Əlahiddə Ümumqoşun Orduda taktiki-xüsusi təlim keçirilib. Təlimdə təxribata hazırlaşan şərti düşmənin hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb.
Bütöv.az Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimin ssenarisinə əsasən xüsusi təyinatlı qruplara strateji obyektlərimizi və hava məkanımızı hədəf alan şərti düşmənin hava hücumundan müdafiə sisteminin məhv edilməsi tapşırığı verilib.
Tapşırığı almış xüsusi təyinatlı qruplar terrorçuların məskən saldığı yaşayış məntəqəsinə həmlə ediblər.
Terror fəaliyyətlərinin gücləndirilməsi üçün köməyə gələn şərti düşmənin şəxsi heyətlə dolu hərbi texnikaları pusquya salınaraq sıradan çıxarılıb.
Real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə keçirilən təlimdə yaxın məsafəli döyüş elementləri yerinə yetirilib.
Şərti düşmənin hava hücumundan müdafiə sisteminin idarəetmə məntəqəsini və döyüş heyətlərini zərərsizləşdirən xüsusi təyinatlılarımız terror qruplaşmasının zenit-raket kompleksini partlayış üsulu ilə məhv ediblər.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimin sonunda şəxsi heyətin terrorla mübarizə vərdişləri yüksək qiymətləndirilib, təlimdə iştirak edən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim olunub.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul paytaxt sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Allahverdiyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 kiloqram 65 qram heroin aşkar edilərək götürülüb.
Araşdırma zamanı həmin şəxs narkotik vasitələri satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.
Qeyd edək ki, Xudaverdi Allahverdiyev narkotik vasitələrin satışını həyata keçirdiyi üçün izini itirmək məqsədi yaşayış ünvanlarını mütəmadi olaraq dəyişirmiş. Sonuncu dəfə Nərimanov rayonunda külli miqdarda heroini satış məqsədi ilə əldə edən zaman polislər tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, istintaq zamanı X.Allahverdiyev törətdiyi əməli etiraf edib.
X.Allahverdiyev istintaqa verdiyi ifadəsində hər kəsə özünü “seyid” kimi tanıtdığını bildirib:
“Kimsə inanmaz ki, Xudaverdi Allahverdiyev narkotik sata bilər. Çünki hamıya özümü “seyid” kimi tanıdırdım. Adım və soyadım da bunu təsdiq edirdi ki, mən elə-belə adam deyiləm. Heyif oldu əziyyətlərim. Bitdi artıq. Planlarım var idi. Daha çox qazanmaq istəyirdim. Xuda məni bağışlamadı”.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Xudaverdi Allahverdiyev barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Binəqədi rayonunda yerləşən evlərdən birindən oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Zərərçəkən ev sahibi polisə müraciət edərək 31 dekabr - 2 yanvar tarixləri arasında evdə olmadığı müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əşyaları və 15 min manat dəyərində qol saatları olan seyfin oğurlandığını bildirib. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaqatala rayon sakinləri Murad Allahverdiyev və Uveys Məmmədov saxlanılıb. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Qeyd edək ki, bu şəxslərin oğurladıqları qızıl-zinət və digər əşyalar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"İkinci dozadan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici doza qəbul olunmalıdır".
Bütöv.az APA-ya istinadən xəbər verir ki, əks halda 2-ci dozanın üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. Həmçinin bildirilib ki, “İmmun sertifikatı” olan şəxs xəstəliyindən 6 ay keçdikdən sonra buster doza qəbul edibsə, onun “İmmun sertifikatı” “Peyvənd sertifikatı” ilə əvəzlənir. Bu səbəbdən fevralın 15-dən həmin şəxsin “Peyvənd sertifikatı”nın müddətinə hər hansı bir məhdudiyyət qoyulmayacaq.
Zabitlər üçün “Salyan kazarması”nın ərazisində, Akademik Şəfayət Mehdiyev küçəsində tikilmiş evlərə köçməyə icazə verilmir.
Bütöv.az xəbər verir ki, bu barədə Yenicag.az-a zabitlər məlumat veriblər.
Məlumata görə, evlər artıq iki il əvvəl təhvil verilməli idi, ancaq hələ də binalarda yaşamağa icazə verilmir.
Binalardan mənzil almış zabitlərin sözlərinə görə, evlərin bir çoxunu hətta özləri təmir ediblər. Ancaq bəzi zabitlər evlərin pulunu tam ödəyə bilmədiyi üçün heç kimi öz evinə köçüb yaşamağa qoymurlar.
Məlumata görə, həmin binaları sabiq deputat Xəlilbəy Günəşovun sahibi olduğu “Zəfər” Mənzil-Tikinti Kooperativi tikib. Zamanında sabiq Baş Qərargah Rəisi Nəcməddin Sadıkovla yaxın münasibəti olan sabiq deputat Xəlilbəy Günəşov bu tenderin qalibi olub. Xəlilbəy Günəşov binalardan ev almış zabitlərə öz evlərində yaşamağa icazə vermir.
Rusiyanın Dövlət Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Sultan Həmzəyev Qazaxıstanı Rusiya Federasiyasına birləşdirməyə çağırıb.
Bütöv.az xəbər verir ki, deputat bu barədə öz feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, Rusiya Qazaxıstanın tarixi vətənidir.
Millət vəkili vurğulayıb ki, bu məsələnin müzakirəsini referenduma çıxarmaq lazımdır.
S.Həmzəyev, həmçinin, Mərkəzi Asiyanı “Rusiya torpağı” adlandıraraq bildirib ki, sosial şəbəkələrdə artıq Qazaxıstanın Rusiyaya mümkün ilhaqı müzakirə edilir.
O, öz fikirlərinə bəraət qazandırmaq məqsədilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rus dilində danışdığını bildirib.
Millət vəkilinin bu açıqlamaları birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə kəskin tənqid olunub. İnsanlar onu başqa ölkənin işinə qarışmamağa çağırıb.
Qazaxıstan hökuməti 180 gün ərzində benzin və dizel yanacağının qiymətlərinin dövlət tənzimlənməsini tətbiq edib.
Bu barədə respublikanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Eyni zamanda, yanacaqdoldurma məntəqələrində mayeləşdirilmiş neft qazının pərakəndə satışı üçün 180 gün müddətinə maksimum qiymətlər müəyyən edilib.
Etirazların başladığı Manqistau vilayətində yanacağın bir litri 50 təngəyə (0,11 dollar), Almatıda 65 təngəyə (0,15 dollar), paytaxt Nur-Sultanda 70 təngəyə (0,16 dollar) satılacaq.
Mayeləşdirilmiş neft qazının elektron ticarət platforması vasitəsilə satışına tam keçid bir il müddətinə təxirə salınıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərilə telefon vasitəsilə əlaqə saxlayıb.
Bu barədə Türkiyə prezidenti administrasiyasından məlumat verilib.
Söhbət zamanı Qazaxıstanda baş verən son hadisələr müzakirə edilib.
Dövlət başçısı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar zamanı ölkədə cərəyan edən proseslərdən narahatlığını dilə gətirib və yeni hökumətin tezliklə qurulmasının vacibliyini vurğulayıb. Ərdoğan Tokayevə Türkiyənin lazım gələrsə, təcrübə və texniki biliklərini Qazaxıstanla bölüşməyə hazır olduğunu bildirib.
Həmçinin, Türkiyə prezidenti Azərbaycan, Qırğızıstan və Özbəkistan dövlət başçıları İlham Əliyev, Sadır Japarov və Şavkat Mirziyoyevlə söhbəti zamanı Qazaxıstanın dialoq vasitəsilə problemlərin öhdəsindən gələcəyinə əmin olduğunu ifadə edib.
Qeyd edək ki, hazırda təşkilata məhz Türkiyə sədrlik edir.
Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərlə bağlı Nəsimi Rayon Polis İdarəsinin Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.
Qaynarinfo-nun məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
DİN rəsmisi qeyd edib ki, Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərdən məlumatlıdılar: "Ərazi üzrə - Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
Unun və çörəyin qiymətinin yuxarı hədləri müəyyənləşdirilib.
Belə ki, 500 qramlıq ənənəvi zavod çörəyinin qiyməti 50 qəpik, 650 qramlığınkı isə 65 qəpik təşkil edir.
Bu gündən çörəklər mağazalarda yeni qiymətlərlə satışa qoyulub. Una gəlincə, 50 kiloqramlıq bir kisə unun qiymətinin 28 manatdan 35 manat 90 qəpiyə artdığını nəzərə alsaq, bu halda unun 1 kiloqramının qiyməti 72 qəpiyə bərabər olur. Mağazalarda isə 1 kiloqramlıq unun pərakəndə satış qiyməti 85 qəpik təşkil edir.
Qeyd edək ki, 50 kiloqramlıq kisənin 28 manat olduğu dövrdə unun 1 kiloqramı 56 qəpiyə bərabər idi. Mağazalarda isə bu qiymət 60 qəpik təşkil edirdi.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, ötən il subsidiyalar hesabına qiymətləri sabit saxlamaq mümkün olub. Lakin uzunmüddətli dövrdə subsidiyaların verilməsi mümkün olmadığından, eləcə də Rusiyanın yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən qiymətlərdəki artım qaçılmaz olub.
Dövlət Xidmətindən bildirilib ki, qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirləri davam etdirilir.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!