətirmək olar? Bir də onlar çox bahalıdır. Lap bura gətirdik onları kim quraşdıracaq? Birdən xarab olar. Ya da onları söküb buraya gətirəndə məktəbdə nəsə bir hadisə baş verər. Bilirsən ki, təzə məktəbdir. Çoxlu təzə, bahalı avadanlıqlar var.
- Sən onları gətir burada qur. Mən məktəbə keşik çəkərəm. Bir quş da ora səkə
bilməz.
- Yaxşı, Məcid dayı. Mən soraqlayım görüm, quraşdımağa adam tapa bilsəm,
direktorla danışıb, kameralardan bir-ikisini gətirib burada quraşdırarıq....
Ertəsi gün kamera quraşdıran usta ilə maraqlanırdım. Məktəbin direktoru rayon mərkəzində yaşayan bir ustanın nömrəsini verdi. Telefonla danışanda belə məlum oldu ki, məktəbin kameralarını sökməyə ehtiyac yoxdur. Razılaşdıq ki, usta həm özünə də maraqlı olduğuna, həm də qocalara görə ucuz qiymətə bir həftəlik öz kameralarını gətirib 3-4 nöqtədə fasiləsiz müşahidə üçün yerləşdirə bilər. Hər şeyi telefonla danışıb həll etdikdən sonra ustaya bir yaxşı nahar və 50 manat pul verəcəyimi dedim. Usta məndən tövlədə, dalanda, hində və digər lazım olan yerlərdə elektirik enerjisi, kənddə internet olub-olmadığını soruşdu. Bildirdim ki, hər yanda elektirik enerjisi də, internet də var. Razılaşdığımız gün usta gəlib 5 yerdə kameraları qurub getdi. Bildirdi ki, özü kameralara nəzarət edəcək. Əgər maraqlı bir görüntü olsa mənə xəbər edəcək. Heç bir gün keçməmiş usta mənə zəng etdi:
- Salam, müəllim! Necəsiniz?
- Salam. Çox sağ olun. Siz necəsiniz, nəsə bir yenilik var?
- Müəllim, görməsəniz inanmazsınız. İnanın, mən də görməsəm, kim deyir, desin
inanmazdım.
- Onda sabah gəlin, həm biz də görək, həm də oğru bilindiyinə görə
kameralarınıza ziyanlıq dəyməmiş aparın.
- Oldu, müəllim. Sabah günortadan sonra görüntüləri gətirəcəm. Baxarıq.
Kameralardan da narahat olmayın. Onlara heç nə olmaz.
Danışdığımız kimi günortadan sonra usta gəldi. Məcid dayıgildə Məcid dayı, Güllü nənə, vəziyyətdən xəbərdar olan məktəbin direktoru, mən və bir də usta həyətin ortasında qoyulmuş masanın başına toplanıb, ustanın noutbukunun açılmağını gözləyəndə usta gözaltı arada gah Ceyrana, gah da Alapaçaya baxıb başını bulayırdı. Nəhayət noutbuk tam işə hazır olduqdan sonra usta dedi:
- Möhkəm olun, inansanız da, inanmasanız da indi görəcəkləriniz həqiqətdir.
Elə bu vaxt noutbukun monitorunda həyətin müxtəlif guşələrini seyr etməyə başladıq. Günün günorta çağı çil toyuq yanında cücələri Ceyranın qarnının altından, ayaqlarının arasından keçib gedirlər. Bu vaxt Alapaça ani bir hərəkətlə boynunu azca aşağı əyib, yana doğru uzadaraq əvvəl elə havadaca sarı, lümək cücələrdən birini iri açılmış dodaqlarının arasına alır, sonra da yüngülcə çənəsini əsnədərək, ağzını yumub, bir dəfə başını sağa-sola silkələyərək, qulaqlarını şappıldadır vəssalam...
Hamımız heyrət içində donub qalmışdıq... Ani olaraq ağlıma ilk gələn Əlləş və Vuruşun məsum, yazıq simaları oldu. Halbuki, bəlkə də onların yeri indi daha yaxşı idi. Ancaq buna baxmayaraq, haqsızlığa uğradıqlarına görə onların halına acıyırdım...
Məcid dayı isə elə hey təkrar edirdi:
- Dağıl, a belə dünya, dağıl... At izi it izinə qarışıb....

15.01.2022. Bakı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!